Ana dili millətin mənəvi
varlığıdır
21 FEVRAL BEYNƏLXALQ ANA DILI GÜNÜDÜR
Artıq
neçə ildir ki, YUNESKO-nun qərarı ilə
bütün dünyada olduğu kimi, ölkəmizdə də
hər il fevral ayının 21-i Beynəlxalq
Ana Dili Günü kimi qeyd olunur.
Nüfuzlu beynəlxalq qurumun bu qərarı dünya
miqyasında ana dilinə olan diqqət və
qayğının bariz nümunəsi olmaqla yanaşı, eyni
zamanda ana dilinin hər bir xalqın, millətin həyatında
nə dərəcədə böyük əhəmiyyət
daşıdığını bir daha təsdiqləmiş
olur. Ana dili,
həqiqətən də, hər bir xalqı, milləti
yaşadan, onun varlığına əbədi möhür
vuran ən böyük milli-mənəvi
sərvətdir. Bəşər tarixi qədər
qədim keçmişi olan dil bir çox xalqlarda, o cümlədən,
azərbaycanlılarda ana kəlməsi ilə qoşa işlənir
ki, bu da dilin insan üçün nə qədər qiymətli
və əziz bir nemət olduğunu açıq-aşkar
şəkildə göstərir.
Görkəmli
Azərbaycan ədəbiyyatşünası və tənqidçisi,
böyük ziyalı Firidun bəy Köçərli dilin bu
özəl keyfiyyətini, yəni ana, vətən
anlayışları ilə sıx və qırılmaz tellərlə
bağlılığını xüsusi olaraq vurğulayaraq
yazırdı:
"Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayəsi mənziləsindədir. Ananın südü bədənin
mayəsi olduğu kimi, ananın dili də ruhun
qidasıdır. Hər kəs öz
anasını və vətənini sevdiyi kimi, ana dilini də
sevir".
Aydındır ki, hər bir xalqın milli dili onun
özünəməxsusluğunu, tarixi keçmişi və
mədəniyyətini, zəngin söz xəzinəsini, inanc
və ənənələrini, əxlaqi
davranışları və dünyagörüşünü
özündə daşıyan, əsrlərdən əsrlərə
çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə
dediyi kimi, "xalqı xalq edən, milləti millət edən
onun ana dilidir".
Azərbaycan
Respublikasının dövlət dili olan Azərbaycan dilinin
hazırda dünya dilləri sırasında özünəməxsus
yeri,necə deyərlər, imzalar içərisində
imzası vardır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
sözləri ilə desək, "ana dilimiz öz
imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi
və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir.
Müasir Azərbaycan ədəbi dili
siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş
işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti
olan və daim söz ehtiyatını zənginləşdirən
bir dildir". Müxtəlif dönəmlərdə
ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində
olmasına baxmayaraq, Azərbaycan dili öz
varlığını və özümlüyünü
qoruyub saxlamış, tarixin amansız və sərt
sınaqlarından üzüağ, şərəflə
çıxmış, zaman-zaman cilalanaraq
saflaşmışdır. Cəsarətlə demək
olar ki, Azərbaycan dili hazırkı qloballaşma
dövründə - elmin, texnikanın görünməmiş
sürətlə irəli getdiyi çağımızda
bütün elm sahələri üzrə hər hansı bir
anlayışı incəliyinə qədər ifadə etməyə
qadir olan zəngin və seçkin dünya dillərindən biridir.
Dilimizin kökündə, özəyində ən qədim
çağlardan bəri Azərbaycan torpaqlarında
yaşamış türkəsilli boyların və soyların
dili dayanır.
Müasir Azərbaycan dilinin ayrı-ayrı
dialekt və şivələrinin rəngarəng və əlvan
dil çalarları, üslub özəllikləri bu torpaqlarda
əski çağlardan bəri yaşayan və etnik
baxımdan eyni kökdən olan türk etnoslarının,
damarlarında eyni qanı daşıyan insan toplumunun mövcudluğunu
danılmaz faktlarla sübut edir. Bu mühüm amilin daha
bir önəmli
göstəricisi özündə tarixin ən qədim
çağlarını yaşadan Azərbaycan şifahi xalq ədəbiyyatının
zəngin və rəngarəng bədii nümunələridir.
Bu baxımdan istər qədimliyinə, istərsə
də bədiiliyinə görə dünya folklor mədəniyyətinin
nadir incilərindən sayılan "Kitabi-Dədə
Qorqud" eposu (VII əsr) müstəsna əhəmiyyət
daşıyır. Dastanın özünəməxsus
bədii dili açıq-aşkar şəkildə sübut
edir ki, belə bir möhtəşəm abidənin meydana
çıxması üçün Azərbaycan-türk dili
uzun bir tarixi-ədəbi mərhələni arxada qoymalı
idi.
