Sadıq bəy Ağabəyzadənin sahibsiz məzarı

 

 

 

 

2002-ci ildə prezident Heydər Əliyev Kiyevdə rəsmi səfərdə idi. İş qrafikinin son dərəcə gərginliyinə baxmayaraq arada vaxt tapıb Azərbaycan diasporunun fəalları ilə görüşdü.

 

Ümumiyyətlə, mərhum dövlət başçısı bütün xarici səfərlərdə ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərlə ünsiyyətə böyük önəm verirdi. Bizi kimlərin təmsil etdiyini, yaşadıqları mühitdə nə kimi çəkiyə, əhatə dairəsi və əlaqələrə malik olduqlarını, Azərbaycanı necə tanıtdıqlarını öz gözləri ilə görmək, ilk mənbədən-onların öz dilindən eşitmək istəyirdi.

 

Yadımdadır ki, görüşdə bizim diaspora təşkilatının rəhbəri (soyadı gərək ki, Əfəndiyev idi) Ukraynada 500 mindən çox azərbaycanlı yaşadığını, Rusiyadan sonra ən böyük diasporanın burada mövcud olduğunu, azərbaycanlıların Ukrayna cəmiyyətinə uğurla inteqrasiya etdiyini şövqlə, bir qədər də özündən razı şəkildə danışırdı. Prezident Heydər Əliyev onun sözünü kəsib soruşdu:

 

- Yaxşı, deyirsiniz, yarım milyonluq diaspora təşkilatınız var. Bəs Ukrayna Ali Radasında neçə deputatla təmsil olunursunuz?

 

- ...

 

- Ukrayna Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri arasında həmvətənlərimiz varmı? Uktayna universitetlərində neçə nəfər tanınmış azərbaycanlı professor çalışır?

 

- ...

 

- Ukraynada hansı azərbaycanlı dövlət xadiminin, siyasətçinin, jurnalistin, məşhur artistin, bəstəkarın adını çəkə bilərsiniz?

 

- ...

 

- Öz qəzetiniz çıxırmı? Ukrayna radiosunda, televiziyasında Azərbaycan  dilində verilişlər varmı? Azərbaycan məktəbi açmısınızmı?

 

Aydın məsələdir ki, bəlağətli söz yox, fakt əsasında konkret cavablar tələb edən bütün bu suallar  cavabsız qaldı.

 

Sonra Heydər Əliyev səbrlə izah etdi ki, say hələ sanbal demək deyil. Dedi ki, tarixin təcrübəsindən də göründüyü kimi, əksər hallarda bir nəfər mənsub olduğu milləti, onun mədəniyyətini, yüksək insani keyfiyyətlərini, bəşəriyyətə töhfələrini minlərdən, bəlkə də on minlərdən daha yaxşı təcəssüm etdirir. Eyni zamanda sayca böyük diaspora üzərinə də daha böyük vəzifələr götürməlidir.

 

Tez-tez yadıma düşən ibrətamiz epizodu bu günlərdə bir neçə saatlığına Lvovda olarkən yenidən xatırladım. Ukraynada sayı yarım milyona çatan (fərqi yoxdur, lap yüz min nəfər olsun!) soydaşlarımızın vətənpərvərlikdən, milli təəssüb hissindən, öz keçmişinə və tarixinə sahib çıxmaq duyğusundan nə qədər uzaq qalmalarının  acı mənzərəsi ilə üzləşdim.

 

Təbii ki, bir neçə saat, hətta bir neçə gün mövcudluğunun 700 ili ərzində çeşidli millətlərin, dinlərin, mədəniyyətlərin beşiyi olmuş bu qeyri-adi şəhərlə tanışlıq üçün yetərli deyil. Müxtəlif dövrlərdə Avstriya-Macarıstan imperiyasının, tarixi Reçpospolita və İkinci Dünya müharibəsinə qədərki Polşanın, keçmiş SSRİ və nəhayət müstəqil Ukraynanın tərkibinə daxil olan Lvovda bir sıra xalqların görkəmli oğul və qızlarının adları ilə bağlı tarixi yerlər mövcuddur. Çox əlamətdar haldır ki, bu şərəfli cərgədə bizim də adımız, imzamız var.

 

Odur ki, gedəcəyim ünvanı dəqiq bilirdim. Lvovun mərkəzindəki məşhur Liçakov qəbiristanlığında uyuyan həmvətənimiz, Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini, general-mayor, 1927-1944-cü illərdə əvvəlcə Yan Kazimir, sonra isə Lvov universitetinin professoru, elm tarixində Lvov-Peterburq şərqşünaslıq məktəbinin yaradıcılarından biri kimi tanınan  Məhəmməd Sadıq bəy Ağabəyzadənin (1865-1944) məzarını ziyarət etmək, habelə onun adını daşıyan küçə ilə tanış olmaq istəyirdim.

 

Əsası 1786-cı ildə qoyulan Liçakov məzarlığı Lvovun mərkəzində, təpələr üzərində 42 hektar ərazini tutur. Burada 300 mindən çox məzar, 5 mindən çox məqbərə var. Qəbirlərin üzərində sənət əsəri kimi dəyərləndirilən 500 heykəl ucaldılıb.  Ən qədim başdaşısı 1675-ci ilə aid olan, 86 sektora bölünən məzarlıqda Avstriya, Almaniya, Polşa, Ukrayna və digər ölkələrin bir sıra görkəmli nümayəndələri uyuyur. Onların sırasında 1831 və 1863-cü il Polşa üsyanlarının iştirakçılarına, Birinci və İkinci Dünya müharibələrinin qurbanlarına, antifaşist hərəkatın nümayəndələrinə, çoxsaylı elm və mədəniyyət xadimlərinə təsadüf etmək mümkündür. Lvov şəhər Xalq Deputatları Sovetinin 10 iyul 1990-cı il tarixli qərarı ilə açıq hava muzeyi təsiri bağışlayan Liçaqov qəbristanlığının ərazisi tarix-mədəniyyət qoruğu elan olunub və dövlət mühafizəsinə götürülüb.

