Pərvinin pyesi məktəb
səhnəsində
BALACA İFAÇILAR "DƏCƏL KEÇİ"Nİ UĞURLA TƏQDİM ETDİLƏR
Ötən şənbə günü
Əmircan məktəbində
bir tamaşa izlədim.
Tamaşa yazıçı Pərvinin
uşaqlar üçün
yazdığı "Dəcəl
keçi" pyesi əsasında hazırlanıb. Doqquz nəfər
balaca məktəblidən
ibarət heyət onlardan xeyli böyük, yetkin, dünyagörmüş adamlarda
bir təəssürat,
duyğu, yaxud bir təbəssüm yarada bilirsə, bunu hər halda,
uşaqların bacarığına,
istedadına dəlil olaraq göstərməliyik.
87 nömrəli tam orta məktəbin direktoru
Elmira Ələkbərova adlarını
qeyd edəcəyim bu doqquz balaca
aktyorun hər birinə ayrıca diplom təqdim etdi və onların
erkən yaşlarından
qazandıqları yaradıcı
uğurunu bir az da, belə deyək, rəsmiləşdirdi. Rollarıyla
birgə tam qeyd edə bilməsəm də, adlarını unutmadım: Aydan Bayramova, Nərgiz Cəfərova, Almara Əliyeva, Zöhrə Əlizadə, Mədinə
Əliyeva, Yusif Əzizli, Elvin Hüseynli,
Elcan Hətəmov və Cavidan Şıxəlizadə.
Pyesin adından
da göründüyü
kimi, tamaşada dəcəl, tənbəl
və səhlənkar
bir keçinin başına gələnləri
izləyirik. Heç bir işin qulpundan
yapışmaq istəməyən,
"ver yeyim, ört yatım, gözlə canım çıxmasın" devizli
bu keçinin kiçik bir əhvalatı var. Başına
açdığı oyunlardan
usanıb bezən sahibi onu lap ucuz qiymətə - qəpik-quruşa satmaq qərarına gəlir. Qismətindən bir qoca müştərisi çıxır
və keçini bu saf, zəhmətkeş,
qayğıkeş qocaya
ürcah edir. Qocanın ev-eşiyinə
yerləşdikdən sonra
yenə köhnə dələduzluğundan qalmayan
keçi hər gün bir yeni
şikayətlə gəlir,
evdə dava-dalaş salır, axırda qocanı da canından bezdirir və üzü danlaqlı, boynu çomaqlı bir halda qapısından qovulur... Üçüncü-dördüncü sinif şagirdləri
bu tamaşanın öhdəsindən lazımınca
gələ bildilər.
Nənə, nəvə, alabaş,
pişik obrazları da digərlərindən geri qalmırdı. Tamaşanın quruluşçusu - Gənc Tamaşaçılar
Teatrının aktyoru
Elşən Şıxəliyev
oyunçularından ara-sıra
narahat olsa da, məncə, səhnədə heç
bir boşluq yox idi. Əksinə,
yaşının azlığına
baxmayaraq, Mədinə
Əliyevanın yaratdığı
bir nənə obrazı vardı ki, tamaşaçılar onun oynadığı bütün parçaları
üzlərində təbəssüm,
maraq və sevinclə izlədilər.
Tamaşanı gənc aktyor Elşən Şıxəliyevlə
birgə məktəbin
müəllimələri Zərifə
Rəhimova və Dilarə Cabbarlı təşkil etmişdilər. Məktəbin əsas müəllim heyəti, məktəbin direktoru və pyesin müəllifi də tamaşaçılar
arasında idi və onlar tamaşanın
sonunda uşaqların
qabiliyyətləri, sərbəstliyi,
ilk yaradıcı uğurları
haqda ürəkdolusu danışdılar.
Direktor Elmira Ələkbərova tamaşa haqda söhbət açdı, şagirdlərin sosial fəaliyyətlərinin onların gələcək həyatlarında rolunu vurğuladı. Tərbiyə məsələləri üzrə direktor müavini Bəyzadə Nuriyev uşaq ədəbiyyatının önəmini, yaradıcı işin çətinliyi və əhəmiyyətini qeyd etdi.
Pyesin müəllifi Pərvin də tamaşadan razı qaldı və ürək sözlərini bölüşərkən əsərin yazılma, araya-ərsəyə gəlmə tarixçəsindən də söz açdı: "Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün tamaşalar tez-tez oynanılır. Bir dəfə teatrın baş rejissoru Bəhram Osmanov o ilin əsas rəmzini əks etdirən belə bir mövzuda pyes istədi məndən. Düşündüm və "Dəcəl keçi" adlı bir pyes yazdım. Əsas olaraq işin tərbiyəvi tərəfini nəzərə aldım. Uşaqlar əgər bu pyesə baxacaqlarsa, özləri üçün nümunəvi ola biləcək nələrsə götürsünlər. Bilsinlər ki, yalan danışmaq, böyükləri incitmək olmaz, ağıllı, sözəbaxan olmaq lazımdır. Bütün bu ideyaların hamısını pyesdə əks etdirməyə çalışmışam. "Dəcəl keçi" Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub, uğurla oynanılır. Tamaşaya çox istedadlı rejissor Ayla Osmanova quruluş vermişdi. Səmimi deyirəm ki, peşəkar aktyorların oyunu məni necə təsirləndirmişdisə, bu uşaqların da oyunundan heç də az təsirlənmədim. Uşaqların hər biri çox şirin, dəcəl, şıltaq və işıqlıdırlar. Hər biri obraza, mövzuya uyğun seçilib. Elmira xanım başda olmaqla, məktəbin bütün kollektivinə, tamaşanı təşkil edən bütün dostlara minnətdarlığımı bildirirəm".
Sonda müəllif tamaşanın iştirakçıları və pedaqoji kollektivlə xatirə şəkilləri çəkdirdi.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2016.- 23 fevral.- S.7.