Ağdamın fevral
günləri
Fevral qısamüddətli
günləriylə yaddaşımızda
qalsa da, bu ayda kiçik
çiləni yola salıb boz aya doğru gedirik. Təbiətin bu hadisəsi
fevralı öz təlatümüylə hamının
diqqətində saxlayır.
Lakin bizlər üçün
fevral ayı daha çox təbiət hadisələriylə
deyil, başlanğıcını
Qarabağda götürən
ağrılı-acılı hadisələrin,
faciələrin
başlandığı ay kimi qalır. Bu ayda nə
qədər çalışsaqda
üzümüzü güldürə
bilmirik. Fevralda həm də erməni silahlıları
tərəfindən Xocalı
qətliamı törədilib.
lll
Hər dəfə yolum Ağdamdan düşəndə
Quzanlı kəndindəki evimizə
getməmiş
yolüstü qəsəbəyə
çevrilən kəndimdə
diqqətimi çəkən
yerlərə baş çəkir, yeniliklərlə tanış oluram. İşğal altında olan
torpaqlarımıza qayıdacağımıza
bir daha inanmaq üçün bu dəfədə belə etdim. İş varsa, hərəkət varsa, inkişaf varsa demək inamımız
da var.
İlk diqqətimi çəkən
isə ərazidə quruculuq işlərinə
ara verilməməsiydi.
Sanki dünyanı lərzəyə salan iqtisadi böhran Ağdam rayonundan yan keçmişdi.
Soltanbud təpəsində "Bayraq"
muzeyinin inşasına
başlanılması, təpədə
və ətraf ərazilərdə ağac
əkilməsinin davam
etdirilməsi nəzərimdən
qaçmadı.
300 kvadratmetrlik ərazidə inşa edilən "Bayraq" muzeyində Qarabağ xanlığına,
habelə ondan da əvvəl ərazilərdə formalaşan
Azərbaycan dövlətlərinə
aid bayraq nümunələrinin sərgilənməsiylə,
bu torpaqların zəngin tarixi gənc və yeniyetmələrə tanış ediləcək, əyani olaraq faktlarla təbliğ olunacaq.
Kəndin mərkəzində isə
ayrı bir atmosfer hökm sürürdü. Darısqal, cansıxıcı bir meydandan əsər-əlamət
qalmamışdı. Yaşıllığa
bürünmüş ətrafda
onlarca "Eldar şamı" və
"Xan çinarın"
əkildiyi mərkəzi
meydanda müasir memarlıq üslubunda inşa edilən Heydər Əliyev Mərkəzi əzəmətiylə
diqqəti çəkir.
Quruculuq
işlərinin həyata
keçirilməsiylə tanış olanda təsadüfən Ağdam
Rayon İcra
Hakimiyyətinin başçısı
Raqub Məmmədovla görüşdüm. Bazar
günü istirahət
günü olsa da, rayon rəhbəri iş başındaydı.
İnşaatçılara mərkəzi meydanda
görüləcək işlər
barəsində təklif
və tövsiyələrini
verirdi.
Beləliklə, tanış olduğum əraziləri icra başçısıyla
bir daha gəzəsi oldum. Söhbətdə Raqub müəllim gördüyü
və görəcəyi
işlərdən həvəslə
danışır, bu layihələrin məhz ağdamlılar üçün
hələ uzun illər xidmət edəcəyini dedi.
Əlavə edim ki, rayonda çalışdığı
müddətdə rayon rəhbəri irili-xırdalı 20-ə yaxın
layihə həyata keçirib. Bu layihələrdən ən
əsası rayonda sənaye məhəlləsinin
salınması ilə
bağlı texniki iqtisadi-əsaslandırmanın hazırlanmasını
hesab etmək olar. Yaxın müddət ərzində
Raqub Məmmədovun özü də layihənin reallaşacağına
qəti əmindir:
"Bu gün 28 faizlik
ərazimizdə 90 min nəfərə
yaxın rayon sakini yaşayır. Bunun yarıya qədəri
işğal altında
olan kəndlərin sakinləridir.
Düşmənin yaratdığı hər hansı maneələrə baxmayaraq
biz yaşayır, çalışır
və qurub-yaradırıq. Bu ərazilərdə
gördüyümüz işlər
bizim üçün
sanki bir məşqdir, hazırlıqdır.
Bu gün əsas məqsədimiz insanlarda Ağdamlı, Qarabağlı günlərdə
olduğu kimi mənəvi saflığı,
qurub yaratmaq eşqini yaratmaq və artırmaqdır".
İcra
başçısı əmindir
ki, hər bir Azərbaycan
vətəndaşına "İmarəti" ziyarət
etmək qismət olacaq, məşhur "Çay
evi"ni şəhərdə
olduğu yerində yenidən bərpasında
iştirak edəcək,
Abdal-Gülablının təmiz-saf
havasını uda biləcək, nəhayət
"Dəlik daş"
da oturub Ağdamı seyr edə biləcək.
Məhz
bu arzu və
istək icra başçısını daim
hərəkətdə olmağa vadar edir. Yorğunluğu hiss olunsa da, büruzə
vermir və dayanmır...
Xəstəxanaya ermənilərin atəşkəsi
pozması nəticəsində
yaralanan məktəbliyə
baş çəkməyə
gedir.
Xatırladım ki, Ağdam rayonunun Çıraqlı
kənd sakini, 1999-cu il təvəllüdlü
11-ci sinif şagirdi Coşqun Məmmədov
qolundan və ayağından iki güllə yarası almışdı.
Coşqun və valideynləri ilə söhbət edir. Amma hiss edirsən
ki, kövrəlib, xəyalı onu otuz il əvvəlki fevral ayına aparır...
lll
Söz vaxtına
çəkər, deyirlər. 1988-ci ilin təlatümlü fevral ayı. Erməni qonşularımız bir gün ərzində qatı düşmənə
çevrilmişdilər. Hətta keçmiş Sovet dövrünün ideologiyası
belə ermənilərin
bu mənfur siyasətinə təsir edə bilməmiş, əksinə düşmənçilik
hisslərini daha da artırmışdı...
Hadisələrin mərkəzində olan Ağdamda həyat qaynayırdı. Şəhərdə yerində sayan
və dayanan insana rast gəlməzdin.
Yerli ziyalı və yaradıcı insanlar, biznes adamları, əkin-biçinlə
məşğul olanlar
daim axtarışdaydılar.
Yeni-yeni layihələr icra olunur, şəhərin siması hər gün dəyişir, yeni istehsal sahələri
yaranırdı.
Ümumiyyətlə,
ötən əsrin 80-ci illəri Ağdamın qızıl dövrü hesab edilə bilər. Ziyalılar yeni layihələr
haqqında, biznes adamları isə pul qazanmaq yolları
haqqında düşündüyü
bir vaxtda erməni qiyamı bizlər üçün
başa düşülən
deyildi.
Ermənilərin Azərbaycana qarşı düşmənçiliyi tarixi
faktlarla isbat olunub. Müəyyən illərdə ardıcıl
və davamlı işğalçı hərəkətləri
hamımıza yaxşı
bəllidir.
Ancaq
80-ci illərin qaynar Sovet dövründə bu hərəkəti
onlardan heç kim gözləmirdi.
Xankəndində baş vermiş
tətil və nümayişlərə alışmayan,
bir ayaqları "Stepanakert"də olanlar ağıllarına belə
gətirmirdilər ki,
dünənə kimi bir yerdə olduqları və inandıqları ermənilər
belə naxələflik
edə bilər. Bu, sözsüz ki, bizim bir daha səmimi olmağımızı təsdiq
edirdi.
Beləliklə, buna cavab olaraq 17 fevral tarixində Sovet Ağdamının tarixində ilk dəfə olaraq Əsgəran qəsəbəsinə dinc yürüş edildi. Söz yox ki, həmin vaxt yerli ziyalıların və rayon rəhbərliyinin bu prosesdən xəbəri var idi. Və dolayısıyla elə bu prosesi təşkil etmişdilər də.
Ağdamın səsinə səs verən digər rayonların fəal gəncləri də bu yürüşə qoşularaq piyada Ağa korpüsünədək getmişdilər. Lakin erməni tərəfdən əli yalın nümayişçilərə atılan güllələr Əli və Bəxtiyara tuş gəldi. Gəncləri o vaxtı xilas etmək mümkün olmamışdı.
Səhəri günü rayon partiya təşkilatının təşkilatçılığı ilə rayon komsomol təşkilatının rəhbəri olan Raqub Məmmədov bütün prosesin icrasında yaxından iştirak edir. Ağdamda Üzümçülər evində təşkil edilən vida mərasimində tək rayon aktivi yox, bütün rayon gəncləri də iştirak etmişdi...
Qarabağda baş vermiş hadisələrdə ilk şəhidimiz Əli və Bəxtiyarın qarşı tərəfin gülləsinə tuş gəlməsi indiyədək yaddaşımızda dərin izlər buraxıb. O illərdə məhz rayon komsomol təşkilatı hər iki gəncin dəfn prosesinin təşkilində aktiv iştirak etmişdi...
İndisə o illərdən 28 il keçir.
lll
Ötən illər ərzində çox şeylər dəyişib. Bu gün artıq müstəqil Azərbaycanın sakini olan gəncin böyük ümidləri var. O inanır. İnanır ki, sağalacaq, ayağa qalxacaq, vətəninə lazımlı əsgər olacaq, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərimizin azad edilməsində yaxından iştirak edəcək...
Bəlkə elə qələbəmizi fevralda etməklə bu aya olan münasibətimizi də dəyişə bilərik.
Nə bilmək olar...
Vüqar
Tofiqli
525-ci qəzet.- 2016.- 25 fevral.- S.5