İmperiyalar və onların süquta
sürüklənməsi
Proloq
(Əvvəli
ötən şənbə saylarımızda)
Hettlər Mitanni çarlığını
dağıdanda, onların ağalıq etdikləri
assuriyalılar nəhayət müstəqil oldular.
Sonrakı
250 il ərzində Assuriya
imperiyasının ekspansiyası və tənəzzülü
bir-birini əvəz edirdi. Tədricən Assuriya
ən iri orduya malik oldu. B.e.ə. 845-ci ildə
III Şammaneser Fərat çayını keçməklə
yadda qalan kampaniyasında 120 min nəfərlik orduya
başçılıq etmişdi. Həm
də bu ordu müstəsna dərəcədə yaxşı
təşkil olunmuş və intizamlı idi.
Şimali-şərqdəki Assuriya imperiyasının
hücumundan sonra b.e.ə. XI əsrin sonunda vaxtilə qüdrətli
dövlət olan İsrailin gücü süqut etdi və
İsrail Assuriyaya bac verməyə məcbur
edildi. İsraillilərin çoxu Assuriya
imperiyasının başqa hissələrinə
köçürüldü.
İşğal edilən ərazilər bir qayda olaraq
imperiyaya əyalətlər kimi daxil olurdular. B.e.ə.
700-ci ildən Assuriya imperiyası öz qüdrətinin
yüksək zirvəsinə çatdı və onun ərazisi
Mesopotamiyadan, Kiçik Asiyanın hissələrindən,
Suriyadan, Xanaandan və Fivadan yuxarıda olan Misirdən ibarət
idi. Babil şəhəri b.e.ə. 689-cu
ildə assuriyalılar tərəfindən qarət edildikdə,
sakinlər güclü Assuriya hökmdarı Aşurbanipala
qarşı üsyan qaldırmışdılar.
Xaldeylər semit dilli xalq olmaqla, b.e.ə. VII əsrdə
Babilistanda güclü təsirə nail oldular və
Mesopotamiyada Assuriyanın nəzarətinə başlıca
müqavimət təşkil etdilər. Xaldey
çarı Nabunolossar Midiya qüvvələri ilə birləşib
b.e.ə. 612-ci ildə Assuriya paytaxtı Nineyviyanı
işğal etdi. II Nabuhadonosor isə (b.e.ə. 605-562-ci
illər) Assuriya imperiyasının son məğlubiyyətinə
nail oldu. Onun dövründə Babilistan kənd təsərrüfatı
və ticarət hesabına, toxuculuq və metal istehsalına
görə xeyli varlandı. Nabuhadonosor öz
imperiyasının paytaxtı kimi Babili yenidən tikdi və
ona qədim dünyanın böyük şəhərlərindən
birinin möhtəşəmliyini verdi. Şəhər qülləli divarlarla əhatə
olunmuşdu, onun ətrafına Fərat çayının
suyu ilə doldurulmuş xəndəklər çəkilmişdi.
İştar Qapısı zəfər yolunun
başlanğıcı idi. O, həm də
dünyanın yeddi möcüzəsindən biri olan məşhur
Asılı bağları saldırmışdı. Bu möcüzəni o, vətənindəki
dağlar üçün darıxan midiyalı arvadına
görə həyata keçirmişdi. Lakin
dəbdəbəli Yeni Babilistan imperiyası qısa müddətli
oldu. B.e.ə. 539-cu ildə Persiya fatehi Kir
Babili işğal etdi və babillilər onu xilaskar kimi
salamladılar.
Həm assuriyalılar, həm də Yeni Babilistan
çarları qəddarlıqları ilə fərqlənirdilər. Assuriyalılar
öz düşmənlərini hələ öz qəddarlıqları
ilə üzləşməmişdən əvvəl tez
qaydada təslim olmağa inandırırdılar. Onlar terror taktikası ilə məşhurlaşmışdılar,
bu məsələdə onlar heç də digər Yaxın
Şərq işğalçılarından fərqlənmirdilər.
Şəhərləri qarətə məruz
qoyub, məhv edirdilər, taxıl zəmilərini
yandırır, meyvə ağaclarını kəsirdilər.
