Azərbaycan sənətçiləri Tehran festivalında uğurla
çıxış ediblər
XANƏNDƏ ARZU ƏLİYEVA: “İFALARIMIZ KONSERT ZALINDAKI YÜZLƏRLƏ TAMAŞAÇININ GUR ALQIŞLARINA SƏBƏB OLDU”
Bu gün Azərbaycanda
elm, idman, incəsənət,
ədəbiyyat sahəsində
çox istedadlı gənclər yetişməkdədir.
Belə gənclərdən biri tanınmış xanəndə
Arzu Əliyeva Tehranda musiqi festivalının ikinci günündə səhnəyə
çıxıb. Musiqi festivalının
son ifaçısı kimi
səhnəyə çıxan
A.Əliyevanın çıxışı,
paytaxtın qadın tamaşaçıları tərəfindən
rəğbətlə qarşılanıb.
Tanınmış xanəndəni tarda
Samirə Cəlilova və kamançada Zərqələm Cəfərova
müşayiət ediblər.
Bugünlərdə xanəndə Arzu Əliyeva və tarzən Samirə Cəlilova redaksiyamızın
qonağı olaraq səfər təəssüratlarını
bizimlə bölüşdülər. Söhbətimiz zamanı A.Əliyeva bildirdi ki, 2005-ci ildə keçirilən
ilk Televiziya Muğam Müsabiqəsinin iştirakçısı
olub. Azərbaycan Milli Konservatoriyasında
xanəndəlik fakültəsində
Mənsum İbrahimovdan
dərs alıb.
Azərbaycan Dövlət Televiziyasının
və Opera və Balet Teatrının solistidir.
Samirə
Cəlilova isə Azərbaycan Milli Konservatoriyasında tar sinfində
Möhlət Müslümov,
Elçin Həşimov
və Sahil Paşazadədən dərs
alıb.
“Konsertdə yalnız qadınlar iştirak edirdilər”
A.Əliyeva İran səfərindən və Tehranda baş tutan konsertindən danışarkən dedi: “2007-ci ildən Fransada Südabə Kia adlı bir xanımla iş birliyinə başlamışam. Südabə xanımla əlaqəmiz Özbəkistandakı “Şərq Təranələri” festivalında yarandı. Biz bu səfərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilmişdik. Orada Südabə xanım bizə yaxınlaşdı və səsimi bəyəndiyini söylədi. Mənim ölkədən kənarda konsertlərimi təşkil etmək istədiyini bildirdi. Həmin xanım prodüsser kimi çalışır. Əslən İran azərbaycanlısıdır, ancaq Fransada yaşayır. Biz qayıtdıqdan üç ay sonra Südabə xanımla əlaqə saxladıq. Südabə xanım özü işbirliyində olduğu Aytən Muradovanı bizimlə əlaqə qurmaq üçün Bakıya yolladı. Həmin vaxtdan bizim Azərbaycandan kənarda konsertlərimiz başladı. Bu konsertləri Südabə xanımla Aytən Muradova təşkil edirdi. Həmin konsertlər 2007-ci ildən başladı. O vaxtdan sonra dünyanın müxtəlif ölkələrində festivallarda çıxışlarım olub. Aytən Muradova ilə həmyerli olduğumuz üçün onunla əlaqə yaratmaq daha rahat idi. Tehranda səfərdə Aytən Muradova bizimləydi. Bizə göstərdiyi bütün dəstəyə, köməyə görə Aytən Muradovaya təşəkkürlərimi çatdırıram”.
Qeyd edək ki, sənətçilərimiz Mərakeşdə, Hindistanda festivallara qatılıblar. A. Əliyeva onu da vurğuladı ki, belə səfərlər bir il öncədən planlanmış olur. İran səfəri də öz növbəsində artıq bir il öncədən bildirilmişdi. Baxmayaraq ki, A. Əliyevanın hələ Azərbaycanda solo konserti olmayıb, ancaq xaricdə bir neçə dəfə konsertləri keçirilib.
