Qazax aşıq mühiti monoqrafik müstəvidə
Bu
günlərdə filologiya üzrə fəlsəfə
doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax
aşıq mühiti" ("Elm və təhsil", 2015)
adlı monoqrafiyası filologiya elmləri doktoru Cəlal Bəydilinin
elmi redaktorluğu, professor Mahmud Allahmanlı, professor Seyfəddin
Qəniyev və filologiya elmləri doktoru Rüstəm
Kamalın rəyləri ilə işıq üzü
görüb.
Kitabın
redaktoru ön sözdə tədqiqat işinin yüksək
elmi məziyyətlərindən söz açıb, İlhamə
Qəsəbovanın bir neçə il əvvəl
hazırlayıb nəşr etdirdiyi "XX əsr Qazax
aşıqları və el şairləri" kitabını
da yüksək dəyərləndirib.
İlhamə
Qəsəbova kitabın ön sözündə aşıq sənətinin
YUNESKO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsinə diqqəti çəkib,
söz, musiqi və hərəkətin harmonik sintezindən
ibarət olan aşıq sənətinin öyrənilməsinin
aktuallığını əsaslandırıb. Kitabın ilk
dəfə Qazax bölgəsi aşıq və şairlərinin
ayrıca bir mühit səviyyəsində tədqiq edilməsilə
şərtləndiyini göstərən tədqiqatçı
bir cümlə ilə belə bir məqama aydınlıq gətirir:
"Gəncəbasar aşıq mühitinin tərkibində təqdim
edilən Qazax aşıq mühiti coğrafi baxımdan iki
mühitlə - Borçalı və Göyçə
aşıq mühitləri ilə sıx yaradıcılıq
əlaqəsində inkişaf edərək daha da təkmilləşmişdir".
Elə bu məntiqi zəmin üzərində də
"Qazax aşıqlarının Gəncəbasar aşıq
mühitinin təşəkkülündə rolu" adlı ilk
fəsli tədqiqə çəkir. Bu bölümü də təbii
olaraq aşağıdakı üç yarımfəslə
bölür:1) Aşıq mühiti
kontekstində Qazax aşıqları və el şairlərinin
özünəməxsusluğu, 2) Göyçə
aşıq mühiti ilə sənət əlaqəsi və
3) Borçalı aşıq mühiti ilə sənət əlaqəsi.
Hər
bir xalqın tarixi ilə bağlı ilkin bilgilərin əvvəlcə
mifik təfəkkürdə, bu təfəkkürün bədiiləşmiş
formaları olan rəvayət, əfsanə, dastan və s.-də
əks olunmasını qeyd edən müəllif yazır:
"Hər bir xalqın qeyri-maddi mədəniyyətinin,
etnik-mədəni dünyasının, mənəviyyatının
qaynağı, təməl nöqtəsi onun folklorudur. Hər
bir xalqın folkloru özünəməxsusluqla yoğrulduğu kimi, hər
bir bölgənin də folklor xəritəsində xüsusi
folklor hadisələri vardır".
Daha sonra
tədqiqatçı Qazax bölgəsinin folklor xəritəsindəki
özünəməxsusluğuna diqqəti yönəldir, hər
bir bölgə kimi buranın da folklor ənənələrinin
zənginliyindən, hətta qədim idman növlərilə
fərqləndiyindən, Qazağın ən qədim
yarış oyunları sırasında at belində papaq oyunu,
pəhləvan yarışmalarından danışır və
əsas mətləb üstünə gəlib yazır:
"Qazax mahalı Gəncəbasar aşıq
mühitinin tərkib hissəsinə daxil edilmişdir. Nəzərə alsaq ki, bu
mahalın zəngin folklor nümunələri coğrafi
baxımdan iki-Göyçə və Borçalı
aşıq mühitlərinin sənət əlaqələri
ilə formalaşıb, onda Qazax aşıqlarının yaradıcılığında,
ifa tərzində bu iki mühitin sənət əlaqələri
ilə qarşılaşmış olarıq. Ustad
aşıqları, sazbəndləri, el şairləri və
söz bilicilərini nəzərə almaqla Qazax bölgəsi
ayrıca bir mühit kimi tədqiqat obyektinə çevrilməlidir".
Göründüyü
kimi, İlhamə xanım mövzuya yaxşı bələddir,
Qazax aşıq mühitinin indiyədək, elə indinin
özündə belə Gəncəbasar aşıq
mühitinin tərkibində olduğunu bilir, lakin bu mühitin
içərisindən özəl olaraq tədqiqatına
doğulduğu, böyüdüyü bölgəni cəlb
etməyə üstünlük verir. Bu da kitabın
redaktorunun da yuxarıda qeyd etdiyi kimi, müəllifin həmin
yurda bağlılığının təzahürü kimi
özünü göstərir.