Onlar öz əsirlərinə qarşı
zorakılıqları, amansızlıqları ilə
“şöhrət tapmışdılar”. Assuriya
çarı Aşurbanipal götürdüyü əsirlərin
çoxunu odda yandırırdı. O,
lovğalanırdı ki, şəhər qapısının
qarşısında cəsədlərdən təpə
düzəltmişdir. Onların dərisini
şəhər divarlarından kənarda sərdirmişdi.
İmperiyanın hökmranlığına
qarşı qiyam qaldıran öz ərazilərində isə
o, müstəsna vəhşilik nümayiş etdirirdi.
IX əsrin
sonunda İsrail Assuriyaya bac verməyə məcbur
edildi. Sonrakı əsrdə isə İsrailin
özü dağıdıldı. Assuriyalılar
b.e.ə. 722 və ya 721-ci illərdə İsrail
çarlığını viran qoydular və çox sayda
israillini öz imperiyalarının başqa hissələrinə
deportasiya etdilər. Səpələnmiş
israillilər (“on itirilmiş tayfa”) qonşu xalqların
arasında meydana çıxıb, öz xalqlarına mənsubluqlarını
itirdilər.
Xaldeylər də çar II Nabuhodonosorun
başçılığı altında İudeyanı (əvvəlki
çarlığın digər hissəsini) işğal edib,
b.e.ə. 586-cı ildə Yerusəlimi bütünlüklə
dağıtdılar. Yuxarı sinifdən olan adamların
çoxu İudeyadan Babilistana deportasiya edildi. Bu sürgünün acı xatirəsi Bibliyada öz
əksini tapdı. Lakin İudeya xalqı
üçün bu, son olmadı və Xaldey
çarlığının dağıdılması
onların xilasına səbəb oldu.
Persiyalılar hind-Avropa dilində danışan xalq
olmaqla, midiyalılarla cənubi-şərqdə yaşamaqla
onun təbəəsi idilər. B.e.ə. 559-cu ildə
Kir persiyalıların lideri olmaqla, onları öz hakimiyyəti
altında birləşdirdi və 550-ci ildə Midiya üzərində
Persiyanın nəzarətini qurdu. Üç il sonra o, qərbi Kiçik Asiyadakı
varlı Lidiya çarlığını məğlub etdi və
onu öz satrapiyasına çevirdi. Kirin
qoşunları İon dənizi sahilindəki yunan şəhər-dövlətlərini
işğal etdi. Sonra o, şərqə tərəf
döndü, İran yaylasının şərq hissəsini,
Soqdiyanı və hətta Qərbi Hindistanı özünə
tabe etdi. 539-cu ildə Mesopotamiyaya girib,
Babilistanı Persiya əyalətinə çevirdi. O,
babilistanlıların hüsn-rəğbətini qazandı.
B.e.ə. VI əsrin əvvəlində Babilə gətirilmiş
iudeyalılara Yerusəlimə qayıtmağa, onlara öz
şəhərlərini bərpa etməyə və məbədlərini
yenidən tikməyə icazə verdi.
B.e.ə. 530-cu ildə Böyük Kir Soqdiyadan massagetlərin
ərazisinə girdikdə döyüşdə
öldürüldü. Öz müasirləri üçün o,
həqiqətən də Böyük Kir epitetinə layiq idi.
Persiyalılar onu özlərinə “ata”
sayırdılar. Assuriya hökmdarlarına
bənzəməyərək, mərhəmətli çar reputasiyasına
malik idi. Midiyalılar, babilistanlılar və
yəhudilər onu özlərinin qanuni hökmdarı hesab
edirdilər.
Persiya çarı I Dara imperiyanı daha da möhkəmləndirdi. O, Misir qanununu kodifikasiya etdi
və Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək
üçün kanal tikdirdi. İmperiyanın
Hindistandakı ərazisini İnd çayına qədər
genişləndirdi. Avropanın içərilərinə
hərəkət edib, Frakiyanı işğal etdi və
Makedoniya çarını vassala döndərdi. O,
Yunanıstana müdaxilə etdikdə, b.e.ə. 490-cı ildəki
həmin yürüş Marafon döyüşündə
afinalıların qələbəsi ilə nəticələndi.
