Məlahətli səsin ünvanı
İbadət Ağayev 1967-ci ildə Qarabağın məşhur
mədəniyyət və
musiqi mərkəzlərindən
sayılan Ağcabədi
torpağında dünyaya
göz açıb. Onda hələ
uşaq yaşlarından
musiqiyə böyük
həvəs və maraq yaranıb.
Şaqraq səsə malik balaca İbadət bu səbəbdən də musiqi məktəbində təhsil
almaq qərarına gəlib. Lakin həmin uşaq musiqi məktəbində səs
şöbəsi olmadığı
üçün tar sinfində
oxumalı olub. Beləliklə o, burada gözəl
tar çalmağı öyrənib,
musiqi biliklərini mənimsəyib. Hətta
xalq çalğı
alətləri üzrə keçirilən
bir çox müsabiqələrə qatılıb,
oxuduğu musiqi məktəbini layiqincə
təmsil edib.
Müxtəlif dövrlərdə bir
sıra musiqi ixtisaslarına yiyələnən
istedadlı gənc Üzeyir Hacıbəyli adına Milli
Konservatoriyanın xalq
çalğı alətləri
şöbəsini də
müvəffəqiyyətlə bitirib.
İllər ötdükcə İ.Ağayev
muğam ifaçılığı
sənəti ilə daha yaxından məşğul olmağa
başlayıb, ona möhkəm tellərlə
bağlanıb, bölgədə
mahir xanəndə kimi tanınıb.
Xocavənd kənd uşaq musiqi məktəbinin direktoru vəzifəsində
çalışan ifaçı
öz uğurlu çıxışları ilə
muğamsevərlərin dərin
rəğbətini qazanıb. Onu tez-tez rayonda, eləcə də ətraf bölgələrdə toy məclislərində, bayram
və el şənliklərində,
cəbhə bölgələrində
təşkil olunan konsert tamaşalarında görmək olar.
Ağcabədi muğam ifaçılığı
məktəbinin yeni nəslinə mənsub olan xanəndə Azərbaycan xalq mahnılarını, muğamları,
həmçinin müəllif
əsərlərini məharətlə
ifa edir, dinləyicilərin zövqünü
oxşayır.
Təsadüfi deyil ki, İbadət
Ağayevin repertuarında
xüsusi yer tutan "Mirzəhüseyn
segahı", "Şahnaz",
"Şur", "Zabul"
dəsgahları, təsniflər,
"Qarabağ şikəstəsi",
"Mənsuriyyə" zərb-muğamı
mütəxəssislər tərəfindən
yüksək dəyərləndirilib.
Tanınmış xanəndə öz sənətinə daim tələbkarlıqla, məsuliyyətlə yanaşır. Ona görə də həmişə öyrənməyə can atır, repertuarını zənginləşdirir. O, bu məziyyətləri öz yetirmələrindən də tələb edir,muğamın sirlərini onlara dərindən öyrədir. Onun qənaətinə görə, ifaçılıq Allah vergisidir, hər hansı məktəb oxumaqla onu əldə etmək mümkün deyil. Su gərək quyunun dibində olsun. Azərbaycan muğamlarının gözəl və bənzərsiz olmasına baxmayaraq, çətinliyini və mürəkkəbliyini vurğulayan İ.Ağayev hər oxuyanın xanəndə hesab edilmədiyini, muğam ifaçısından xüsusi istedad və hünər tələb olunduğunu qeyd edir.
Son illər ölkəmizdə muğam ifaçılığına yüksək diqqət və qayğı göstərildiyini dilə gətirən İ.Ağayev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu sahədəki əvəzsiz xidmətlərinə görə təşəkkürünü və minnətdarlığını bildirib.
Qeyd olunub ki, belə bir dəstək və qayğı sayəsində hər il keçirilən respublika televiziya muğam müsabiqələri və digər mötəbər tədbirlər muğam ifaçılığı sənətinin respublikanın hər yerində, xüsusilə, bölgələrdə inkişaf etdirilməsində, gənc ifaçılar nəslinin yetişdirilməsində önəmli əhəmiyyət kəsb edir. Bunu Qarabağda, Ağcabədi rayonun timsalında aydın görmək olar. Görülmüş tədbirlər nəticəsində bölgədə yeni istedadlar üzə çıxarılıb, muğam ifaçılarının sayı xeyli çoxalıb. Bu işdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi xüsusi rol oynayıb.
İ.Ağayev söhbətinin sonunda rayonda ustad muğam ifaçıları Asif Xəlilov, İnqilab Quliyev, Nigar Qurbanova, Sahib Quliyevlə yanaşı, Anar Rasimoğlu, Əbülfət Məmmədov, Çinarə Ömərzadə, Bəhruz Valehoğlu kimi gənc xanəndələrin uğurlu çıxış etdiklərini də deyib.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2016.- 24 fevral.- S.4