Nurəngiz Günün "Xocalı
Simfoniyası": haqlı davamızın aynası
XX yüzilliyin 80-ci illərinin sonunda cəmiyyətimizdə
baş verən ictimai-siyasi proseslər, milli özünəqayıdış,
düşüncə özgürlüyündə yeniləşmə
bədii ədəbiyyata, poeziyaya da təsirsiz qalmadı.
Hər
bir təfəkkür sahibi, ziyalı, qələm əhli həyatın
bütün sahələrində olduğu kimi bədii ədəbiyyat
cəbhəsində də cəsarət, mətanət, qeyrət
nümayiş etdirir, açıq yazmağa, cəmiyyətə
haqqı nişan verməyə təşəbbüs
göstərirdi.
Dövrün
poeziyasında Qarabağ harayı, şəhidlik,
qaçqınlıq, didərginlik, düşmənə nifrət,
dövlət suverenliyinin müdafiəsinə
çağırış hissi, vətənə olan yüksək
ülvi məhəbbət öz təcəssümünü
tapır, şeir zamanın ağır ideloji yükünü
lirikanın zərif çiyinlərinə qaldırmaqdan
çəkinmirdi.Torpaq itkisi, vətən uğrunda şəhid
olan oğul və qızlarımızın ağır, məşəqqətli,
dözülməz kədəri poetik düşüncələrə
yol açan, onu mənalandıran və qeyri-adi lirik lövhələrin
yaranmasına rəvac verən səbəblərin
sırasında idi. Qarabağ mövzusunda Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri,
Qabil, Zəlimxan Yaqub, Cabir Novruz, Nüsrət Kəsəmənli,
Nurəngiz Gün, Məmməd Aslan, Ənvər Əhməd,
Ələmdar Quluzadə və başqa şairlərin
yazdıqları əsərlər, istisnasız demək olar
ki, dövrün, mühitin barıt qoxulu əhval-ruhiyyəsini
ruhunda, qanında yaşadan uzunömürlü, dəyərli
bədii nümunələrdir.
Qarabağ müharibəsinin insan taleyində əks
olunan sızıltısını, göynəyini
yaradıcılığında həssaslıqla,
duyğusallıqla əks etdirən, sevilən, seçilən,
istedadlı şairələrimizdən biri də Nurəngiz
Gündür.
O iki
müharibə dövründə yaşamış, faciənin
gətirdiyi fəlakətləri canlı müşahidə
etmiş, qəlbini, ruhunu təlatümə gətirən hiss
və duyğuları pıçıltı ilə ağ kağıza
köçürmüşdür. Nurəngiz Gün
"Ağ qanadlar", "Günəşə dua",
"Tanrı bəşər övladıdır", "Yol
gedirəm", "Xocalı simfoniyası",
"Qalanlara" və s. kimi şeirlər kitabları ilə
ədəbiyyat tariximizdə silinməz iz qoyan poeziya örnəkləri
yaratmışdır. Vətən, Torpaq, İnsan, Cənub
mövzusu,Müharibələr və
xüsusilə Qarabağ savaşı şairənin
yaradıcılığından qırmızı bir xətlə
keçmişdir.
Nurəngiz
xanım "Vətən", "Yol uzunu arzular", "Qoca
qartal","Vətən, məslək, düşüncələr","Ölən
günü doğulan, doğulan gün ölən
kişi","Torpaqdan tutub qalxdıq","Ürəyimi
eşit dünya", "Ərk qalasına","Hərrac
olmalı bu tələ", "Kərəm ol sən, o
gözəlin Allahı" və s. şeirlərində,
"Salamat ol, ağca yol", "Xocalı simfoniyası"
poemalarında vətənpərvərlik, məğrurluq, əyilməzlik
ehtivaedən kişi qeyrətli bədii obrazlar yaratmaqla bərabər,
90-cı illər poeziyasına həm də yalnız
özünəməxsus, orijinal, heç kimi təkrarlamayan
bir üslubla, fikrin bənzərsiz ifadə tərzi ilə
kövrəklik, zəriflik, duyğusallıq gətirmişdir.
Müharibə poeziyasında şairəni bir
ana, bir qadın kimi ən çox narahat edən cəhət
körpələrimizin, uşaqlarımızın göz
yaşları, mərhumiyyətləri, valideynlərini
vaxtsız itirmələri, ac, kimsəsiz qalaraq qurbana
çevrilmələri olub. Şairə "Kərəm ol sən, o
gözəlin Allahı" şeirində ana bətnində
körpələrimizin ermənilər tərəfindən vəhşicəsinə
öldürülməsindən bəhs edir. Bir-birini
görüb tanımayan ana və balanı bir-biri ilə
şairə tanış edir. N.Gün bu şeirilə dünyada mənfur erməni
qaniçənlərinin xislətini əks etdirir.
