Xalqın maariflənməsinə
həsr edilmiş ömür: Axund Molla Mustafa Talıbzadə
Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə XIX əsr Azərbaycan milli ziyalılarının, eləcə də hakim dairələrdə təhsil və maarif məsələlərinə nəzarət edən dövlət məmurlarının biliyinə, dərrakəsinə və müəllimlik qabiliyyətinə güvəndiyi dərin zəka sahiblərindən biri olub O, uzun müddət yüksək ruhani vəzifələrində çalışaraq xalqın maariflənməsi yolunda geniş və hərtərəfli fəaliyyət göstərib. Təəssüf ki, onun həyat və fəaliyyətinə layiq olduğu qiymət hələ də verilməyib. Halbuki, dövlət arxivlərinin toz basmış, illər boyu qatı açılmamış sənədləri arasında M.S.Talıbzadənin ömür yolunu işıqlandıra biləcək çoxlu materiallar var.
1993-cü ilin avqustunda "İslam dünyası " qəzetində Axund Molla Mustafa Talıbzadə haqqında yazdığım məqaləni nəvəsi, görkəmli ədəbiyatşünas alim, akademik Kamal Talıbzadəyə təqdim edəndə onun sevincdən yaşaran gözləri hələ də yadımdadır. Aradan bir neçə ay sonra alimlə Hüsü Hacıyev küçəsində rastlaşdıq. Sevinclə “yazınızı Abdulla Şaiqin muzeyinə qoymuşam" dedi. Sonra gözlərindən şikayətləndi, üzrxahlıqla "rastlaşanda görməsəm, özünüz yaxınlaşın" söyləri.
Kamal müəllimi bir
daha görmədim. Əslində
yaxınlaşmağa cürət etmədim, yenə də
üzrxahlıq edəcəyindən çəkindim, amma
babası haqqında topladığım arxiv
materiallarını dönə-dönə vərəqlədim,
sözləri, cümlələri yeni düşüncə tərzi
ilə mənalandırmağa çalışdım.
Bu yazını da
hənin təəssüratla yazmaq qərarına gəldim.
Zaqafqaziya
Şiə Ruhani İdarəsinin arxiv materialları içərisində
vaxtilə deyilməsi və açıqlanması yasaq olunan
elə sənədlər var ki, bu gün onlar bir çox
qaranlıq məsələlərin
işıqlanmasında,
dolaşıq məsələlərin
çözülüb açılmasında əhəmiyyətli
rol oynayır. Axund Molla Mustafa Talıbzadə haqqında izinə
düşdüyümüz
materiallar məhz belələrindəndir.
M.Talıbzadənin
1871-ci il dekabrın 16-da tərtib olunmuş xidməti iş
siyahısında onun 47
yaşı olduğu göstərilir. Burada onun ilk
təhsil illərindən söz açılmasa da, sonrakı
təhsili ilə əlaqədar maraqlı məlumatla var: o, 1887-ci ildə Təbrizdə
"Hacı Səfər Əli Ali Ruhani Mədrəsəsi"
adı ilə məşhur olan
ürfan ocağını bitirib. Zaqafqaziya Şiə Ruhani İdarəsi
təhsilini başa vurub Tiflisə qayıdan M.S.Talıbzadənin
axund kimi fəaliyyət göstərə biləcəyinin təsdiqi
kimi ona 12 dekabr
1873-cü il tarixli 310 nömrəli müvafiq sənəd
verib.
Tiflis qubernatorunun 1mart
1874-cü il tarixli 639 nömrəli
sərəncamı ilə Axund Molla Mustafa Talıbzadə Tiflis-Kutaisi Şiə
Məclisi İdarəsinə
üzv təyin olunub.
8 il bu vəzifədə
işləyəndən sonra Axund Molla Mustafanın Məclis
üzvü kimi əsas fəaliyyət sahəsi təhsil məsələləri
ilə bağlı
idi. O, paytaxta
yaxın quberniyanın məktəb və maarif məsələləri
ilə ciddi məşğul olur, şagirdlərin mükəmməl
və hərtərəfli təhsil almaları
üçün vəzifə səlahiyyəti çərçəvəsində
var qüvvəsilə çalışır, bu məqsədlə oxu və dərs kitablarının
tərtibi və təhri sahəsində gücünə və
qələminə inandığı və güvəndiyi
ziyalılarla məsləhətləşir, əməli tədbirlər
görmək üçün onların qüvvəsini
ümumi işə səfərbər edirdi.
Şeyxülislam
Əhməd Hüseynzadənin 1881-ci il sentyabrın 1-də
Qafqaz Təhsil Dairəsinin popeçiteli (himayədarı
- N.N.) K.P.Yanovckiyə
göndərdiyi 234 nömrəli məktub bu fikri təsdiq
edir. Məktubdan məlum olur ki,Zaqafqaziya Müəllimlər
Seminariyasının şiə məzhəb şagirdlərinə Azərbaycan dilində şəriətdən
dərs deyən Əbdüssəlam Axundzadənin
yazdığı dərslik
ruhani idarəsinin komissiyası tərəfindən bəyənilməyib
və o, Qafqaz Canişinliyi
Baş İdarəsi
Departamentinin rəisi D.S.Staroselskiyə şikayət məktubu
ünvanlayıb. Oradan da şikayət məktubu Qafqaz Təhsil
Dairəsinin popeçiteli K.P.Yanovskiyə göndərilib. Popeçitel 26 vay 1881-ci il tarixli
2540 nömrəli məktubu ilə Zaqafqaziya Ruhani İdarəsinə məsələyə
yenidən baxılması barədə göstəriş verir
və bu məqsədlə xüsusi komissiya yaradılması
məsləhət görülür.
