Sonuncu piyada
Hələ keçən əsrdə
yaşayıb-yaratmış fransız
yazıçısı Kleman Votel insanın maşın
sevgisini görmüş və fantastik "Sonuncu piyada"
hekayəsini yazmışdı.
Hekayə 1924-cü ildə Anri Barbüsün "Hər
şeyi bilmək istəyirəm" jurnalında, 1979-cu ildə
Moskvada nəşr olunan "Nauka i jizn" jurnalında dərc
edilmişdi. Hekayədə "şərh" olunan mövzunun
aktuallığı bu günümüzdə də aktual
olduğundan onu tərcümə edib oxuculara təqdim etməyi
məqsədə uyğun sayıram.
İlk avtomobil 1886-cı ildə A.Bens tərəfindən
yaradılmışdı. Həmin ildən başlayaraq
avtomobillər təkmilləşdirilir, daxili yanacaq mühərrikləri
ilə işləyən yeni görünüşlü modelləri
yaradılır, saatda hətta 300 kilometrdən artıq sürətlə
gedən maşınlar bu gün heç kimdə təəccüb
doğurmur, təki bu sürətlə getməyə imkan verən
yol olsun.
1900-cü ildə dünyada cəmi 11 min maşın
vardı. Bu rəqəm 75 ilə 300 milyonu ötdü. Azərbaycanda isə XX əsrin əvvəllərində
36 avtomobil gözə dəyirdi. Hazırda
isə respublikamızda 1 milyon 42 min 300 ədəd var.
Bu gün böyük şəhərlərin
küçələrində səkilərdə adamlardan
çox şose yolunda böyük sürətlə
şütüyən maşınlar görünür, bəzən
səkilərdə tək-tük insanları maşın seli
müşayiət edir. Hətta gecələr Bakının mərkəzi
prospektləri yanar qırmızı "gözlü" minlərlə
maşının ixtiyarında olur. Maşın
selinin ardı kəsilmir. Tıxaclarda dayananların səbri
tükənsə də, beş
addımlıq yolu da maşınla getmək istəyənlərin
sayı azalmır, sürücülərin ömrünün
yarısı bu dörd təkərli avtoarabada keçir. Şəhər adamı piyada getmək vərdişini
itirməyə başlayır. Piyada gəzməyi
imitasiya edən avtomat aparatlar yaradılır, müxtəlif
idman təmrinləri insanlara fiziki hərəkətləri
yaddan çıxarmamağı "öyrədir" və
s.
Lakin bunların heç biri bəşər övladının
ilkin yaranışdakı fəal həyat tərzini əvəz
edə bilməyəcək. Elmi-texniki inqilabın
nailiyyətləri insana rahatlıq bəxş etsə də,
ondan qədərindən artıq istifadə özünün
arzu olunmayan mənfi izlərini qoyacaq. Maşından
düşüb, tramvaya, avtobusa, trolleybusa, avtomat
qalxan-düşən pilləkənlərə adət edən
insan gec-tez fiziki cəhətdən zəifləyib zərif bir
məxluqa çevrilir.
Avtomobil 2199-cu ildə Parisdə 9 milyon əhali
yaşayırdı. Onlar avtomobillərdə gəzir, təyyarələrdə
uçur və parıldayan nikelli metal səkilərdə elektrik
velosipedlərində şütüyürdü. Piyada yerimək köhnəlik əlaməti
sayılırdı. Bəşəriyyət
çox tez, sürətlə irəliləmək istəyir,
ayaqla gəzməyə, fiziki hərəkət etməyə qətiyyən
meyl göstərmirdi. Paytaxtın yalnız
20 000 əhalisi piyada gəzirdi. Bu
azsaylılar da yaşlı nəslin nümayəndələri
idi, ona görə də ətrafdakılardan özlərinə
məxsus qəribəlikləri ilə fərqlənirdilər,
yalnız tuhaf - qəribə adamlar bizim zəmanəmizdə
Nuh əyyamından qalmış, dədə-baba üsulu ilə
irəliləməyə üstünlük verirdilər.
Bir özünüz mühakimə edin: irəli getmək
üçün, ayaqlara əziyyət verərək,
qıçları növbə ilə qaldıraraq sürət
magistrallarının labirintlərində yavaş-yavaş gedəsən.
