Türk dünyasının ortaq söz sərvəti - Məhtimqulu irsi

 

VƏ YA AZƏRBAYCAN-TÜRKMƏN ƏDƏBİ ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏDƏ

 

Azərbaycan respublikası ikinci dövlət müstəqilliyinə qovuşandan sonra türk dünyası ilə mədəni-siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başlamışdır. Bu istiqamətdə Türkiyə və Qazaxıstandan sonra əlaqələrimizin yeni mərhələyə daxil olduğu türk respublikalardan biri də Türkmənistan ölkəsidir. Azərbaycan və Türkmənistan xalqları arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələri uğurla davam edir. Ölkə prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “türkmən və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar, biz iki müstəqil dövlət arasında münasibətləri bu möhkəm təməl üzərində qururuq”.

 

Azərbaycan-Türkmənistan dostluğunun təməllərini atan şəxsiyyətlərdən biri də XVIII əsrin görkəmli söz ustası, şair və ictimai xadim Məhtimqulu Fəraqi və onun ədəbi irsidir. Məhtimqulu bugün Türkmənistan adlanan dövlətin meydana çıxmasını, bir növ, fikri planda hazırlayan çox böyük şəxsiyyətlərdən biridir. Dünyaca tanınmış türkmən şairi Məhtimqulu Fəraqi, şeirləri və fəlsəfəsi ilə yalnızca Türkmənistanda deyil, bütün türk dünyasında önəmli bir yerə sahibdir.

 

Məhtimqulu Fəraqi tarix boyu gəlib keçmiş ən büyük türkmən şairidir. Onun türkmən ədəbiyyatı tarixindəki yerini və rolunu bir cümlə ilə belə səciyyələndirə bilərik: Bayron ingilis, Dante italyan, Puşkin rus ədəbiyyatı üçün nə isə, Məhtimqulu da türkmən ədəbiyyatı üçün odur. Böyük şərqşünas Bartold yazmışdır ki, tarixdə indiyə qədər heç bir türk şairi öz xalqı arasında Məhtimqulu qədər populyar olmamış və əzbərə bilinməmişdir.

 

Türkmənistanın böyük şairi Məhtimquluya və onun ədəbi mirasına göstərdiyi ehtiram və verdiyi dəyər Azərbaycan üçün də bir ilham qaynağı olmuşdur. Məhtimqulu, ölkələrimiz arasındakı həm siyasi, həm də sosial sahədəki dostluq və qardaşlığın simvoludur. Azərbaycan ədəbiyyatında Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Abbas Tufarqanlı, Vaqif və Vidadi şeiri də Məhtimqulu poeziyası ilə yaxından səsləşir. O, türk dünyasını, Azərbaycanı dərin məhəbbətlə sevmiş, bu ölkəni Dərbənddən Təbrizədək qarış-qarış dolaşmış, bu doğmalığı şeirlərində də dilə gətirmişdir.

 

Azərbaycan xalqı Məhtimqulu irsi ilə hələ XIX əsrdən tanışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda XIX əsrdə yazıya alınmış, üzü köçürülmüş iki nadir əlyazmasının bugünədək qorunub saxlanılması görkəmli söz ustasına ölkəmizdə olan dərin məhəbbətin əyani şəkildə ifadəsidir.

 

Ölkəmizdə Məhtimqulu irsinin öyrənilməsinə ilk dəfə müraciət isə XX əsrin ilk illərində, 1913-cü ildə “İqbal” qəzetində nəşr olunan Seyid Hüseyn Kazımoğlunun məqaləsində öz əksini tapmışdır. İndiki “Azərbaycan” jurnalının 1920-ci illərin əvvəlindəki nömrələrində Salman Mümtaz və Əmin Abidin Məhtimqulu irsinə müraciət edib ondan geniş şəkildə bəhs etməsi də təsadüfi deyildi. Bu dövrlər Azərbaycanda türklük düşüncəsinin yüksəliş illəri idi. Repressiya illərindən sonra bir də 1960-cı illərdən başlayaraq Azərbaycan alimlərindən Araz Dadaşzadə, Ramazan Qurbanov, Ruhi Əliyev və Fəxrəddin Əliyevin böyük şair haqqında məqalələri ədəbi jurnal və məcmuələrdə işıq üzü görmüşdür.