Arzu Əliyeva bildirdi ki, budəfəki çıxışı Tehran musiqi festivalında olub. “Bildiyiniz kimi İranda cəmiyyət qaydaları bir qədər başqa cürdür. Konsert özünəməxsusluğu ilə seçilirdi. Qadınlarla kişilər naməhrəm sayıldığı üçün konsertdə yalnız qadınlar iştirak edirdilər. Konsertdə məni müşayiət eləyənlər də sırf xanımlar idi. Samirə Cəlilova və Zərqələm Cəfərova məxsusi olaraq bu konsertə görə mənimlə getmişdilər. Onu da bildirim ki, ilk dəfəydi bu xanımlarla çıxış edirdim. Konsert çox böyük coşqu ilə qarşılandı. Hətta 700 kilometr məsafədən, Təbrizdən bizim konsert üçün gələnlər var idi. Tehranda, Təbrizdə yaşayan soydaşlarımız bizim musiqiləri çox sevirlər. Azərbaycan haqda məlumatları çoxdur. Azərbaycandan olan xanəndələri, ustad sənətkarların çoxunu tanıyırlar”.
“Bəri bax”, “Sarı gəlin”, “Heydərbaba” gur alqışlara səbəb oldu”
“Konsertimiz Tehrandakı böyük - 1000 nəfərlik zalda keçirildi. Bizi izləməyə çox insan gəlmişdi. Demək olar ki, zal dolmuşdu. Hətta biz mahnıları ifa etdikdə bizimlə səs-səsə verib oxuyurdular. Çalışırdıq, auditoriyanın istədiyi musiqiləri ifa edək. Onlar bizim ifamızdan zövq alsınlar. Biz səhnədə ekspromt ifalar da səsləndirdik. Auditoriya bizdən xalq mahnılarımızı istəyirdi. Təbii ki, xanımların ürəyincə olan, onların istədikləri mahnıları ifa edirdik. İfalarımız, xüsusən “Bəri bax”, “Sarı gəlin” və “Heydərbaba” kimi mahnılar zaldakı yüzlərlə tamaşaçının gur alqışlarına səbəb oldu”.
Arzu Əliyeva bildirdi ki, konsert zamanı hər ifaçının repertuarına müəyyən zaman qoyulur. Azərbaycanlı xanəndənin ifa müddəti bitməsinə baxmayaraq, tamaşaçıların istəyilə, yenidən səhnəyə qayıdaraq əlavə mahnılar oxuyub. Onu da qeyd edək ki, Azərbaycan ifaçıları konsertdə milli geyimdə çıxış ediblər. Təbrizdən gələn tamaşaçılar A. Əliyevanın Təbrizdə də konsert verməyini xahiş ediblər.
A.Əliyeva qeyd etdi ki, bu, şəxsi səfər sayılırdı. Lakin bütün işlərdə onları Mədəniyyət və Turizm Nazirliyi dəstəkləyib.
“Azərbaycanda tar çalan
qızlar azdır”
Samirə
Cəlilova bildirdi ki, Azərbaycanda tar çalan qızlarımız
çox azdır. “Bəlkə də
ondan irəli gəlir ki, ailə həyatı qurduqdan sonra evdən icazə verilmədiyi üçün
sənətlərini dəyişmək
məcburiyyətində qalıblar.
Bu da bu sənətin ağırlığından
irəli gəlir.
Tar ifa etmək, demək olar, kişi sənətidir.
Möhlət müəllimin
bir sözü var :”Bir dəsgah çalanda elə bil bir “Kamaz”
daş boşaldırsan”.
Yəni
o qədər fiziki güc tələb edən bir peşədir.
Xanımlar da incə məxluq olduqlarına görə tarı ifa eləmək çətindir”.
Söhbətimiz zamanı xanım ifaçılar onu da bildirdilər ki, səfərin gedişində Heydər Şovkəti adlı sənətsevər soydaşımızın
qonağı olublar. “Həmin görüşdə
biz “Həzrəti-Yusif” filmində
çəkilmiş aktyor
Mustafa Zamani ilə görüşdük. Heydər Şovkətinin
evində məxsusi olaraq bir otaq
vardı ki, ora “Azərbaycan guşəsi” sayılırdı.
Həmin
otaqda Azərbaycan xanəndələrin diskləri,
musiqi alətləri, xalçası, fotoşəkillər
var. Bir sözlə, orada gördüyümüz
yüksək münasibətə
görə səfərimiz
xoş təəssüratlarla
yadda qaldı”.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 27 fevral.- S.22