Zəkanın
işığında
Təhsilin nəzəriyyə və praktikası ilə
uğurla məşğul olmuş görkəmli pedaqoq, əməkdar
elm xadimi, psixoloq-alim, professor Əbdül Əlizadə
artıq bir ildir ki, dünyasını dəyişib.
Bununla əlaqədar, alimin unudulmaz xatirəsinə həsr
olunmuş bu yazını oxuculara təqdim edirik.
Onun barəsində
keçmiş zamanda danışmaq çətin olsa da,
dünyanın faniliyindən kim gileyli deyil
ki?! Əbədi ayrılığın qüssəsi
bizi nə qədər üzsə də, bir təsəlli hər
şeyə qalib gəlir. Unudulmaz Səməd Vurğunun
məşhur misraları sanki dolmuş ürəyimizin məlhəminə
çevrilir:
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqlar dünyada,
Sevərək
yaşayanlar, sevilərək ölənlər...
Əslində qərhəmanımızın
ömrünün son nöqtəsindən gileylənməyə
dəyməz.
Kim tutub dünyanı min il qalacaq ki?! Bizi üzən odur ki, Əbdül Əlizadə kimi
şəxsiyyətlər qənimət insan olurlar. Onlar nə qədər uzun yaşasalar və fəaliyyət
göstərsələr elimiz və elmimiz qazanar.
Əbdül Əli oğlu Əlizadə
ömrünün 60 ilini məhz psixologiya elminin
inkişafına həsr edib. Həyatda elə
insanlar var ki, onların adları çəkilən kimi
işıqlı əməlləri göz önündə
dayanır. Əməkdar elm xadimi, əməkdar müəllim,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
"Şöhrət" ordenli, psixologiya elmləri doktoru,
professor Əbdül Əli oğlu Əlizadə kimi.
Psixologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı
Səməd Seyidova məxsus fikirdir: "Əbdül
Əlizadə sağlığında öz heykəlini
yaratmış insandır. Hazırda
ömrünün müdrik çağını
yaşayır. Bilirəm ki, beynində Azərbaycan
psixologiyasını gücləndirəcək yeni orijinal əsərlərin
cizgiləri yaranıb. Qoy o cizgilər
tezliklə həqiqətə çevrilsin". Gücü və imkanı çatdığı qədər
o cizgilər həqiqətə çevrildi.
İndi
haqq dünyasına qovuşmasının bir ili
tamam olur. Yadıma Əbdül müəllimin vaxtı ilə
öz həmkarı haqqında yazdığı bir fikri
düşür: "Elmin zirvəsinə yol fədakarlıqdan
və istedaddan keçir. Ancaq zəhmətə
qatlaşanlar, bütün həyatının mənasını
elmə həsr etməkdə görən istedadlı şəxslər
bu zirvəyə yüksələ bilərlər". Bu qiymətli fikirdə müəllifin öz portreti
də aydın görünür. Professor
Əbdül Əlizadə respublikamızın görkəmli
psixoloqlarından biri idi. Bütün həyatını
elmə həsr edən bu cəfakeş alim üçün
psixologiya sehirli bir dünyaya bənzəyərdi. Onu tanıyanlar təsdiqləyərlər ki, bu alim
heç vaxt məşğuliyyətsiz olmayıb. Hətta xəstə olanda da istirahət nədir bilməzdi.
Əbdül müəllimin tələbələri,
həmkarları onun məziyyətlərini saymaqdan yorulmurlar.
Kimi onu qürurlu bir insan, kimi də möhkəm
xarakterə malik şəxsiyyət kimi səciyyələndirir.
Sadəlik, ziyalılıq, mənəviyyat
qanunlarına əməl etmək onun üçün hər
şeydən üstün idi. Əbdül
Əlizadə hələ Sovet dövründə ittifaqın
müttəfiq respublikalarında məşhurlaşmışdı.
Onun elmi fəaliyyətinin ən çox diqqət çəkən
məsələlərdən biri ümumtəhsil məktəbləri
və ali məktəblər
üçün dərslik və tədris vəsaitlərinin
hazırlanmasında yaxından iştirak etməsi olmuşdur.
Pedaqoji psixologiya mövzusunda təxminən 700-ə
qədər elmi məqalənin və 80-ə yaxın
monoqrafiya, dərslik, dərs vəsaiti və
kitabçaların müəllifidir.
Onun barəsində yazanlar bəzən
yanlışlığa yol verərək doğulduğu yeri
Bakı göstərirlər. Halbuki Əbdül Əlizadə
1932-ci il avqust ayının 16-da
Şuşanın Malıbəyli kəndində anadan olub. Nəsil şəcərəsi adlı-sanlı,
nüfuzlu Qarabağ bəylərinin kökünə söykənir.