 

Müstəqillik illərində Azərbaycanda Məhtimqulu irsinin öyrənilməsi, təbliği və nəşri istiqamətində işlər daha da sürətlənmişdir. Məhtimqulunun ilk dəfə kiçik bir kitabı Azərbaycanda 1984-cü ildə işıq üzü görsə də, 2000-ci illərdən başlayaraq, konkret desək, 2010 və 2014-cü ildə daha mükəmməl nəşrlər meydana çıxmağa başladı.

 

Budur artıq bu yaxınlarda ana dilimizdə respublikada ilk dəfə böyük türkmən şairi Məhtimqulu Fəraqinin 744 səhifədən ibarət olan mükəmməl divanı işıq üzü görmüşdür. Azadlıq və birlik carçısı şairin bu qiymətli əsəri “Elm və təhsil” nəşriyyatında nəşr edilmişdir. O da təqdirəlayiq haldır ki, həmin dəyərli inci Azərbaycan və türkmən elm adamlarının birgə əməkdaşlığının sayəsində meydana çıxmışdır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun, Nizami adına Ədəbiyyat İnstitutunun və Türkmənistan Respublikası Milli Əlyazmalar İnstitutunun əməkdaşlarının böyük əməyi nəticəsində yüksək akademik səviyyədə elmi nəşr ərsəyə gəlmişdir.

 

Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan Məhtimqulu divanının daşbasma nüsxəsinin əlyazmasından ibarət olan bu əsər ilk dəfə olaraq divanın ərəb əlifbası ilə türkməncə orijinal mətni, faksimle, mətnin türkməncə transliterasiyası və Azərbaycan dilinə tərcüməsi üçü bir arada nəşr edilmişdir. Onu da qeyd etmək lazımdır ki, kitaba yazılmış geniş müqəddimə, Məhtimqulu əsərlərinin yazıya alınması tarixi, onun əlyazma divanlarının öyrənilməsi və nəşri tarixi haqqında məqalələr, divanda işlənən türkməncə, fars və ərəb dillərindəki müasir Azərbaycan oxucusu üçün çətin anlaşılan leksik vahidlərin şərh və izahları əsərə əlavə olunmuş ayrıca sanballı bir elmi-tədqiqat işi təsiri bağışlayır.

 

Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylinin çox doğru olaraq qeyd etdiyi kimi, Məhtimqulu Fəraqi Türkmənistan adlı böyük məmləkətin ölkə boyda möhtəşəm ədəbiyyat heykəlidir. Türkmən ədəbiyyatının klassiki, Türkmənistanda müstəqil dövlətçiliyin qüdrətli carçısı, türkmən xalqının dünya ədəbiyyatına bəxş etdiyi bu qüdrətli sənətkar türkmən ədəbi dilinin, yeni türkmən şeirinin banisidir. Məhtimqulu Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunus Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içində geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII-XIX əsr türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir. Onun oğuz türk şivəsində qələmə aldığı poetik örnəkləri ortaq türk dilində yazılmış ədəbiyyatın parlaq nümunələri hesab etmək olar. Bu baxımdan böyük söz ustasının “Türkmənin” qoşmasından aldığımız aşağıdakı iki bənd Türkmənistanın himni kimi qüvvətli səslənən mükəmməl sənət nümunəsidir:

 

Könül havalanar ata çıxanda,

Dağlar lələ dönər qıya baxanda,

Bar gətirər coşub dərya axanda,

Bənd tutdurmaz gəlsə seli türkmənin.

 

Qafil qalmaz, döyüş günü xar olmaz,

Nə zora, qarşığa giriftar olmaz,

Bülbüldən ayrılıb, solub, zar qalmaz,

Daim ənbər saçar gülü türkmənin.

 

Məhtimqulu türkmən-Azərbaycan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. O gəzdiyi ucsuz-bucaqsız Azərbaycan ölkəsinin insanını, gözəl yaylaqlarını, geniş ovlaqlarını vəsf edir, Şəkinin, Şirvanın gözəlliklərini dilə gətirir:

 

Səfər edib getsək Nuxa mülkünə,

Könül istəyəntək yaylaqları var.

Seyran etsək qönçəsinə, gülünə,

Bağçasında bülbül oylaqları var.

