Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları - VII hissə

 

LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

PREZİDENTLƏRİN YÜKSƏK DİQQƏTİNDƏ OLAN QƏDİM ƏLAQƏLƏRİMİZ

 

Beynəlxalq ictimai əlaqələrdə və dövlətlərarası münasibətlərdə yüksək səviyyəli qarşılıqlı anlaşmalar əldə etmək üçün xalqların bir-birinin tarix və mədəniyyəti ilə yaxından tanış olması faktoru getdikcə aktual mahiyyət kəsb edir. Bu mənada beynəlxalq ictimai əlaqələri ictimai diplomatiyanın (və ya xalq diplomatiyasının) bir forması saymaq olar. İctimai diplomatiya əsasən iki yönümdə - kommunikativ və mədəni diplomatiya siyasəti istiqamətlərində həyata keçirilir ki, onun məqsədlərindən biri ölkələr və xalqlar arasında bilavasitə təmas nöqtələrini tapıb ölkənin siyasəti və dəyərləri haqqında daha çox bilgilər verməkdir. Zənnimizcə, möhkəm təmas nöqtələrinə arxalanıb ikitərəfli beynəlxalq əlaqələrin bəzi tezislərini tərəflərə məqbul şəkildə reallaşdırmaq işində xalqlar arasındakı qədim mədəni əlaqələr olduqca müstəsna funksiya yerinə yetirir. Çünki elə əlaqələr ilk növbədə hər iki xalqın tarix və mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.

 

Digər tərəfdənsə ictimai diplomatiya güvənli, faydalı və davamlı beynəlxalq əlaqələrin inkişafına xidmət edən daşıyıcı seqment olaraq, həm də ölkələrin bir-birilə yüksək səviyyəli rəsmi əlaqələr qurmaq səylərilə uzlaşır. İctimai diplomatiya ilə mədəni diplomatiya arasında çoxlu sayda oxşar məqamların olduğunu nəzərə alaraq, mədəni irsimizi Baltik ölkələrində yaymaq işinə ictimai diplomatiya (və ya mədəni diplomatiya, mədəniyyət siyasəti) prizmasından nəzər salmaq və dövlət rəsmiləri tərəfindən bu yönümdə yürüdülən siyasəti misallarla şərh etmək yəqin yerinə düşərdi.

 

Əvvəlcə qeyd edək ki, Azərbaycanın Estoniya, Latviya və Litva ilə ikitərəfli dövlətlərarası münasibətləri müstəvisində 2006-cı ildən indiyədək baş tutmuş rəsmi dövlət səfərləri zamanı ən yüksək siyasi səviyyədə aparılmış danışıqlarda mədəni diplomatiya amilindən xalqlarımızın qədim ictimai-siyasi və mədəni əlaqələri kontekstində böyük məharətlə istifadə olunmuşdur. Bu amillə bağlı vacib məqamlar və örnək- verici misallar Litva Prezidenti Valdas Adamkusun Azərbaycana (iyun 2006),Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya (sentyabr 2007), həmçinin Latviyaya (yanvar 2011), Latviya Prezidenti Andris Berzinşin Azərbaycana (aprel 2013) rəsmi dövlət səfərləri zamanı onların şərəfinə verilmiş rəsmi ziyafətlərdə etdikləri çıxışlarında əks olunmuşdur.

 

Mədəni diplomatiya faktorundan Azərbaycan-Litva dövlətlərarası münasibətlərini daha da ahəngləşdirmək məqsədilə istifadə edilməsinin gözəl nümunəsi olaraq Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında Litvaya ilk rəsmi dövlət səfəri zamanı Vilnüsdə Prezident sarayında düzənlənmiş tədbirdəki çıxışından aşağıdakı fikirləri səciyyəvi misal kimi təqdim etmək istərdik:

 

“...Litva və Azərbaycan xalqları arasındakı əlaqələr sabit və genişdir. Ötən əsrin əvvəllərində Bakıda yaşayan litvalılar Azərbaycanın ictimai həyatında fəal rol oynamışlar. Litva ədəbiyyatının klassiki, Azərbaycanda dərc olunmuş əsərlərin müəllifi Vintsas Kreve-Mitskəviçyus o dövrdə Bakı universitetinin professoru olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğu işlərində fəal çalışmış və Litvanın Azərbaycandakı ilk konsulu işləmişdir. Həmin dövrdə xalqlarımız arasında ədəbi-mədəni əlaqələr də genişlənmişdir”.

