Nəriman Həsənzadənin 85 illiyi Yazıçılar Birliyində qeyd olundu

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq şairlə bağlı düşüncələrini bölüşüb:

 

"Nəriman bizim çox böyük şairimiz, dramaturqumuz ziyalımızdır. Onun bir çox şeirləri, nəğmələri dillər əzbəridir. Mənim, əslində, şeirlər o qədər yaddaşımda qalmır, ancaq Nərimanın bəzi misraları xatirimdədir. Onun artıq bir düstur şəklini almış "Bir insan ömrünü girov qoymuşam. Bir şair ömrünü yaşamaq üçün" misraları unudulmazdır".

 

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca çıxış edərək şairin poeziyasından söz açıb: "Onun şeiri çox səlis, təmiz təravətli Azərbaycan dilindədir. Şeirlərinin sadəliyi, səmimiliyi, poetik axını N. Həsənzadənin tanınan nəfəsini, səsini, misralarını yaradıb".

 

Tənqidçi, ədəbiyyatşünas Tofiq Məlikli şairin şəxsiyyətindən, şeirlərindəki ülvi ideyalardan danışıb: "Nəriman örnək bir insandır. O, çox təmkinli, geniş düşüncəli bir şairdir. Bu qədər səmimi, eşqinə, keçmişinə bağlı bir insanın qəlbindəki müdrik, gözəl duyğular onun poeziyasına da təsir edib. N. Həsənzadə Azərbaycanın XX əsrdə yetişdirdiyi ən gözəl şairlərdən biridir".

 

Teatrşünas İlham Rəhimov şairin dramaturgiyasından söhbət açıb: "Azərbaycan dramaturgiyasının ilk nümunələri tariximizlə, keçmişimizlə bağlı olub. Bu anlamda Nəriman Həsənzadənin "Atabəylər", "Pompeyin Qafqaza yürüşü" əsərlərindəki tarixi məzmun ədəbi ənənəmizi yada salır. Tarixi əsərlər tamaşaya qoyularkən həmin dövrün davranış qaydalarını, sosial həyat tərzini bütün reallığı ilə oynamaq aktyorlara çətin olur. N. Həsənzadə bu mənada bir müəllif kimi səhnənin son imkanlarını da nəzərə alıb əsərlərində tarixi yaşam biçimini, həyat tərzini elmi şəkildə, etnoqrafik tərəflərini işləyərək şərh edib".

 

Tədbirdə yazıçı Çingiz Abdullayev, filologiya elmləri doktoru Şirindil Alışanlı, akademik Teymur Bünyadov, şair Seyran Səxavət, professor Nizaməddin Şəmsizadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan başqaları çıxış edib. Onlar şairin poeziyasından, ictimai fəaliyyətindən danışıb, haqqında xatirə təssüratlarını paylaşıblar.

 

Sonda yubilyar şair çıxış edib. N.Həsənzadə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Xalq şairinin yubileyilə bağlı bir tədbir də fevralın 23-də Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilib. "Nəriman Həsənzadə və teatr" adlı tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşib. Əəvvəlcə yubilyarın həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemət çıxış edərək Nəriman Həsənzadənin həyat və yaradıcılığından bəhs edib. A.Nemət görkəmli dramaturqun Azərbaycan poeziyasındakı fəaliyyəti ilə yanaşı, onun teatr mədəniyyətinin formalaşmasındakı xidmətlərindən də söz açıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nəriman Həsənzadəyə ünvanladığı təbrik məktubunu Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev oxuyaraq şairə təqdim edib.

 

Şairin çoxşaxəli yaradıcılığının əsas məqamlarına toxunan Ədalət Vəliyev N.Həsənzadənin şair, dramaturq, nasir kimi milli mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.

 

Tədbirdə şairin əsərləri əsasında hazırlanmış tamaşalardan fraqmentlər nümayiş olunub.

 

Daha sonra görkəmli Xalq şairinə Teatr Xadimləri İttifaqı adından xatirə hədiyyəsi təqdim edilib.

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 25 fevral.- S.7.