 

Təsadüfi deyildir ki, Məhtimqulunun “Yaylaqları var” adlı şeiri şairin əsərlərinin Moskva nəşrində “Azərbaycan” adı ilə verilmişdir. Bu şeirdə Məhtimqulu Azərbaycanın gözəl bir guşəsini yüksək səviyyədə tərənnüm etməklə bərabər, həm də bu ölkəyə doğma münasibətini də ifadə etmişdir. Məhtimqulu Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının adlarını yada salır, onlara hörmət və ehtiramını ifadə edir. Şairin Qurbani yaradıcılığından, onun “Dedilər” şeirindən xüsusi təsirlənməsi, bu iki şeirin çox yaxından səsləşməsi Məhtimqulunun Azərbaycan xalq- aşıq poeziyasına dərindən bələd olmasını nümayiş etdirir.

 

Akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə ədəbi əlaqələrdən bəhs edərkən Məhtimqulu şeirinə Azərbaycan poeziyasının el şairi Qurbani timsalında təsir göstərməsi faktına xüsusi diqqət yetirmiş, böyük türkmən klassikinin XVII -XVIII əsr Azərbaycan şairləri Xəstə Qasım, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakirə ruhən yaxın olmasını, eyni zamanda Məhtimqulunun XX əsr şeirimizdə Məhəmməd Hüseyn Şəhriyar, Səməd Vurğun, Əli Kərim yaradıcılığına təsirini araşdırmış, bu şairlərin dünya mövzusundakı şeirlərini qarşılaşdırmış və göstərmişdir:”Ümumiyyətlə, Azərbaycan şeirindəki Məhtimqulu motivləri xalqımız və ədəbiyyatımız üçün doğmadır. Azərbaycan poeziyasında türkmən şeirindən və əksinə, türkmən lirikasında Azərbaycan poetik örnəklərindən yaradıcı şəkildə faydalanma xalqlarımız və ölkələrimiz arasındakı doğmalığın, həmrəyliyin, yaxınlığın ifadəsidir. Bu qarşılıqlı əlaqələr hər iki xalqın ədəbiyyatı üçün faydalı olmuş, ədəbiyyatlarımızın daha da zənginləşməsinə və inkişaf etdirilməsinə töhfə vermişdir”.

 

Kitabda diqqəti cəlb edən digər bir fakt da şairimizin adının izah edilməsindən ibarətdir. Məlumdur ki, şair şeirlərində Fəraqi, Qul Məxdum, Məxdumi təxəllüslərindən də istifadə etmişdir. O da bəllidir ki, Məhtimqulu şəxs adı Azərbaycanda müxtəlif orfoqrafiyalarda yazılmış və onun mənası müxtəlif şəkildə izah edilmişdir. Məhtimqulu şəxs adının apelyativi, çox ehtimal ki, ərəb dilində müqəddəs, nəcib tayfaların özlərini adlandırdıqları “məxdum” sözü ilə bağlıdır.

 

Şairin adını daşıdığı, yaşatdığı babasının da mənsub olduğu türkmən tirəsində çoxlu mötəbər din adamları, şəxsiyyətlər olmuşdur. Bu cür insanlar türklər arasında məxdumlar adlanmışlar. Bizcə, bu məsələdə tədqiqatçının gəldiyi qənaət doğrudur. O yazır: “Məhtimqulunun nəsli göklən tayfasının bir qolu olan gərkəzlərin “məxdum” tirəsindəndir. Elə bu tirədən olması və tirədəki məşhur məxdumlara qulluq göstərməsi səbəbindən böyük şairin babasına” məxdumların qulluğunda duran adam” mənasında “Məxdumqulu” adı verilmişdir”.

 

Yeri gəlmişkən, Akademiyanın vitse-prezidenti hörmətli İsa Həbibbəylinin türkmən-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafında göstərdiyi mühüm xidmətləri də burada təqdirəlayiq hal kimi qeyd etmək istəyirəm. Belə ki, hörmətli İsa müəllimin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 2014 və 2015-ci illərdə Məhtimqulu yaradıcılığına həsr edilmiş elmi konfranslar keçirilmiş, Azərbaycan və türkmən alimlərinin iştirakı ilə “Türkmən ədəbiyyatı antologiyası” kitabı nəşrə hazırlanmışdır. Eyni zamanda mən şahidəm ki, İsa müəllim Məhtimqulunun Bakıdakı əlyazma nüsxələrini nəfis şəkildə hazırlatmış və14-16 may 2014-cü il tarixində Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunun təşkilatçılığı ilə Aşqabat şəhərində Məhtimqulu Fəraqinin anadan olmasının 290 illik yubileyinə həsr olunmuş “Məhtimqulu Fəraqi və ümumbəşəri mədəni dəyərlər” adlı beynəlxalq konfransda iştirak edərkən həmin əlyazma nüsxələrinin fotosurətini Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Mezilova böyük Azərbaycan məhəbbəti ilə, iftixar hissilə təntənəli şəkildə təqdim etdi.