 

Sadıq bəy Ağabəyzadənin məzarının 84-cü sektorda yerləşməsi haqqında əvvəlcədən məlumatım vardı. Amma istənilən halda buranı təkbaşına tapmağım imkansız idi.  Odur ki, girişdəki bilet kassasında kiminsə yardım göstərməsini xahiş etdim. Polyak və Ukrayna dillərinin qarışığında danışan gənc xanım məni meşə kimi ucalmış başdaşlarının arasından keçirib istədiyim yerə gətirdi.

 

-Buradadır, - deyib əli ilə göstərdi.

 

Mən baş daşı axtardığımdan sövq-təbii ətrafa boylandım. Qadın isə əli ilə yeri nişan verdi, “Budur, buradır” – deyə təkrarladı. Bələdçiliyi üçün təklif etdiyim xidmət haqqından qətiyyətlə boyun qaçırıb məni məzarla baş-başa qoydu.

 

Torpaqdan seçilməyən qəbrin Sadıq bəy Ağazadəyə məxsus olduğunu yalnız üzərindəki yazıların çoxu silinib getmiş kiçik sinə daşı nişan verirdi. Aypara və beş guşəli ulduz (1944-cü ildə Lvovda Azərbaycan Cümhuriyyətinin bayrağındakı ulduzun səkkiz guşəli olduğunu kimsənin bilməməsi başa düşüləndir!) təsvirinin altında türk və Ukrayna dillərində “General və professor Məhəmməd Sadıq bəy Ağabəyzadə (Ağabəyov). 1865-1944” yazısını çox çətinliklə oxudum. Əslində burada kimin dəfn edildiyini əvvəldən bilməsəydim yalnız tək-tük hərfləri görünən mətnin şifrini  açmaq mümkünsüz  işə çevriləcəkdi.

 

Sadıq bəyin məzarı ətrafdakı qəbirlərdən yalnız sahibsizliyi, baxımsızlığı ilə deyil, həm də üzü qibləyə çevrilməsi ilə fərqlənirdi.

 

Həmin axşam İnternetdə məşhur həmvətənimiz haqqında Azərbaycan, rus, Ukrayna, polyak və ingilis dillərindəki materialları gözdən keçirdim. Bütün məlumatlar demək olar ki, biri-birini təkrarlayırdı. Amma Azərbaycan müəlliflərinin yazılarında idilliya,  gerçəklə bir araya sığmayan bəlağət, xəyalda yaşananları həqiqət kimi qələmə vermək meyli yetərincə güclü idi...

 

Burada Sadıq bəyin son mənzilində əkilən, ya da əkilməsi gərəkən Göyçay çinarından (o, Bakı quberniyasının Göyçay qəzasında doğulmuşdu), ukraynalı azərbaycanlıların mütəmadi şəkildə öz məşhur həmvətənlərinin qəbrini ziyarət edib  üzərinə təzə-tər güllər düzmələrindən söhbət gedirdi. Hətta yazıların birində Ukraynadakı keçmiş səfirimiz Tələt Əliyev və bu ölkədə çalışan azərbaycanlı alim Fərhad Turanlının təşəbbüsü ilə Sadıq bəy Ağabəyzadənin məzarının tam şəkildə yenidən qurulub abadlaşdırıldığı iddia edilirdi.

 

Təki belə olaydı. Təəssüf ki, belə deyil. Təzəlikcə, fevralın 9-da çəkilən şəkil həqiqi mənzərəni əks etdirir. Və tez-tez rastlaşdığımız bu cür məqamlarda milli naqislik sindromumuzu yaddaşın künc-bucağına sıxışdırıb vicdanımızı sakitləşdirmək üçün verilən ritorik və eyni dərəcədə də cavabsız “Biz niyə beləyik?” - sualından başqa ağlımıza  bir şey gəlmir

 

***

 

Əlbəttə, Sadıq bəy Ağabəyzadənin Azərbaycanda tamamilə tanınmadığını iddia etmək həqiqətdən uzaq olardı. Onun adını hələ keçən əsrin 80-ci illərində eşitmişdim. Nizami adına Ədəbiyyat İnstitutunda birgə çalışdığımız Gülər xanım Abdullabəyova polyak-Azərbaycan ədəbi əlaqələrinə dair dissertasiyasında ilk dəfə Sadıq bəyin şəxsiyyəti və elmi irsi haqqında müəyyən məlumat vermişdi. Bütün çətinliklərə baxmayaraq hətta Polşaya elmi ezamiyyətə getmiş, Varşava və Krakov arxivlərində çalışmışdı. Amma axtarışlarının nəticələrini ümumiləşdirmədiyindən, ən əsası isə alimin tədqiq etdiyi problemlərin spesifikliyinə, dərinliyinə vara bilmədiyindən bu məlumatlar Akademiya divarlarından kənara çıxmamışdı.

 

Müstəqillik illərində vaxtı ilə sovet ideologiyasının basqı və qadağaları nəticəsində unutdurulan digər görkəmli insanlarımız kimi general-şərqşünas Sadıq bəy Ağabəyzadənin şəxsiyyət və  irsinə də bəlli maraq yaranmışdı. Uşaq yazıçısı kimi tanınan Əli Səmədov onun haqqında (yəqin ki, burada  həmyerlilik - göyçaylılıq motivi də bəlli rol oynamışdı!) “İki ömür yaşayan adam”  povestini yazmışdı. Həmin əsərin motivləri əsasında “Çinarlı şəhərin generalları” adlı sənədli televiziya filmi çəkilmişdi.

