Doğma səslərə
həsrət maarif ocağımız
DAĞ İLMƏZLİ MƏKTƏBİNİN TARİXİ, MƏZUNLARI VƏ MÜƏLLİMLƏRİ HAQQINDA NİSGİLLİ QEYDLƏR
İlməzli - vaxtilə İrəvan quberniyasının Aleksandropol
qəzasında, indiki
Kalinino rayonunda mövcud olmuş kənddir.
Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu
yaradılanadək Cəliloğlu
(Stepanavan) rayonunun tərkibində olub.
Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə qədim türk dilində "təpə" mənasında
işlənən mar sözünün
fonetik forması olan maz sözündən
əmələ gəlib.
Azərbaycan dilində
r~z səs əvəzlənməsinin (yor~
yoz, yar~yaz, gör~göz) qanunauyğun
fonetik hadisə olduğunu nəzərə
alıb qeyd etmək olar ki, maz, mar sözünün
fonetik formasıdır.
Mürəkkəb quruluşlu toponimdir.
Mədəniyyəti
İlməzli kəndi Dağ Borçalının elmə,
təhsilə ən çox maraq göstərən kəndlərindən
biri idi. Belə ki,
İlməzli orta məktəbi o dövr üçün, demək
olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb kimi bilinirdi. Bundan başqa İlməzli
orta məktəbinin nəzdində internat da fəaliyyət göstərirdi ki, bu da kənar
kəndlərdən gələn
şagirdlər üçün
nəzərdə tutulurdu.
İlməzli orta məktəbində
dövrünün çox
savadlı müəllim
kollektivi vardı.
Əhalisi
Kənddə 1831-ci ildə 75 nəfər,
1886-cı ildə 212 nəfər,
1897-ci ildə 301 nəfər,
1908-ci ildə 195 nəfər,
1914-cü ildə 188 nəfər,
1916-cı ildə 479 nəfər
azərbaycanlı yaşayıb.
1918-ci ildə azərbaycanlılar erməni
təcavüzünə məruz
qalaraq deportasiya olunub. İndiki Ermənistanda Sovet
hakimiyyəti qurulandan
sonra sağ qalan kənd sakinləri öz yerlərinə dönə
bilib. Burada
1922-ci ildə 431 nəfər,
1926-cı ildə 462 nəfər,
1931-ci ildə 565 nəfər,
1987-ci ildə 3126 nəfər
azərbaycanlı yaşayıb.
1988-ci ildə ilməzlilər siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya ediliblər. İndi orada ermənilər yaşayır (yuxarıdakı
qeydlər Vikipediyadan götürülüb)...
İtirdiklərimiz üçün təəssüflər
Bəlkə də çox gecdi, daha doğrusu,
itirdiklərimizi yazıya
almaqda hər birimiz gecikmişik. Hələ dünyanın
düz vaxtında doğulduğumuz torpaqların
tarixi, toponimi, folkloru haqqında heç nə bilmədik. Nə demədilər, nə
də ki öyrənmək istəmədik.
Bir də ayıldıq ki, sonuncu deportasiya
dalğasının qurbanına
çevrilmişik. Dərdə
baxın ki, doğma yurddan didərgin salınan qardaşın birinə qaçqın, digərinə
məcburi köçkün
dedilər..
Sapı özümüzdən olan
baltaların köntöy
baxışları, tənəli
sözləri ilə də üzbəüz gəldik. İtirdiklərimizin ağrısı, acısı illər sonra içimizi elə göynətdi ki, heç doğma yurd yerlərində soyuq sularından içdiyimiz bulaqların suyu dişimizi elə göynətməmişdi. Alnımıza Vətənsizlik damğası vuruldu.
Ürəyimizdən paslı qıfıllar
asıldı. 1813-dən
bəri pələsəng
olanların sırasına
qatıldıq. Bir
az da
ağrılı desəm,
diriykən yüz ilin, min ilin ölüsünə qarışdıq.
Əbəs yerə deməyiblər: "Vətənsiz
insan cansız bədən kimidir".
Belə kədərli notlara görə yəqin ki, məni qınamazsınız. Məqsədim heç də böyüklərimizi, ağsaqqallarımızı,
ağbirçəklərimizi qınamaq deyil. Qınamıram ki, niyə dəmiri isti-isti döyməyiblər,
niyə səslərini
çıxarıb dünyaya
hay salmayıblar...
