Vəfa borcu
Bəlkə də həyatda
kiminsə haqqında ondan xəbərsiz, ondan yana
düşünməkdən gözəl heç nə yoxdu.
Dünyasını dəyişənləri yad
etmək isə insan olanın vəfa borcudur. Vəfasızlıq, unutqanlıq insana yaraşan sifət deyildir. Dünyasını
dəyişmiş elə
əməl sahibləri də
var ki, hər
an rəhmətlə yad
etmək bizim mənəvi borcumuzdur. Mən istedadlı jurnalist, mahir tərcüməçi
mərhum Tehran Vəliyevi
yad edilməyə layiq dəyərli şəxslərdən biri
kimi xatırlayıram.
Tehran Vəliyev mənim tələbə yoldaşım olub. Onunla beş
il bir yerdə
Azərbaycan Dövlət
Universitetinin Jurnalistika
fakültəsinin əyani
şöbəsində oxumuşuq.
Tehran lap gənclik illərindən az danışan, sakit, həlim təbiətli bir oğlan idi. O, tələbə yoldaşlarından daha çox daim qoltuğunda gəzdirdiyi kitablarla baş-başa olardı. Bu kitablar
da əsasən ingilis dilində idi. Tehran sərbəst
halda ingilis dilini öyrənməyə
qərar vermişdi.
Yorulub usanmadan bu işlə
məşğul idi.
Biz o zaman dərsləri
indiki İstiqlal küçəsində, Əlyazmalar
İnstitutunun Qala divarına söykənən
sağ qanadında keçirdik. Belə bir
fikir də auditoriyamıza ayaq açmışdı ki,
dərs keçdiyimiz
geniş otaqda vaxtilə böyük dramaturqumuz Hüseyn Cavid yaşamışdır.
Elə ki tənəffüs olardı, Tehran damağına
siqaret alıb pəncərə önünə
çəkilər, qoltuğundakı kitabı açaraq acgözlüklə
mütaliə edərdi.
Oxuduğu kitaba o dərəcədə
aludəliklə qapılardı
ki, sanki, dəhlizdəki səs-küyü,
gülüş səslərini
eşitmirdi. Dünya ədəbiyyatının
ən seçmə nümunələrini oxuması
Tehranın dünyagörüşünün
formalaşmasında çox
mühüm rol oynamışdı. O zaman
universitetin humanitar fakültələrində oxuyan
tələbələrin davranışında,
fikir və düşüncəsində milli
şüurun oyanmasını
açıq-aydın sezmək
olardı.
Beşinci kursda sevimli müəllimimiz Nəriman
Zeynalov Tehrana diplom işi olaraq məşhur jurnalist-naşir Haşım
bəy Vəzirovun jurnalistik fəaliyyətini
araşdırmağı məsləhət
bilmişdi. O zamana qədər Haşım bəy Vəzirovun ədəbi irsi toplanıb nəşr olunmamışdı. Haşım
bəy Vəzirovun jurnalistik fəaliyyətindən
yazmaq üçün
gərək XX əsrin
əvvəllərində nəşr
olunmuş “Həyat”,
“İrşad”, “Tazə
həyat”, “İttifaq”,
“Səda”, “Sədayi-həqq”
və s. qəzetləri
gözdən keçirib
faktlar toplayaydın. Tehran ərəb əlifbasını
bildiyi üçün
bu qəzetləri Respublika Milli Kitabxasında oxumaq onun üçün
problem deyildi. Amma
elə ki, Tehran Haşım bəyin jurnalistikası ilə ilk dəfə tanış oldu başqa problem üzə çıxdı.
Məlum
oldu ki, Sovet jurnalistikasının
burjua mühərriri kimi damğaladığı
Haşım bəy Vəzirovun məqalə və felyetonları dəyərli əsərlərdi.
Haşım bəy Vəzirov
hansısa milyonçuya
yox, xalqına xidmət edib. Buna görə də
Tehran diplom işində
Haşım bəyi burjua mühərriri kimi qamçılamaqdan vaz keçdi və fikrini də diplom rəhbərinə bildirdi.
Bu gün çox
adi görünən bu fakt əslində
vaxtilə tələbə
Tehran Vəliyevin əqidə
saflığından, milli
ruhun daşıyıcısı
olmağından xəbər
verirdi. O, keçmiş
sələfinə atəş
açmağı, üstünə
çamur çiləməyi
özünə rəva
bilməmişdi.