Məlum olduğu kimi, XVI əsrdə Azərbaycan dili
öz inkişafının xüsusi bir mərhələsinə
qədəm qoyur və dövlət dili səviyyəsinə
yüksəlir. Qüdrətli Azərbaycan Səfəvilər
dövləti zamanında, xüsusilə də onun ilkin
çağlarında Azərbaycan dili sarayda və orduda tam
hakim mövqe qazanır və bir sıra rəsmi və
dövlətlərarası yazışmalar məhz bu dildə
aparılır.
Sonrakı
dönəmlərdə müxtəlif ictimai-siyasi səbəblər
üzündən Azərbaycan dilinə olan dövlət
qayğısının müəyyən qədər zəifləməsinə
baxmayaraq, dilimiz XVIII əsrdə Molla Pənah Vaqifin, eləcə
də ayrı-ayrı el sənətkarlarının,
aşıqların yaradıcılığı ilə öz
inkişafının yeni bir mərhələsinə qədəm
qoyur və bütün Zaqafqaziyada ümumünsiyyət dili
missiyasını daşıyır. Bir müddət Qafqazda
yaşamış böyük rus şairi Mixail Lermontov XIX əsrdə
Azərbaycan dilinin bu böyük coğrafi məkanda
ünsiyyət dili kimi işləndiyinin əyani şahidi
olmuş və bu baxımdan dilimizi həmin dövrdə
Avropada geniş yayılmış fransız dili ilə
müqayisə etmişdir.
Məlum olduğu kimi, hər bir dilin güclü
inkişafı və zənginləşməsində
xüsusilə də dövlət dili statusu qazanmasında onu
təmsil edən xalqın, millətin müstəqil dövlətinin
mövcudluğu həlledici rol oynayır. Bu mənada
müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması ilə (1918) Azərbaycan
dilinin daha geniş şəkildə tətbiq olunması
üçün böyük imkanlar və münbit şərait
yarandı. Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk
dilini bütün ölkə ərazisində rəsmi dövlət
dili elan etdi, onun inkişafı üçün müəyyən
tədbirlər həyata keçirməyə başladı,
bu yöndə bir sıra müsbət addımlar atdı.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə (1918-1920-ci illər) yüksək səviyyəli
elmi kadrların kifayət qədər olmaması və gənc
respublikanın çox qısa bir zaman müddətində
mövcudluğu Azərbaycan-türk dilinin həmin dönəmdə
dövlət dili kimi
istənilən səviyyədə və geniş fəaliyyətinə
imkan vermədi.
Ölkəmiz Sovetlər Birliyinin tərkibində
olduğu ilk dövrlərdə isə Azərbaycan dili Sovet
hakimiyyətinin məlum ideologiyasının tələblərinə
və mövcud ictimai-siyasi quruluşa görə dövlət
dili səviyyəsinə yüksələ bilməmişdi.
Xalqımızın böyük oğlu, ulu öndər
Heydər Əliyev keçən əsrin 60-cı illərinin
sonundan (1969) Azərbaycana rəhbərlik etməyə
başladığı ilk vaxtlardan isə ana dilinin
inkişafı istiqamətində bir sıra əməli tədbirlər
həyata keçirilmişdir. Həmin tədbirlər
sırasında ulu öndərin şəxsi təşəbbüsü
və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri
ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist
Respublikasının Konstitusiyasına Azərbaycan dilinin
dövlət dili olmasına haqqında ayrıca maddənin
daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır.
Məhz ulu öndərin həyata keçirdiyi uzaqgörən,
məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi
olaraq keçən
əsrin 70-ci illərində Azərbaycan dilinin müxtəlif
yönlərdən araşdırılması ilə
bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri
yerinə yetirilmişdir. Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyinin bərpasına nail olduqdan
sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə
qədəm qoydu, sözün həqiqi mənasında
dövlət dili statusu qazandı.
Məhz bu mərhələdə dövlətçiliyin
mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi,
onun müasir elmi tələblər səviyyəsində
geniş və hərtərəfli araşdırılması
üçün böyük imkanlar yarandı, bu yöndə
geniş üfüqlər açıldı və bir sıra
işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının
ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz natiq,
ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti və misilsiz tarixi xidmətləri mühüm və həlledici rol
oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə
rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan
Respublikasının 1995-ci il noyabrın
12-də referendum yolu ilə qəbul olunmuş
Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili
kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi
hadisədən başlayaraq Azərbaycan Respublikasında dil
siyasəti birmənalı və yetkin şəkildə
formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi
işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər
üzərində
təkmilləşdi. Azərbaycan dilinin
dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın ümumi ünsiyyət
dili vasitəsinə çevrilərək milli həmrəyliyin
göstəricisi kimi beynəlxalq aləmdə rolunun
artması, nüfuzunun yüksəlməsi də
xalqımızın ümummilli lideri, müdrik siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin ölkəmizə ikinci dəfə rəhbərliyinin
ilk illərində Azərbaycanın dahi söz ustadı, Məhəmməd
Füzulinin 500 illik yubileyi və ana abidəmiz "Kitabi-Dədə
Qorqud" eposunun 1300 illiyi böyük təntənə ilə
qeyd olundu.