Maraqlıdır
ki, Qafqaz Canişinliyi Baş İdarəsi rəisi general-mayor
D.S.Staroselski əvvəllər Bakı qubernatoru idi. O, müəllimlərə
xüsusi qayğı göstərirdi. XIX əsrdə Azərbaycan dilində nəşr
olunan "Əkinçi", "Ziya", "Ziyayi-Qafqasiyyə",
"Kəşkül" kimi mətbuat orqanlarının nəşrinə icazə verilməsində, onlara qayğı göstərilməsində D.S.Staroselskinin danılmaz xidmətləri
var. Tiflisdə yeni vəzifədə
işə başlayan D.S.Staroselski dərslik tərtib edən, elmi
-pedaqoji fəallıq göstətən müəllimlərin mükafatlandırılması
üçün xüsusi sərəncam vermişdi.
Dərsliyinə
müsbət rəy ala bilməyən Ə.Axundzadə
D.S.Staroselskinin müəllimlərə və digər
ziyalılara
qayğısından xəbərdar olduğu
üçün ona müraciət edir, lakin ümidləri doğrulmur. Ruhani idarəsinin komissiyası Ə.Axundzadənin
şikayətini əsassız
sayır. Üslubu çətin,
dili dolaşıq və qəliz olduğuna, istifadə mənbələri
göstərilmədiyinə görə Ə.Axundzadənin əsəri bəyənilmir.
Şeyxülislam
Ə.Hüseynzadə Qafqaz Təhsil Dairəsinin popeçitelinə yazdığı 1 sentyabr 1881-ci il tarixli məktubunda
dərsliyin nöqsanlarını izah edərək əsaslandırır
və dərslik yazmaq işini daha səriştəli mütəxəssisə tapşırmağın vacibliyindən
söz açır. Şeyxüyxülislam Əhməd Hüseynzadə
Ə.Axundzadənin şikayəti ilə əlaqədar
2 avqust 1881-ci il tarixdə keçirilən komissiya iclasında
Qafqaz Təhsil Dairəsinin bu işi
Tiflis- Kutaisi Ruhani Məclisinin üzvü Axund Molla
Mustafaya tapşırdığını K.P.Yanovskiyə xəbər
verir. Şeyxülislam
Ə.Hüseynzadə Ə. Axundzadə ilə
müqayisədə Mustafa Talıbzadənin Azərbaycan dili üzrə daha yaxşı mütəxəssis olduğunu vurğulayır.
Şeyxüiislam
Ə.Hüseynzadə 5 fevral 1883-cü il tarixli 20 nömrəli
məktubunda Firudinin "Cami-Abbas" şəriət
dərsliyinin "yerli Azərbaycan
dili"nə tərcüməsini M.Talıbzadəyə
tapşırdığını
K.P.Yanovskiyə yenidən
xatırladır.
Geniş müzakirədən sonra belə bir dərsliyin
yazılması xalq arasında alim kimi şöhrət
tapan M.S.Talıbzadəyə
tapşırılır. Yeri gəlmişkən, qeyd edək
ki, XIX əsrin 70-80-ci illərində dərslik və oxu
kitablarının hazırlanmasında və yazılmasında nəzərə çarpan fəallığın
əsas səbəbi ziyalıların bu işə maddi cəhətdən
yaxşı həvəsləndirilməsi və
mükafatlandırılması idi. Sənədlər göstərir
ki, bu məsələnin təşəbbüsçüsü
vaxtilə “Əkinçi” qəzetinə yaxından kömək etmiş, 1876-cı ildə
Bakı qubernatorluğundan Qafqaz
Canişinliyi Baş İdarəsi Departamentinin rəisi təyin
edilmiş D.S. Staroselski olub.
M.S.Talıbzadənin
tapşırılan kitabı yazıb-yazmaması məlum deyil. Qafqaz
şeyxülislamı Əhməd Hüseynzadənin Qafqaz Təhsil
Dairəsinin poreçiteli K.P.Yanovskiyə 1883–cü ildə
göndərdiyi məktubdan məlum
olur ki,
M.S.Talıbzadə tapşırılan dərsliyı - Fəridəddinin “Cami-Abbas” dərsliyini ərəb
dilindən yerli Azərbaycan dilinə tərcümə etməklə
məşğuldur.
Burada bir faktı da vurğulamaq istərdim.
Dərslik
yazma prosesi zamanı Zaqafqaziya rəhbərliyilə M.S.Talıbzadənin münasibətlərində
yaxınlıq və doğmalıq
artır. Tezliklə
M.S.Talıbzadənini vəzifəsi
böyüdülür: 1882-ci il martın 6-da 2218 nömrəli
sərəncamla ona Zaqafqaziya Şiə Ruhani İdarəsinin
üzvü vəzifəsini icra etmək
tapşırığı verilir, o, Kutaisidən Tiflisə
ezam olunur. Bir neşə aydan sonra M.S.Talıbzadə ruhani idarəsinin
nəzdindəki “Əli məktəbi”nin
müəllimi vəzifəsini icra etməyə
başlayır.
M.S.Talıbzadə
ruhani idarəsinin üzvlüyünə yalnız 14 illik
icraçılıqdan sonar - 1896- cı il
oktyabrın13-də təsdiq olunub. Görünür hakim dairələr, nədənsə,
ruhani idarəsində onun birinci
şəxs ola biləcəyindən ehtiyat etmişdilər.
M.S.Talıbzadə böyük ailə sahibi olub. Onun birinci
arvadı Mehri xanım Cəfər qızı idi. Arxiv sənədlərində
bu izdivacdan dünyaya gələn üç övladı haqqında məlumat
verilir: Yusif 22 yanvar 1877-ci ildə, Abdulla 12 fevral 1881-ci ildə,
Ruqiyə 22 iyul 1884-cü ildə dünyaya gəlib.
Abdulla
Şaiq öz
xatirələrində atasının ikinci
arvadı, Borçalı mahalının Sarban kənd sakini
Mina Xudaverdi qızından
dörd bacı və qardaşı olduğunu yazsa da,
arxiv sənədlərində təkcə 6 iyul 1894-cü ildə
anadan olan Əbdülhüseynin adı çəkilir. Əlbəttə, belə böyük ailənin
çörək qazananı uzun müddət təkcə ata
özü olub. Ötən əsrin əvvəllərində
əvvəlcə Yusif, sonralar isə Abdulla Bakıya gəlib
burada müəllimlik vəzifəsinə
düzələndən sonar ailənin maddi vəziyyəti bir qədər
düzəlməli idi, lakin 1900-cu il aprelin 22-də senator,
general-adyutant knyaz Qolitsinin əmri ilə Zaqafqaziya Şiə
Ruhani İdarəsinin üzvü Axund Mustafa Talıbzadə
tutduğu vəzifədən və ümumiyyətlə xidməti
işdən azad edilir. Belə bir xəbərin
“Kavkaz” qəzetində (4 may 1900-cü il, N 117 )
dərc edilməsi M.S.Talıbzadənin
böyüklüyünü göstərən fakt kimi qiymətləndirilməlidir.
Abdulla Şaiq öz xatirələrində
atasının sərdar
divanxanasının əmri
ilə idareyi-ruhaniyyədən 1902-ci ildə
şixarıldığını yazır ki, bu da, göründüyü kimi, həqiqətə
uyğun deyil (bax: Əsərləri, v cild, səh.355 ). Müəllifin
“o, indi (işdən çıxarıldıqdan sonra –N.N.)
böyük ailəsini yalnız məktəbdən
aldığı maaşla idarə
edirdi” fikri də dəqiqləşdirilməlidir. Belə ki,
M.S.Talıbzadə həm idarə üzvlüyündən, həm
də məktəbdəki işindən çıxarılmışdı.
Bəlkə də o, “Əli məktəbi”ndən uzaqlaşdırıldıqdan
sonra başqa təhsil ocağında işini davam
etdirmişdir. Hər halda bu fikri sübut edən sənədlər
axtarılmalı, M.S.Talıbzadənin maarifə bağlı
olan zəngin həyat yolu hərtərəfli
işıqlandırılmalıdır. Ömrünün xəzan çağında böyük çətinliklər
və haqsızlıqlarla
qarşılaşan və yaşadığı
dövrün ziddiyyətləri ilə
mübarizədə qüvvəsi tükənən M.S.Talıbzadə əsəb və ürək xəstəliyindən əziyyət
çəkirdı.
Axund Mustafa Talıbzadə 1903-cü ildə
dünyasını dəyişib. Onun İslam dininin tarixinə, Şərq
və ümumiyyətlə,
dünya ədəbiyyatının incəliklərinə bələd
olan övladları maarifpərvər atanın
elmi və ürfan odu ilə közərən
ocağını sönməyə
qoymayıblar. Maarif fədaisinin övladları - Axund Yusif Talıbzadə (1877-1923), Abdulla
Şaiq Talıbzadə (1881-1959 ) və nəvəsi
akademik Kamal Talıbzadə
(1923-2006) maraqlı və çoxsahəli pedaqoji fəaliyyətləri,
müxtəlif janrlı gözəl
əsərləri, dərslik və
oxu kitabları ilə dil, mənəviyyat və ədəbiyyatımızı
zənginləşdiriblər.
Talıbzadələr
məktəbinin
çoxsaylı
nümayəndələri
öz müəllimlərinin işini
bu gün ləyaqətlə davam etdirirlər.
Nazim Nəsrəddinov
Əməkdar müəllimi
525-ci qəzet.- 2016.- 26 fevral.- S.4.