Elə
onun bölgəyə yaxından bələdliyinin nəticəsidir
ki, aşıqların son zamanlara kimi Qazax mahalında toy məclisləri
idarə etməsindən danışıb yazır: "Son zamanlara qədər Qazax
mahalında toyları və məclisləri aşıqlar idarə
edərdi. Onlar xüsusi məclisi qurar, ibrətamiz
fikirlər səsləndirər, dastanlar danışar,
aralarında deyişmələr yaradar, sonda bir aşıq digərini
bağlayardı. Əsl sınaq meydanı
olardı. Toylar hətta üç, yeddi,
bəzən qırx gün çəkirmiş. Deyilənə görə, elə aşıqlar olub
ki, ayaqlarını zərblə yerə vurub, səsini zilə
çəkəndə lampalar titrəyib sönərmiş.
Hətta el arasında belə deyirlər ki, zil səsi
ilə lampanı söndürən ustad aşıq
Ağköynəkli Aşıq Məmmədyar (Əminov Məmmədyar)
olub.
Aşıqlar arasında gedən deyişmələr bədahətən
sinədən gələrdi. Aşıq
yaradıcılığında deyişmə əvvəlcə
sazın öz kökü üstündə, sonra isə
aşıq-ifaçının oxusu üstündə gedir.
Ən axırda küplə biləyi birləşdirən
"beçə pərdə" üstündə
deyişirlər. Kim beçə pərdədə
oxuyardısa, ən uca səsli, ən gur nəfəsli
aşıq hesab olunardı. Daim sadə xalqa yaxın
olan, onların dərdini öz dərdləri, sevinclərini
öz sevincləri bilən aşıqlar illər uzunu sinələrindəki
sazı dilləndirməklə şeiri musiqiyə çevirib
insanların dərdinə də, sevincinə də
şərik olmuşlar. Elə ona görə də
haqlı olaraq aşıqlara bəzən həmdəm-həmqəm
deyilmişdir. Əslində Qazax
aşıqları yas mərasimlərində dini xurafatdan da
danışar, dini şeirlərin mahiyyətindən söhbətlər
açarmışlar".
Burada
ustad aşıq Ağköynəkli Aşıq Məmmədyarın
səsinin ecazından bəhs açması, habelə saz
ifaçılığı ilə bağlı bəzi incə
məqamları açıqlaması onu göstərir ki,
filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova
bir tərəfdən tədqiqə çəkdiyi Qazax
bölgəsinin ayrı-ayrı aşıqları haqqında
müəyyən məlumata sahibdir, digər tərəfdən
isə ümumi olaraq aşıq
yaradıcılığının mahiyyəti,
ifaçılıq sənətkarlığı barədə
yetkin bilgi nümayiş etdirir. Onun Çoban Əfqanın
(Ələkbər Namazov) həyatı və
yaradıcılığı ilə bağlı gətirdiyi
epizodik təfərrüatlar da müəllifin şəxsi
toplama və araşdırmalarının məhsulu olaraq Qazax
aşıq mühitinə bağlılığından
xəbər verir.
Altı
cavan Kəsəmənnən getdilər,
Özlərinə yaxşı silah götürdülər.
Çoban Əfqanın dilindən gətirilən bu
misralarda xalq danışıq dili
qorunub-saxlanılmışdır. Ancaq buradakı
"götürdülər" ifadəsinin birinci
misradakı getdilər sözü ilə zahirən (yəni
yazılış baxımından) həmqafiyə
olmadığı diqqəti çəkir. Bu məsələyə
münasibət bildirib deyim ki, təkcə Qazaxda deyil, əksər
bölgələrdə deyilişdə
"götürdülər" kəlməsindəki
"ür" hissəciyi ixtisara düşməklə səslənir
ki, bu amili nəzərə aldıqda qafiyə pozuntusunun
olmadığı aydınlaşır. Deməli,
müəllif burada bilərəkdən (hətta məqsədli
şəkildə) yazılış formasına riayət
etmişdir. Amma ümumilikdə poeziyada
qafiyə prinsipinin yazılışca yox, deyilişcə-tələffüz
baxımından əsas götürüldüyü istisna
qaydalar var ki, yuxarıdakı hal da məhz həmin sıradan
hesab olunmalıdır.
Qıraq
Salahlıdan on altı nəfər,
Libası
irmeyi, atdarı kəhər...