Əmirovlar nəslindən olan babası Səlim
bəy sayılıb-seçilən Qarabağ bəylərindəndir.
Orta məktəbi Bakıda bitirən
Əbdül Əlizadə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsinin məntiq-psixologiya
şöbəsində təhsil alıb. Hələ
tələbəlik illərindən psixologiya elminə maraq
göstərərək onun tədqiqatı ilə məşğul
olub. Əbdül Əlizadənin
üçüncü kursda psixologiya mövzusunda
yazdığı məqaləsi onu həm müəllimlərinə,
həm də bu sahənin alimlərinə yaxından
tanıtdı. Tələbənin
istedadlı olması, maraqlı və orijinal fikirləri ilə
diqqət çəkməsi hələ o vaxt psixologiya elminə
töhfə verəcək böyük bir alimin gələcəyindən
xəbər verirdi.
Əbdül
Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə
Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbində
başlayıb. Sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim,
baş müəllim və dosent vəzifələrində
çalışıb. O, 1963-cü ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirib. İstedadlı psixoloq "Şagirdlərin
yaradıcı təxəyyül fəaliyyətində analiz
və sintez proseslərinin xüsusiyyətləri"
mövzusunda namizədlik, 1976-cı ildə isə "Cinsi
dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin
psixoloji problemləri" doktorluq dissertasiyalarını
müdafiə edib. Bir psixoloq kimi onun elmi
yaradıcılığında şagirdlərin
yaradıcı təxəyyül mövzusu xüsusi yer
tuturdu. Gənc alim bu mövzunu müxtəlif
aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə
gəlmişdir.
Ötən əsrin əvvəllərində psixologiya və
pedaqogika müstəqil elm kimi inkişaf etməyə
başlamışdır. Ali məktəblərdə
bu fənn geniş tədris edilir, yeni pedaqoji psixoloqların
yetişməsinə ehtiyac duyulurdu. Əbdül
Əlizadənin Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutundakı (ETPEİ) fəaliyyəti həmin
dövrlərdə digər respublikaların elmi mərkəzləri
ilə əlaqələri baxımından da zəngin olub.
Belə ki, Azərbaycan psixoloqları Rusiya, Orta
Asiya, eləcə də Cənubi Qafqaz alimləri ilə əməkdaşlığa
başladılar.
Fizika-riyaziyyat
elmləri doktoru, professor Asəf Zamanov:
"Böyük insanlar kainatın sonsuz ənginliklərində
parlayan ulduz kimidir. Bu işıqdan hər kəsə pay
düşür. Onlar adları və əməlləri
ilə yaddaşa əbədi həkk olur, ürəklərdə
sevinc, ümid qaynağına çevrilir. Uca Tanrı belə insanlara iti düşüncə,
böyük təfəkkür, geniş ürək və
sonsuz istedad bəxş edir. Psixologiya elmləri
doktoru, professor Əbdül Əlizadənin anadan
olmasının 80 illiyini məhəbbət və ehtiramla qeyd
etdiyimiz bu günlərdə demək vacibdir ki, o, psixologiya
elmi, mədəniyyəti - pedaqoji fikir tarixində ən
layiqli yerlərdən birini tutur. Professor
Əbdül Əlizadənin yaratdığı "Psixologiya
səhifələri" fəlsəfi, pedaqoji, elmi
ideyaları ilə psixologiya tariximizdə ən aktual problemlərin
həlli yollarına bir cığırdır". Həmkarlarının da qeyd etdiyi kimi, Əbdül
Əlizadə öyrədənlərin öyrədəni
şərəfini daşımaqla bərabər, milli-mənəvi
dəyərlərə söykənərək yeniliyə səy
göstərmiş və "yeniləşək"
prinsipindən düzgün bəhrələnmək
yollarını dəqiq müəyyənləşdirmişdir.
Məhz bunun nəticəsidir ki, bu gün də əhəmiyyətini
itirməyən müəyyən məsələlərə
aydınlıq gətirməklə tarixilik, varislik və
müasirlik triadasına ağılla hissin vəhdətindən
ən ali olan mədəniyyət
meyarına xüsusi diqqət vermişdir. Alimin
fəaliyyətinin elmi zirvəsi bugünümüzün ən
bariz nümunəsi və gələcəyin uğurlu göstəricisidir.
