Xocalı soyqırımı təsviri sənətdə
Xalqımız tarixən, müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən
təcavüzə məruz
qalıb, əzəli
dədə-baba torpaqlarında
incidilib, didərgin salınıb, deportasiyalarla
üzləşib.
Azərbaycanın tarixi torpaqları bu təcavüzlər nəticəsində kiçildilərək
xalqımıza divan tutulub,
yüz minlərlə
dinc soydaşımız
amansız üsullarla
qətlə yetirilib.
1905-1906, 1918, 1948, 1988-1993-cü illərdə
Azərbaycan xalqına
və Azərbaycan dövlətinə qarşı
amansızlıqla, məqsədli
şəkildə ərazi
iddiaları, etnik təmizləmə siyasəti
aparılıb. XX əsrin
əvvəllərində - 1918-ci ilin 31 martında xalqımıza qarşı
soyqırım həyata
keçirilib, Azərbaycanın
müxtəlif bölgələrində
insanlar vəhşicəsinə
qətlə yetirilib.
Bu tarixi düşmənçilik
və xalqımıza
qarşı nifrət
hissləri XX əsrin
sonlarında Xocalı
soyqırımı (26 fevral
1992-ci il) nəticəsində
özünün son həddini
tam çılpaqlığı ilə göstərib, beynəlxalq cinayət aktı kimi tarixə
düşüb.
Bu talançılıq və
qəsbkarlıq mövqeyi,
cəllad erməni şovinistlərinin insanlıqdan
uzaq əməlləri
hələ əsrin əvvəllərində yaşayıb-yaratmış
Azərbaycanın yazıçı
ziyalıları Məmməd
Səid Ordubadinin
(1872-1950), "Qanlı illər"
və Mir Möhsün
Nəvvabın (1833-1918)
"1905-1906-cı illərdə erməni - müsəlman davası"
adlı əsərlərində
əsl gerçək
mahiyyəti ilə qələmə alınıb.
Əsrin
əvvəllərində erməni
vandalları havadarlarının
köməkliyi ilə
Azərbaycanın əzəli
torpaqlarında qırğınlar
törədir, insanları
qətlə yetirir, öz doğma torpaqlarından didərgin
düşməyə vadar
edirdilər. O zamanlar bunu Azərbaycan
professional rəssamlıq sənətinin
banilərindən olan
Bəhruz Kəngərli
(1892-1922) öz yaradıcılığında
geniş və təsirli şəkildə
təcəssüm etdirə
bilib. Qeyd etmək olar
ki, B.Kəngərli yaradıcılığında qaçqınlar mövzusu
xüsusi yer tutur.
Rəssam yüksək vətəndaşlıq
duyğusu və ağrısı ilə doğma el-obalarından didərgin düşmüş
uşaqların və
qadınların yaddaqalan
və sarsıdıcı
şəkildə silsilə
portretlərini yaradıb.
1920-21-ci illərdə "Gənc qızın portreti", "Xanım adlı qaçqının
portreti", "İki
qaçqın qız",
"Qaçqın qadın",
"Ayaqyalın qadın",
"İki qadın fiquru", "Oturmuş qaçqın oğlan",
"Qaçqın İmran"
və başqa portret əsərlərlə
rəssam bir daha erməni xislətinin və erməni vəhşiliklərinin
ürək dağlayan
səhnələrini təsvir
edə bilib. Rəssam portretlərini yaratmış
şəxslərə qida,
geyim verib, hətta onlara müəyyən miqdarda maddi köməklik göstərib. Təəssüflər olsun ki, bu
əsərlərə sovetlər
dövründə mütəxəssislər
tərəfindən düzgün
qiymət verilməyib.
Əgər əsrin əvvəllərində
baş vermiş hadisələrdən düzgün
nəticə çıxarılsa
idi bəlkə də, əsrin sonlarında Xocalı faciəsi, dəhşətli
Xocalı soyqırımı
olmazdı.
Xocalı
faciəsində vəhşicəsinə
və amansızlıqla
qətlə yetirilmiş
uşaq, qadın, qocaların, həmçinin
məhv edilmiş tarixi Xocalı şəhərinin, tarixi və maddi mədəniyyət
abidələrinin təsirli
səhnələri Azərbaycan
təsviri sənətində
və Azərbaycan rəssamlarının yaradıcılığında
xüsusi bir səhifə təşkil
edib.