Ulu
öndər Heydər Əliyev ana dilimizin tarixi
keçmişi ilə yanaşı, bugünkü durumunu və problemlərini də
daim diqqət mərkəzində saxlamış və bu
yöndə bir sıra mühüm tədbirlərin həyata
keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin
tədbirlər sırasında "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" 18 iyun
2001-ci il tarixli fərman xüsusi yer tutur. Həmin
tarixi qərara əsasən Azərbaycanın dövlət
müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan
dilinin inkişaf etdirilməsi, ana dilimizin öyrənilməsi
və cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə,
eləcə də bu işlərə nəzarətin gücləndirilməsinə
əsl dövlət qayğısı öz əksini
tapmışdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin
dövlət dili ilə bağlı bır sıra mühüm sənədlərə
imza atmışdır.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, ulu öndərin Azərbaycan
dili ilə bağlı verdiyi fərmanlar ədəbi dilimizin fəaliyyət
meydanını daha da genişləndirmiş, onun dövlət səviyyəsində
tətbiqi işini gücləndirmiş və
bütövlükdə Azərbaycan dili və dil mədəniyyətimiz
qarşısında yeni və geniş üfüqlər
açmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin böyük önəm verdiyi dil siyasəti onun
layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən də uğurla davam
etdirilir. Ulu
öndərin siyasi kursunu yeni şəraitin tələblərinə
uyğun şəkildə yaradıcılıqla inkişaf
etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından
biri Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi ilə bağlıdır.
Ölkə
prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına
əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən
biri sayılan ana dilinə dövlət
qayğısının daha da artırılmasını təmin
etmək məqsədilə Azərbaycan ədəbiyyatı,
mədəniyyəti və elminin ən gözəl nümunələrinin
latın qrafikası ilə yenidən nəşri kütləvi
şəkildə həyata keçirilmişdir. Bundan əlavə
İlham Əliyevin 2004-cü il 27 dekabr
tarixli sərəncamına uyğun olaraq Azərbaycan və
dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərləri kütləvi tirajla nəşr olunaraq
ölkədəki bütün kitabxana şəbəkəsinə
hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust
2007-ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində kütləvi şəkildə nəşri
də həyata keçirilmişdir.
Sərəncamda
göstərildiyi kimi "hazırkı qloballaşma dövrü Azərbaycan dilinin
zənginləşməsi və tətbiqi imkanlarının
genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyədə
yüksəldilməsini tələb edir". Sənəddə
xüsusi olaraq vurğulanır ki, "Dövlət
Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə
və tətbiqinə dövlət qayğısının
artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə
uyğun istifadəsini təmin etməkdir". Dövlət Proqramının əsas məqsədlərindən
biri də qloballaşma şəraitində dillərin
qarşılıqlı əlaqələrinin öyrənilməsinin
intensivləşdirilməsi məsələsidir. Qeyd edək
ki, Dövlət
Proqramının icrasına dair
təqdim olunan Tədbirlər Planında göstərilən
maddələr sırasında Azərbaycan dilinin tədrisi və tətbiqinin genişləndirilməsi, Azərbaycan
dilinin öyrənilməsi və təbliği sahəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və
dilimizin kütləvi informasiya
vasitələrində təbliği, ədəbi dilimizə xələl
gətirə biləcək yad ünsürlərin aradan
qaldırılması, ədəbi dil normalarına ciddi əməl
edilməsi kimi qlobal məsələlər başlıca yer tutur.
Qeyd edək
ki, bu məqsəd və vəzifələrin həlli məsələsi
daha çox Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi
adına Dilçilik İnstitutunun öhdəsinə
düşür. Ölkəmizdə dilçilik sahəsində
fundamental araşdırmaların mərkəzi və
aparıcı təşkilatçısı kimi tanınan bu
elmi müəssisədə ölkə prezidentinin Azərbaycan
dili haqqındakı 9 aprel 2013-cü il
tarixli sərəncamından irəli gələn vəzifələri
həyata keçirmək məqsədilə bir sıra əməli
işlər görülmüşdür. Onlar
sırasında ilk növbədə Dilçilik
İnstitutunda bir neçə yeni şöbənin (Qədim
dillər və mədəniyyətlər, Sosiolinqvistika və
dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq)
yaradılmasını qeyd etmək lazımdır.