Qeyd etmək yerinə düşər ki,
dünya təcrübəsində üç komponentli
taksonomiya yaradılmayıb. Fəxr edirik
ki, bu sahədə ilk uğurlu addım Azərbaycan
psixologiyasında atılıb. Bu,
böyük alim Əbdül Əlizadənin əvəzolunmaz
nailiyyətidir. Həmkarlarının fikrincə,
Əbdül Əlizadə fenomeni sözün əsl mənasında
"Öyrədənlərin öyrədəni" ilə
bahəm, psixologiya tarixində "öyrənənlər"
və "öyrədənlər" üçün ən
maraqlı sahə, axtarışlar səhifəsində isə
dərin məna kəsb edən varlıqdır.
Əbdül müəllim həm də yüksək mənəvi
keyfiyyətləri ilə seçilən el ağsaqqalı
kimi sevilirdi.
Psixologiya elmləri doktoru Ramiz Əliyev söyləyir:
"Alimin yaradıcılığı bir insan ömrünə
sığmayan möhtəşəm bir məktəbdir və
biz ondan həmişə yararlanırıq. Əbdül
müəllim təkcə tanınmış alim-psixoloq deyil,
o, həm də mənəviyyat sahibidir". Elə bunun nəticəsidir ki, gözəl ailə
başçısı kimi xalqımız üçün
çox dəyərli övladlar tərbiyə edərək
yetişdirib. Böyük oğlu Hikmət
Əlizadə pedaqoji elmlər doktoru, professordur. İkinci oğlu Səlim Əlizadə rəssamdır,
hazırda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının professorudur. Nəvəsi
Safurə Səlim qızı Əlizadə müğənnidir.
2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində
keçirilən "Eurovision" Beynəlxalq mahnı
festivalında iştirak edərək layiqli yer tutmuş və
həmin ildən başlayaraq müxtəlif musiqi
festivallarının iştirakçısıdır. Əbdül Əlizadənin bacısı Məryəm
Əlizadə respublikanın tanınmış
teatrşünas alimi, sənətşünaslıq üzrə
elmlər doktoru, professordur. Nəsildən
gələn bir nəciblik Əlizadələr ailəsinin Azərbaycan
mədəniyyətində, elmində öz yerini əbədiləşdirib.
Əbdül Əlizadə olduqca təvazökar bir insan
idi. Ömrünün sonuna kimi elmi araşdırmalarla məşğul
oldu. Çox təsadüfi hallarda mətbuata
müsahibələr verərdi, ekranda görünərdi.
Onun bir amalı vardı - sən sənətinin
ləyaqətli təmsilçisi olmağa borclusan. Bunun üçün kiməsə minnət
vurmağa ehtiyac yoxdur. Üç il
öncə mənimlə söhbətində görkəmli
alim "Məhəbbətin elegiyası" kontekstində
"Qadın psixologiyasına giriş" monoqrafiyası
üzərində işlədiyini demişdi. Onu da deyim ki,
Əbdül müəllim dünyasını dəyişəndən
sonra sözügedən bu əsər "Qadın
psixologiyası" (2015-ci il) adı ilə
Azərbaycanın görkəmli naşiri, əməkdar mədəniyyət
işçisi Bəhruz Axundovun təşəbbüsüylə
"Təhsil" nəşriyyatında nəfis şəkildə
çapdan çıxdı. Son vaxtlar tez-tez xəstələnməsi,
özü demişkən, dərmanlarla "dostluq" etməsi
onun müntəzəm işləməsinə mane olsa da,
işini sonadək davam etdirəcəyinə əmin idi.
O, bir məsələni də özünəməxsus sadəlik
və razılıqla qeyd edərdi ki, Pedaqoji Universitetin 90
illik yubileyində Prezident İlham Əliyevin sərəncamı
ilə mənə "Əməkdar elm xadimi" adı
verildi. Dövlət tərəfindən mənə
göstərilən bu diqqət, əslində həyatımda
yeni parlaq səhifələr açdı.
Çox nikbin idi. Bir alim kimi Əbdül Əlizadə fərəhlə
bildirərdi ki, Azərbaycan psixologiyasının
uğurları böyükdür: "Bu gün Azərbaycan
psixologiyası XXI əsrə ötən əsrdə 20-30-cu,
hətta 40-50-ci illərdə nağıl kimi görünən,
sanballı, psixologiya elmində önəmli rol oynayan
kafedralarla, ən başlıcası isə
sayılıb-seçilən qüdrətli professorları ilə
daxil olmuşdur. XX əsrdə Azərbaycan
psixologiyası üç maraqlı mərhələ
yaşadı. Bu mərhələlərin
hər birinin öz xüsusiyyəti və uğurları olub.
