Saygyonun əriyi
"ATV KİTAB"IN NƏŞRİ OLAN "SƏSİNDƏN TANIDILAR PAYIZI" KİTABINI OXUDUM...
Saygyo yapon ədəbiyyatında tankaları
ilə öz tarixini yazıb. Və bu
tarix bəzək-düzəkli
deyil.
Tarix özü
bəzək düşkünüdür,
bəzənməsə, gözə
görünmək istəməz. Görünsə
də... Vay o gündən ki, tarix bəzəksiz-düzəksiz
gözə görünə!
Bəşər övladı başını
götürüb hara
qaçar, İlahi?!
Yox! Elə beləcə olsa, daha yaxşıdı tarix - bəzəkli-düzəkli.
Dünya
tarixinin bütün səhifələri insan əlinin "əməyi"
olan "ənlik-kirşandan"
kasad deyil. Təkcə ədəbiyyat bəzəksizdi.
Çünki ədəbiyyat özü
yaranışdan gözəl
olur, onun tarixi süsə ehtiyacı yoxdur, öz naxışları bəs edir. Yanlışları da naxış
olur sözün.
Saygyonun tarixi də belədir.
Onun tankalarında
daha çox xoşuma gələn ərik oldu. Ömrünün 30 ilindən artığını
dağlarda yaşayan şair üçün ərik ağacı beynində çizilən
xəyallı dünyanın
ətridi, dadıdı.
Onun dağdakı komasının
yanındakı ərik
ağacı bəzən
dərd ortağı,
bəzən təbəssümünün
səbəbi, bəzən
də saçlarıyla
oynamaq istədiyi xəyali sevdalısıdı.
Amma şair ərik ağacının
tənhalığının təsəllisi olduğunu
da etiraf etmək iqtidarındadır:
Necə
ki, kənddə
Çəpər dibindəki
Əriklər sovulmayıb,
Ətir
sorağıyla
Yolçu gözləyirəm.
Hər sulanan əriklə bir az daha ümid yaranır şair qəlbində ki, mütləq o yolçu gələcək. Bir gün yolların yuxusu pozulur, şairin yuxusu yozulur, o naməlum yolçunun yolu Saygyonun dağdakı komasının yanından
keçir, ərik ətri onu yoldan
eyləyir...
Çəpər dibindəki ərik
Xoş ətir
saçır.
Və yol keçən biri
Məftun-məftun dayanıb durur.
Bunu heç vaxt unutma!
Tənhalığının min bir rəngini bir yaşıl cizgiylə qəfildən dəyişən yolçunun
gəlişi o qədər
möhtəşəmdir ki,
şair onun koması önündə
bir anlıq dayanıb ərik ətrini ciyərinə çəkməsini heç
vaxt unutmaq istəmir. Bu anı
təkrar-təkrar yaşamaq
istəyir. Lakin yolçu
sakitcə öz yoluna davam edir,
komanın yanından təbəssümlə keçib
gedir.
Bu gediş şairi incidir, küskün ürəyini bir az da küsdürür. Amma o, bədbinləşmək
istəmir ərik ağacına baxa-baxa.
Ona görə də növbəti təsəllisini uydurur:
Əgər bu bahar
Bu tikanlı çəpəri
Basıb
gələrsə birisi
Əriyi
qoxlamağa,
O, mənim dostumdu demək!
Dost da ki... Bu birhecalı sözün izahı hecalara, sözlərə sığmaz.
Ümidlərə sığar təkcə,
ümidlərə. Ümid-ümid
yaşanır dost gəlişi,
arzu-arzu su səpilir yollara, dost gələndə toz olmasın deyə. Şair ömrünün ərikli günləri
dost gəlişinə boylanan
baxışlarla sona yetir, ərik mövsümü başa çatır.
İkinci ərik mövsümünü
şair Saqada qarşılayır. Burada o, monastır bağıyla
üzbəüz dayandığı
küçədə də
ərik ətriylə
"görüşür". Bu görüş Saygyo üçün qərib xəyallara dalmaq olur. Bu görüş Saygyo üçün ürəyiylə
söhbət etmək
olur:
Nədir bu, sahibim?
Yoxsa, azacıq külək əsən kimi
Həyəcanlanırsan?
Hətta,
uzaqdan belə
Şirindir ərik qoxusu.
Monastır bağındakı ərik
ağacına baxdıqca
şair öz kiçik komasını, köhnə çardağını
xatırlayır. O çardağın
bu mövsüm əriklə birgə sahibin yolunu gözləməsinə kövrəlir.
Tikanlı çəpərin arxasından yola boylanan ərik ağacına sarı yol başlayır. Özündən əvvəlki koma
sahibinin ərik əmanətini əzizləməyə
borclu sanır duyğularını. Saygyo hələ
yolun başlanğıcından
əriyin ətrini duyur.
Necə
doğmadır mənə
Bu uçuq çardaq...
Və yanındakı çiçəkləyən
ərik...
Duydum-anladım qəlbini
Bu evin məndən
əvvəlki sakininin.
Koması yanında ayaq saxlayan naməlum yolçunun hisslərini yaşayır koma sahibi. Ərik ətrini məğrur
edənin bahar küləyi olduğu da burda ona
aydın olur. Bu dəfə də küləyə minnətdarlığını
bildirir:
Əriyin
qoxusunu
Dayaz dərələrə sən
yaydın,
Ey bahar küləyi!
Buraya gələn olsa,
Doyur onları
bu tünd qoxuyla.
Bir səhər
də bahar küləyi Saygyonu günəşdən qabaq
oyadır, burnuna ərik qoxusu gətirərək. Tənhalığına oyanır şair.
Kimsəsizliyindən qorxur. Bürünür darıxmağın kürkünə.
Və ürəyindən
keçəni dilinə
gətirir:
Nə olar, tez gəl
Mənim
bu tənha daxmama!
Əriklər çiçəkləyib.
O ətrin xatirinə
Yadlar belə qonaq gəlmişdi
indiyədək.
Hər ərik
mövsümünü belə
yaşayıb, belə
yola salır Saygyo. Və hələ
də bütün dünya onun tankalarını oxuduqca ərik ətrindən məst ola
bilir. Bu məstliyin
xoşhallığındadır Saygyonun ölümsüzlük
sehri. Bacaran olacaqmı bu
sehrdən qurtulmağı,
görəsən?!
Şəfa VƏLİ
525-ci qəzet.-
2016.- 23 fevral.- S.7.