İnstitutda aparılmış struktur dəyişiklikləri
Azərbaycan dilçiliyinin Avropa və dünya elminə
inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin
beynəlxalq səviyyədə tanınmasına və
nüfuz qazanmasına, eləcə də ədəbi dil
tarixinin, qədim dillər və mədəniyyətlərin
araşdırlmasına, ölkə ərazisində yaşayan
azsaylı xalqların dillərinin öyrənilməsinə
yol açır. Bu məqsədlə keçən il Dilçilik İnstitutunda ilk dəfə
olaraq qədim dillər üzrə 3 nəfər ali təhsilin
magistratura pilləsinə qəbul edilmişdir. Beynəlxalq
standartlar əsasında milli terminoloji informasiya sisteminin və
Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya
bazasının yaradılması, həmçinin Azərbaycan
dilinin yeni orfoqrafik, izahlı, frazeoloji və terminoloji
lüğətlərinin hazırlanması, müxtəlif
dialekt və şivələrin müasir tələblər səviyyəsində
öyrənilməsi sahələrində də müəyyən
işlərə artıq başlanılmışdır. Bundan əlavə dilimizə son 20-30 ildə daxil
olmuş yeni sözlərin, o cümlədən, terminlərin
lüğəti hazırlanmış və nəşrə təqdim
olunmuşdur.
Dilçilik İnstitutunda dilimizin
saflığının qorunması, ədəbi dil
normalarının pozulması hallarının
qarşısının alınması sahəsində də məqsədyönlü
işlər yerinə yetirilməkdədir. İnstitut əməkdaşları
bu məqsədlə vaxtaşırı yoxlamalar aparır,
monitorinqlər keçirir və ən başlıcası
sözügedən sahədəki nöqsanların aradan
qaldırılması üçün əməli tədbirlər
görür. Məlum olduğu kimi,
televiziya və radio kanallarında, mətbuat orqanlarında və
sosial şəbəkələrdə Azərbaycan ədəbi
dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək
olur. Bu sahədə pozuntuların
qarşısının alınmasında ictimaiyyətin də
fəal iştirakının təmin edilməsi və operativ
tədbirlərin görülməsi məqsədilə
Dilçilik İnstitutunda bu günlərdə qaynar xətt
öz fəaliyyətinə başlamışdır.
Xalqımızın ən böyük mənəvi sərvəti
sayılan ana dilimizə ölkəmiz müstəqillik
qazandıqdan sonra dövlət səviyyəsində
böyük qayğı göstərilmiş və bu qlobal məsələ
daima diqqət mərkəzində olmuşdur. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin dövlət
dilimiz olan Azərbaycan dili haqqında dediyi
aşağıdakı sözləri bu qayğının ən
bariz nümunəsidir: "Hər bir xalqın milliliyini, mənəvi
dəyərlərini yaşadan, inkişaf etdirən onun
dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir
ki, dilimiz
yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına
daim qayğı göstərilməlidir. Çünki
dil xalqın sərvətidir. Ədəbi
dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin
tərəqqisi mümkün deyildir. Lakin mədəniyyətin
və elmin səviyyəsi yüksəldikcə, həyatın
axarı sürətləndikcə dilin təkmilləşdirilməsinə,
onun söz ehtiyatının zənginləşməsinə
daha çox qayğı göstərmək
lazımdır".
Ulu öndərin Azərbaycan dili haqqında proqram səciyyəli
bu sözləri hər bir Azərbaycan vətəndaşını,
xüsusilə də dilçilik sahəsində
çalışan mütəxəsisləri ədəbi
dilimizin saflığının keşiyində dayanmağa,
onun düzgün şəkildə tətbiqi və
inkişafı istiqamətində
düşünüb-daşınmağa səsləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı keçirilən ümumi yığıncaqda (9 noyabr 2015-ci il) söylədiyi dərin məzmunlu nitqində xalqımızın mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunmasının zəruriliyini ayrıca olaraq vurğulamışdır:
"Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik, Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da, narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".
Azərbaycan Respublikasının dövlət dili haqqında ölkə başçısının qayğı dolu bu sözləri və tələbi hər bir Azərbaycan vətəndaşı üçün proqram səciyyəsi daşımalı, vəzifə borcu olmalı və sözsüz həyata keçirilməlidir. Çünki dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qanunlarına əməl etmək hər bir kəsin vəzifə borcu olmalıdır.
Möhsün
NAĞISOYLU
AMEA-nın
müxbir üzvü, AMEA Nəsimi adına
Dilçilik İnstitutunun direktoru
525-ci qəzet.- 2016.- 18 fevral.- S.2;8