Görəsən, adam bundan da cəfəng,
mənasız bir şeyi təsəvvür edə bilərmi?
Bir vaxtlar çox möhtəşəm, güclü
olmuş piyadalar qəbiləsi yavaş-yavaş, dinozavrlar kimi
ölüb gedirdi. Qəbilə üzvlərindən bəzilərinin
piyada həyatı küçələrdə
şütüyən çoxsaylı maşınların təkərləri
altında başa çatmışdı. Bir qismi isə havada uçan, bəzən də
xarab olub, uçmaqdan qəti "imtina edən" aparatların
altında qalıb dünyasını dəyişmişdi.
Bəziləri isə öz əcəlləri ilə
dünyadan köçüb getmişdilər, öz əcəli
ilə ölənlərin sayı çox az
idi.
2215-ci ildə Parisdə 40 piyada qalmışdı. Bu gümrah
qocalar öz akademiyalarını da təsis etmişdilər.
Akademiya lətifə sevənlərin tükənməyən
mövzu mənbəyinə çevrilmişdi. Heyhat! Bir neçə ildən sonra lətifəsevərlərin
mövzu mənbəyinin birdəfəlik, həmişəlik
tükənmək qorxusu yaranacaqdı. Qəbilənin
üzvləri propellerlərin, maşın təkərləri
və tırtıllarının altında məhv olub
getmişdilər, cəsur piyadalardan yalnız üç nəfəri
hələ sağ idi. Onlardan biri heç kimi
maraqlandırmayan ədəbiyyat akademiyasında oturub
qalmışdı, digəri muzeydə bir vaxtlar Yer kürəsində
mövcud olmuş may böcəklərindən mühazirələr
oxuyurdu, üçüncüsü isə İncəsənət
körpüsü ilə Yeni Körpü arasında oturub
tilovla balıq tuturdu. Bir ildən sonra isə elə
bu axırıncı - qədimlərdə mövcud olmuş
saysız-hesabsız piyadaların sonuncu nümunəsi kimi tək
qaldı.
Bu piyadanın adı Plasid Dyuran idi. Keçmişlərdə
adi qulluqçu, indi isə sakit, dinməz qocaya bənzəyən
Dyuran San-Lui adasında altı mərtəbəli evin
kiçik mənzilində yaşayırdı. Onun yaşadığı bina Parisin iynəyəbənzər
göydələnlərinin arasında itib-batmışdı.
Plasid Dyuran heç də ətrafında
yaşayan cavanlar kimi öz qılçalarına, ayaqlarına
bədəninin artıq heç nəyə lazım olmayan əlavəsi
- çıxıntısı kimi baxmırdı. O, hər
gün piyada gəzməyə çıxırdı. Elə bu qeyri-adi adətinə görə də
tezliklə Parisin əsas diqqətəlayiq, görməli
obyektinə çevrilmişdi. Səs sürəti ilə
işləyən hava laynerlərindən düşən
xarici turistlər təyyarənin trapından düşən
kimi onları qarşılayan bələdçilərdən
soruşurdular:
-
Yarım saatdan sonra biz yola düşürük... Bu şəhərdə biz mütləq nəyi
görməliyik?
Diribaş
zirək bələdçilər bir ağızdan belə
cavab verirdilər:
- Miloslu
Vineranı, Cokondanı və Plasid Dyuranı!..
- Plasid Dyuran nədir, kimdir?
-
Axırıncı, sonuncu piyada.
- Lap
yaxşı, elə bu fenomendən başlayaq.
Plasid Dyuran küçəyə çıxan kimi, onu ətrafdakı
maşınlar dövrəyə alır, aeroplanlar bulud kimi
başının üstünü kəsdirirdi.
- Bir buna
baxın! Bu ola bilməz, mümkün deyil!..
O, ayaqları ilə irəliləyir! - nidaları
ətrafa yayılırdı.
-
Düzdür, o, çox ləng sürünür, ancaq
qabağa gedir, irəliləyir!
- Son dərəcə
maraqlıdır! Bir bax, diqqət yetir, əzizim, gör bu adam daldakı ayağını necə
qabağa atır. Bu çox maraqlı bir hadisədir...
