"Böyük dayaq"dan güc alan şəxsiyyət

 

 

Bir qayda olaraq hər il fevralın 21-də - Beynəlxalq Ana dili günündə dilimizin gözəlliyi qüdrəti barədə düşünərkən, qeyri-ixtiyari, ötən əsrin ortalarında dilimizin cəfakeşi olmuş böyük ədib Mirzə İbrahimovu xatırlayıram.

 

Məhz onun 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri işlədiyi dövrdə ilk dəfə Sovet zamanında Azərbaycan dilinin dövlət dili statusu qanuniləşdirilmişdi. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun gərgin səyləri nəticəsində mümkün olmuşdu. Bu baxımdan onun həmin il yazdığı "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində ana dilimiz ilə bağlı tale yüklü problemlər ilk dəfə ön mövqeyə çıxarılmışdı.

 

Görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, publisist Mirzə İbrahimov - Xalq yazıçısı, Azərbaycan Elmlər Akademiyasının akademiki, Dövlət mükafatları laureatı, Beynəlxalq Nehru mükafatı laureatı nəhayət Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adların daşıyıcısı idi. O, 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Yeddi yaşında  atası böyük qardaşı ilə Bakıya gəlib. Bir il sonra  atası vəfat etdiyindən kiçik yaşlarından Balaxanı Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə çörəyini qazanıb. İyirmi yaşınadək Balaxanı fabrik-zavod məktəbində oxuyub işləyib.

 

Mirzə İbrahimov bədii yaradıcılığa da Zabratdakı fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Bundan sonra ardıcıl dövri mətbuatda şeirlərini nəşr etdirib.

 

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan Mirzə İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edib.

 

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri idi ömrünün sonunadək elmi fəaliyyətlə məşğul olub. Bundan əvvəl - 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin edilib.

 

İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri ilə, istərsə də fabrik-zavodlarda, kəndlərdə, əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə inam, düşmənə nifrət və qəzəb aşılayıb. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostoksair hərbi dairələrdə,  416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq" “Cənub hekayələri” silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün - (1948), "Böyük dayaq" (1957), "Pərvanə" (1984)) yanaşı, uğurlu səhnə əsərlərini də qələmə alıb: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülüb), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib.

 

Eyni zamanda, o, V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini də Azərbaycan dilinə tərcümə edib.

 

Mirzə İbrahimov dəfələrlə xalqın etimadını doğruldaraq  Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib, tanınmış ictimai xadim kimi müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak edib. O, müstəqillik dövrümüzün əvvəlində  - 1993-cü il dekabrın 17-də, 82 yaşında Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

Sovet zamanında onun "Böyük dayaq" romanı əsasında çəkilmiş film, üstündən çox illər keçsə də, hər dəfə seyr edəndə bizə xalqın insana ən böyük dayaq olması fikrini aşılayır. Həqiqətən, xalqına arxalanan, onun üçün çalışan şəxsi xalq da heç zaman unutmur.

 

Mən bu böyük yazıçı ilə həyatımda cəmi bir dəfə - tələbəlik vaxtımda, təsadüfən, Dənizkənarı parkda, saat qülləsi tərəfdə, yaşına uyğun bir sarışın qadınla gəzişərkən rastlaşmışam. Qonaq olduğu bilinən qadınla söhbət edən ədibin nurlu siması o gündən yaddaşımda böyük dayağa malik insanın çöhrəsi kimi iz salıb...

 

Rövşən YERFİ

525-ci qəzet.- 2016.- 18 fevral.- S.6