Bilirəm, yaxşı bilirəm ki, dünyanın gözü kor olur bəzən. O, haqqı
görənləri və
deyənləri eşitmək
istəmir. Dilinə, dininə görə ayrıseçkilik, haqqı
nahaqqın ayağına
vermək isə bəşəriyyəti fəlakətə
sürükləyir...
İllər öncəyə qayıtmağıma,
keçənləri xatırlamağıma,
mənə bunları
yazıya almağa vadar edənlərə
"çox sağ olun" demək istəyirəm.
Onlar Bakıda
doğuldular. Canım Azərbaycanımın Baş
Kəndində. Mən
isə indi Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında, adına
Dağ İlməzli deyilən, böyük ürəkli insanların doğulduğu bir kənddə.
Tarixi türk yurdu, qədim Dağ İlməzli
İnanıram ki, illər öncə zor gücünə ayrıldığımız
yurd yerlərinə, o
müqəddəs məkanlara
yenidən qayıdacağıq.
Əziz
oxucum, mən sənə Dağ İlməzli kəndinin yaranması haqqında geniş məlumat verə bilməsəm də, 1988-ci ilə qədər həmin kənddə fəaliyyət
göstərmiş azərbaycanlıların
oxuduğu təhsil ocağının yaranma tarixindən bəhs edəcək, Azərbaycanın
ictimai, siyasi və iqtisadi həyatında, elmi tərəqqisində böyük
xidmətləri olan məzunlarından söhbət
açacağam.
Bu sətirlərin müəllifinə
sözügedən məktəbin
məzunu olmaq qismət olmasa da (sonuncu deportasiya
imkan vermədi), məktəbə ilk qədəmlərimi
qoyduğum günü
yaxşı xatırlayıram. Uşaq yaddaşında
hər şey diri qalsa da,
təəssüflər olsun
ki, mənimlə birlikdə ilk dəfə parta arxasına əyləşən, sevinə-sevinə
əlifbanın ilk hərflərini
öyrənməyə can atan
sinif yoldaşlarımı
xatırlaya bilmirəm.
Bəlkə də anam Güləbatın
Təmirova o məktəbin
müəllimi olduğu
üçün İlməzli
məktəbi mənə
daha doğma, daha əziz idi.
Bu ideyamı gerçəkləşdirmək
üçün xeyirdə-şərdə
görüşdüyüm ilməzlilərlə bu barədə söhbət
etdim, məlumat topladım. Bilirdim ki, məsuliyyətli
və ağır bir işin qulpundan
yapışmışam. İşlərimin çoxluğuna baxmayaraq, bu da vətənə xidmət, itirdiklərimizə
sayğıdır deyib
araşdırmağa, axtarmağa
başladım.
İlk üz tutduğum ilməzlilərin
daha sıx məskunlaşdığı Şamaxının
Günəşli (Saqiyan)
kəndi oldu. Bir az da obrazlı desəm, bu yaxınlarda qarlı bir qış günündə
uzun illər İlməzli məktəbində
müəllim, direktor
işləmiş Şəmistan
Şəmilovun qapısını
döydüm.
Qışın soyuğuna baxmayaraq,
əli işdən-gücdən
soyumayan müəllimin
ömür-gün yoldaşı
Simnaz nənəyə:
"Şəmistan müəllim
evdədirmi", - deyəndə
hiss etdim ki, xəyal onu çox uzaqlara apardı. "Deyəsən,
tanımadınız", - dedim. Gülümsədi. "Yox, oxşatdım. Bizim kənddə Ağbaba mahalından Güləbatın
adlı bir müəllim vardı, Xoca kişinin gəlini, səni ona oxşatdım..." "Bəli, mən
Xoca kişinin nəvəsiyəm. Atamın adı
da Ziyadxandır".
Simnaz nənə boynumu qucaqlayıb dərin bir ah çəkdi.
...Şəmistan müəllim
məni tanımadı. 80-nin belini qıran müəllim üzümə
baxa-baxa yaddaşını
alt-üst edib məni tanımağa çalışırdı. Tanışlıq verdim...
"Ayə, Təmirov, sən məni necə tapdın", - deyib gözlərinin yaşını sildi. Süfrəyə çay gələnə
qədər dinib-danışmadı.
Kövrəlmişdi...
Handan-hana dillənib
valideynlərimi, qardaşlarımı,
nə işlə məşğul olduğumu
xəbər aldı.