Məktəblərdə Plasid Dyurana tamaşa etmək
üçün tənəzzöhlər təşkil
edilirdi.
Müəllimlər şagirdlərə əməlli-başlı,
ətraflı məlumat verirdilər:
-
Uşaqlar, siz qarşınızda əcdadlarımızın
necə yeridiklərini nümayiş etdirən adamı
görürsünüz. Əcdadlarımız
heç vaxt tələsmirdilər. Onlara
saatda 4, yaxud 5 kilometr məsafəni qət etmək
üçün ayaqla gəzmək, piyada getmək kifayət
edirdi.
Sirklərdə vaxtı ilə cəldliyi, gücü,
qoçaqlığı nümayiş etdirən insanları
mahir avtomatlar, robotlar əvəz etmişdi. Plasid Dyurana səhnədə
iki dəfə o yan-bu yana getmək
üçün külli miqdarda qızıl, platin vəd
edirdilər. Hətta kiminsə ağlına əvvəldən
sensasiyalı afişa da hazırlamaq fikri gəlmişdi:
Əsrin
attraksionu!
Zəmanəmizin
ən cəsur akrobatı:
Plasid
Dyuran!
Ayaqları
ilə irəliləyən adam.
Çox ciddi elmi nəzarət altında Sonuncu
Piyadanın çıxışı.
Lakin Plasid Dyuranı çoxlarından fərqli olaraq
sirk ulduzu olub, şan-şöhrətlənmək qətiyyən
maraqlandırmırdı. O, çox təkid edən menecerlərə
qətiyyətlə, çox sərt şəkildə
bildirirdi ki, sirkdə heç vaxt pulla işləməz.
Millət vəkilləri bir yerə toplaşıb yeni
qanun layihəsi də hazırladılar. Qərarın birinci maddəsində
deyilirdi:
"Sonuncu
piyada adına layiq görülmüş
Plasid Dyuran muzeydə paleontologiya şöbəsində yerləşdirilsin.
İkinci maddə - Plasid Dyuranı hər hansı
maşınla vurmaq, basmaq qəti qadağandır.
"Sonuncu piyadanın cangüdəni" kimi şərəfli
vəzifə daşıyan polis prefekti Dyuranı hər
cür mexaniki irəliləmə vasitələri ilə
toqquşmadan qorumalıdır.
Üçüncü maddə - Plasid Dyuran
dünyasını dəyişdikdən sonra onun cəsədi
tibb fakültəsinə təhvil verilsin. Fakültədə
elm naminə qeyri-adi individuumun ayaqları ətraflı
müayinə olunsun".
Yeni qanun
layihəsi haqqında tribunadan məruzə edən hakim
partiyanın millət vəkili bəyan etdi:
- Cənablar,
əgər bizə hansısa bir mağarada canlı iquanodana,
pleriozavra, yaxud diplodoka rast gəlmək səadəti nəsib
olsaydı, biz çox qısa müddətdə elm
üçün çox qiymətli olan qədim dövr
dünyasının nümunəsini daha uzun müddətə
qoruyub saxlamaq üçün əlimizdən gələn
heç nəyi əsirgəməzdik. Odur ki,
hazırda bizim əlimizdə Parisdə bəşəriyyətin
unikal nümayəndəsi vardır. İnsanlar
nə vaxtsa Dyuran kimi torpaq üzərində ayaqları ilə
gəzmiş, irəli getmək üçün "ayaq"
adlanan iki dayaqdan istifadə etmişdir. Təbiət,
tarix elmləri, naminə bu fenomeni - sonuncu piyadanı dövlətin
milli sərvəti elan etməyi təklif edirəm.
Bu cür
həyəcanlı çıxış zamanı azsaylı,
lakin çox hay-küylü ultra müxalifət millət vəkilləri
ayaqlarını yerə vurur, natiqin sözlərini kəsərək
yerlərdən qışqırırdılar:
- Sizin bu
Piyadanız heç kimə lazım deyil!
- Bu
müqəvvanın içini samanla doldurun, qurtarsın getsin.
- Biz
onunla da digərləri kimi haqq-hesab çürüdərik!