Kim
öldürdü körpə səni,
Doğulmayan əllərini?
Kim öldürdü gözlərini?
Kipriklərin
uzundumu,
Tellərin
nə rəngindəydi,
Qaramı, qızılıydımı?
- deyə, insanlığa qarşı törədilən
ağır, ürəkdağlayan cinayəti bədii
sualların, poetik ifadələrin təsir gücü ilə
oxucuya ünvanlayır, erməni vəhşiliyinin dəhşətlərini
poeziyaya gətirir. Doğulmadan, ana bətnində
erməni gülləsinə tuş gələnkörpənin
və ananın faciəsi əslində bütün bəşəriyyətin
faciəsidir.Qan içində olan körpə barmaqların
ana döşü aramağa macal tapmaması, ana sinəsində
gəzə bilməməsi dünyada ən ağır mənzərə,
sətirlərə sığmayan, sözlə ifadəsi
mümkün olmayan müsibətdir.
Barmaqların qan içində.
Cuqqanacıq
o barmaqlar
Ana
döşü aramadı,
Titrəmədi
sinəsində
Ana qoxusu
dadmadın,
qızınmadın istisinə.
Bu kədərli duyğular silsiləsi şairənin
"Xocali simfoniyası" adlı poemasında da davam
etdirilir."Xocalı simfoniyası" əsəri
Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr
edilən ən dəyərli, ən sanballı poeziya çələngidir. Dünyaya ucalan
haqq səsidir, Xocalı soyqırımının
qurbanlarına ucaldılan möhtəşəm sənət
abidəsidir.
Əsər, "İlahi! Sən onlara rahatlıq ver!.." nidası ilə başlayır. Tənqidçi
Vaqif Yusifli çox haqlı olaraq N.Günün şeirlərini
oxunmuş bir duaya bənzədir.Şairəyə görə
torpaq altındakı dip-diri ölülərə ancaq
rahatlıq gərəkdir.Onların ruhları nə qədər
rahatsızdır, əzgindir, yaralıdır, onlar ölməyiblər,
daha doğrusu ölə bilməyiblər.Bu insanlar təhqir
olunublar.Dünyaya gəlməyən körpələr
analarının bətnində süngüyə
keçiriliblər, balaca uşaqlar qəddarlıqla
öldürülüblər,ixtiyar qocaların başları
kəsilib, gözləri çıxarılıb, qadınlar
diri-diri yandırılıblar.Amma bu insanlar ölə bilməyiblər.Əsərdə
güclü bir obraz diqqəti özünə çəkir.Törədilən
qətliamı, yaşanan faciəni dünyaya çatdırmaq
ücün haqq səsini ucaldan Qadın-Ana-Şairə
obrazı. Cəsarətli, məğrur, müdrik Azərbaycan
qadını! Bu qadın axıdılan günahsız qanlara
görə ittiham etməyi bacaran, erməni xislətinə
yaxşı bələd olan şairənin- Nurəngiz Günün
özüdür. Bu xüsusiyyət
də əsərin təbii, dolğun olmasına müsbət
təsir göstərən amildir.Müəllifin, rüzgarla
söhbəti əsərin təsir gücünü
artırır, şairənin gəldiyi qənaəti
aydınlaşdırır, açmaq istədiyi hadisələrin
çözümünə şərait yaradır.
Əsərdə müəllif hər mənada rüzgardan
güclüdür və onun görmədiyi, görə bilmədiyi
hadisələri təhlil edir, erməni vəhşiliyini
dünyaya çatdırır:
Yox,
Rüzgar!
O cürə
əsmə sən!
Torpaqda-
Torpağın
altında
Dipdiri
ölülər var!
Diksinə
bilər Onlar-
Alt-üst
etmə torpağı,
Onlar onsuz
da yazıq!
Tələf
olubdur, onlar!
Müəllif
rüzgardan torpaq altındakı dip-diri insanların səslərini,
fəryadlarını eşidib, eşitmədiyini xəbər
alır.Şairə qəti əmindir ki, nə rüzgar, nə
də başqaları bu günahsız insanların səsini,"hamı
eşitsin deyə oxuduqları Əsrin Simfoniyasını
-Ölülər Himnini" eşitməyib.Amma eşitməlidi
dünya günün, zamanın, əsrin Xocalı fəryadını -
şəhid nalələrinin simfoniyasını.Əgər
eşidə bilsəydilər bu faciələr
yaşanmazdı.Elə əsərin əsas ideyası da budur.