 

Hər iki ölkənin dövlət başçılarının nitqləri dinlənildiyi həmin tədbirdə bilavasitə iştirak etdiyim üçün, Azərbaycan prezidentinin çıxışının mərasim zalında yaratdığı böyük reaksiyanı yaxşı xatırlayıram. Onda Prezident İlham Əliyevin çağdaş Azərbaycan-Litva dövlətlərarası münasibətlərini yeni məzmun və keyfiyyət səviyyəsinə qaldırmaq məsələsinə xalqlarımızın qədim ədəbi və mədəni əlaqələrinə, dövlətlərarası münasibətlərimizin 1918-1920-ci illərdə qoyulmuş təməlinə istinadən yanaşması, həmçinin bu əlaqələrin həmin taleyüklü dövründə ictimai-siyasi, diplomatik və mədəni sahələrdə əldə edilmiş ortaq dəyərləri ön plana çəkməsi Litva dövlətinin rəhbərliyində, ölkənin siyasi və mədəni elitasında çox müsbət rezonans yaratmışdı.

 

XALQLARIMIZIN ÜNSİYYƏT BAĞINDAKI XAN ÇİNAR

 

Prezidentin məruzəsində Litva-Azərbaycan ictimai və ədəbi-mədəni əlaqələri kontekstində irəli sürülmüş tezisdə göstərilən V. Kreve-Mitskəviçyus (1882-1954) XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır, eyni zamanda görkəmli ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəni xadim olaraq tanınmışdır. O, Kaunas və Vilnüs universitetlərinin professoru (1922-1943), həmçinin Litva Elmlər Akademiyasının ilk prezidenti olmuşdur (1941). Öz yaradıcılığında Avropa universallığı və janr müxtəlifliyini çoxvektorlu və polifonik şəkildə əks etdirmiş ilk Litva yazıçısı olaraq milli idealizm yönlü ədəbiyyata dramatik əhatəlilik və klassik dolğunluq gətirən V. Kreve ən məşhur milli psixoloji surətlərin və yeni milli üslubun yaradıcısı sayılır.

 

V. Kreve həmçinin Litva - Azərbaycan çoxəsrlik ədəbi-mədəni və ictimai-siyasi əlaqələri tarixinə yeni səhifələr yazmış, xalqlarımız arasındakı münasibətlərin inkişafına qiymətli töhfələr vermiş, Azərbaycan mədəniyyəti qarşısında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Hətta deyərdik ki, o,ədəbi və mədəni əlaqələrimiz məkanında çox uzaqlardan görünən bir Xan çinardır.

 

Litva yazıçısının həyat və yaradıcılığının 11 ilə yaxın dövrü sıx şəkildə Azərbaycanla bağlı olmuşdur. V. Kreve 1908-ci ildə Kiyev İmperator universitetini bitirdikdən sonra - 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışmış, həmçinin burada ictimai-siyasi və mədəni xadim kimi fəaliyyət göstərmişdir. O, 1911-ci ildən başlayaraq eyni zamanda Bakı Marianna qızlar gimnaziyasında da dərs demişdir.

 

V. Kreve Eserlər partiyası Bakı şəhər komitəsinin xətti ilə 1917-ci ilin oktyabrında Bakı Dumasına qlasnı seçilmişdi. Bununla yanaşı, V. Kreve 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de facto tanınmasında bir sıra işlər görmüşdür. O, 1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində ilk konsulu olaraq çalışmışdır (V. Kreve həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınmışdı.-M.H.).

 

V. Kreve onunla birgə Bakı 1-ci realnı məktəbində müəllim işləmiş ədəbi klassik Abdulla Şaiqlə yaxın dostluq və yaradıcılıq əlaqələri saxlamışdır. A. Şaiq qələm dostu haqqında 1957-ci ildə yazdığı “Litvalı həmkarım” adlı xatirələrində minnətdarlıqla qeyd edir ki, Litva yazıçısı onun “...ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır”. (A. Şaiq. “Xatirələrim”. Bakı, “Gənclik”, 1973).

 

Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə töhfələr vermişdir. Onun yetişdirmələri arasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov kimi şəxslər olubdur.

