Xocalının xanım qəhrəmanı
- Familə Novruzova
Familə
xanım danışdıqca
hiss edirsən ki, o, qeyri-adi, fədakar, qəribə bir insandı.
Kənd
yerində, necə deyərlər, yüz kişinin içində əli silahlı yeganə bir xanım qorxu bilmədən oda-alova atıb özünü...
Müəllim qız necə döyüşçü oldu...
Novruzova Familə Salman qızı 1957-ci ildə Bərdədə, Əmirli
kəndində doğulub
və orta məktəbi də burada bitirib. Sonra Gəncədə Pedaqoji məktəbdə ali təhsil alıb və "Bərdə" qəzetində
çalışıb. 1991-ci
ildə o, müəllim
kimi Xocalıya gedərək Qaladərəsi
ibtidai məktəbdə
sinif müəllimi kimi fəaliyyətə başlayıb. Familə xanım
çox keçmir ki, Xocalıda yaranmış Milli Ərazi Özünümüdafiə
taboruna yazılır.
O, ölümündən sonra
Milli Qəhrəman adına layiq
görülmüş Tofiq
Hüseynovun komandirlik
etdiyi taborda yeganə xanım əsgər olub.
Günlərin bir günü komandir T.Hüseynov əmr verir ki, Xocalı ərazisindən Xankəndi
istiqamətinə gedən
yolda erməni kəşfiyyatçısını görən olub, onu məhv etmək
lazımdır. Odur ki, Xocalının igid oğlu Bakir Hüseynov, Valeh Abbasov, Firuz Salman oğlu
ilə yeganə xanım döyüşçü
F.Novruzova Qaladərəsinə
tərəf səngəri
yoxlamağa gediblər.
Onlar Qaladərəsində bulağa
enib su içdikdən
sonra Bakir uzağı göstərən
aparatla ətrafı nəzərdən keçirərkən
birdən erməni kəşfiyyatçısını görür. Sonra onlar
hər biri həmin cihazla baxıb görürlər
ki, həqiqətən
də gələn erməni kəşfiyyatçısıdır.
Bundan sonra Bakir Familə
xanımın silahını
alıb əvəzində
ona öz beşatılanını verir
və tapşırır
ki, düşməni
o, öldürməlidir. F. Novruzova həyəcanlanır
və qeyri-ixtiyari dillənir ki, axı mən heç vaxt adam öldürməmişəm...
Bu vaxt Bakir gülümsəyərək ona
deyir, mənim bacım, bu adam deyil,
qanımızı içən
erməni faşistidi.
Bundan sonra Familə xanım ürəklənir və silahı sinəsinə sıxıb sərrast nişan alır.
Atəş açaraq
düşməni yerə
sərir və inana bilmir ki,
saqqallı erməni kəşfiyyatçısını o öldürdü...
Bozdağ
əməliyyatında
Sonra o, Bozdağ
əməliyyatında iştirak
edir. O əməliyyat ki,
Xocalı polisi və əsgərləri əsl igidlik nümayiş etdiriblər.
Bozdağ əməliyyatı çox uğurlu olub və düşmən
ağır itgiyə məruz qalıb. Familə xanım da sevinib
ki, bu uğurlu
əməliyyatda onun da xidməti olub. Bu döyüşdə
hətta o, ölümlə
üz-üzə qalıb.
Əgər döyüş
taktikası ilə yerini dəyişməsəydi,
yəqin ki, bu gün biz onunla belə görüşə bilməzdik...
1992-ci il yanvarın 25-dən 26-na keçən gecə Familə xanım döyüşçü dostlarına köməyə gedərkən Xocalı aeroportuna düşmənin atdığı mərmidən yaralanaraq yerə yıxılır və səhərə qədər qar üstündə kontuziya vəziyyətində qalır. Komandir sübh tezdən səngəri yoxlayıb qayıdan zaman aeroport yoluna üz tutur. Bir az getmiş yerə yıxılmış birini görüncə, əvvəl onu düşmən əsgəri hesab edir və erməni dilində ona ayağa qalxmağı əmr edir. Ancaq görəndə ki, ondan səs-səmir çıxmır, irəli gəlir və görür ki, bu, Familə xanımdır, O, F.Novruzovanı yerdən qaldırır və onun saçındakı laxta qanı əlləriylə qoparıb atır... Bu yerdə Familə xanım o anları sanki yenidən yaşayır və için-için hönkürməyə başlayır... Sonra onu vertolyotla Ağdama xəstəxanaya gətirirlər.
Bu dəfə Ağdam batalyonunda
O, bir az müalicə alıb yüngülləşəndən sonra Ağdamda Eldar Bağırovun özünümüdafiə dəstəsinə qoşulur. Naxçıvanik, Mərzili və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak edir. Deyirlər, sevgi heç nəyə baxmır, yəqin elə müharibəyə də... O, Asif Məhərrəmovun (Fred Asif) taborunda xidmət edən Cavad Mikayılov adlı kəşfiyyatçıya könül verir və onunla nişanlanır. Ancaq ona sevdiyi ilə ailə qurmaq qismət olmur. Çünki nişanlısı şəhid olur. Və o, nişan xonçasını sevdiyinin qəbri üstə qoymaqla sanki onun ailə qurmaqla bağlı bütün arzuları da beləcə şəhid olur...
Atəşkəsdən sonra
Atəşkəs elan ediləndən sonra o, Vətən Müharibəsi Veteranlar Birliyinin Xocalı rayon şöbəsini yaradır. F.Novruzova Müdafiə Nazirliyi istefada olan kiçik gizir və 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Masazırda tənha yaşayır. Familə xanım deyir ki, o, həmişə jurnalist olmaq istəyib. Odur ki, bu sahədə də Familə Fərmanlı kimi istedada sahibdi. Hazırda "Biz Xocalı əsgəriyik" adlı kitab üzərində çalışır.
...Amma bütün bunlarla yanaşı onu küskün gördüm. Həyatını, sağlamlığını, xoşbəxtliyini bizə qurban verən bu xanımı incidənləri heç, amma heç anlamadım...
Mina
RƏŞİD
525-ci qəzet.- 2016.- 25 fevral.- S.8.