“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
Azərbaycan
Məclisi-Məbusanında Türk Ədəmi-Mərkəziyyət
“Müsavat” firqəsi Məclisi-Məbusan şöbəsinin
bəyannaməsi
Möhtərəm
məbuslar! Türk Ədəmi-Mərkəziyyət
“Müsavat” firqəsinin Məclisi-Məbusan şöbəsi
tərəfindən hüzurunuza ərz etməliyəm ki:
“Müsavat” firqəsi bu vəqtə qədər gərək
Rusiya Məclisi-Müəssisan seçkilərində, gərək
Zaqafqasiya “Seym”ində bitərəf adilə məruf olan
müstəqilüləfkar cəmaət xadimləri ilə
bir fraksiyon təşkil edərək onlarla birlikdə hərəkət
etmişdir. Bu gün isə firqə müstəqil
bir fraksiyon şəklində hüzurunuza çıxaraq məruzatda
bulunuyor.
Möhtərəm məbuslar, yəqin ki, siz “Müsavat”
firqəsinin bu hərəkətində bir tərzi-hərəkət
dəyişikligi görürsünüz, həqqa ki, öylədir. Əcəba, bu böyük
Məclisi quran müxtəlif firqələrdə proqram dəyişikligi
görmüyormusunuz?!..
Biz yaxın məqsədlərimizdən biri olan Azərbaycan
muxtariyyətini tələb edərkən həm sağdan, həm
də soldan hücumlara düçar oluyorduq. Sağdakılar bir nöqtədən,
soldakılar da başqa bir nöqtədən Azərbaycan
muxtariyyətini inkar edirdilər: sağdan diyordular ki, - Azərbaycan,
Azərbaycan - deyə-deyə müsəlmanları
parçalıyor, türklük bayrağı qalxızırkən
- nəuzubillah - İslama rəxnə vuruyorsunuz. Soldan dəxi iddia ediyorlar ki, Azərbaycan davası
bizi inqilabçı və hürriyyətpərvər Rusiya
demokratiyasından ayırıyor, xan və bəy hökuməti
düzəltməgə səbəb oluyor.
Fəqət bu gün nə görüyorsunuz? Onlar da, bunlar
da azərbaycançı, Azərbaycan istiqlalını, bizim
bu, dünki münəqqidlərimiz, bu gün olunca qüvvətləri
ilə, bir baxışda hətta bizdən daha ziyadə bir
şiddətlə müdafiə ediyorlar. Biz bununla əlbəttə
ki, iftixar edəriz!
Azərbaycan
muxtariyyəti şüarını ilk dəfə ortaya atan
Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi
- bu gün 5 ilə yaxın aləmşümul bir
döyüşdən sonra qalib və məğlub,
bütün zehinlərdə yerləşmiş “Cəmiyyəti-Əqvam”
fikrinə inanmışdı. “Müsavat” firqəsincə
bu cəmiyyət milli dövlətlərin ittifaqından ibarət
olmalı, bu dövlətlər də ədəmi-mərkəziyyət
və muxtariyyət əsasları üstündə
qurulmalıydı.
Bu idrakatə
ürəyi ilə inanan firqəmiz Rusiya inqilabının bəlli
aylarında Petroqrad mərkəziyyətinə şiddətlə
arzukeş olan sosialist cərəyanlarına
uymadığı kibi, əksər zehinləri tutan və bir
növ ruh xəstəliyi kibi şiddətli surətdə
sirayət edən “ilhaqçılıq” mərəzinə də
mübtəla olmadı. Öz-özünə
sadiq qalaraq həmişə ədəmi-mərkəziyyətçi
qaldı.
Əvvəla ədəmi-mərkəziyyət, sonra
muxtariyyət, daha sonra cərəyanə tabeən istiqlaliyyət
tərəfdarı, daima Azərbaycan məfkurəsinin
müdafei olan firqəmiz üçün bu gün o
böyük məqsəd hasil olmuşdur. Çünki
artıq nə sağlar, nə də sollar Azərbaycanı
inkar degil, var qənaətləri ilə isbat ediyorlar. Çünki artıq Azərbaycan fikri üzərinə
müsəlman firqələri arasında ixtilafi-nəzər
yoxdur. Çünki artıq cəmaətimizin
zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş,
yerləşmişdir. Çünki
üçrəngli o müəzzəz bayraq artıq siyasətən
həpimizi birləşdirmişdir.