 

V. Kreve realnı məktəbdə fəaliyyət göstərən şagird ədəbi dərnəyinə rəhbərlik etmiş və bu dərnəyin istedadlı üzvlərinin, o cümlədən, azərbaycanlı şagirdlərin yazılarının “İlk cücərtilər” (“Pervıye vsxodı”) adlı almanaxda çap olunub yayılmasına dəstək vermişdir. Dərnəkdə araşdırılan mövzuların çoxunun rus və Qərb ədəbiyyatı ilə bağlı olmasına baxmayaraq, V. Kreve məşğələlərdə türk mədəniyyətinin öyrədilməsinə də yer ayırırdı. V. Krevenin şagirdi, sonralar Azərbaycan Dövlət Universitetinin dosenti olmuş coğrafiyaşünas alim Hadı Əliyev müəllimi haqqında 1957-ci ildə yazdığı xatirələrində göstərir ki,”...Mitskeviç Şərq ədəbiyyatının bütün yeniliklərini izləyirdi. Məsələn, şagirdlərdən biri onun rəhbərliyi ilə “Müasir türk ədəbiyyatı” mövzusunda referat yazmışdı”.

 

DİL MİLLƏTİN UCALTDIĞI ƏZƏMƏTLİ ABİDƏDİR

 

Yarımbaşlığa çıxarılmış bu kəlam V. Krevenin müasiri, Litva ədəbi dilinin “atası” sayılan Yonas Yablonskis (1860-1930) adlı məşhur dilçi alimə məxsusdur. V. Krevenin öz ana dilinə həm həyatda, həm də əsərlərində sədaqətli övlad sevgisilə yanaşmasını digər böyük mütəfəkkir və humanist xadim - Litva yazı dilinin banilərindən biri olaraq tanınmış Mikaloyus Daukşa (1527-1613) tərəfindən 400 il bundan öncə deyilmiş və artıq aforizmə dönmüş belə fikirlə ifadə etmək olardı: - “Dil - məhəbbət əlaqəsi, birliyin anası, vətəndaşlığın atası və dövlətin keşikçisidir”. Odur ki, Litva danışıq dili V. Krevenin yaradıcılığında ən yüksək linqvistik keyfiyyət və üslub mədəniyyəti süzgəcindən keçirilib qiymətli daş-qaşlar kimi qarışıqlardan təmizlənir, emal edilib qızıl külçələr şəklinə salınır və ritmik quruluşlu poeziya misraları kimi səslənən cümlələrə çevrilirdi...

 

Ana dilini millətin varlığını təsdiq edən birinci amil olaraq qorumaq və sevə-sevə yaşatmaq qayğısı V. Kreveni Bakıdakı pedaqoji fəaliyyətində də narahat edən başlıca məqamlardan biri idi. O, bu məsələyə həmişə Baltik xalqlarına xas olan mühafizəkarlıq və xüsusi həssaslıqla yanaşırdı. V. Krevenin keçmiş şagirdi Səməndər Axundov müəllimi haqqında 1958-ci ildə yazdığı xatirələrində göstərir ki, “... bir kərə şagirdlərdən biri Mitskeviçdən soruşur ki, doğrudanmı biz tatarıq? O, dedi ki, yox, biz türkük və Azərbaycan (bu sözü onda ilk dəfə ondan eşitdik) bizim Vətənimizdir. Sonra o, Azərbaycan dilinin mənşəyi və qədim Azərbaycan mədəniyyəti barədə danışdı, Nizaminin, Xaqaninin və Füzulinin yaradıcılığından söhbət açdı. Mitskeviç öz fikirlərini çox cəsarətlə deyirdi və xüsusilə qeyd edirdi ki, bizim dilimiz heç də “tuzemnı” dili yox, Azərbaycan dilidir və bu dili öz adı ilə adlandırmaq lazımdır”.

 

V. Krevenin Azərbaycan dilinə hörmət və ehtiramını, şagirdlərə xalqımızın qədim tarixini və klassik ədəbiyyatını öyrətməyi lazım bilməyənlərə qarşı onun kəskin baxışlarını əks edən faktlardan birini səciyyəvi misal kimi təqdim etmək istərdik. A. Şaiq litvalı həmkarı barədə xatirələrində yazır ki, V. Kreve o vaxtlar öz uşaqlarına “tuzemnı yazık” dərslərində iştirak etməyə icazə verməyən və bunu özlərinə aşağılıq kimi qəbul edən, həmçinin “Kavkazskiye tatarı” (və ya “tatarva”) adı əvəzinə “azərbaycanlılar”, “tuzemnı yazık” yerinə “Azərbaycan dili” sözlərini işlətməkdən çəkinən azərbaycanlı valideynlərə elə yerindəcə - müəllimlər otağında etirazını bildirərək deyərdi: - “o adam ki, öz doğma ana dilini öyrənməkdən utanır, onu adam adlandırmaq olmaz”.

