Təranə Vahidin təqdimatında
"Doxsan imza"
Yazıçı-publisist Təranə Vahidin "Doxsan imza" kitabı mədəniyyət
tariximizə həsr olunub.
Kitabda yazıçının
məqalə və müsahibələri toplanıb. Bütün bunlar
ömrünü musiqi,
ədəbiyyat, yaradıcı
və elmi sahəyə həsr etmiş görkəmli sənətkarların həyat
və fəaliyyət
sferasını açır.
Kitab bir neçə bölümə ayrılır. "Musiqinin işığı" adlı hissədə görkəmli musiqiçilər barədə düşüncələr, onların həyat və yaradıcılıqları haqda publisistik yazılar, bəstəkar, xanəndə və ifaçılarla söhbətlər yer alıb. Burada Alim Qasımov, Ramiz Quliyev, Ramiz Mirişli, Mənsum İbrahimov, Qəndab Quliyeva, Zaur Rüstəmov və başqalarıyla müsahibələr verilib.
İkinci bölüm "Teatr və kino" adlanır. Bu bölümdə
rejissor və aktyorlarla, teatr və kino xadimləri
ilə söhbətlər,
müxtəlif məqalələr
var. Rejissorlar Tofiq Kazımov, Ramiz Həsənoğlu, Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, aktrisalar
Vəfa Fətullayeva,
Həmidə Ömərova,
aktyorlar Rafiq Əliyev, Hamlet Xanızadə
və bu kimi bir çox
sənətkar barədə
publisistik düşüncələr
bu bölümdədir.
"İncəsənətin rəngləri" bölümündə
mədəniyyət abidələri
və incəsənət
əsərləri fonunda
tariximizə, mədəniyyət
yaddaşımıza nəzər
yetirilir. Burada rəssamlar Adil
Rüstəmov, Rəşad
Mehdiyev, xalçaçı
rəssam Məmmədhüseyn
Hüseynov kimi sənətkarlarla söhbət
və haqqında yazılar verilib.
"Əbədi uçuş"
adlı son guşə
isə yazıçı,
şair və dramaturqlar üçün
ayrılıb. Burada yazıçı Əlibala Hacızadə, şair Eldar Baxış, dramaturq Əli Əmirli və bu qəbildən
bir çox yazarlarımızla söhbət
və onlar barədə məqalələr
yer alıb.
Kitabda aşıq
sənəti və onun görkəmli nümayəndələri ilə
bağlı yazılar
da var.
M.ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 18 fevral.- S.7