Əvvəlcə firqə Azərbaycan fikrini yalnız
xaricdə degil, daxildə də isbat etmək məcburiyyətində
idi. Bu gün isə firqəmiz daxilən isbat olunmuş
müstəqil bir Azərbaycanın Məclisi-Məbusanında
bulunuyor. Şimdi firqə felən
mövcud olan Azərbaycan istiqlalının hüquqca möhkəmləşməsi,
xaricdə müdafiəsi, daxildə də təşkili
üçün çalışmalıdır. Əgər bu vəqtə qədər “Müsavat”
başlıca məqsədi olan Azərbaycan fikrinə maddi bir
vücud qazandırmaq niyyətilə sabit bir mərkəz
vücudə gətirmək üçün bu məsələdə
kəndisilə müttəfiq bulunan bitərəflərlə
bir qəlibdə bulunuyordusa, şimdi artıq buna ehtiyac yoxdur.
Azərbaycan hər kəs üçün
müdafiə olunur qüdsi və müştərək bir
sitareyi-ümid halına gəldikdən sonra təbiidir ki, mərkəzi-məbusan
təbəddül, proqramlar da təbəllür etməlidir.
Firqə
proqramımız ilə tanış olanlar
biliyorlar ki, biz federalist, türkçü və demokratız.
Məsləkimiz milli-demokrat məsləkidir.
Demokratlığımız radikalizm dərəcəsinə
qədər varıyor.
Millətin qüvvətli bir cəhəti-cameəsini
yalnız dində degil, xəlqin “dili dilimdən, dini dinimdən”
- deyə kəndinə məxsus sağlam hədislə dərk
elədigi düsturda görüyoruz. Bu mülahizə ilə
biz məfkurəmizdə böyük türk millətini bir
gün gəlib də bir türk federasyonu qurmaqla bütün
görmək istəriz. Bu ittihadın mədəniyyəti-bəşəriyyə
sərgisinə qiymətdar bir hərs (kültür) bəxş
edəcəginə əminiz. İştə
məqsədi-əqsamızın digər dərəcəsi.
Fəqət bu məqsədlərin
fövqündə ülvi bir məqsədimiz daha vardır ki,
o da bütün cahan federasyonu və “Cəmiyyəti-əqvam”dan
ibarətdir.
Bunun bir müqəddiməsi olmaq üzrə Rusiya
inqilabı zamanında yazılan firqə proqramımız
Rusiyada milli və məhəlli muxtariyyətlər əsası
üzərinə qurulu Qoşma Xəlq Cümhuriyyəti
üzərində israr ediyordu. Müsaid bir zamanda, mətlub
şərtlər altında təkrar böylə bir ittifaq əqd
eləmək bizcə yabançı bir fikir degildir. Bilxassə ki, proqramımız vəchilə muxtariyyətlərini
tələb etdigimiz Türküstan, Qırğızıstan,
Başqırdıstan, Volqaboyu və Krım türkləri ilə
biz bu surətlə təkrar əlaqə və irtibat peyda edə
biləriz. Müstəqil Azərbaycan digər
müstəqil Rusiya millətləri ilə azadanə bir surətdə
bağlaşaraq qoşma bir hökumət vücudə gətirə
bilər, yalnız bu qədər var ki, bu ittifaqı azərbaycanlılar
degil, Azərbaycan yapa bilər. Vəziyyəti-beynəlmilliyəmiz
aydınlaşmayınca, kəndi həqqimizi kəndimiz təyinə
səlahiyyətdar olduğumuzu Rusiya ilə bərabər
bütün cahan mədəniyyəti qəbul etməyincə,
toplanacaq sülh konfransında dilədigimiz istiqlal təsdiq
olmuyunca - bir kəlmə - hürriyyətimiz beynəlmiləl
bir təminata alınmayınca bittəb heç bir ilhaqdan,
heç bir federasyondan bəhs olunamaz.
Azərbaycan
məsələsi, kim nə deyirsə-desin
artıq beynəlmiləl bir məsələdir. Müstəqil Azərbaycanın xaricən müdafiəsi,
hüquqən təsdiq etdirilməsi yenidən düzələcək
hökumət məramnaməsinin baş sətrini təşkil
eləməlidir. Məclisimiz
açıldığı gündə söylənmiş
“bir dəfə yüksələn bayraq endirilməz!”
sözü dildə degil, işdə də görülməlidir.