Daranın hökmranlığı dövründə
persiyalılar dünyada o vaxtadək dünyada görünməmiş
çox iri bir imperiya yaratdılar. Ona Yaxın Şərqdəki
köhnə güc mərkəzləri - Misir, Mesopotamiya və
Assuriya daxil idi. İmperiya həm də qərbdə
Frakiyaya və Kiçik Asiyaya, şərqdə isə
Hindistanın içərilərinə qədər genişlənmişdi.
O, Persiya
imperiyasını öz idarəçiliyi altında saxlayanda,
orada kommunikasiyanın səmərəli sistemi mühüm əhəmiyyət
daşıyırdı. Yaxşı saxlanan
yollar hərbi və hökumət adamlarını mənzilə
tez çatdırmağa qadir idi.
Çar Yolu kimi tanınan bu yollardan biri xüsusən
Kiçik Asiyadakı Lidiyanın mərkəzi Sardıdan
Persiya imperiyasının əsas paytaxtı Suzaya qədər
uzanırdı. Persiyalılar da assuriyalılar kimi
çar xəbərçilərini təzə atlarla təmin
etmək üçün dayanacaq postları qurmuşdular.
Persiyalıların b.e.ə. 490-cı ildə Marafon
döyüşündə afinalılar tərəfindən məğlubiyyətindən
sonra, xüsusən 479-cu ildə afinalılar yenidən Persiya
ordusu üzərində həlledici qələbə
çaldılar. Persiya qoşunlarının
qalıqları Asiyaya geri çəkildilər.
Persiyalıların məğlubiyyətindən sonra
Afina onlara qarşı öz yeni liderliyini təmin etmək
üçün Delos Liqası adlanan konfederasiya yaratdı. Bu liqada
başlanğıcda afinalılar ağalıq edirdi. Liqadakı böyük dövlətlər - Lesbos,
Samos və Xios onu gəmilərlə təmin etdiyi halda,
kiçik icmalar pulla maddi yardım göstərirdi. Afinanın başçılığı
altında Delos Liqası Persiya imperiyasına hücum etmək
istəyirdi. Faktiki olaraq Egey dənizi
sahilindəki bütün yunan dövlətləri
Persiyanın nəzarətindən azad edilmişdi və b.e.ə.
469-cu ildə Persiya donanması və ordusu Kiçik
Asiyanın cənubunda qəti məğlubiyyətə
düçar oldu. Delos Liqası tezliklə
Afina imperializminin özəyinə çevrildi. Həm də Afinadan kənarda iki imperiya -
Yunanıstanda quru ərazidəki imperiya və Egeydə dəniz
imperiyası yaratmağa cəhd edildi. Lakin
Sparta və onun müttəfiqləri ilə Birinci Pelloponnes
müharibəsi getdi. Afina qurudakı
imperiyadan imtina etdi. Sparta isə öz
növbəsində onun dəniz imperiyasının genişlənməsini
tanıdı. Yunan dövlətləri b.e.ə.
V əsrin sonunda tənəzzülə uğradı, VI əsrin
birinci yarısında Sparta hakimiyyəti də süqut etdi.
Böyük Aleksandrın atası çar II
Filippin başçılıq etdiyi Makedoniya inkişaf etməyə
başladı.
2.
Böyük Aleksandrın imperiyası
B.e.ə. 334-cü ildə Böyük Aleksandr Makedoniya və
yunan orduları ilə Persiya imperiyasına hücum etmək
üçün qərbi Asiyaya girdi. İllərlə gedən
döyüşdə persiyalılar tam məğlub oldular və
b.e.ə. 327-ci ildə Aleksandr və onun qoşunları
Hindistanın şərq tərəfinə soxuldular. Ordu qiyam qaldırdıqda Aleksandr geri qayıtmağa
məcbur oldu.
Persiya imperiyasının işğalı yunan mədəniyyətinin
bütün qədim Yaxın Şərqə yayılması
üçün qapıları açdı. Yunan sakinlər
- bürokratlar, tacirlər, əsgərlər və alimlər
bu torpaqlara axışdı.
Aleksandr, atası qətlə yetirildikdən sonra
Makedoniya çarı olanda 20 yaşında idi. Persiyalılara
hücum etmə şansını əldə etmək onun məqsədinə
çevrildi. Persiya isə bir sıra cəhətlərinə
görə zəifləsə də, hələ də
qüdrətli dövlət idi. B.e.ə.