 

Əgər belə demək mümkünsə, Sadıq bəyin bəxti 2005-ci ildə daha çox gətirmişdi. Həmin ilin mart ayında Azərbaycan MEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda anadan olmasının 140 illiyi münasibəti ilə elmi sessiya keçirilmişdi. Noyabr ayında isə vəfatının 61 illiyi qeyd edilmişdi. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Kinemotoqrafçılar İttifaqı, Azərbaycan-Polşa Dostluq Cəmiyyətinin təşkilatçılığı, tanınmış alim, ictimai xadim, diplomat və ziyalıların iştirakı ilə baş tutan elmi sessiya və anım mərasimində Sadıq bəy Ağabəyzadənin adının yaşadılması, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra optimal təkliflər səsləndirilmişdi. Bunların sırasında Polis Akademiyasında Sadıq bəy Ağabəyzadə təqaüdün təsis edilməsi, paytaxtımızın küçələrindən birinə adının verilməsi, Cümhuriyyət dövründə Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulması, ev muzeyinin yaradılması və s. daxil idi.

 

Sizcə, kifayət qədər ciddi adamların irəli sürdükləri bu təkliflərin hansı reallığa çevrildi? Məncə heç biri! Milli mentalitetimizin ayrılmaz tərkib hissəsi olan boş hap-gop (Sabir demişkən “Çırmanırıq keçməyə çay gəlməmiş!”) və ani eyforiya, yaxud özünü göstərmək zəminində meydana çıxan həmin hap-gopun eyni asanlıqla unudulması (“Asta qaçıb dürtülürük xəlvətə!”-Sabir) Sadıq bəylə bağlı  konkret situasiyada da özünü doğrultdu. Təkliflərin həyata keçməsi bir yana qalsın, ötən il görkəmli alim və hərbçinin anadan olmasının 150 illik yubileyini bir qəzet məqaləsi, bir anım mərasimi ilə qeyd etmək də kimsənin yadına düşmədi.

 

İctimai-mədəni həyatımızdakı belə hallar dəfələrlə təkrarlandığından hələ yüz il əvvəl “Bizim yabılığımız” adlı dahiyanə pamfletində bu naqisliyin bütün anatomiyasını açıb ortaya qoyan böyük yazıçı və vətəndaş Əbdürrəhim bəy Haqverdiyevin ruhuna dua-sənalar etməkdən başqa bir yol qalmır...

 

***

 

Sadıq bəy Ağabəyzadənin necə general olduğunu söyləyə bilmərəm. Çünki hərbi fəaliyyətini araşdırmamışam. Amma tam əminəm ki, parket generalı deyildi. İmperiyanın ögey övladı və qeyri-xristian olmasına baxmayaraq ali hərbi rütbəni 45 yaşında almışdı. Həm də Türküstanın son dərəcə çətin, mürəkkəb şəraitində öz vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməklə!

 

Azsaylı mənbələr onun zabit şərəfini hər şeydən uca tutan, düzlüyü və prinsipiallığı ilə seçilən, xidmət keçdiyi hər yerdə dəmir nizam-intizam yaradan, heç vaxt haqqı nahaqqa verməyən bir hərbçi kimi dəyərləndirirlər. Əgər belə olmasaydı, 48 yaşında xəstəliyə görə ordudan tərxis olunmasına baxmayaraq Birinci Dünya müharibəsi başlayanda artilleriya generalı kimi könüllü şəkildə təzədən cəbhəyə qayıtmazdı. Əgər belə olmasaydı, Azərbaycan Cümhuriyyəti hökuməti ordu quruculuğu və müdafiə məsələləri qədər vacib bir sahəni – ölkədə asayişin təmin edilməsini, qayda-qanun yaradılmasını ona tapşırmazdı. Əgər ədalət və düzgünlük hissinə inam bəslənməsəydi, Parlament onu hərbi hissələrdəki vəziyyəti yoxlayan komissiyanın sədri təyin etməzdi.

 

1919-cu ilin yanvarında həmin komissiyanın rəhbəri kimi bir neçə nəfər Parlament üzvü ilə birlikdə Qarabağda olan Sadıq bəy Ağabəyov hökumətə təqdim etdiyi məruzəsində ordunun acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalmışdı. Onun yazdıqları sadəcə məmur hesabatı deyildi. Vətənini, vətəndaşını ürəkdən sevən nəcib bir insanın fəryadı, harayı idi. Yüz il əvvəl yazılmış həmin hesabatı indi də həyəcansız, ürək ağrısı keçirmədən oxumaq olmur:

 

“Qazax piyada alayının Əsgəranda yerləşən hissələri ilə tanışlıq məndə və Parlament üzvlərində son dərəcə ağır təəssürat yaratdı. Biz hissəyə axşam yoxlaması zamanı gəlib çatdıq. Əsgərlərdən bəziləri şinel əvəzinə, çox güman ki, evdən gətirdikləri köhnə, çirkli yorğanlara bürünmüşdülər. Bəziləri isə soyuqdan donmamaq üçün ciyinlərinə kisə, yaxud çuval salmışdılar. Bir nəfərin ayaqları tamam yalın idi. Bir sözlə, gördüklərimiz hamısı çox kədərli mənzərə yaradırdı. Əsgərlərin qışla kimi istifadə etdikləri yer yaşayış binasından daha çox it damını xatırladırdı. İçəri dəhşətli dərəcədə darısqal və çirkli idi. Binanın ortasında qalanmış ocağın tüstüsü adamın gözünü çıxarırdı. Ocaq təkcə qızınmaq yox, həm də içərini işıqlandırmaq üçün yandırılmışdı. Çünki lampa yox idi. Çarpayılar və yataq dəstləri də gözə dəymirdi. İki podpraporşikin yaşadığı zabit otağı da eyni vəziyyətdə idi - burada da lampa, çarpayı və yatacaq yox idi. Otaq zabitlərin öz pulları ilə aldıqları qara çıraqla işıqlandırılırdı”.

