“Baş”lanğıc
Elçinin “Baş” romanında tarix və
metatarix məsələsi
Tarixi roman ustaları bir qayda olaraq “Tarixdə ən
başlıcası nədir? sualına
cavab axtarıb və bu suala insan (V.Skott -”Altmış il
öncə”, “Ayvenqo”, “Kventin Dorvard”, “Rob Roy”, “Puritanlar” və
s.), hadisə (Ç.Dikkens -
“İki şəhər haqqında povest”), zaman (Q.Flober
-”Salambo”, A.Frans -”Tais”), xalq (L.N.Tolstoy -”Hərb və sülh”)
deyə fərqli cavablar veriblər.
“Baş”
romanının metafizik aurasına uyğun olaraq Elçinin bu
suala cavabı tamam fərqlidir - tarix insanla Allahın, zamanla əbədiyyətin
dialoqudur.
Çağdaş
tarixşünaslığın patriarxı A.Toynbinin dediyi
kimi, “Əsasında ilahi qanun -
Loqos, kainat şüuru duran tarixin mahiyyəti konkretə
nüfuz etməklə dərk olunur. Həqiqət
insanın Onunla dialoqunda, daha doğrusu, Onun
çağırışına cavab verməsində zahir
olur” (“Tarixin dərki”). Təxminən eyni
fikri D.Andreyev özünün “Roza Mira” adlı məşhur
kitabında da deyir. Bu fikir sufilərin
küllün zərrədə təcəllasına dair
fundamental qənaətindən mahiyyətcə fərqlənmir.
Həm ingilis alimi, həm rus ezoteriki, həm də sufilərin
fikrincə: tarixi olayların əsl səbəbi onların
görünməyən qatındadır; metatarix dünyaya
tarixi sifəti ilə açılan universal prosesin noumenal
(batini!) tərəfi, tarix isə metatarixin işarələr sistemidir.
Elçinin fakta yanaşma tərzi yuxarıdakı
mülahizələrlə yaxından səsləşir. “Baş”lanğıcın
birinci hissəsində dediyimiz kimi, “Baş” postmodern ötəsi
mərifətnamədir və mərifət insana məxsus əzəli
(batini) bilginin ona agah olmasıdır. Buna görə
“Baş” romanının iki qatı var: tarixi, yəni zahiri və
metatarixi, yəni batini.
lll
Romanın tarixi qatı onun realist tərəfi ilə
bağlıdır. Əgər romandakı tarixi olayları
canlı bir orqanizmə bənzətsək, