Texnologiya əsri, yoxsa...
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Əgər
10 il qabaq deyilsəydi ki, bir neçə
ilə ağıllı telefonlara sahiblənəcəyik və
həyatımız internetsiz qeyri-mümkün olacaq hər
halda çoxumuz buna gülüb keçərdik. Ancaq indi bütün bunlar reallığa
çevrilib - internet həyatımızın ayrılmaz hissəsi
olub. Artıq ucqar dağ kəndində
yaşayan vətəndaşlar belə birbaşa internetə
çıxmaq imkanına sahibdir.
Belə
sürətli inkişafın nəticəsidir ki, Azərbaycan
ildən-ilə informasiya kommunikasiya texnologiyaları (İKT)
üzrə mövqeyini möhkəmləndirməkdə davam
edir.Bir neçə ay öncə Beynəlxalq Telekommunikasiya
İttifaqının İKT-nin inkişafı üzrə dərc
etdiyi hesabatda Azərbaycanın ötən illərlə
müqayisədə 9 pillə irəliləyərək 67-ci
yerə yüksəlməsi, habelə MDB ölkələri
arasında İKT reytinqi üzrə ilk beşliyə daxil
olması bu sahədə yürüdülən işlərin
məntiqi nəticəsidir.Bu gün İKT üzrə
dünyanın ən tanınmış brend markaları Azərbaycanın
İKT sektoru ilə yaxından əlaqələr qurub.
Postsovet məkanında
ilk dəfə Azərbaycanda
Azərbaycanda
İKT-nin tarixinə nəzər saldıqda hələ 1992-ci
illərdən etibarən bu sahədə ilkin addımların
atıldığını görürük.Belə ki,
kütləvi proseslərin avtomatlaşdırılması sahəsində
ilk böyük təcrübə kimi təkcə Azərbaycanda
deyil, bütün postsovet məkanında əhəmiyyətli
və yeni hesab edilən bir hadisəni, Azərbaycanda ali və
orta ixtisas təhsili məktəblərinə qəbul
prosesinin avtomatlaşdırılması ilə məşğul
olan bir qurumun - Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) yaradılmasını göstərmək
olar. Bu gün TQDK müasir kompüter texnologiyalarını nəinki
yalnız tələbə qəbulu işinə, hətta
tamamilə fərqli xarakterli kütləvi proseslərə də
tətbiq etməyi təcrübədən keçirib.Bununla
yanaşı Mərkəzi Seçki Komissiyasının
seçkilərin avtomatlaşdırılmış informasiya
sisteminin yaradılmasını da TQDK-nın
bu yönümlü fəaliyyətinin bir nümunəsi hesab
etmək olar.
Ölkəmizdə
İKT-nin tətbiqi sahəsində atılmış ən
böyük addım "Azərbaycan Respublikasının
İnkişafı naminə İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiya"nın
qəbul olunmasıdır. 2003-2012-ci illər üçün
nəzərdə tutulmuş bu strategiya 17 fevral 2003-cü il tarixində Ümummilli LiderHeydər
Əliyevin sərəncamı ilə qüvvəyə minib.
Respublikada İKT-nin inkişafına və daha da
geniş tətbiq olunmasına səbəb olmuş ikinci
böyük addım Rabitə Nazirliyinin əsasında Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
yaradılmasıdır.
İKT-nin
tətbiqində ASAN mərhələ
Azərbaycanın
ilk peyki olan "Azərspace 1" telekommunikasiya peykinin orbitə
buraxılması, "ASAN xidmət"in tətbiqi İKT-nin
geniş tətbiq olunmasına bariz nümunələrdir.2013-cü
il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki
"Azerspace-1" orbitə çıxarılıb ki, bu da
ölkəmizin müstəqillik dövründə əldə
etdiyi ən yüksək texniki nailiyyətlərdəndir. Artıq ikinci peykimizin də orbitə
çıxarılması üçün hazırlıqlar
gedir.Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar
orbitə çıxarılması ilə bağlı "Azərkosmos"
ASC və Fransanın "Airanespace" şirkəti
arasında müqavilə də imzalanıb.
Azərbaycan
- Qafqazın lideri
Hazırda nəinki şəhər mərkəzlərinə
hətta ucqar kəndlərə belə internet çəkilişi
həyata keçirilir."Aztelekom" MMC tərəfindən
hazırda regionlarda ucqar kəndlərdə sürətli
internet infrastrukturu qurulur.Qurumun "Hər evə bir
optika" layihəsi bölgələrdə uğurla davam
etdirilir.