 

Eyni məlumatdan başqa bir yanğı dolu sitat:“...Xəstəxana yoxdur, müxtəlif kateqoriyalardan olan xəstələr eyni otaqda saxlanır, yoluxucu xəstəliklərə tutulanlar digərlərindən təcrid edilməyib. General Əfəndiyevin (adı çəkilən general Süleyman Əfəndiyev (1865-1919) özü də az sonra əsgərlərdən yoluxduğu yatalaq xəstəliyindən vəfat etmişdi – V.Q.) dediyinə görə, adamlar həftələrlə hamam üzü görmürlər. Ümumiyyətlə, Ağdamdakı hərbi hissələrin sanitar və gigiyenik vəziyyəti son dərəcə qeyri-qənaətbəxşdir” (ruscadan tərcümə mənimdir – V.Q.)

 

Araşdırmaçı - jurnalist Şəmistan Nəzirli hərb tarixində mühüm iz buraxmış Mehmandarov, Şıxlinski kimi generallarla müqayisədə Sadıq bəyi “güclü” general hesab etmir. Bu, müəllifin qənaətidir. Mübahisə etmək niyyətində deyiləm. Amma düşünürəm ki, hərbçinin, sərkərdənin gücü hansısa döyüş əməliyyatlarını uğurla başa vurmaqdan daha çox özünə, millətinə, dövlətinə inanan mətin, sağlam, cəsur əsgərlər, zəfərə aparan qüdrətli ordu yetişdirməkdən ibarətdir. Sadıq bəyin də bütün əndişəsi, həyəcanı Azərbaycan Cümhuriyyətinin belə bir orduya malik olması ilə bağlı idi. Yuxarıda bir hissəsini gətirdiyim hesabatdakı yanğı və ağrı dolu sətirlər də məhz bu hissin təsiri altında yazılmışdı.

 

***

 

Göyçayda, öz malikanəsində, təminatlı həyat yaşayan Sadıq bəy milli hökumətin ilk çağırışı ilə 1918-ci il oktyabrın 23-də Cümhuriyyətin daxili işlər nazirliyində müavin vəzifəsində işləmək kimi ağır yükü çiyinlərinə götürmüşdü. Bir ildən çox xüsusi təcrübə və səriştə tələb edən işin öhdəsindən bacarıqla gəlmişdi. Əslində bütün bu müddət ərzində general Sadıq bəy Ağabəyzadənin nazir vəzifəsini yerinə yetirdiyini, milli polis təşkilatının yaradılmasına bilavasitə rəhbərlik etdiyini söyləmək daha doğru olardı. Onun müavinliyi dövründə daxili işlər naziri vəzifəsində Behbud xan Cavanşir (16 iyun 1918 – 26 dekabr 1918), Xəlil bəy Xasməmmədov (26 dekabr 1918 – 16 iyun 1919) və Nəsib bəy Yusifbəyli (16 iyun 1919 - 22 dekabr 1919) çalışmışdılar. Azərbaycan Cümhuriyyəti parlament respublikası olduğundan hər üç nazir siyasi fəaliyyətə daha çox vaxt ayırırdı.  Üstəlik Nəsib bəy həm də baş nazir kimi hökumətə rəhbərlik edirdi. Belə şəraitdə aydın məsələdir ki, daxili işlər nazirliyinin təşkili və idarəçiliyi ilə bağlı bir çox işlər, habelə məsuliyyət yükü müavinin üzərinə düşürdü. Bu mənada qəribə görünsə də, nazirlə müavinin səlahiyyətləri eyni idi. Azərbaycan Cümhuriyyətinin vəzifə ierarxiyasında da çar Rusiyasındakı kimi, “müavin” anlayışı yox idi. Bizim qulağımızın öyrəndiyi “nazir müavini” o dövrdə “nazirin yoldaşı” (ruscası “tovariş ministra”) sayılırdı. Görünür, bu tarixi-linqvistik incəliyə bələd olmayan müəlliflərdən biri  1919-cu ilə aid sənədlərdəki “tovariş ministra Aqabekzade” ifadəsini “yoldaş nazir Ağabəyzadə” kimi tərcümə edib və Sadıq bəyin daxili işlər naziri vəzifəsini tutduğunu əsaslandırmağa çalışıb...

 

Onun yaxından iştirakı və rəhbərliyi ilə Azərbaycan polisinin statusunun müəyyənləşməsi, maddi bazasının yaradılması, maliyyə təminatının təşkili istiqamətində ilk və kifayət qədər ciddi addımlar atılmışdı. Bu  zaman müəyyən dəyişiklirlərlə mövcud Rusiya modeli əsas götürülmüşdü. Qısa müddət ərzində İçərişəhərdə “şəhər polisləri” (qorodovoylar) hazırlayan məktəbin əsası Cadıq bəy Ağabəyzadənin fəal iştirakı ilə qoyulmuşdu. Azərbaycan polisinin rütbə və dərəcə fərqlərini bildirən ilk uniforması hazırlanmışdı. Nəhayət, ölkənin hərbi müdaxilə təhdidi altında olduğu 1919-cu ilin ağır şəraitində də Sadıq bəy qətiyyətlə polisin siyasi proseslərə müdaxiləsinə qarşı çıxmışdı.