Bu xüsusda ciddi çalışmaq əzmində
bulunan hökumət vəziyyətə hakim bulunan müttəfiq
dövlətlərin həqqimizdə göstərdikləri
dostanə təvəccöhdən son dərəcədə
istifadə edə bilər. Amerika rəisi-cümhuri
Vilson əsasları Azərbaycan kibi kiçik məmləkətlərin
də böyük məmləkətlər dərəcəsində
həqq və ixtiyara malik olacaqlarını elan eləmişdir.
Amerika rəisi-cümhurinin elan etdigi əsaslara
iştirak edən İngiltərə ilə Fransa düvəli-müəzzəmələri
dəxi qurulacaq sülh konfransında millətlərin kəndi
müqəddəratlarını həll etmək ixtiyarında
olduqları düsturunun hakim olacağını elan etmişlərdir.
Buna əlavə olaraq paytaxtımızda əmniyyət
və asayiş təmini üçün müsafir olaraq gələn
müttəfiq ordusu komandanı general Tomson Qafqasiya məsələlərinin
sülh məclisində həll olunacağını rəsmən
bəyan etmişlərdir. Böylə
müsaidkar bir əsəri-təvəccöhi istifadə etmək
və hər bir vəsilə ilə bütün cahani-mədəniyyət
hüzurunda, bilxassə düvəli-müttəfiqə məhafilində
müstəhəqqi-istiqlal olduğumuzu isbat eləmək Azərbaycan
hökumətinin “bismillah” siyasətini təşkil eləməlidir.
Bu məsələdə qəvi bir əzm və
sarsılmaz bir səbatla hərəkət edəcək
hökumət hər hankı firqəyə mənsub
olursa-olsun hər növ müavinət və müzahirətimizə
əmin olsun.
Müstəqil bir cüzini təşkil elədigimiz
Qafqasiya öylə siyasi bir vəziyyət
qarşısındadır ki, buradakı cavan cümhuriyyətlər,
Azərbaycan da daxil olduğu halda, ancaq ittifaq və yalnız
dostluqla rəftar edə bilər və böylə rəftar
edə bildikləri gündən etibarən xilas olurlar. Buna görə
də xarici siyasətimizin “əlhəmd”isini Qafqasiya
ittifaqı təşkil etməlidir. Siyasət
və iqtisadca su ilə havaya olduğu kibi möhtac
bulunduğumuz bu ittifaq xatirinə aramızdakı bütün
ixtilaflı məsələləri sülh, müsalimət,
mülayimət və qarşılıqlı güzəşt
və ən sonu hökm vasitəsilə həll etmək tərəfdarıyız.
Hər halda həqiqi və həyati mənfəətlərimizi
fəda etməmək şərtilə bu kibi məsələləri
qansız həll edən hökumət ən ziyadə himayə
edəcəgimiz hökumətdir.
Bizimlə həmdərd olan Gürcüstan, Ermənistan
dövlətləri ilə
hüsni-münasibatımızın könül arzu elədigi
dərəcədə səmimiləşdirilməsini şiddətlə
arzu edəriz.
Fəqət bununla bərabər istərdik ki,
Qafqasiya millətlərinin hürriyyət və istiqlalına
gələcək zərbəyə hər kəsdən ziyadə
və həpimizdən əvvəl məruz qalacaq Şimali
qafqasiyalı qardaşlarımızın müqəddəratı
hər zaman nəzərimizdən uzaq qalmasın. Biləlim ki, orada “qəlyanaltı” edəcək
“bolşevik” burada “nahar” yeyəcəkdir. Bunu
qətiyyən unutmamalı, ona görə də tədarük
görməlidir.
Digər dövlətlərlə dəxi münasibata
girişmək, bilxassə yeni vücudə gələn
dövlətlər nəzdinə nümayəndələr
göndərib də onların nümayəndələrini nəzdimizə
cəlb etmək xariciyyə nəzarətimizin ilk dərəcədə
görüləcək işlərindən olmalıdır.
Xaricən böylə sülh və müsalimətlə
hərəkət edəcək hökumət daxilən də
hürriyyət, müsavat, ədalət və əmniyyət
təsisinə cəhd etməlidir. Həqqimizi isbat etmək,
istehqaqımızı göstərmək nöqteyi-nəzərindən
dəxi daxili işlərimizi yoluna qoymaq, bütün idarələrimizi
tənzim etmək məcburiyyətindəyiz.
