Gündoğan ölkəyə
səfərin unudulmaz təəssüratları
NOVRUZ NƏCƏFOĞLUNUN “EŞİTDİYİM VƏ GÖRDÜYÜM YAPONİYA” KİTABI NƏŞR OLUNUB
Azərbaycan ictimai və ədəbi mühitində
özünəməxsus yeri
olan yazıçı
Novruz Nəcəfoğlunun
(Novruzov) yeni çapdan çıxan “Eşitdiyim və gördüyüm Yaponiya”
kitabı onun
2014-cü ilin may-iyun aylarında, bir qrup həmkarı ilə bərabər, Gündoğan ölkəyə
10 günlük səfərindən
yaranan təəssüratlarını
əks etdirir.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin nəşri
olan kitabın elmi məsləhətçisi
tarix üzrə fəlsəfə doktoru,
II dərəcəli Dövlət
müşaviri Hüseyn
Mövsümov, naşiri
Səlim Babullaoğlu,
redaktoru Seyfəddin Hüseynlidir.
Kitabda verilən
geniş rezümeni yapon dilinə professor Sinyiti Murata, ingiliscəyə
professor Cavanşir Yusifli,
rus dilinə Əməkdar jurnalist Əli Səidov çevirib.
Nəşrin ilk səhifələrində Azərbaycanın
Yaponiyadakı səfiri
Gürsel İsmayılzadənin
və Yaponiyanın Azərbaycandakı səfiri
Tsuquo Takahaşinin kitabla bağlı fikirlərini əks etdirən məktubları
dərc olunub.
Səfir
G.İsmayılzadənin məktubunda
qeyd olunur ki, N.Nəcəfoğlunun
bu əsəri Yaponiyanın, yapon xalqının həyatının
bir sıra görünməyən tərəflərinin
Azərbaycan insanına
daha bədii və estetik tərzdə çatdırılmasına
xidmət edir: “Qələmə aldığı
bu maraqlı və dolğun əsərə görə
Novruz müəllimi səmimi qəlbdən təbrik edir və fəaliyyətində
ona yeni-yeni uğurlar arzulayıram”.
Səfir
T.Takahaşinin məktubunda
N.Nəcəfoğlunun kitabının
əhəmiyyətindən söz açılaraq belə bir fikir
vurğulanır: “Zənnimcə,
bu kitab Yaponiya-Azərbaycan əlaqələrinin
gələcək inkişafına
kömək edəcək”.
N.Nəcəfoğlunun “Eşitdiyim və gördüyüm Yaponiya”
kitabı, bir tərəfdən, dünyada,
o cümlədən, Şərq
aləmində əsrlərlə
tarixi olan, müstəsna əhəmiyyətə
malik səfərnamələrlə,
səyahətnamələrlə səsləşir. Digər tərəfdən isə, məzmun zənginliyi, forma münasibliyi,
oxunaqlılığı, müəllif
ustalığı baxımından,
son dövrdə yol qeydləri janrında yazılmış ən maraqlı əsərlərlə
bir sırada dayanır.
Müəllif qeyd edir ki, illərdən bəri maraq göstərdiyi Yaponiya barədə, yapon xalqının həyatı,
mədəniyyəti, ədəbiyyatı
haqqında indiyədək
eşitdikləri və
oxuduqları əsasında
formalaşmış ümumi
təsəvvürü bu
səfər sayəsində
həm xeyli konkretləşib, həm də daha dolğun,
aydın şəkil alıb.
Yaponiyaya
səfərin gerçəkləşməsinə
təkan verən, imkan yaradan amillərdən
bəhs edən N.Nəcəfoğlu ilk növbədə
Azərbaycanın dövlət
rəhbərinin bu istiqamətdəki müstəsna
rolundan söz açır:
“Bir müdrik kəlam var ki, dünya həm də gör-götür dünyasıdır. Elə bu
məqsədlə də
2007-ci ildən bəri
artıq beşinci dəfə idi ki, təcrübə mübadiləsi üçün,
möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin göstərişi
ilə respublikamızın
müxtəlif şəhər
və rayonlarının
icra hakimiyyəti başçılarının dünyanın
inkişaf etmiş ölkələrinə qrup
halında işgüzar
səfərində iştirak
edirdim”.
Müəllif bu cür səfərlərdə qarşıya
qoyulan məqsəd və məramları da səmimi bir tərzdə açıqlayır:
“Öz-özümə düşünürəm:
belə səfərlər
konkret olaraq bizə nə verir? Əlbəttə, hər şeydən
əvvəl, olduğumuz
ölkələrdə müstəqil
dövlətimizin, Azərbaycan
adının qürurunu
yaşayırıq. Bu
ölkələrin xalqları
ilə müqayisədə
millətimizin əxlaqi-mənəvi
dəyərlərinin kamilliyindən,
maddi-mədəni nümunələrimizin
zənginliyindən şərəf
duyuruq. Başqa millətlərin, xalqların dövlət idarəçiliyindən tutmuş
adi məişətinəcən
öyrəniləsi, əxz
ediləsi nə varsa, necə deyərlər, ağlımıza,
yaddaşımıza nəqş
olunanların altından
bir qırmızı xətt çəkirik.
Adi bir daş
da daş üstündə öz yerinə düşübsə,
bizim yerlər üçün yararlıdırsa,
fərqinə varıb
işimizdə tətbiq
ediriksə, bu da bir qazancımız,
qənimətimiz olur...”