 

Yeri gəlmişkən, hələ daxili işlər nazirinin müavini təyin edilməmişdən əvvəl də general Ağabəyzadə Azərbaycan hökumətinin hərbi-diplomatik xarakterli bəzi tapşırıqlarını uğurla yerinə yetirmişdi. Bunların sırasında onun ABŞ prezidenti Vudro Vilsonun xüsusi nümayəndəsi kimi 1918-cu ilin avqustunda Qafqaza və Yaxın Şərqə göndərilən general Jeyms Harbordun (1866-1947) rəhbərliyi altındakı  missiyanı qarşılayaraq 4-10 oktyabr tarixlərində Azərbaycana səfər zamanı əvvəldən sona qədər müşaiyət etməsini göstərmək olar. Amerika hərbçisi 1931-ci ildə çapdan çıxan “Leaves From a War Deary” (“Müharibə gündəliyindən səhifələr”) kitabında Sadıq bəyi  həyatı boyu hərbçilər arasında çox az rast gəldiyi böyük zəkaya, dərin biliyə malik maraqlı şəxsiyyətlərdən biri kimi xatırlamışdı.         

 

***

 

Sadıq bəy Ağabəyzadə Azərbaycan Ñümhuriyyətinin süqutundan az əvvəl – 1920-ci ilin aprelində Bakını tərk edib Batuma getmişdi. Məqsədi müalicə üçün Avropaya, daha dəqiq desəm Almaniyaya yollanmaq idi. Yəqin ki, vətənində qalsaydı, onu da Masey Sulkeviç, Murad Girey Tlexas, Həmid Qaytabaşi, Həbib bəy Səlimov, Tərlan bəy Əliyarbəyov və digər  terror qurbanı olan həmkarlarının – Azərbaycan generallarının faciəli taleyi gözləyirdi. Artıq may ayının ortalarında qardaşları Rəhim bəy və Həzrət bəy Ağabəyovlar, habelə qardaşı oğlu Hüseyn bəy Ağabəyov (sonralar Azərbaycan Tibb İnstitutunun professoru, kafedra müdiri və dekan olmuşdu) “Müsavat hökumətinin” nazir müavinini gizlətmək, sonra isə xaricə qaçırmaq adı ilə həbs edilmişdilər. Əmlakları müsadirə olunmuşdu.

 

Yaranmış vəziyyətdə Sadıq bəyin Almaniyaya getməsi artıq mümkünsüz idi. Odur ki, İstambulda qalmaq, böyük təcrübəyə malik hərbçi, bu da baş tutmasa Şərq və Qərb dillərinə dərindən bələd olan mütəxəssis kimi yeni Türkiyəyə, türklüyə xidmət etmək qərarına gəlmişdi. Əmisi oğlu, əqidə dostu Əli bəy Hüseynzadənin yardımı ilə bilik və bacarığını ortaya qoyacaq bir iş tapmaq ümidində idi.

 

Həmin dövrdə Türkiyə Böyük Millət Məclisinin üzvü və Mustafa Kamal Paşanın – gələcək Atatürkün yaxın silahdaşı Əhməd Ağaoğlu yaxşı tanıdığı Sadıq bəyə bacardığı qədər kömək etməyə çalışmışdı. Lakin savaş və xarici müdaxilənin xarabazarlığa çevirdiyi keçmiş imperiyada bu o qədər də asan deyildi. Və Əhməd bəyin bütün cəhdlərinə, cəmiyyətdəki əlaqələrinə baxmayaraq nə isə etmək mümkün olmamışdı. O, səylərinin boşa çıxdığını təəssüf hissi ilə dostuna xəbər verərək 14 iyul 1923-cü il tarixli məktubunda yazırdı: “Əzizim Əli bəy! Sadıq Paşa və sairləri haqqında yazdığın təfsilat məni həm mütəəssir, həm də məhcub edir. Mütəəssir oluram, çünki həmşəhərlilərim olan bu zəvatın fəci vəziyyətlərinə laqeyd qalmaq mənim üçün əlbəttə ki, mümkün deyildir. Məhcub oluram, çünki bütün məsaimə (çalışmağıma) rəğmən müsbət bir nəticəyə vasil ola bilmirəm".

 

Digər məktubunda isə həm Əli bəyi, həm də Sadıq bəyi gələcəyə daha böyük ümidlə baxaraq səbr etməyə, gözləməyə çağırırdı: "Pək uzaq olmayan bir istiqbalda paşa üçün bir saheyi-fəaliyyət bulacağıma əmin ol. Zira artıq sülh əqd edildikdən sonra burada böyük bir fəaliyyəti-iqtisadiyyə başlayacaq və bir çox əcnəbi şirkətləri Sadıq Paşa səviyyəsindəki zəvata ərzi-ehtiyac eləyəcəklərdir. İştə o zaman onu yerləşdirmək imkanı hasil olacaqdır".

 

Lakin Sadıq bəy və xanımı Gülnar ailəsinin güzəranını çətinliklə təmin edən Əli bəy Hüseynzadəyə  yük olmaq istəmirdilər. Ona görə də Sorbonnadan alınan dəvət üzərinə 1924-cü ildə Parisə üz tutmuşdular. Burada Əlimərdan bəy Topçubaşov hələ Peterburqdakı tələbəlik dövründən yaxşı tanıdığı həmvətəninə bacardığı qədər maddi və mənəvi dəstək olmağa çalışmışdı. İki il Sorbonnanın Şərq dilləri məktəbində türk və ərəb dillərini tədris edən Sadıq bəy Ağabəyov xanımının ölümündən sonra Parisdə qala bilməmişdi. 1926-cı ilin dekabrında polyak şərqşünası, Lvovdakı Yan Kazimir Universiteti Şərq fakültəsinin  dekanı, professor Ziqmunt Smoqorjevskinin (1884-1931) dəvəti ilə Polşaya gəldi. Ziqmunt Smoqorjevski  Azərbaycan Cümhuriyyəti hökumətinin süqutuna şahid olmuşdu. O, tanınmış polyak diplomatı Titus Filippoviçin rəhbərlik etdiyi xüsusi Cənubi Qafqaz missiyasının tərkibində 1920-ci il aprelin 26-da Bakıya gəlmiş, bolşevik çevrilişindən sonra missiyanın digər üzvləri ilə birlikdə bir müddət Bayıl həbsxanasında saxlanmışdı. Bəlkə də azərbaycanlı həmkarına diqqət və həssaslıqla yanaşmasında bu amilin də müəyyən rolu vardı.