Gəlişimin məqsədi onu çox sevindirmişdi. Yarızarafat-yarıciddi:
"Bilirdim ki, Təmirovlardan kimsə Dağ İlməzlinin, onun sözün əsl mənasında, elm
ocağı olmuş məktəbinin haqqında
yazacaq. Və nə yaxşı ki, sən axtardın,
sən aradın, sən yazacaqsan", - dedi...
Beləcə, illərdən-illərə körpü
salıb Dağ İlməzliyə qayıtdıq,
toylu-düyünlü, xınalı-xonçalı,
şirinli-acılı xatirələri
çözələdik.
Şəmistan müəllim deyir ki, Dağ İlməzli
məktəbinin əsası
1927-ci (1929) ildə qoyulub. Məktəb əvvəllər birmərtəbəli
binada yerləşib.
1961-ci ildən sonra şagirdlərin sayı çoxaldıqca ikinci mərtəbənin tikintisinə başlanılıb.
Məktəb tam hazır olandan
sonra ilməzlilərlə
yanaşı, ətrafdakı
kəndlərdən - Soyuqbulaqdan,
Çüçəkənddən, Qızıldaşdan, Mollaevlidən,
Qaraisadan, Qalağalıdan
bura 10 illik təhsil almağa gəliblər. Hətta onların
burada dərsdən sonra qalmaları üçün internat da tikilibmiş. Yerli kadrlar olmadığı üçün əvvəllər
məktəbdə İrəvandan
gələn müəllimlər
dərs deyirlərmiş.
Sonradan kadr çatışmazlığı
yerli kadrlar hesabına aradan qaldırılır və
beləcə, İlməzli
məktəbi güclü
təhsil ocağı
kimi ad-san qazanır.
İrəvandan gələn
yoxlamaları heyrətə
gətirən səbəblərdən
biri də məktəbin məzunlarının
əksəriyyətinin İrəvanda,
Bakıda, Gəncədə
ali məktəblərə
qəbul olunmasıydı.
Əlbəttə, bütün bunlar İlməzli məktəbinin
savadlı, öyrətməyi
bacaran müəllimlərinin
uğurundan, fədakar
əməyindən xəbər
verirdi.
İlməzli məktəbində 1980-ci ildən
sonra erməni dili də tədris
olunmağa başlayıb. Yaxşı xatırlayıram.
Anam kimya-biologiya fənni ilə yanaşı, erməni dilini də tədris edirdi. Yəni biz düşmənin dilini onlardan yaxşı bilirdik...
Məlumat üçün bildirim
ki, Azərbaycan dilçiliyində öz dəst-xətti olan akademik Afat Qurbanov,
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
Xalq yazıçısı
Mövlud Süleymanlı
və bir çox tanınmış
elm xadimləri İlməzli
məktəbinin məzunlarıdır.
Və bu ziyalıları yetişdirən Sədi müəllimin, İlyas müəllimin, Mədəd müəllimin, Xalid müəllimin, Müsəllim müəllimin, İmdad müəllimin, Vəliyəddin müəllimin, Hacı müəllimin, Rüstəm müəllimin, Mustafa müəllimin adını hörmətlə anırıq.
Xüsusi qeyd etmək istəyirəm ki, Dağ İlməzlidə "Dəlimözdülər" və "Kazımovlar" kimi tanınan nəsillərin nümayəndələri elm sahəsində çox böyük uğurlara imza atıblar.
Onu da diqqətinizə çatdırım ki, məktəbin məzunları sonradan kəndə qayıdıb müəllimləri ilə çiyin-çiyinə müxtəlif fənləri tədris ediblər.
Oxucuların marağına səbəb olacaq daha bir faktı xatırlatmaq istəyirəm. Kalinino rayonunda (İndi Taşir adlanır) azərbaycanlıların təhsil alması üçün 10 illik tam orta məktəb rayonda və ətraf kəndlərdə yaşayan azərbaycanlıların təkidi və şübhəsiz ki, Moskvanın icazəsi ilə 1975-ci ildə açılıb.
Bu kiçik yazımda Dağ İlməzli məktəbi və onun məzunları ilə sizləri tanış edə bildimsə, nə mutlu mənə.
İnşallah, yaxın gələcəkdə, "Dağ İlməzli məktəbinin müəllimləri və məzunları" adlı toplu ilə görüşünüzə gələcəyik. Bax, onda bir-birimizi daha yaxından tanıyacağıq.
Hafiz TƏMİROV (HACXALIL)
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru
525-ci qəzet.-
2016.- 23 fevral.- S.6.