Rabitə
və texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin
sözlərinə görə, bu gün internetin sürəti
ölkə istifadəçilərinin cari tələbatından
daha yüksəkdir: "Azərbaycana daxil olan internet trafikin həcmi
500 qiqabitə çatır. Ölkədə hazırda
internetdən ümumi istifadə həcmi 150-180 Gb/s-dir. Bu isə
hər istifadəçinin tələbatına düşən
faizdən daha yüksəkdir.BTİ-nin son hesabatına görə,
Azərbaycan internet çıxışına, həcm və
sürətinə görə Cənubi Qafqazda liderdir.Eyni
zamanda mobil genişzolaqlı internet baxımından da Azərbaycan
liderliyi ələ alıb".
"ASAN"
həyat və ya korrupsiyaya qarşı kəsərli silah
Dünya
təcrübəsi göstərir ki, informasiya və
kommunikasiya texnologiyalarından geniş istifadə olunması
ölkənin hərtərəfli inkişafına xidmət
edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində
mövcud olan problemlərin həll olunması
üçün tutarlı vasitələrdəndir.Təsadüfi
deyil ki, Prezident İlham Əliyev 2 aprel 2014-cü ildə Azərbaycanda
informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər
üçün milli strategiyanı təsdiq edib.Habelə
ölkədə "Elektron hökumət"in
formalaşdırılmasına ciddi diqqət yetirilir, məmur-vətəndaş
münasibətlərinin İKT vasitələrindən istifadə
etməklə sadələşdirilməsi, şəffaflaşdırılması
bürokratik əngəllərin qarşısının
alınmasında vacib amildir.Ölkədə artıq
"Elektron hökumət" portalı fəaliyyət
göstərir, dövlət orqanlarının informasiya sistemləri
arasında xüsusi infrastruktur vasitəsilə informasiya
mübadiləsi aparılır, elektron imzanın istifadəsi
üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri
yaradılıb.Nəticədə e-imzanın tətbiqi
genişlənir, dövlət orqanları tərəfindən
müxtəlif elektron xidmətlər göstərilir.Hazırda
"Elektron hökumət" portalına qoşulmuş
dövlət qurumlarının elektron xidmətləri "bir
pəncərə" prinsipi əsasında əhaliyə təqdim
edilir.
Eyni
zamanda vətəndaşlara xidmətlərin daha keyfiyyətli,
rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq
etməklə həyata keçirilməsi, dövlət
orqanlarının informasiya bazalarının
qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin
təşkili prosesinin sürətləndirilməsi, bu sahədə
idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi
ilə dövlət başçısının 2012-ci il 13
iyul tarixli 685 nömrəli Fərmanı ilə Prezident
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun
tabeliyində "ASAN xidmət" mərkəzləri
yaradıldı ki, bu da qısa müddətdə
özünü bütün dünyaya müsbət nümunə
kimi doğrultdu.
Hazırda "Elektron hökumət" portalı üzərindən
əhali demək olar ki, əksər ehtiyaclarını elektron
formada həyata keçirir.Bütün bunlar isə öz
növbəsində korrupsiya və digər neqativ hallara
qarşı mübarizədə ən kəsərli
silahdır.
A-dan Z-yə
hər kəs
Hazırda ölkəmizdə A-dan Z-yə hər kəs
texnologiyanın üstün imkanlarından gen-bol istifadə
edir.Bunun nəticəsidir ki, istənilən bir şəxsin fəaliyyətini
sosial media üzərindən izləmək
mümkündür. Buna misal olaraq "Feysbuk" sosial şəbəkəsinin
aktiv iştirakçılarından olan millət vəkilləri
Musa Qasımlını, Aydın Mirzəzadəni, Zahid Orucu,
Azay Quliyevi, Adil Əliyevi və digərlərini göstərmək
olar. Texnologiyadan aktiv istifadə ilə ictimaiyyətə
fikirlərini ünvanlayan təkcə deputatlar deyil.Digər
nüfuzlu siyasətçilərdə Tvitter mikrobloqunda
müntəzəm olaraq hadisələrə mövqeyini,
öz fikirlərini açıqlayırlar.
