Xocalı faciəsi Milli Kitabxanada anıldı

 

 

Fevralın 24-də Milli Kitabxanada Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı: əsrin faciəsi" adlı geniş kitab sərgisinin açılış mərasimi keçirilib.

 

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb. O, Xocalı şəhərinin işğalından, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan danışıb.

 

Faciə baş verən gecə mindən artıq dinc sakinin girov götürüldüyünü, onların 150-sinin taleyinin hələ də məlum olmadığını, bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, soyqırım zamanı Azərbaycan xalqının yüzlərlə şəhid verdiyini deyib.

 

O, Ermənistan hərbi birləşmələrinin Xocalıda genosid aktı həyata keçirdiyini, soyqırım zamanı 613 nəfərin öldürüldüyünü, minlərlə dinc sakinin aldığı güllə yarasından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, iyirmidən artıq uşağın hər iki valideynini, yüzdən artıq uşağın valideynlərindən birini itirdiyini söyləyib.

 

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayevə verilib. O, çıxışında Xocalı soyqırımının tanınmasında Azərbaycan parlamentinin siyasi hüquqi istiqamətdə apardığı işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərin keçirilməsindən danışıb.

 

Mədəniyyət Turizm Nazirliyinin Kitab dövriyyəsi nəşriyyatlarla şöbəsinin baş mütəxəssisi Elbəy Əli nazirliyin bu istiqamətdə apardığı təbliğat işlərindən, beynəlxalq kitab sərgi yarmarkalarında faciəni əks etdirən kitabların sərgilənməsindən, dünyanın bir çox ölkələrində faciənin soyqırım kimi qəbul edildiyindən söz açıb.

 

Sonda tədbir iştirakçıları "Xocalı soyqırımı: əsrin faciəsi" adlı geniş kitab sərgisi ilə tanış olublar.

525-ci qəzet.- 2016.- 25 fevral.- S.4