Qeyd etmək
olar ki, tarixi Xocalı faciəsinin fəryadı,
acı səhnələri
və dəhşətli
mənzərəsi bir
çox rəssam, qrafik və heykəltəraşların yaradıcılığında
tam əyaniliyi və yaddaqalanlığı ilə
özünün bədii
əksini tapıb.
Azərbaycan Milli İncəsənət
Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan rəssamlarının
Xocalı faciəsinin,
Xocalı soyqırımının
qurbanlarına həsr
olunmuş bir çox əsərləri
saxlanılır.
Bunlara misal olaraq Xalq rəssamı Mais Ağabəyovun (1941) "Xocalı faciəsi", əməkdar rəssamlar Bəyim Hacızadənin (1927) "Xocalı", "Ömrünün axırıncı dəqiqəsi", Fərman Qulamovun (1945) "Azadlığa doğru", "Xeyir və Şər", Rafael Muradovun (1943) "Qaçqınlar", Həmzə Abdullayevin (1946) "Yandırılmış Vətən. Qaçqınlar", "Xocalı. Güllələnmiş insanlar", Rza Avşarovun (1949) "Xocalı faciəsi", Sirus Mirzəzadənin "Xocalı", istedadlı rəssamlar Nazim Məmmədovun (1934-2004) "Vətənpərvər qız", "Xocalının son günü", Məmməd Orucovun "Xocalı qaçqınları", Eldar Babazadənin "Axırıncı döyüşçü", "Ana fəryadı", Arif Hüseynovun "Xocalı", heykəltəraşlardan Xalq rəssamı Xanlar Əhmədovun (1946) "Ana körpəsi ilə", "Qoca", "Torpaqlarımız uğrunda", istedadlı heykəltəraşlar Sahib Quliyevin (1954) "Soyqırım", Zakir Əhmədovun (1955) "Çingiz Mustafayev", Nəriman Məmmədovun (1956) "Qarabağ süitası", Məmməd Rəşidovun (1981) "Haray" və başqa əsərlərin adlarını qeyd etmək olar.
Müəllifi heykəltəraşlar Aslan, Teymur və Mahmud Rüstəmovlar olan Xocalı abidəsi paytaxt Bakı şəhərində yerləşən və Xocalı soyqırımına həsr edilmiş ən yaddaqalan abidələrdən biridir. Həmçinin bir çox ölkələrdə Xocalı soyqırımına həsr edilmiş abidələr ucaldılıb.
Yuxarıda adları sadalanan rəssamların Xocalı soyqırımına həsr edilmiş əsərlərinin hər birinin yüksək bədii əhəmiyyətlilik dərəcəsi ilə yanaşı, həm də bu əsərlər dərin humanizm, güclü vətəndaşlıq duyğuları, acı sarsıdıcı kədər, hüzn, iztirab və dramatik əhvali-ruhiyyə ilə doludur. Bu əsərlərə tamaşa edərkən əsrin utancverici Xocalı soyqırımının qurbanlarının faciəsini hiss etməmək və onların acılarını duymamaq mümkünsüzdür.
Hər il bu tarix nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox sülhsevər, sivil şəhərlərində qeyd olunur. Xocalı faciəsi insanlıq tarixində ən dəhşətli faciələrdən və qətliam hadisələrindən biri kimi artıq bir çox dünya ölkələri tərəfindən tanınmışdır. Bakı şəhərində Xocalı soyqırımına həsr edilimiş abidə ölkəmizin hər bir vətəndaşının üz tutduğu, Xocalı soyqırımı qurbanlarının ruhlarına ehtiram göstərdikləri and yeridir. Hər il bu abidəni Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla bütün dövlət və hökumət nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri və paytaxt sakinləri böyük izdihamla yad edir, şəhid olmuş xalqımızın nümayəndələrinə öz sayqı və ehtiramlarını bildirirlər.
Əsəd
QULİYEV
Sənətşünas,
Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi
525-ci qəzet.- 2016.- 25 fevral.- S.6.