Şairə buna nail ola bilir.
Hə
Rüzgar! Amma mən, eşidə bilirəm!
Səslərin
ən mükəmməli olan
Əsrin Simfoniyasını? - Ölülər himnini!
Bəli, əsərin ana xəttini heç kəsin
eşitmədiyi, eşidə bilmədiyi və ya eşitmək
istəmədiyi bu dip-diri ölülərin, əslində elə
müəllifin özünün haqq arayan fəryadı təşkil
edir.
Əsərin fərqli xüsusiyyətlərindən biri
də müəllifin hadisələri torpağın
üstündə deyil altında, dünyanın bu
üzündə deyil, o biri üzündə baş verməsini
əks etdirməsidir. Torpağın altında ölə bilməyən
insanlar, xüsusilə körpələr, onların torpaq
altında havasız, anasız zarıltıları,
inqaları, ən əsas isə əmmək istədikləri
ana döşü...
Cocuqlar
bir təhər ovunar
Havasız...
nəşəsiz...
Torpağın
altında...
...Ancaq
ki, ana məməsi istəyir körpələr,
Torpağın
altında!
Heç
bir şey anlamır inqalar!...
İnqalar
ana döşü əvəzinə
İndicə
torpağı əməcəklər!..
Torpağın
altında ah, nalə var. Şairə o ahın şəklini
çəkmək istəyir.Belə baxış, fərqli
yanaşma Azərbaycan poeziyasında tamamilə
yenidir.Əslində faciələrdən,
soyqırımlarından, qətliamlardan çox
yazılıb.Amma faciənin, ahın, nalənin şəklini
çəkmək, dip-diri ölülərin səsini
eşitmək, onların həyatlarını yaşamadan
torpağa gömülməsinin faciəsini duymaq və
yaşamaq poeziyada yalnız Nurəngiz Günə məxsusdur.
Şairə ana bətnində qətlə yetirilmiş
günahsız körpələrin ah-naləsinin şəklini
bəlkə də ona görə çəkmək istəyir
ki, bu faciəni "sənədləşdirsin",
dünyada haqqı, ədaləti görmək istəməyənlərə,
ermənilərin şər və böhtan piarının təsiri
altına düşənlərə göstərsin, Xocalı
həqiqətini daha çox insanlara çatdırmaqla cinayətkarların
layiq olduqları cəzanı almağı sürətləndirsin.
Və
varındısa - sən Allah, ey Rüzgar, fırça gətir!
Mən bu
qlobal Ahın şəklini çəkərəm!
Çəkə
bilərəm onu -
Bəşəriyyət
önündəki
Zülmün
nəhəng Pannosunu!
Əslində
şairə istəyinə nail olub, Xocalı faciəsinin dəhşətlərini
fırça ilə olmasa da, sözlə, düşüncə
ilə daha təsirli çəkib! Canavar iştahlı
müharibə yırtıcıları "Xocalı
simfoniyası"nda diri ölülərin, ana bətnində
güllələdikləri körpələrin naləsini, fəryadını
eşidib heç olmasa bir anlıq qanlı niyyətlərindən
əl çəkəcəklərmi, lövhədə öz
mənfur obrazlarını görüb heç olmasa bir qətrə
xəcalət təri tökəcəklərmi? Təəssüf
ki, inanmaq ehtimalı çox aşağıdır!
Əsərdə cinayətləri ittiham edən baş qəhrəman
müəllif - Nurəngiz Günün özüdür. O erməni vəhşiliyi,
onların mənfur xisləti haqqında danılmaz bədii həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq istəyi ilə
göylərə ucalır. Xocalıya müraciət
edərək onun halı, durumu ilə maraqlanan müəllif
özü də bu suala cavab verir. Erməniləri
"tarixi dilənçi, bəd qonşu" adlandıran
müəllifin aşağıdakı misralarında
sıxıntısı və acı ironiyası
duyulmaqdadır:
- Xocam!.. Məğlubum!.. Necəsən?
Yoxsa
dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd qonşu? -
Dramatik
"Yazıq erməni" ilə
Məşhur Qırmızı Qospodin? -
O! Qospodi!
Nə nazik əndişədə olmuşdur
Köhnə Sovet humanisti? -
Moto-atıcı
daşıyan
Kütləvi qırğın maşını? -
"Möhtəşəm"bir
alay!!!
Nurəngiz
xanım az işlənən, şeirə
gətirilməsi çətin olan sözləri şeirin nərmə-nazik
sapına düzməkdə ustadır, səliqəli və cəsarətlidir.