 

Hərb sənətini seçsə də, Sadıq bəyin şərqşünaslığa yolu kiçik yaşlarından, ailə mühitindən başlanmışdı. Göyçayda və Bakı real məktəbində təhsil aldığı illərdə ərəb, fars və türk (köhnə Osmanlı) dillərini mükəmməl öyrənmiş, Quranı dərindən mənimsəmişdi. İki hərbi məktəbdən (Konstantin Piyada məktəbi və Mixaylovski Artilleriya məktəbi) sonra 1899-cu ildə Rusiya Xarici İşlər Nazirliyi yanındakı Şərq Dilləri İnstitutunu bitirməsi onun elmi şərqşünaslığa gedən yolunu asanlaşdırmışdı. Üç klassik Şərq dili ilə üç geniş yayılmış Avropa dillərini (ingilis, fransız və alman) yaxşı bilməsi araşdırmalarını daha geniş miqyasa çıxarmağa, dünya şərqşünaslığının uğurlarından yararlanmağa imkan yaratmışdı.

 

Türküstanda hərbi xidmət keçdiyi illərdə Sadıq bəy Ağabəyov peşəkar türkoloq kimi türkmən dilinin qrammatikası ilə maraqlanmağa başlamışdı. Onun 1904-cü ildə çap edilən “Türkmən ləhcəsi dərsliyi (Axal-Təkə dialekti əsasında)” kitabı elmi dairələrdə böyük maraqla qarşılanmışdı. A.Samoyloviç, O.Semyonov və digər tanınmış rus türkoloqları əsərə yüksək qiymət vermişdilər. Müəllif qrammatik oçerklə bir sırada əlavələr bölməsində Zakaspi vilayəti türkmənləri arasından topladığı atalar sözləri və zərb məsəllərə də geniş yer ayırmışdı. Həmin dövrdə Rusiya imperiyasından vassal asılılığında olan Buxara əmirliyinin hökmdarı Əbdüləhəd xan bu tədqiqata görə Sadıq bəy Ağabəyovu dövlətinin ali mükafatı  - “Qızıl Buxara ulduzu” ordeni ilə təltif etmişdi. O, eyni zamanda “Gümüş Buxara ulduzu” ordeninə də layiq görülmüşdü. Tam təsdiqini tapmayan bəzi məlumatlara görə şərqşünas-general həm də “Özbək dili qrammatikası” kitabının müəllifidir.

 

1927-ci ilin fevralın Yan Kazimir universiteti fəlsəfə fakültəsinin Şərq dilləri mühazirəçisi kimi işə başlayandan sonra Sadıq bəy özünü bütünlüklə elmi və pedaqoji sahəyə həsr etmişdi. O, universitetdə və əsası 1817-ci ildə qoyulan, indi İqtisadiyyat və Ticarət Universuteti kimi fəaliyyət göstərən Lvov Xarici Ticarət Akademiyasında türk dili (müasir və köhnə Osmanlı), klassik və müasir fars dili, klassik və müasir ərəb dili, islamşünaslıq, islam paleoqrafiyası, kalliqrafiya və epiqrafika fənlərini tədris edirdi. Öyrətməklə bərabər özü də öyrənirdi. Həyatının Lvov dövründə polyak və Ukrayna dillərinə yiyələnmişdi.

 

Universitet nəşriyyatı 1931-ci ildə alimin “Türk dilinin qrammatikası”, 1932-ci ildə “Ərəb dili qrammatikası” (fonetika və morfologiya)   kitablarını çap etmişdi. Sonuncu əsər fransız ərəbşünası Oqyüst Perenin “Ərəb dilinin yeni qrammatikası” (Paris, 1928) əsəri əsasında hazırlanmışdı. Sadıq bəyin fars dili və ədəbiyyatı sahəsindəki tədqiqatları İranda da diqqəti çəkmişdi. İran şahı Rza Pəhləvi azərbaycanlı alimin iranşünaslıq sahəsindəki xidmətlərinə böyük önəm verərək onu 4-cü və 3-cü dərəcəli “Şiri-Xurşid” ordenləri ilə təltif etmişdi.

 

Sadıq bəy imkanı daxilində elmi azərbaycanşünaslıqla da yaxından məşğul olmağa çalışırdı. Polşanın məşhur Yaqellon universiteti (Krakov) karaim xaxamı (dini rəhbəri), görkəmli türkoloq-alim, həyatının 7 ilini Təbrizdə keçirən Hacı Sorəyya Şapşalın (1873-1961) “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatı nümunələri” kitabını çapa hazırlayanda məsləhət üçün ilk növbədə Sadıq bəy Ağabəyzadəyə üz tutmuşdu. Sonralar Polşa EA-nın həqiqi üzvü seçilən karaim əsilli polyak türkoloqu A.Zayonçovski (1903-1970) bu münasibətlə Şapşala göndərdiyi 4 aprel 1932-ci il tarixli məktubda yazırdı: “Sadıq bəyə gəldikdə isə  çox yerinə düşən məsləhətdir və belə bir fikrə düşdüyünüz üçün sizə təşəkkürümü bildirirəm. Əgər Sadıq bəy qurultaya (Polşa şərqşünaslarının 16-17 may 1932-ci ildə Vilnoda keçirilən II qurultayı nəzərdə tutulur – V.Q.) gəlsə, bu barədə onunla danışacağam”. Hazırlanmasında Sadıq bəyin də iştirak etdiyi “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatı nümunələri” məşhur Polşa türkoloqu professor T.Kovalskinin redaktorluğu ilə 1935-ci ildə Krakovda nəşr olunmuşdu.

