Məmməd Orucdan yeni kitab

 

 

Bu günlərdə yazıçı Məmməd Orucun yeni kitabı nəşr olunub. Buxara əsirinin sirriadlı kitabda müəllifin povestləri toplanıb.

 

“Atəşkəs yallısı”, “Son dayanacaq”, “Buxara əsirinin sirri” əsərlərində insanın mənəvi dəyərlər qarşısında seçimi, daxili mübarizəsi və ziddiyyəti verilib.

 

Əsərlər daha çox səfər təəssüratları, xatirələr və yaşanmış hadisələrə əsaslanır. Kitab xalq həyatından bədii lövhələr, məkan və mənzərələrin canlı təsvirləri ilə zəngindir.

 

Azərbaycanın müxtəlif bölgələri və ondan kənarda keçən olaylar özündə milli düşüncə və həyat tərzini əks etdirir.

 

Kitaba filologiya elmləri doktoru Kamil Vəli “Sözönü” yazıb. O, Məmməd Orucla dostluğundan, yazıçının yaradıcılığı və bioqrafiyasından söz açıb:

 

“Məmməd şair kimi başladı yazmağa. Sonra Ə. Əylislinin çox açıq təsiri altında yazdığı hekayələr başladı.

 

Daha sonra Məmməd öz üslubunu, yazı tərzini tapdı və özünü yazmağa başladı. Buöz” sözündə doğma Vedivar, dağ kimi zəhmli ata da, sözlə ifadə olunmayan ana da, dilsiz- ağızsız ilk məhəbbət də var, Daşburundan başlayan sirli- soraqlı həyat da var, bu həyat haqqında düşüncələr də”.

 

Qeyd edək ki, böyük oxucu marağına səbəb olan hekayə, roman və povestlər müəllifi M.Oruc müxtəlif illərdə Mirzə Fətəli Axundov, Rəsul Rza, İsi Məlikzadə ədəbi ödüllərinə, Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” və Rusiya Federasiyasının Beynəlxalq “Yuqra” mükafatlarına layiq görülüb.

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 20 fevral.- S.12