Əgər 80-ci illər
yaradıcılığında itirilmiş və itirilməkdə
olan zəngin arxaizmlərdən məharətdə istifadə
edirdisə, 90-cı illərdə yaratdığı bədii
nümunələrdə həmin illərdə az-az izlənən,
şeirdə nadir işlədilən ifadələrdən daha
çox istifadə edirdi. Məsələn şair,
poemada qospodi, əndişə, moto-atıcı və s. ifadələrdən
çox məharətlə istifadə edərək, şeirdə
eşitməyə alışmadığımız bu ifadələrlə
şeirin ahəngdarlığını heç də
pozmamış, əksinə ideyanın bədii şəklini
daha da gücləndirmişdir. Nurəngiz Günün poeziyasının
dili barədə Səlim Babullaoğlu məqalələrinin
birində yazır: "Nurəngiz Günün lüğət
ehtiyatında çoxlu itirilmiş və itirilməkdə olan
arxaizmlər,keçmə sözlər var
ki,bu məndə müəllifin həmin sözlərdən
daha çox,o sözləri öyrəndiyi,oxuduğu,eşitdiyi
itirilmiş gözəl (!) zamana olan xiffəti
kimi göründü. İnsan ömrü
yalnız keçmiş zamandadır.Bunu anlayırsa,
anladığını üslub halına gətirirsə, o
daha çox insan (şair, yazıçı) olaraq qala
bilir".
Əsərin sonunda şairənin etirazı daha sərt
və amansızdır.Üzünü təbiətə,
rüzgara tutub sorğu-sual edir.
Cavab tapa bilməyəndə Məryəm anaya üz
tutur.Məryəm anaya müracət edərək söylədiyi
fikir əsərin təsir gücünü daha da
artırır.
İstinad olunan nümunədə müəllif
böyük ustalıqla dünyaya hayqırmaq istədiklərini
bir qədər də publisistik üslubda ifadə etmişdir.
Bəlkə
sən cavab verəsən,
Nədir
bu?Nə demək "Xof və
İnsan"? -
Hardan axır axı kilsə zəngləri?
Zor edir,
zorunluqla soxulur
Müsəlman obasına.
Sizlərdə beləmi zorakıdır Kəlisa? -
Allahın müqəddəs evləri? -
Yəqin
elə onunçün də özünüz öz əlinizlə
Mıxladınız çaharı - mıx gözəlim
İsanı.
O! Mariya!
Gözəl Ana! Belə isə,
Faydasızdır sizlərdən etina gözləmək...
Müəllifin yazı üslubu ilə bərabər öz şeirlərini özünün ifa tərzinə də toxunmaq istəyirəm. "Xocalı simfoniyası"nı müəllifin ifasında dinləmişəm. O şeirini elə bir duyğu, yanğı, ahəng ilə oxuyurdu ki, elə bil dünya ermənizminə meydan oxuyurdu... Poemanın sonuna doğru şairə ermənilərə dəstək olan, mənfurlara yardım göstərənlərə üz tutub "Heç girirmi yuxunuza lal baxan ləpirlər, xərək-xərək ölülər" - deyə bu faciənin "dünya kələkbazları, ürəksiz məliklər" adlandırdığı günahkarlarını ittiham edir:
Əl
çəkin! Qırın hərbin belini!
Dağıdın
təbilini siz onun!
Doğrayın
müharibə sözünü,
Siliniz
lüğətlərdən!...
İnsanı
düşünün! Ürəksiz Məliklər!
Dünya
kələkbazları!
Dü-şü-nün!!!
Düşünməyə
çox dəyər!!!
Və əsərin
ən sonunda müəllif yenidən o müqəddəs duaya
üz tutur: "İlahi! Sən Onlara
rahatlıq ver..." ifadəsiylə başladığı
poemanı "İlahi! Sən Onları rahat et... Səma nəğmələri
göndər" duası ilə tamamlayır.Çünki
torpaq altındakı dip-diri ölülərin tezliklə
rahatlıq tapa bilməyəcəklərini bilən müəllif,
İlahidən günahsız insanları rahat etməsi
üçün kömək diləyir.
N.Günün "Xocalı simfoniyası" zamanın
həyəcan simfoniyası, tarixin poetik abidəsidir. Erməni qəddarlığını,
vəhşiliyini, qaniçənliyini, rəhmsizliyini, nanəcibliyini,
hiyləgərliyini, xəyanətini, cinayətini...
unutmağa qoymayan abidə!
Mərziyyə NƏCƏFOVA
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet.-
2016.- 25 fevral.- S.7.