Ana dilimiz - güvənc yerimiz

 

 

"Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Layiqli ana dili olmayan ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət, millət xalq ola bilməz.

 

Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq, nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın xüsusən bizim söz ustalarımızın, ədəbiyyatçıların mədəniyyət xadimlərinin ən böyük nailiyyətidir". Bu dəyərli sözləri Ümummilli liderimiz Heydər Əliyev söyləyib.

 

Hər bir millətin təəssübkeş övladları üçün Ana dili ana südüdür. Ana dilinin dadını-duzunu duymaq üçün, zənnimizcə, təhsilin, hansı peşənin sahibi olmağın fərqi yoxdur. Yüz illər boyu folklor incilərimizi yaradan baba nənələrimiz ən həssas, ən mahir ədəbiyyatçılarımız, dilçilərimiz olublar. Dil mənəvi sərvətimizdir, xalqı, milləti tanıdan əvəzsiz xəzinəmizdir, mənəvi yatırımımızdır. Min illərdən bəridir ki, millətimizə, xalqımıza xidmət edir, ünsiyyətimizi yaradır, nəsillər arasında varislik körpüsüdür. Dilin keşiyində durmaq üçün ilk növbədə onu sevmək gərəkdir. Onu sevənlərin isə, hər şeydən öncə, mənəvi haqları olmalıdır. Ana dilimiz güvənc yerimizdir. Dilə sevgidən başqa heç ummaq olmaz. Axı bu bizim ana dilimizdir, ruhumuzun tərcümanıdır. Dil uğrunda, onun yaşaması uğrunda çarpışmaq isə heç ilə əvəzedilməz xoşbəxtlikdir.

 

Dili göz bəbəyi kimi qorumaq gərəkdir. Dili qorumaq üçün gərək onun incəliklərinə bələd olasan. "Dövlət dili haqqında" qanunda deyilir ki, dilə qarşı açıq ya gizli formada təxribat aparmaq olmaz. Hərdən bəziləri fikirləşirlər ki, dilimizdir , danışırıq. Bizə misal gətirirlər ki, dünyada daha çox yayılmış dillər var. Ancaq bunu deyənlər ana dilimizin doğmalığını, zənginliyini dərindən dərk etmirlər. Dili sevmək vətənpərvərlik, yurdsevərlik tələb edir. Belə düşünməyənlər yalnız Vətənə sevgisi olmayanlar ola bilərlər. Elə xalqlar var ki, onların özünüifadəsi o qədər zəngin olmur. Hər şeydən əvvəl bu həmin xalqın dilinin qüdrətindən çox asılıdır. Dilimizin qüdrəti çox böyükdür. Bu, xüsusən şifahi xalq ədəbiyyatında zəngin ifadəsini tapıb. Zəngin xalqların həm təfəkkürü, həm ki, şifahi ədəbiyyatı zəngin olur. Xalqımızın folkloru hədsiz zəngindir. Hələ bundan sonra çap ediləsi cild-cild dastanlarımız, nağıllarımız, bayatılarımız var. Şifahi ədəbiyyatımızın səviyyəsi dilimizin zənginliyinə ən böyük sübutdur. Dilimiz hədsiz dərəcədə zərifdir. Geniş imkanlara malikdir, asan anlaşılır, tələffüz zamanı problemlər yaranmır. Dil təfəkkürlə bağlı olan məsələdir. Əgər bir xalqın təfəkkürü zəngindirsə, deməli, onun dili zəngindir. Feillər ümumən türk dillərində çox zəngindir. Bu da bir növ hərəkətlə bağlıdır. Türk xalqları həmişə hərəkətdə olublar. Türklər həmişə böyük əraziləri fəth ediblər.

 

Türk dillərinin zənginliyi, hər şeydən əvvəl, türklərin dünyagörüşünün zənginliyi ilə bağlıdır. Dilin zənginliyi xalqın müşahidə qabiliyyətinin zənginliyi deməkdir. Ən yaxşı yazıçının əsəri ona görə oxucular tərəfindən qəbul edilir ki, onun müşahidə qabiliyyəti hədsiz zəngin olur, Dilimizin ruhunda qətiyyətlilik var. Tarixin müəyyən dövrlərində ərəb, fars dilləri burada hökmran dillər olublar. Tarixi keçmişimizdə adətən, imkanlı adamlar, hakimiyyətdə olan təbəqələr başqa dilləri öyrənməyə daha çox meyl ediblər. "Quran"ın ərəb dilində olması tədrisin ərəbcə olmasına rəvac verib. Orta əsrlərdə ana dilimizdə məktəblər, universitetlər olmayıb. Dini təhsilə ərəb fars dillərində üstünlük verilib. Azərbaycanın tanınmış şairləri, alimləri, eləcə türk dünyasının ünlü şəxsləri əsrlərlə ərəb-fars dillərində yazmağa məcbur olublar, qismən Azərbaycan dilində əsərlər yaradıblar. Əslində onların başqa çarələri yox idi. Azərbaycanda ərəb xilafətinin hakimiyyətinə son qoyulandan sonra ana dilində yazmaq ənənəsi genişlənməyə başladı.