Gündoğan ölkənin tarixinə, mifik və gerçək
keçmişinə ekskurs
edən müəllif,
həm bu barədə, həm də Yaponiyanın coğrafi mövqeyi, dövlət quruluşu və digər mövzularda diqqətçəkən
bilgilərə yer verir.
N.Nəcəfoğlu oxucusuna müstəqil Azərbaycanla Yaponiya arasında rəsmi-diplomatik
münasibətlərin, əməkdaşlığın
tarixi haqqında yığcam, ancaq kifayət qədər dolğun xülasə çatdırır.
Azərbaycanda Yaponiya və yaponlara, Gündoğan ölkədə isə Odlar Yurdu və
azərbaycanlılara aid təsəvvürlərə
də yer ayıran N.Nəcəfoğlu,
ilk baxışda adi, sadə görünsə də, əslində olduqca səmimi, gerçəkçi ştrixləri
önə çəkir,
eyni zamanda, belə bir vəsiləylə
bu səfərin əhəmiyyətini yenidən
ifadə edir:
“...Bizlərdə Yaponiya haqqında məlumatı olmayan az adam tapılar, ya da heç olmaz. Uşaqlarımız isə lap kiçik yaşlarından maraqlı, min bir əyləncəli oyuncaqları ilə bu ölkəyə “səyahət” edirlər. Məktəb yaşlarında isə təhsil prosesində adalardan ibarət olan bu ölkəyə coğrafi ərazisinin qeyri-adiliyinə görə valeh olurlar. Yeniyetmələr üçün bəzən bu yerlər lap tapmacaya da bənzəyir. Yaponiya deyiləndə samurayları da yada salanlar olur. Əksəriyyətimiz etibarlılığına görə tərifləyib həvəslə məişətimizdə işlətdiyimiz əşyalara, yaxşı maşın həvəskarlarının “yapon istehsalıdır” - deyə oxşaya-oxşaya qoyduğu növbənöv avtomobillərə, dəliqanlılar da əsasən samuraylara görə Yaponiyanı, demək olar ki, qiyabi tanıyır. Eyni zamanda sahib olduqları yaradıcılıq məziyyətlərinə görə hər kəs yapon insanına bir sirr kimi baxır. Təsəvvürlərdə bu xalq sanki planetimizin insanları arasında fərqli bir varlıq təsirini bağışlayır. Adi yaponların isə əksəriyyəti bizim xalqımız, ölkəmiz haqqında çox az məlumatlıdır və ya ümumiyyətlə anlayışları yoxdur. Əlbəttə, belə səfərlərlə Asiyanın bu uzaq, dünyanın isə inkişaf etmiş ölkəsində də xalqımız, vətənimiz haqqında, az da olsa, təsəvvür yaratmağa çox böyük ehtiyac var. Əhəmiyyəti isə, şəksiz ki, böyükdür”.
Müəllifin qeydlərindən məlum olur ki, səfər proqramının optimallığı, əlverişliliyi, nəzərdə tutulan çoxsaylı görüşlər və gəzintilər Yaponiya və yaponlar haqqında bilgiləri artırmağa və genişləndirməyə, təəssüratları gücləndirməyə imkan yaradıb. Təbii ki, səfər iştirakçılarının bir mühüm məqsədinin də Yaponiyada Azərbaycan həqiqətlərini mümkün qədər təbliğ etmək, yaponlarda azərbaycanlılarla bağlı layiqli təsəvvür yaratmaq olub:
“Onu da deyim ki, əgər səfərqabağı, Prezident Administrasiyasının tövsiyəsi əsasında, ölkəmiz, bölgələrimiz haqqında hazırlanmış fotoalbomlar, bukletlər olmasaydı, bu görüşlərimiz zamanı nəzərdə tutulan qısa vaxt ərzində biz icra başçılarının da rəhbərlik etdiyimiz rayonlar haqqında ətraflı məlumat vermək imkanımız olmazdı. Ölkəmizin ayrı-ayrı rayonlarını, onların görməli tarixi yerlərini, istehsal müəssisələrini, mədəni-quruculuq işlərini özündə əks etdirən və
Azərbaycan, ingilis dillərində izahlı mətnlə verilmiş bu nümunələr o görüşlərdə ən gözəl məlumat mənbəyi idi”.
Nəhayət, səfər başa çatır... Doğma vətənə dönməyin sonsuz sevincini, haqlı qürurunu yaşayan N.Nəcəfoğlu yol qeydlərinin sonunda bu hisslərini də səmimiyyətlə qələmə alıb:
“...Bütün
yolçuluqlarımız xeyirliyə! Biz
də 10 günün yolçuluğunu
beləcə başa vurduq.
Deyir, kişinin gedəcəyi min yer olsa da, qalacağı
bir yer var. O da dünyaya gəldiyi, gözünü
açanda gördüyü
doğma ocaqdır ki, sonralar böyüyüb
vətən adlı bir torpaq olur. Və o
torpaqdan uzaqlarda olanda uzaq yolu
yaxın edib doğma mənzilə tələsirik... Vətən
torpağına ayaq basanda məni qarşılayan doğmalarım,
əzizlərimlə yanaşı
mənə elə gəldi ki, yollar da üzümə
gülümsədi: Vətənə
gətirən yollar...”
C.ABASOV
525-ci qəzet.- 2016.- 20 fevral.- S.12