Yaxud:
Əyribulan
göydən enər yan qafıl,
Üstünüzə
od ələr onu bil yəqin.
Bu kimi misralardan da aşığın danışıq
dilindən istifadə etdiyi aydın görünür, bunu
haqlı olaraq tədqiqatçı Çoban Əfqanın
sadə danışıq dilində, Qazax dialektində
yazması kimi səciyyələndirir. Yaxşı haldır ki,
burada dialekt sözü olan "irmeyi" ifadəsinin
qırmızı rəngi bildirdiyini açıqlayır,
"aeroplan" sözünün isə "əyribulan"
şəklində işləndiyinə diqqəti yönəldir".
Şairin "Sizdə çağırın Ələmdar
ağanı" misrası ilə başlanan bəndinə də
münasibət bildirib İmam Hüseynə işarə
olunduğundan danışır.
Çoban
Əfqan sizə fidə cavanlar,
Duaçıdır sizə burda qalanlar.
Ürəh
nəzilməsə bundan nə anlar,
Yazıram dillərdə hekayət olsun.
Bu alqış-duaları ilə Çoban Əfqan əsgərlərə
uğur diləyir və Qazaxdan qoyun sürüsü ilə
Dilican dərəsi deyilən yollarla yaylağa getməyə
başlayır. İndiki İcevan deyilən yer köhnə
Karvansara dedikləri Qazax mahalının tabeliyində olan ərazi
olmuşdur".
İlhamə Qəsəbovanın şeirin söylənmə
məqamı və coğrafi şəraitlə bağlı
açıqlaması bir daha onu göstərir ki, o,
araşdırma obyekti götürdüyü bölgəni
yaxından tanıyır. Eyni zamanda gətirdiyi
poeziya örnəklərinə də yeri gəldikcə bir
yetkin tədqiqatçı kimi münasibətini ifadə edir.
Onu da qeyd edim ki, aşağıdakı cümlələr
tədqiqatçının yerli mühitlə, camaatın dini
inanclara bağlı görüşlərinə
aydınlıq gətirməsi baxımından xüsusi əhəmiyyət
daşıyır. "Qazax aşıqlarının
özünəməxsusluqlarından biri də dini bayramlarda,
Kərbəla müsibətinə hörmətlə
yanaşmalarıdır. Məsələn,
Qazax aşıqları məhərrəmlik ayında sazın
simlərini sökərmişlər ki, birdən barmaqları
simə toxunar".
Milli düşüncədə
bir "el aşığı" ifadəsi var. Bu,
aşığın el adamı olmasına, elin içindən
çıxmasına, elin qəmini qəm, dəmini dəm
bilməsinə işarədir. Başqa
sözlə, aşıq xalq ruhunun
daşıyıcısıdır. Deməli,
xalqımız matəmi el matəmi kimi ellikcə
qarşılamağı da bacarmışdır. "Vayınkı ağlamaqdır, toyunku gülmək-oynamaq"
müdrik deyimimizə həmişə əməl
olunmuşdur. Aşıqlar da bir xalq müdriki, el
ozanı olmaqla nəinki bu ənənədən kənarda
qalmış, hələ bu ənənənin əsl
daşıyıcısı olmaqla bir ağsaqqallıq nümunəsi
göstərmişlər. Əgər
aşıq bir el ağsaqqalı kimi ümumxalq hüzn
gününün tələblərini pozsa, onda cavan-cocuqdan nə
gözləmək olar ki? Məntiqiylə
düşünən xalqımızın, xalq
aşığının yuxarıda göstərilən hərəkəti
eləməsi də təbii qarşılanmalı, xalq
müdrikliyinin bir göstəricisi kimi
anlaşılmalıdır.
Filologiya
üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın
aşıq mühitinin araşdırıcısı olaraq bu
kimi incə detalları diqqətdən qaçırmaması
onun toxunduğu mövzuya diqqətlə
yanaşmağının, müraciət etdiyi bölgənin
mühitini ətraflı, hərtərəfli
tanımasının sübutudur. Aşığın,
aşığın silahı olan sazın, sözün və
hərəkətinin-davranışının tipini onu
yaşadığı regionun əhalisi və adət-ənənəsi
ilə təmasda vəhdət halında götürməsi, təhlil
müstəvisindən keçirməsi məhz İlhamə Qəsəbovanın
tədqiqatındakı uğuru şərtləndirmişdir.
Gənc tədqiqatçıya gələcəkdə
də bu yöndə uğurlarının seriyasını gətirməsini
arzulayıram.
Şakir ALBALIYEV
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2016.- 19 fevral.- S.4.