 

Amma bir cəhət təəssüf doğurur ki, A.Zayonçkovskinin Hacı Sorəyya Şapşala məktublarını çap edən “Almanax Karaimski” məcmuəsi Sadıq bəy haqda dəqiq bilgilərə malik olmadığından onu Türküstan türkü kimi qələmə verir. Aydın məsələdir ki, bu almanax redaksiyasının günahından daha  çox bizim alim həmvətənimizi indiyə qədər  yetərincə tanıda bilməməyimizin nəticəsidir.

 

Ömrünün sonuna qədər inanclı müsəlman kimi yaşayan və islam dəyərlərinə böyk önəm verən Sadıq bəy Qurani-Kərimin mahir bilicisi idi. Müsəlmanların müqəddəs kitabının alman dilində hazırlanan, sonradan isə ruscaya çevrilən on cildlik tərcümə-şərhinə yazılan müqəddimədə “siyasi qaçqın həyatı yaşamış azərbaycanlı general Sadıq”ın xidmətlərindən minnətdarlıqla bəhs olunur.

 

İkinci Dünya müharibəsi yüz milyonlarla insan kimi Sadıq bəyin də həyatını kökündən, həm də faciəli səmtə dəyişmişdi. Faşistlər Lvovu işğal edənə qədər o, şəhərin mərkəzində, Pilsudski (indi Svoboda) küçəsindəki 8 saylı binanın 7-ci mənzilində kitabları, əlyazmaları ilə baş-başa yaşayırdı. Sevimli və daimi qonaqları tələbələri idi. Geniş, işıqlı mənzilə onlar öz doğma evlərinə gələn kimi gəlirdilər. Lakin faşistlər qoca, xəstə professorun belə rahat şəraitdə yaşamasına razı olmadılar. Mənzilə yüksək rütbəli alman zabitlərindən biri köçdü. 79 yaşlı Sadıq bəyi isə nəm, soyuq, qaranlıq yarımzirzəmiyə qovdular. Burada da tələbələrinin qayğısı ilə əhatə olunmasına baxmayaraq o, bütün həyatı boyu əziyyət çəkdiyi xəstəliklərə və ölümə müqavimət göstərə bilmədi...

 

1939-cu ildə Qırmızı Ordu Qərbi Ukraynanı SSRİ-nin tərkibinə daxil edəndən sonra çar generalı, Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini və polyak universitetinin professoru Sadıq bəy Ağabəyov də iradəsinin ziddinə sovet vətəndaşı olmuşdu. Yəqin ki, bundan  məmnunluq duymurdu. Amma ürəyinin dərinliklərində yeni ümid göyərmişdi: artıq eyni ölkədə yaşadıqları qardaşlarının günlərin birində yanına gələcəklərini gözləyirdi...

 

Vəsiyyətnaməsində də qardaşları gəlməsə siyahısı çox böyük olmayan əmlakını necə bölməyi müəyyən etmişdi. Əlində qalan kitab və əlyazmaları tələbəsi Tadeuş Leviskiyə çatmalı idi. Görkəmli ərəbşünas, Məqrib ölkələri tarixi və ədəbiyyatı üzrə tanınmış mütəxəssis, akademik Tadeuş Leviski 1992-ci ildə 86 yaşında dünyaya gözlərini yumdu. Burada da gecikdik... Bəlkə də onun arxivində aparılan axtarışlar Sadıq bəylə bağlı çoxlu yeni mətləbləri üzə çıxara bilər...

 

Yan Kazimir universitetində çalışdığı 17 il ərzində professor Sadıq bəy Ağabəyzadə tələbələri arasından Teofil Vladimirski, Marian Leviski, Omelyan Pritsak, Tadeuş Leviski, Frantsişek Mihalski kimi sonralar elm tarixinə adlarnı həkk edən görkəmli türkoloq, ərəbşünas və iranistlər yetişdirmişdi. Onun adı haqlı olaraq Lvov-Peterburq şərqşünaslıq məktəbinin yaradıcıları sırasında çəkilir. Şəkli digər görkəmli alimlərlə birlikdə universitet foyesini bəzəyir.

 

Lvov şəhər soveti azərbaycanlı alimin xatirəsini əbədiləşdirmək məqsədi ilə 1993-cü ildə küçələrdən birinə adını verib. Zalizniçni rayonunda, Lvov hava limanına yaxın ərazidə yerləşən Ağabəyzadə küçəsi Bakı küçəsi ilə kəsişir və qədim Ukrayna şəhərində özünəməxsus Azərbaycan aurası yaradır.

 

Bütün bu ehtiram və idilliya atmosferini pozan qanqaraldıcı məqam məşhur həmvətənimizin Liçakov qəbiristanlığındakı sahibsiz, qərib məzarıdır...       