 

Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Həmçinin aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmışlar. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydərbabaya salam" poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir.

 

Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən, insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir, o zaman "Heydərbabaya salam" poeması onun milli ruhunun izharı oldu.

 

Tarix boyunca təəssüf ki, xalqımız birgə inkişafdan ayrı düşüb. Dilimizbu prosesdə çox əzablar yaşayıb. Quzey Azərbaycanda rusAvropa sözləri, Güney Azərbaycana isə fars sözlərinin təsiri güclü oldu. Bəlkə də dünyada ayrılıq sarıdan xalqımız qədər başı bəlalar çəkən bizim kimi başqa birxalq yoxdur. Bu gün Güney Azərbaycanda ana dilində məktəblər yoxdur. Ancaq İranda yaşayan çox az sayda ermənilərin məktəbləri, qəzetləri var. Güneydə ana dilimiz hər cür təhdidlərə məruz qalır. Xalqımızın dili orada məişət dili səviyyəsinə endirilib. Dilə qarşı laqeydlik ola bilməz. Əgər ana dilimizin keşiyində durmasaq, o zaman buradakı xaricilərdən dilimizə istənilən səviyyədə hörmət ummağa özümüzdə haqq tapmayacağıq.

 

Təəssüf ki, balalarını ingilis dilini, rus dilini bilmək yönündə oxudanlara bu gün Azərbaycanın tanınmış ziyalılarının içərisində də rast gəlinir. Onlar dil öyrənməkdən söhbət düşəndə bunu balaları üçün "çörək ağacı" kimi, vəzifə pillələrində ucalmaq xatirinə bilərəkdən edirlər. Belələrinə cavabımız o olmalıdır ki, ilk növbədə ana dilimizi övladlarımıza öyrətməliyik, ona daha çox sayğı göstərməliyik, balalarımıza dilimizi cani-dildən sevdirməliyik. Bu məqsədlə də radio-televiziya kanalları ana dilimizdə daha çox millilikdən soraq verən verilişlər hazırlamalı, dilimizin hər mənada, hər səviyyədə başqa dillərdən üstünlüyünü göstərməlidirlər.

 

Ana dilini bilməməyi, onu layiqincə qiymətləndirməməyi xalq qarşısında qəbahət hesab edən ulu öndər Heydər Əliyev deyib: "Bizim zəngin böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var və gərək Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir məktəbli tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini-ədəbi dilini mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin".

 

Çox-çox təəssüflər olsun ki, bu sahədə qüsurlarımız, nöqsanlarımız da çoxdur. Hələ çox adamlar var ki, öz ana dilində mədəni ədəbi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanına malik deyillər.

 

Bu gün dilimizdəki bəzi sözlərin yerinə ehtiyac olmadan xüsusilə rus, Avropa sözlərinin işlənilməsi adət şəklini alıb. Son vaxtlar yarıazərbaycanca-yarırusca, eləcə də ingiliscə danışmaq dəb şəklini alıb. Vaxtilə - ötən əsrin əvvəllərində Azərbaycan ziyalıları dilimizi bu sayaq şikəst edənlərə qarşı mübarizə aparırdılar. Şəhriyar "Türkün dili" adlı məşhur şeirini yazmışdı. Xəlil Rzanın "Dilim mənim-nərəm mənim" şeiri hamının yadındadır. Ancaq təəssüf ki, son dövrlər şairlərimiz bu mövzuya kifayət qədər ardıcıl yanaşmırlar, belə mətləblərə ötəri toxunurlar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA-nın yaradılmasının 70 illik yubileyində noyabr ayının 9-dakı  çıxışında Azərbaycan ədəbi dilinin lüğət tərkibində yersiz işlənən alınma sözlərə qəti etirazını bildirmişdir. Onun müasir dilçiliyimizin inkişafı üçün xüsusi əhəmiyyəti olan bu son dərəcə mühüm fikirləri dilçi alimlərimizi ana dilimizin saflığı uğrunda mübarizəyə və onları bu sahədə səfərbər olmağa səsləyir.

 

Sözümün sonunda demək istərdim ki, dilin norması pozulsa, dilə qarşı açıq, ya gizli hücum olsa, əsl alim ona qarşı biganə qalıb, reaksiyasız, sakitcə durub baxa bilməz. Baxırsan ki, biri dilində qəliz ərəb-fars sözləri işlədir, o biri yeri gəldi-gəlmədi Avropa sözləri,  bir başqası isə rus sözləri. Bu danışılanlardan həftəbecər bir şey alınır. Mənliyini dərk etməyən adamdan ömründə tələb etmək olmaz ki, sən niyə bu dili korlayırsan? Yəni insan özünü şərəfli bir millətin nümayəndəsi kimi düşünmürsə, ona həmin sözü deməyin mənası nədir?..

 

İsmayıl MƏMMƏDLİ

Professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Lüğətçilik" şöbəsinin müdiri

525-ci qəzet.- 2016.- 18 fevral.- S.7