 

Kitabda filologiya elmləri doktoru Paşa Kərimov “Məhtimqulu divanının yeni nüsxəsi” adlı yazısında böyük şairin Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan nüsxəsinin poliqrafik xüsusiyyətlərindən, burada Məhtimqulunun 189 şeirinin verilməsindən, onların bəzilərinin Türkmənistan nəşrində olmadığından ətraflı şəkildə bəhs etmişdir. Alim çox doğru olaraq qeyd edir ki, bu əlyazma nüsxəsinin Bakıda nəşri Azərbaycan və Türkmənistan elm adamlarının əməkdaşlıq üfüqlərini daha da genişləndirəcəkdir.

 

Kitabın ərsəyə gəlməsində mətnşünas alim İsmixan Osmanlının da böyük əməyi vardır. Hər şeydən əvvəl, onu qeyd edək ki, hələ 2014-cü ildə o, Azərbaycan dilində Məhtimqulu Fəraqinin seçilmiş əsərlərini yüksək səviyyədə nəşr etdirmişdir. Bu kitabda da divanın dilimizə tərcüməçisi İsmixan Osmanlı eyni zamanda izahlar və qeydlər yazmış və burada onun “Məhtimqulu Fəraqi divanının nüsxələri” adlı məqaləsi verilmişdir.

 

Qeyd etmək lazımdır ki, Məhtimqulunun əsərlərinin avtoqraf nüsxəsi günümüzə qədər gəlib çatmamışdır. Onun divanının dünyanın müxtəlif kitabxana və muzeylərində 80-ə yaxın əlyazması olmasına baxmayaraq, bu nüsxələrin bir çoxu tarix etibarilə XIX əsrin sonlarına aiddir. Tərcüməçi-alim Məhtimqulu divanlarının tapılması, tərtibi prinsipləri, poliqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdir. O eyni zamanda Azərbaycanda saxlanılan Məhtimqulu divanının əlyazma nüsxələrinin Məhtimquluşünaslıqda rolu və əhəmiyyəti haqqında geniş bilgi vermişdir. Kitaba əlavə edilmiş təxminən 150 səhifəlik divanda işlənmiş tarixi şəxsiyyətlərin, coğrafi adların və başqa sözlərin qısa izahı, ərəb, fars və türkmən sözlərinin lüğəti, istifadə edilmiş ədəbiyyat siyahısı Məhtimqulu Fəraqi divanının akademik nəşrinin elmi əhəmiyyətini daha da artırmışdır.

 

Onu da qeyd etmək lazımdır ki, divanın ərəb əlifbası ilə faksimlesi, türkməncə transliterasiyası və Azərbaycan dilinə tərcüməsi türkmən-Azərbaycan ədəbi əlaqələrinin tədqiqatçıları üçün geniş imkanlar açır.

 

Türkmən şairlərindən biri xalqın Məhtimqulu sevgisini belə ifadə etmişdir:

 

Xalqın sönməz çırağı

Məhtimqulu Pırağı.

 

Türkmən xalqının adını yaşadan, onu dünya mədəniyyəti səviyyəsinə qaldıran Məhtimqulu Fəraqi xalqlarımız arasında ədəbi körpü rolunu yerinə yetirməkdədir.

 

Beləliklə, mütəfəkkir şairin seçilmiş əsərlərindən ibarət olan “Divan”ının ilk dəfə nəşr edilməsi yüksək səviyyədə inkişaf edən Azərbaycan- Türkmənistan ədəbi əlaqələrinə yeni töhfədir və bu əlaqələrin yeni mərhələyə daxil olduğunu göstərir.

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü, Naxçıvan

525-ci qəzet.- 2016.- 20 fevral.- S.19