334-cü ildə Aleksandr 37 minlik ordusu ilə Kiçik Asiyada
sahilə çıxdı. Ordunun
yarısı makedoniyalılar, qalanları isə digər
müttəfiqlərdən idi. Süvarini isə 5 min atlı təmsil edirdi.
Qranik çayı üzərində ilk döyüş
başlıca qələbəylə başa çatdı. Sonrakı ildə
isə artıq Kiçik Asiyanın bütöv qərb
yarısı onun əlində idi. İssa
döyüşündə isə daha böyük zəfər
qazanıldı. Misir
döyüşsüz təslim oldu. B.e.ə.
332-ci ilin qışında Suriya, Palestina və Misir artıq
Aleksandrın hakimiyyəti altında idi.
B.e.ə
331-ci ilin yayında Qavqamela döyüşündə
Aleksandrın adamları Persiya qüvvələrindən xeyli az idi. Çar III Dara
döyüşdən qaçdı və qələbədən
sonra Aleksandr Babilə daxil olub çoxlu qızıl və
gümüş ələ keçirdi. B.e.ə.
327-ci ilin yayında o, Hindistana girdi, bu ölkənin çox
hissəsini zəbt etmək istəyirdi.
Əsgərləri
qiyam qaldırıb, irəli getməkdən imtina etdikdə,
Aleksandr onların tələbinə tabe oldu və geri
qayıtmağa razılıq verdi. O,
Gedrosiya səhrasından keçməklə
qoşunlarını Persiyanın şimalı ilə geri
aparırdı.
Qoşunlarının qalığı Suzaya, sonra Babilə
yollandı. Burada o yeni kampaniyalar planlaşdırırdı.
Lakin b.e.ə 333-cü ilin iyununda o, yaralardan -
döyüşlərdə o, 8 dəfə
yaralanmışdı - qızdırmadan, güman ki, həmdə
izafi alkoqoldan zəifləyib, 32 yaşında həyatdan getdi.
Bəzi tarixçilər belə bir fikri irəli
sürürlər ki, Aleksandr kainat bəşəriyyəti idealına
inanırdı. Buna sübut kimi, b.e.ə.
324-cü ildə Suzada 10 min sayda əsgərinin yerli
qadınlarla evlənməsini təşkil etməsini göstərirdilər.
O, pers paltarı geyinir, öz administrasiyasında perslərdən
istifadə edir və yerli gəncləri Makedoniya hərbçiliyi
qaydasında məşq etdirirdi. O, makedoniyalıların,
yunanların və perslərin qaydalarını hakim sinfin
içərisində qarışdırıb, onları
özünün geniş imperiyasına nəzarət etməyə
qadir etmək istəyirdi. O, yeni dövr, Ellinistik era
yaratmışdı.
Persiya imperiyasının Aleksandr tərəfindən məhv
edilməsi nəhəng ərazi üzərində
yunan-Makedoniya ağalığını genişləndirmişdi. Onun
ölümündən sonra Aleksandr siyasi irsinin xüsusiyyətləri
ellinistik monarxiyalarda öz əksini tapmaqla, Ellinistik
dünyanın bir hissəsinə çevrilmişdi. Onun imperiya baxışları, heç şübhəsiz,
gələcək romalıları ilhamlandıracaqdı.
Onları, əlbəttə ki, Aleksandr irsinin
real varisləri saymaq olar.
Aleksandr həm
də böyük, mədəni irs qoyub
getmişdi. Onun işğallarının nəticəsi
kimi yunan dili, incəsənəti, arxitekturası və ədəbiyyatı
bütün Yaxın Şərqə yayılmışdı.
O, geniş ərazilərə nəzarət etmək
üçün çox sayda şəhərlər və
koloniyalar yaratmışdı. Onların sakinlərinin
çoxu yunan muzdluları idi. Beləliklə,
Aleksandr irsi, Ellinistik dünyada meydana gələn fərqləndirici
əlamətlərdən biri idi.
Aleksandrın birləşmiş imperiyası onun
işğalları ilə yarandığı kimi, onun
ölümü ilə də parçalandı. Makedoniya hərbi
liderlərinin hamısı hakimiyyət uğrunda mübarizəyə
girişdilər. B.e.ə. 301-ci ildə
birlik barədəki istənilən ümid artıq
ölmüşdü.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2016.- 20 fevral.- S.20