Fikrimcə, bu elmi sahə indi dördüncü
mərhələyə daxil olub. Əlbəttə,
Azərbaycan psixologiyası ötən əsrin 70-90-cı illərində
sosial, hüquq, pedaqoji psixologiya problemləri ilə müəyyən
uğurlar qazandı. Bu, əlamətdar
hadisədir, amma hələ də bizim dünya miqyasında səsimiz
yetərincə eşidilməyib. İnanıram
ki, dördüncü mərhələdə bizim psixoloqlar bu
məsələni qətiyyətlə həll edəcəklər".
...Dərin
təfəkkürə, elmi biliyə malik olan Əbdül
Əlizadə həm də həssas təbiətli, vətənini
ürəkdən sevən, torpağına bağlı bir
insan kimi yaddaşlarda yaşayır. Oğlu, pedaqoji elmlər
doktoru, professor Hikmət Əlizadə söyləyir: "Mən
onu həmişə işləyən görmüşəm. Hətta... xəstə olanda da. İstirahət
nədir bilmir. Hamı Əbdül müəllimi
qürurlu bir insan kimi tanıyır. Heç
mən də onun nə vaxtsa əyildiyinin şahidi
olmamışam. Təkcə üç dəfə
ağladığını görmüşəm - atasını
itirəndə, nənəm dünyasını dəyişəndə,
bir də Qarabağ torpaqları işğal olunanda...".
Özünün də fikirləri maraqlıdır: "Elmin yolları heç vaxt hamar olmur. O qədər çətinliklə üzləşmişəm ki... Saçlarım ağaranda heç 35 yaşım da yox idi. Nə qədər müqavimətlərlə üzləşmişəm, nə qədər ağrı dolu dağlar aşmışam. Buna baxmayaraq mən həmişə qələbə əzmində olmuşam. Nailiyyət qazandıqca o ağrı-acıları heç yada salmaq istəməmişəm. Amma doğma torpağın itkisi tamam başqa bir şeydir. O, sənin bütün varlığında gəzir. Gecə yuxunda, gündüz xəyallarında olur. Az yaşım yoxdur. Qarabağı azad görmək, bircə dəfə də olsa doğma Şuşaya getmək istəyərdim. İndi ən böyük arzum budur".
Bu gün Azərbaycan psixoloqlarının qəti fikri budur ki, professor Əbdül Əlizadə Azərbaycan psixologiyasında öz məktəbini yarada bilmiş alimdir. "Əbdül Əlizadə məktəbi fərdiyyət psixologiyası ilə daha yaxından bağlı olub, onun etnopsixoloji, cinsi, mənəvi, yaradıcılıq aspektlərindən öyrənilməsini əsas vəzifə kimi qarşıya qoyur. O öz yetirmələri üçün aparılması zəruri olan tədqiqatlar haqqındakı tezislərini açıqlayır. Azərbaycanda koqnitiv psixologiyanın təmsilçisi olan Əbdül Əlizadə bu tezislərində Azərbaycan təhsilinin gələcəyi ilə bağlı fikirlərini irəli aparmaq üçün öz davamçılarına ünvanlayır" (professor R.Əliyev, professor L.Əmrahlı).
Yaradıcılığı və elmi fəaliyyəti ilə Azərbaycan psixoloqları üçün nümunə olan Əbdül Əlizadə həmişə qarşısına qoyduğu məqsədə nail olub, istər elmi sahə olsun, istərsə də həyatda şəxsi arzuları. Amma nə acılar ki, o, bu dünyadan nigaran köç elədi. Onunla aparılan bir müsahibədə müxbir soruşmuşdu ki, ömrünüzün bu müdrik çağında Azərbaycanın hansı guşəsinə səyahət etmək istərdiniz? Əbdül müəllim "Ancaq və ancaq Şuşaya, ancaq və ancaq Malıbəyliyə..." söyləmişdi.
Şuşa adı çəkiləndə varlığımdan oluram. Şuşasız şuşalılar- xüsusilə də Əbdül Əlizadə kimi şəxsiyyətlərin nigaran ruhu dünyamı paramparça edir. Könlümdən qopan bu bayatı ilə haray salmaq istəyirəm:
Quş da bizdən vəfalı,
Daş da bizdən vəfalı,
İldə bir yol Şuşada
Qış da bizdən vəfalı!..
Allah undulmaz Əbdül Əlizadəyə rəhmət
eləsin!
Flora XƏLİLZADƏ
525-ci qəzet.- 2016.- 23 fevral.- S.8.