Faiq Əhmədin "Qavrama nöqtələri" Romada sərgilənir

 

 

Romadakı Müasir İncəsənət Muzeyində şəhər meriyasının, “Montoro12” Müasir İncəsənət Qalereyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin “Qavrama nöqtələri” adlı fərdi sərgisi açılıb.

 

Rəssamın muzey formatında keçirilən bu ilk sərgisində sufilik əlamətləri monumental instalyasiyalarda, eksponatlarda, videoçarxlarda özünü büruzə verir və beləliklə, sərginin bütün bu tərkib hissələrini birləşdirib vahid, iddialı layihə mənzərəsi yaradır. Rəssam ifadə şəkli olaraq mistik axtarışa müraciət edirşüurdan kənarda duran hər şeyi şüurla əlaqələndirir. O, müxtəlif material və ifadə texnikalarında eksperimentlər aparır və onları mistik təcrübə ilə bir araya gətirərək həqiqətin qavranmasına dair suallara unikal cavablar tapır.

 

F.Əhməd öz işlərini – cürətli və futuristik estetikasına görə gələcəyə istiqamətlənmiş bu sənət əsərlərini yaratdıqda açıq-aşkar dünyəvi yanaşma nümayiş etdirir. Rəssam ənənəvi xalçaçılıq texnikasına müdaxilə etsə belə, xalça istehsalının qədim metodlarına sadiq qalır. O hesab edir ki, incəsənət keçmişlə indiki zamanın, qədimliklə müasirliyin vəhdətidir. İncəsənətin təbiətinin, müəllifin təfəkkürünü təcəssüm etmək üçün tətbiq edilən üsulların sərhədi yoxdur. Rəssam fəal tədqiqatçı qismində çıxış edərək şüuru vücudla birləşdirir. Onun əsərlərinin verdiyi mesajlar vasitəsilə ortaya qoyulan suallar zəhm və təəccüb doğurur.

 

Sərginin ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan və onların gözoxşayan naxışlarından ibarətdir. Sərgi zalının mərkəzində duran instalyasiya dalğa şəklində qurulub. Məscid döşəməsi örtüyündən hazırlanmış bu dalğavarı qurğu fizika qanunlarını alt-üst edərək ziyarətçilərin keçirdikləri duyğuları ən yüksək nöqtəyə çatdırır. Bir neçə videoçarx isə bu layihəni və Faiq Əhmədin yaradıcılığını sənədləşdirir.

 

Tədbirlə bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində sərginin kuratoru Klaudio Libero Pizano deyib: “Faiq Əhməd kimi sənətkarın sərgisinin bir hissəsi olmaqdan fəxr hissi keçiririk. Sərgi bizə azərbaycanlı rəssamın yaradıcılığını tanımaq imkanı yaradır, müasir Azərbaycan incəsənətinin simasını əks etdirir. Ölkənizin mədəniyyətini izləmək və azərbaycanlı sənətkarların yaradıcılıq yolu ilə tanış olmaq italiyalılar üçün çox maraqlıdır”.

 

Sərgi martın 29-dək davam edəcək.

 

Qeyd edək ki, Faiq Əhmədin əsərləri indiyədək bir çox beynəlxalq incəsənət mərkəzlərində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay, MoskvaHonkonqda sərgilənib. Rəssam 2007-ci ildən başlayaraq milli ənənələrin rəmzi olan əllə toxunmuş Yaxın Şərq xalılarının klassik model və dizaynlarını dekonstruksiya etməklə heyranedici vizual şedevrlər yaradıb. Bu əsərlər silsiləsi dünyanın müxtəlif ölkələrində də böyük maraqla qarşılanıb.

525-ci qəzet.- 2016.- 19 fevral.- S.4.