 

***

 

Bələd olanlar bilir: Prezident Heydər Əliyev hökumət üzvlərini, tabeliyində  çalışanları nadir hallarda tərifləyirdi. Məni bir dəfə tərifləmişdi. Özünüreklam niyyətində deyiləm. Amma məsələ belə olmuşdu. 2001-ci ildə YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi (Komissiyaya sədrlik xarici işlər nazirinin səlahiyyətindədir), Azərbaycan mühacirətinin ilk tarixçisi və mahir bilicisi Ramiz Abutalıbov Paris ətrafındakı müsəlman məzarlığında dəfn edilən tanınmış mühacir həmvətənlərimizin qəbirlərinin son dərəcə bərbad vəziyyətdə, itib-batmaq təhlükəsi qarşısında olduğunu dedi. Fransaya növbəti səfərlərin birində paytaxt yaxınlığındakı kiçik Babinyo şəhərini ziyarət etdik. Azərbaycan Cümhuriyyətinin sənaye və ticarət naziri, fransız yazıçısı Baninin (Ümmülbanu) atası Mirzə Əsədullayevin, Hacı Zeynalabdin Tağıyevin qızı Leyla Tağıyevanın, onun neft milyonçusu Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevlə (Mirzənin kiçik qardaşı) nikahdan doğulan oğlu Nadirin yarıuçuq məzarlarını güclə tapdıq. Paris Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun yoxa çıxan məzar yerini qəbiristanlıq xəritəsinə əsasən müəyyən etdik. Sonra nazirliyin vəsaiti hesabına məzarların dördü də tam sahmana salındı, baş daşı  yazıları təzələndi. 2031-ci ilə qədər 30 illik icarə haqqı (Fransada məzar yerləri icarəyə götürülür və haqqı ödənilməsə başqaları tərəfindən alına bilər) ödənildi.

 

Bir təsadüf nəticəsində bu hadisədən xəbər tutan Prezident Heydər Əliyev çox razı qaldı. “Yaxşı iş görmüsən” – dedi. Sonra 1970-ci illərin ortalarında Əlimərdan bəy Topçubaşovun arxivini Fransadan gətirməyə çalışdığını, oğlu Ələkbər bəyi Azərbaycana dəvət etdiyini, hətta bütün bu işləri yoluna qoymaq məqsədi ilə Mərkəzi Komitənin katibi Həsən Həsənovu Fransaya göndərdiyini danışdı. Sonra özünəməxsus işıqlı təbəssümlə gülümsəyərək “İndi sən tarixlə bağlı məsələləri bir az bilirsən. Ona görə də düzgün qərar qəbul eləmisən. Dərd burasındadır ki, çoxlarının heç nədən xəbəri yoxdur” – dedi.

 

On beş il əvvəl baş vermiş hadisəni niyə xatırladım? Çünki diqqətəlayiq xidmətləri olan görkəmli şəxsiyyətlərə münasibətdə dövlətimizin mövqeyi əsla dəyişməyib. Üstəlik, imkanlarımız da artıb. İnanıram ki, Sadıq bəy Ağabəyzadənin fəaliyyəti və irsi ilə bağlılığı olan dövlət qurumlarından (məsələn, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Diaspor İşi üzrə Dövlət Komitəsi, Azərbaycan MEA, bəd ayaqda hətta Göyçay rayon icra hakimiyyəti) hər hansı biri onun məzarını abadlaşdırmaq, xatirəsini əbədiləşdirmək istiqamətində iş görsələr Prezident İlham Əliyevin də təqdir sözlərini eşidərlər.

 

Əslinə baxanda insanlıq, vətəndaşlıq və vəzifə borcu olan belə məsələlərin dövlət başçısı səviyyəsinə çıxarılmasına da lüzum yoxdur...

 

Doğrudur, Ukrayna Fransa deyil. Bu dost ölkədə həqiqətən çoxsaylı soydaşlarımız yaşayır. Onların arasında imkanlı adamlar da az deyil Amma görünür ki, indiyə qədər qabağa düşən, yol göstərən, təşviq edən olmayıb. Yoxsa yüz minlərin tarixə imzasını atmış bir nəfər ləyaqətli vətən oğluna sahib çıxa bilməməsinə başqa izah tapmaq mümkün deyil.

 

Qarşıdan isə qurucuları sırasında Sadıq bəy Ağabəyzadənin də yer aldığı  Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi gəlir. Hər bir azərbaycanlının həqiqi qürur qaynağı olacaq həmin tarixi günlərdə Lvovdakı məzarın yenə də dağınıq, sahibsiz  qalması bir millət və dövlət kimi bizə baş ucalığı gətirməz...

 

P.S. Bilmirəm, bizim ibrət götürməyimiz üçün bir nümunədir, yoxsa gerçəkliyin acı istehzası – Sadıq bəy Ağabəyzadənin məzarına aparan xiyabanın başlanğıcında  onunla oxşar tale yaşamış başqa görkəmli şəxsiyyətin – müstəqil Polşa dövləti  uğrunda mübarizənin öncül isimlərindən biri, 1831-ci il Varşava üsyanının iştirakçısı, şair və hərbçi Severin Qoşçinskinin (1801-1876) möhtəşəm qəbirüstü abidəsi ucalır.

 

Abidənin pyedestalında elə belə də yazılıb: “wieszcz i zolnierz polski” – yəni “polyak şair və əsgəri”. İndi özünüz müqayisə edin: bu polyakların  tarixi şəxsiyyətlərinə münasibəti, bu da bizim alim və generalımıza yanaşmamız!

 

Millət olmağın yolu qədirşünaslıqdan, öz tarixinə dərin məhəbbət və bələdlikdən keçir. Bunu yaddan çıxaranda bizim də millətlər içindəki imzamız Sadıq bəyin sahibsiz məzarı üzərindəki yazılar kimi oxunmaz hala gəlir.

 

Budapeşt, fevral 2016-cı il

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2016.- 23 fevral.- S.4;6.