Səttar Bəhlulzadənin karikaturaları”nın  təqdimatı keçirilib

 

 

Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyində yeni çap olunmuş “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” kataloqunun təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, kataloqda S.Bəhlulzadənin 1931-1933-cü illərdə “Kommunist” qəzetində işlədiyi dövrdə dərc olunmuş karikaturaları ilk dəfə toplu halında sənətsevərlərə təqdim edilib. Kataloqun mətninin müəllifi və tərtibatçısı ev-muzeyinin baş mühafizi sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

 

Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva S.Bəhlulzadənin zəngin yaradıcılığından danışıb. Qeyd olunub ki, görkəmli rəssam Azərbaycan rəngkarlığında yeni üslub yaratmış nadir sənətkarlardandır.

 

Tədbirdə muzeyin direktoru İradə Abdinova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar Rəssam Hüseyn Haqverdiyev, kataloqun mətninin müəllifi Pərzad Abdinova çıxış ediblər.

 

Çıxışçılar Səttar Bəhlulzadənin xatirəsinin hər zaman yüksək tutulduğunu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın adı ilə bağlı müxtəlif səpkili tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayıb, muzeyin gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd ediblər.

 

Bildirilib ki, S.Bəhlulzadənin çoxşaxəli yaradıcılığının az tədqiq olunan səhifələrindən biri gənclik dövründə çəkdiyi karikaturalarıdır. Səttar Bəhlulzadənin qəzetdəki fəaliyyəti uzun sürməsə də, bu illərə aid ilk rəsmlərində müxtəlif ictimai tipləri psixoloji dəqiqliklə təsvir etməyə, onların səciyyəvi cəhətlərini bacarıqla açmağa nail olmuşdur.

 

Sonra qonaqlar S.Bəhlulzadənin “Kommunist” qəzetində dərc edilmiş karikaturalarından ibarət sərgi ilə tanış olublar. Sərgidə muzey tərəfindən 30-dan artıq böyüdülərək çap edilmiş karikatura ilk dəfə nümayiş olunub.

 

Qeyd edək ki, kataloq Səttar Bəhlulzadənin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

525-ci qəzet.- 2016.- 19 fevral.- S.4.