Məhəmməd Əmin Rəsulzadənin
təvəllüdünə dair vacib bir qeyd
Yanvarın 31-də yenə də
Məhəmməd Əmin
Rəsulzadənin tərcümeyi-halına
müraciət olundu, onun 1884-cü il
yanvar ayının
31-də dünyaya gəldiyi
yazıldı və deyildi.
Bu tarixi yazanlar, yəqin ki, müəyyən mənbələrə
əsaslanırlar, lakin
demək olar, heç bir tədqiqatçı mənbə
göstərmir. Bizim araşdırdığımız
mənbədə isə
bu tarix fərqlidir. Orada göstərilir ki, Axund Hacı Molla Ələkbər Rəsulzadənin ilk övladı
1884-cü il yanvarın 31-də yox, həmin ilin fevral ayının 29-da anadan olub.
Sənədlərə müraciət edirik.
Azərbaycan Respublikasının Dövlət
Tarix Arxivindəki 290 nömrəli Fondda Zaqafqaziya
Şiə Ruhani İdarəsinə aid materiallar
saxlanılır.
Bu fond uzun illər
boyu bir növ kölgədə qalıb, ondan nadir hallarda istifadə olunub. Ancaq artıq neçə
ildir ki, 290 nömrəli fondun materialları tədqiqatçılar
tərəfindən böyük
maraq və həvəslə öyrənilir.
Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə
aid ictimai-siyasi, bədii
-fəlsəfi həyatının
müəyyən mərhələlərini
öyrənmək baxımından
buradakı minlərlə
arxiv materialları hələ də öz diqqətli, faktlarla
işləməyi bacaran,
dərin analitik təfəkkür tərzli
tədqiqatçılarını gözləyir. Arxivdə maarifçilik və
dil materiallarına aid
sənədlər üzərində
işləyərkən, görkəmli
maarifçi din xadimlərinin
həyat və yaradıcılığını öyrənərkən Rəsulzadə
soyadına rast gəldim. Bu ad mənə tanışdır.
Babamın da, oğlumun
da adı Rəsuldur.
Materiallarla tanışlıq üçün
arxivə sifariş
verdim: 290 nömrəli
fond, saxlama vahidi -2266.
Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə
yatan qeydlər tariximiz üçün əvəzsiz mənbədir.
FORMULƏRNIY
SPİSOK ÇLENA BAKİNSKOQO QUBERNSKOQO ŞİİTSKOQO
MEDJLİSA AXUNDA QADJİ MOLLA AQA (ON JE AXUND QADJİ MOLLA ALİ AKBER) RASULZADE
Sostavlen
17 marta 1901 qoda.
Sənədlər toplusunun tərcüməsi
belədir:
Bakı Quberniya Şiə
Məclisinin üzvü
AXUND MOLLA HACI AĞA (O, HƏM DƏ AXUND HACI MOLLA ƏLİ
ƏKBƏRDİR)
RƏSULZADƏNİN
FORMULYAR SİYAHISI .
17 mart 1901-ci ildə tərtib
olunub.
lll
115 il bundan əvvəl tərtib olunmuş Formulyar siyahıdan məlum olur ki, Molla Ağa - Axund Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır.
Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məllumat var:
Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü-evi və həyəti var.
Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) də ayrıca evi və həyəti də vardır.
Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.).
Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub. Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin edilib.
Formulyar siyahıda Axund Hacı Molla Ağanın ( Axund Hacı Molla Əli Əkbərin ailə vəziyyətindən də danışılır:
Arvadı - Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ Zal qızıdır.
Oğlu - MƏHƏMMƏD 29 fevral 1884 -cü ildə, Qızı -ŞƏHRƏBANU isə 1888-cı il sentyabrın 9-da anadan olub.
Yeni tapılmış sənədlərə əsaslansaq, Məhəmməd Əmin Rəsulzadə düz bir ay cavanlaşır.
Formulyar siyahının hansı məqsədlə tərtib olunmasını aydınlaşdıra bilmədik. Hər halda, bu sənəddən Məhəmməd Rəsulzadənin xəbərdar olması heç kəsdə şübhə doğurmur. Sənəd imzalanan günlərdə Məhəmməd Rəsulzadənin 17 yaşı təzəcə tamam olmuşdu. Gənc Məhəmmədin o vaxtlarda bədii yaradıcılıqla məşğul olması, müxtəlif mövzularda yazılar yazması da etimal olunur.
M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub. Bunu deməyə əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini bizim dədə-baba məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 46 yaşlı sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür.
Mirzə Ələkbər Zaqafqaziya Müəllimlər Seminariyasında yüksək vəzifəyə təyinatı gözlənilən Firudin bəy Köçərlinin yerinə şiəməzhəb şagirdlərə ana dili və şəriətdən dərs demək məqsədilə imtahan verib, attestat almaq üçün Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsinə müraciət edir. İmtahanlardan sonra Mirzə Ələkbərə müəllimlik attestatı (diplomu yox-N.N.) verilir. Lakin ali təhsili olmadığı üçün Firudin bəy Köçərlinin gözlənilən təyinatı alınmır. Yüzminlərlə insanın əqidə və tərbiyə müəllimi olan Mirzə Ələkbərin də Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasında müəllimlik etmək arzusu baş tutmur.
Ədəbiyyat və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3 nəfərdən biri M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa - Axund Hacı Molla Ələkbər olub.
Nazim NƏSRƏDDİNOV
Əməkdar müəllim, Təhsil
Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə
üzvü
525-ci qəzet.- 2016.- 18 fevral.- S.6