Millət
vəkili Siyavuş Novruzov hesab edir ki, indiki dövrdə
heç kim həyatını internetsiz təsəvvür
edə bilməz. O, interneti XX əsrin ən böyük
nailiyyəti hesab edir: "İnternetlə tanış
olduğum ilk gündən mütəmadi istifadəçilərdən
biriyəm. Dünyada baş verən bütün prosesləri,
hadisələri internetdən izləyirəm.İnternet vasitəsilə
əlaqə yaradırıq, məktublaşırıq və
baş verən siyasi prosesləri izləyirik.Hərdən elə
olur ki, gecə saat 3-ə qədər dünyada baş verən
bütün hadisələri, xəbərləri
oxuyuram.İnformasiya texnologiyaları insanların işini xeyli
asanlaşdırır.Çünki lazım olan materialları
internetdən əldə etmək mümkündür.Kredit
kartımın nömrəsini verməklə istənilən
kitabı dərhal ala bilirəm.Turizm, səhiyyə, mədəniyyət
və digər sahələrdə informasiya
texnologiyalarının inkişafı işimizi yüngülləşdirib.Məsələn,
operaya getmək istəyirəmsə, onlayn şəkildə
bilet ala bilirəm.Həqiqətən texnologiyaların
üstünlüyü hədsizdir".
İKT -
təhsilin vaz keçilməzi
İKT-nin
təhsil sahəsinə inteqrasiyası bu sahənin də
sürtəli inkişafının qarantıdır desək, hər
halda yanlış olmaz.İKT-nin təhsildə tətbiqi Azərbaycan
vətəndaşlarının müasir biliklərə və
bacarıqlara malik olan yeni nəslinin formalaşmasına
birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.Məhz
bu səbəbdən son illər təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən
biri olub.Bunun üçün son illər dövlət tərəfindən
təhsil sistemində İKT-nin tətbiqi sahəsində
müxtəlif layihə və tədbirlər həyata
keçirilməkdədir.Bu müstəvidə icra olunan fəaliyyətlər
təhsil sahəsində aparılan islahatların çox
vacib mərhələlərindən biri hesab edilən təhsil
ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib.Təsadüfi
deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən
İKT-nin 2012-ci illərə qədər cəmiyyətin
müxtəlif sahələrində tətbiqi ilə
bağlı "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiya" (2003-2012-ci illər)"
adlı sənəd qəbul edilib.Həmin siyasi kursun
davamı olaraq Prezident İlham Əliyev tərəfindən də
ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki
müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində
icra olunması üçün müəyyən tədbirlər
həyata keçirilir.Təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin
dünya standartları səviyyəsinə
çatdırılmasının bu sistemin inkişafında
prioritet istiqamətlərdən biridir.
Texnologiya əsiri, yoxsa texnologiya əsri?
Bu gün insanların böyük əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən geniş istifadə edir.Xüsusən gənc nəsil üçün kompüterdən istifadə onun gündəlik fəaliyyətinin adi həyat tərzinə çevrilib.Sosial medianın geniş vüsət aldığı bir zamanda texnologiyaların bizi idarə etməsi barədə də narahatlıqlar var. Hətta bir mənzildə yaşayan ailə üzvləri bir-biri ilə canlı ünsiyyəti deyil, sosial media üzərindən əlaqə qurmağı üstün tutur.Bütün bunları nəzərə aldıqda isə "texnologiya həyatımızı doğrudan da asanlaşdırır, yoxsa bizi özündən asılı vəziyyətə salır?"sualı barədə düşünməmək olmur.
Ekspertlər hesab edir ki, bu gedişlə texnologiyanın idarə edəcəyi toplumun yaranması üfüqdə görünür.
Millət vəkili Qənirə Paşayeva da bu fikirdədir: "Gənclərə internetdən istifadənin düzgün yolu aşılansa, texnologiyalar bundan sonrakı onillər ərzində də həyatımızı yüngülləşdirən vasitəyə çevriləcək. Əgər, ailədə, məktəblərdə, mediada maarifləndirmə işləri aparılmasa, təəssüf ki, texnologiyaların idarə edəcəyi bir toplum yarana bilər.Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır.Nəzərə almalıyıq ki, virtual həyatdan asılı olan gənclər real həyatdan uzaqlaşır və onu qəbul etmirlər.Bu isə faciələrə gətirib çıxara bilər.İnsanlar bəzən qonşusu ilə belə Whatsapp, Skype ilə təmas qurur, beləliklə insanlar bir-birindən qopur.Dostluq o demək deyil ki, Whatsapp-da salamlaşdıq, sağollaşdıq, paylaşdıq hər şeyi vəssalam. Bəzən mən məclislərdə görürəm ki, masa arxasında hərə öz telefonunda internetdədir, bir-biri ilə çox az söhbət edirlər. Bu çox qorxulu bir tendensiyadır. Heç kim icazə verməməlidir ki, texnologiyalar onların həyatını əlindən alsın".
İsgəndər HƏSƏNOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
525-ci qəzet.- 2016.- 25 fevral.- S.5