 

Azərbaycan dilinin Bakı 1-ci realnı məktəbində tədris edilməsi problemləri ilə bağlı V. Krevenin ictimai-siyasi və edukoloji görüşləri, Məhəmməd Əmin Rəsulzadənin həmin məktəbdə hökm sürən o cür vəziyyətə aid 1908-ci ilin sentyabrın 23-də “Tərəqqi” qəzetində (¹ 59) dərc etdirdiyi “Realnı məktəbində müsəlman əlifba sinfi” adlı araşdırma məqaləsində yer almış tənqidi mülahizələr və irəli sürülmüş milli-maarifpərvər müddəalarla tamamilə uzlaşırdı.

 

V. Kreve azərbaycanlı şagirdlərinə milli mənlik şüuru və özünüdərkin təlqin edilməsi, milli duyğuların və vətənpərvərlik hisslərinin aşılanması, maarif və mədəniyyətin milli ruhda istiqamətlənməsi sahələrində bir sıra faydalı xidmətlər göstərmişdir. A. Şaiq xatirələrində xüsusilə vurğulayır ki, V. Kreve “...adamın milli qürurunu tapdalayanlara qarşı, xüsusən o vaxt azərbaycanlılara olan pis münasibətə, onları “tuzemnı” hesab edənlərə qarşı çox amansız idi. O, bütün bunları alçaq hərəkət kimi dəyərləndirir, belə münasibətlərlə barışmırdı...”

 

ŞƏRQ BULAQLARINDAN QAYNAQLANAN BOL SULU LİTVA ÇAYI

 

V. Kreve Azərbaycan folkloru və etnoqrafiyası ilə yaxından maraqlanır, şagirdlərindən xalq əfsanələri, nağıllar və adət-ənənələr haqqında soruşardı. O zaman Qori müəllimlər seminariyasının tələbələri tərəfindən buraxılan “Qafqaz xalqlarının atalar sözləri və zərb məsəlləri” dəftərlərini acgözlüklə oxuyub yığırdı. Bunlar V. Kreve üçün həmişə əsl bayram və qiymətli söz xəzinəsi idi.

 

V. Kreve xalqımızın etnokulturoloji dəyərləri ilə maraqlanmaqla bərabər, ümumən türklərin qədim etnik tarixinə aid bir neçə araşdırmalar aparmışdır. Belə ki, o, “Hind-Avropalıların ilk Vətəni” adlı elmi monoqrafiyasında (“İndoeuropieciu protevyne”. Kaunas, 1927) digər məsələlərlə yanaşı, qədim hind-Avropa xalqlarının mənşəyi və onların Şərqdən Qərbə köç yollarını tədqiq edərkən Xəzər xaqanlığını, Türküstan tarixi-coğrafi regionunu, o cümlədən, Şərqi Türküstanın Uyğur ölkəsini, Qaşqar vahəsini, Yarkand məmləkətini, Əfqanıstanın Herat provinsiyasını və keçmiş Baktriya antik ölkəsini, İranın Xorasan və Mazandaran əyalətlərini tədqiqat obyektləri olaraq çalışmalara cəlb etmiş və Turan irqi haqqında mülahizələr söyləmişdir. Litvalı müəllif Qafqaz Albaniyası adının mənşəyi ilə bağlı hipotezlər də irəli sürmüşdür.

 

V. Krevenin adıçəkilən monoqrafiyasında balt etnik qruplarının etnogenezi və ilk vətənlərinin tarixi ilə bağlı Orta Asiya, Əfqanıstan, İran və Qafqaz tarixi kontekstində gündəmə gətirdiyi bir neçə linqvistk nəzəriyyə çox-çox sonralar - XX əsrin 70-80-ci illərində hind-Avropa dillərinin müqayisəli tarixi dilçilik (linqvistik komparativistika) sahəsi üzrə məşhur şərqşünas və qafqazşünas alimlər olaraq tanınmış Vyaçeslav İvanov (1929), Tamaz Qamkrelidze (1929) və Serqey Starostin (1953-2005) tərəfindən inkişaf etdirilmiş, hind-Avropa dillərinin balt qrupunda və Qafqaz dillərində izoqloslar təşkil edən bəzi əlamətlər üzə çıxarılmış və konkret nümunələrlə əsaslandırılmışdır.