Yerlərdən bu cür atmacalara baxmayaraq, vaxtında
verilmiş cəsarətli qanun mütləq səs
çoxluğu ilə qəbul olundu. Polis prefekti Axırıncı
piyadanın yanına gəlib onu dövlət əhəmiyyətli
sənədlə ətraflı tanış
etdi. Plasid əvvəlcə özünün
San-Luidəki kiçik mənzilini tərk edib, muzeydə
ginlodok və pterodaktillərin yanına köçmək istəmədi.
Lakin qanun qulluqçusu çox nəzakətlə
ona vətəndaşlıq borcunu xatırlatdıqda,
biçarənin yeni yaşayış yerinə - dinozavr
müqəvvasının yanına köçməkdən
başqa əlacı qalmadı.
Elə həmin gün - Dyuran muzeydə Paleontologiya
sektorunun eksponatlarından birinə çevrilən gün
dünyanın məşhur qəzetlərindən olan
"San-Fil"in müxbiri onunla görüşüb
müsahibə aldı. Maraqlı müsahibədən bir parça:
- Zahirən,
Sonuncu piyadanın daima aşağı
çıxıntıları ilə hərəkət etməsinin
onu yorduğu müşahidə olunmur. Hətta
mən deyərdim ki, o, bizim müasirlərimizdən daha
gümrah görünür.
- Mən
artıq cavan deyiləm, lakin özümü gəncliyimdəki
kimi çox yaxşı hiss edirəm: əvvəlki kimi
çevikəm, yüngüləm, güclüyəm. Əgər
mən də başqa adamlar kimi həyat tərzimi dəyişsəydim,
indi qarnımı piy basmışdı, ayaqlarım
ağırlamışdı, azacıq fiziki hərəkət
mənə çox əziyyət verərdi...
Mənim
müəmmalı təbəssümümü hiss etməyən
qoca daha sonra deyirdi:
- Əlbəttə, müasir hərəkət vasitələri
çox gözəldir. 2 saat 45 dəqiqəyə Parisdən Nyu-Yorka
çatırsan! Bu, əladır. Lakin bizim ikiayaqlı yarandığımızı
unutmaq böyük qəbahətdir, gəzmək
üçün fiziki cəhd göstərməliyik. Təbiətin bizə bəxş etdiyi
Yaranışdan bizə qoyulmuş mütənasibliyi dəyişmək
olmaz, yoxsa faciə, fəlakət baş verər. Məsələn,
ayaqlarınızdan istifadə etmək istəmirsiniz, belə
imtina digər orqanların da başına gələ bilər,
onlar da yararsızlaşar, zəifləyər, gücdən
düşər, fəaliyyətdən qalar və
yavaş-yavaş məhv olar...
Bu
sözlərdən sonra Dyuran sakitcə gülümsəyib,
sönmüş qəlyanını yandırdı və əlavə
etdi:
- Bəzən
özümə sual verirəm ki, görəsən bizim gələcək
nəsillərimiz necə olacaqlar? Soxulcana oxşayacaqlar, yoxsa
ayaqsız eybəcər bir varlığa çevriləcəklər!...
Məzəli
qoca uzun müddət belə cəfəng sözlər dedi. Onun ağarmış saçlarına hörmət
etdiyimdən Dyurana - "başı işləməyən
ayaqlarına güc verər" müdrik atalar
sözünü xatırlatmağı yersiz bildim.
Bu müsahibədən sonra Plasid bir neçə il də ömür sürdü. Muzey eksponatları içərisində ən çox maraq ona göstərilirdi. O, təxminən 2232-ci ildə dünyasını dəyişdi, özü də öz əcəli ilə deyil, elə muzeyin qabağındaca onu Sena sahillərində saatda 120 kilometr gedən səksən təkərli avtobus basdı. Həmin gün o, gəzintiyə tək çıxmışdı. Cangüdəni - polis prefekti ya avtomobili sındığından, ya da təyyarəsi havaya qalxa bilmədiyindən Dyuranı müşayiət edə bilməmişdi. Tarixdə bu haqda heç bir məlumat yoxdur.
Tərcümə
edəni: Ülkər HÜSEYNOVA
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.-
2016.- 18 fevral.- S.8