Böyük Rusiya inqilabından qazanılan söz,
yazı, vicdan, ictima, ittifaq kibi əhli-vətən hürriyyətləri
tamamilə təhti-təminə alınmalı, Azərbaycan
müsalihəkar, hürriyyətpərvər bir hökumət
olmalıdır. Əgər bu günə qədər hərb və
inqilab əhvali-fövqəladəsindən naşi bu kibi məqsədlər
könül dilədigi kibi hasil olmamışsa bunun bir an əvvəl qövldən-felə gətirilməsinə
çalışmalıdır. Eyni səbəblə
bu vəqtə qədər yalnız müsəlmanlardan təşəkkül
edən Heyəti-vükəla dəxi ədalət üzərinə
müstənid müştərək bir hökumət şəklində
olmalıdır. Milləti-məhkumluq
acısını dadmış olan Azərbaycan türkü məhkum
millət yaratmaz. Azərbaycan Cümhuriyyəti
övladını ögey-doğmaya ayırmaz: erməni, rus,
yəhudi, gürcü, nemsə, polyak və sair azlıqda olan
millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər
milli-mədəni muxtariyyətə malik olub kəndi
ümuri-məzhəbiyyə, milliyyə və mədəniyyələrini
kəndiləri idarə etməlidirlər.
Keçmişin məşum tərəkəsi olan erməni-müsəlman
hadisati-əliməsinə bir daha meydan verilməmək
üçün hökumət hər növ fədakarlığa
təhəmmül etməli, bu yurddağıdıcı ədavətin
izaləsinə səy etməlidir. Bu xüsusda qəti və
bitərəfanə qərar və tədbirlərilə
hökumət mart və sentyabr hadisələri kibi fəngir
faciələrin bir daha təkrar edəmmiyəcəgi həqqində
həqiqi təminat verməlidir.
Bütün aləmi istila edən demokrasi cərəyanının
yol alıb getdigi böylə bir zamanda Rusiya inqilabi-kəbiri
kibi müdhiş bir ixtilal məşiməsindən
doğmuş bir cümhuriyyəti təsis və idarə edəcək
hökumət daxili siyasətində hər şeydən ziyadə
demokrasi sinfinə, köylülərlə əmələlərə
istinad etməlidir. Fövqəladə bir surətdə
bahalaşan məişətin ən ağır yükü
millətin əksəriyyəti-əziməsini təşkil
edən bu iki sinfin omuzundadır. Binaənileyh əkinçiyə
yer, əmələyə iş verməlidir. Yeri biz necə veriyor, iş üçün nə
düşünüyoruz deyə vaqe olan suala firqə
proqramımızı nəql ediyoruz:
Topraq məsələsi
32) Xəzinəyə, sabiq padşaha və padşah nəslinə mənsub xanədanə: öylə də mülkədarlarla xüsusi maliklərə məxsus olan bütün topraqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xəlqə veriləcəkdir.
33) Bu surətlə zəhmətkeş və rəncbərlərə veriləcək topraq onların kəndi mülkiyyətlərinə verilib haman yer üzərində bütün hüquqa malik olacaqlardır.
34) Hər bir əldə qalacaq və ya bulunacaq toprağın ən çox miqdarı qanunən təyin olunub ondan artıq kimsəyə topraq sahibi olmaq həqqi verilməyəcəkdir.
35) Toprağın pulsuz və əvəzsiz surətdə rəncbərlərə verilməsi üzündən xəsarətdidə olan xüsusi maliklərə gördükləri ziyan müqabilində xəzinə tərəfindən, mütərəqqi gəlir vergisi əsasilə varlı siniflərdən alınan vergi yolu ilə hasil olmuş xüsusi bir məbləğ (fond) hesabına olaraq mükafat veriləcəkdir.
36) Mülkiyyət toprağın üzərinə olub altındakı mədəniyyat isə beytülmala (muxtariyyət xəzinəsinə) məxsusdur ki, nə surətlə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır.
37) Meşələr, cəngəllər,
göllər, duzlaqlar və axar sular ümumidir. Onların idarəsi
məhəlli idarələrin əlində olub xüsusi
adamların onlardan faydalanmasının tərtibi dəxi məzkur
idarələrə bağlıdır.
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 27 fevral.- S.21