 

Ümumiyyətlə, V. Krevenin həyat və fəaliyyətinin Bakı dövrü bir yazıçı kimi onun yaradıcılığında ən məhsuldar illər hesab olunur. Belə ki, o, Litva ədəbiyyatının qızıl fonduna daxil olmuş şah əsərlərini - “Şarunas” dramını, “Skirgayla” və “Kürəkən” pyeslərini, “Daynava diyarı qocalarının rəvayətləri”ni və “Küləşlə örtülmüş dam altında” adlı hekayələr toplusunu, “Səma və Yer oğulları” roman epopeyasının böyük hissəsini və digər klassik əsərlərini Bakıda yaratmışdır.

 

Şərq fəlsəfəsi, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti V. Krevenin yaradıcılığına güclü təsir göstərmişdir. V. Krevenin Şərq mövzusunda yaratdığı əsərlərin bir qismi onun məşhur “Rytu pasakos” (“Şərq hekayətləri”) adlı kitabında toplanmışdır. Bu kitaba Baltik xalqları ədəbiyyatı tarixində ilk dəfə olaraq İslam, Buddizm, Zərdüşt və Yəhudi dinləri mövzusunda yazılmış 5 dini-fəlsəfi və bədii əsər - “Pratyekabudda”, “Kralın ən yaxşı şərabını saxladığı qab”, “Azəristan ölkəsi”, “Çarpışan qüvvələr” və “Qadın” adlı hekayətlər daxildir.

 

V. Krevenin Şərq mövzusundakı əsərləri onun ədəbi irsində müstəsna yer tutur və sənətkarın bütün yaradıcılığının ideya-fəlsəfi açarı hesab olunur. V. Kreve bu əsərləri ilə Litva mədəniyyəti tarixində ilk dəfə olaraq Litva ədəbiyyatının dünya ədəbiyyatının fəal bir hissəsi, dünya ədəbi prosesinin tamhüquqlu iştirakçısı olduğunu göstərmişdir. Bunu litvalı ədibin Azərbaycan mövzusunda yaratdığı əsərlər - “Azəristan ölkəsi”, “Qartal haqqında nəğmə”, “Çarpışan qüvvələr” və “Bolşeviklər” barədə də demək mümkündür (qeyd edək ki, yaradıcılığında universal - ümumbəşəri dəyərlər bənzərsiz surətdə ifadə edildiyinə görə Pensilvaniya universiteti V. Krevenin namizədliyini ədəbiyyat üzrə Nobel mükafatına təqdim etməyi nəzərdə tutmuşdu.Lakin yazıçının qəfil ölümü buna imkan vermədi).

 

V. Kreve “Azəristan ölkəsi” əsərində Azərbaycanı təbii şəraitinə görə fərqlənən, inzibati baxımdan sərhədləri təyin olunmuş və müstəqil coğrafi məkanı əhatə edən bir ölkə kimi təqdim edir, beləliklə, Azərbaycan dövlətçilik tarixinin köklərinə toxunur. Bu, təkcə Litva-Azərbaycan ədəbi əlaqələrində yox, həm də Azərbaycan-Baltik mədəni münasibətlərində çox mühüm əhəmiyyət kəsb edən məqamlardan biridir. Belə ki, V. Kreve Baltik xalqlarının ədibləri arasında öz yaradıcılığında “Azəristan” sözünü yalnız sadə coğrafi yer adı (toponim) kimi yox, həm də məhz azəri türklərinin qədimdən kök atıb məskunlaşdıqları ərazi mənasında, milli-mənəvi dəyərlərini və dini adət-ənənələrini yaşatdıqları doğma məkan anlamında, türk etnosuna məxsus ölkə adı olaraq işlədən ilk yazıçıdır.

 

(Ardı gələn şənbə sayımızda)

 

(Vilnüs)

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

mahir.hemzeyev@post.skynet.lt

525-ci qəzet.- 2016.- 20 fevral.- S.8-9