Tehran Vəliyev universiteti
bitirdikdən sonra çox yerdə işləmişdir. O, “Texniki tərəqqi uğrunda” jurnalında ədəbi işçi, “Azərbaycan
təbiəti” jurnalında
tərcüməçi, Azərbaycan
Dövlət Nəşriyyat
Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində,
daha sonra “Gənclik” nəşriyyatında
böyük redaktor, Tərcümə Mərkəzində
Qərbi Avropa ədəbiyyatı şöbəsinin
müdiri, “Maarif” nəşriyyatının baş
redaktoru, “Azərbaycan”
qəzetində baş
redaktorun müavini və nəhayət ömrünün axırına
qədər Mədəniyyət
və Turizm Nazirliyində çalışmışdır.
Tehran Vəliyev işinin peşəkarı
idi. O, işlədiyi
bütün təşkilatlarda
işinə məsuliyyətlə
yanaşmış və
kollektivin hörmətini
qazanmışdı.
Bütün bunlarla yanaşı Tehran Vəliyev həmkarlarının,
oxucuların yadında,
əsasən, mahir tərcüməçi kimi
qalmışdır. Etiraf edək
ki, dünya ədəbiyyatının bir
çox dəyərli
nümunələri doğma
türkcəmizə rus
dilindən çevrilmişdir.
Təəssüf ki, orijinaldan
tərcümə sahəsində
yetərincə tərcüməçi
kadrlarımız yoxdur.
Bu baxımdan Tehran Vəliyevin xidmətləri
danılmazdır. Biz C.Selencerin
“Çovdarlıqda uçurumdan
qoruyan” romanını,
İ. Folklerin, F.Fisceraldın
hekayələrini Tehran Vəliyevin
orijinaldan etdiyi tərcümələrlə oxuyub
tanış olmuşuq. Tehranın E.Heminquedən, S.Hilldən
etdiyi tərcümələri
də eyni məhəbbətlə oxumuşuq.
Onun tərcümələri “Azərbaycan”,
“Xəzər” kimi mötəbər ədəbi
jurnallarda, “Yol” qəzetində dərc olunurdu və özünə geniş oxucu auditoriyası qazanırdı. Təsadüfi
deyildir ki, sonralar adlarını çəkdiyimiz bu böyük yazıçıların
“Seçilmiş əsərləri”
məhz Tehran Vəliyevin
tərcümələri əsasında
latın qrafikası ilə kütləvi tirajla nəşr olunmuşdur.
Tehran Vəliyev rusdilli yazıçılarımızdan Maqsud İbrahimbəyovun “Hava məbədi”, “Bütün yaxşılıqlara
ölüm” povestlərini
də ana dilimizə yüksək peşəkarlıqla çevirmişdir.
Tərcüməçilik çox şərəfli və məsuliyyətli bir sənətdir. Tərcüməçi hər iki dili - həm doğma ana dilini, həm də tərcümə üçün müraciət etdiyi əcnəbi dilini incəliklərinə qədər bilməlidir. Bu mənada, Tehran Vəliyev həm ingilis, həm də doğma ana dilini gözəl bilirdi. Buna görə də onun tərcümələrini oxuyanda dil kələ-kötürlüyünə, üslub qüsuruna, fikir-düşüncə yanlışlıqlarına rast gəlmirsən.
Həyat bizim başımızı yaşamağa, ailəmizi yaşatmağa - bunun üçün gecə-gündüz çalışmaq lazımdı - qarışdığından, sən deyən də tez-tez görüşmürdük. Hərdən zəngləşib bir-birimizdən hal-əhval tuturduq, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif tədbirlərində görüşərdik. Yolum nazirliyə düşəndə hökmən ona baş çəkərdim. Fürsət düşəndə ikilikdə badə yoldaşlığı da edərdik. Tehranın emosiyadan, pafosdan uzaq söhbətlərini, hər hansı həyat hadisəsi haqqında fikirlərini eşitmək çox xoşdu.
Tehran son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Nazirlikdə görüşəndə çox vaxt dəhlizin qurtaracağında, pilləkənlərin baş tərəfinə gəlib dərdləşərdik. Tehran əlini ağappaq ağarmış sıx saçlarında gəzdirib siqaret çəkməyə başlardı. Belə anlarda nədənsə o mənə Amerika yazıçısı Folkneri xatırladardı. Ömründə üzünü görmədiyim, xarakterini bilmədiyim, amma Tehranın tərcüməsində hekayələrini oxuduğum Folknerə.
Təəssüflər olsun ki, Tehran Vəliyev bizi çox erkən tərk etdi. O, hələ çox işlər görməyə qadir idi. Onun arxivində başa çatdırmadığı tərcümələri də çoxdur. Arzum budur bu tərcümələr, yarımçıq da olsa, ədəbi nümunə kimi mətbuat səhifələrinə yol tapsın. Əziz dostumuzun, peşəkar tərcüməçimizin ruhu bundan şad olar.
Mustafa Çəmənli
525-ci qəzet.- 2016.- 20 fevral.- S.22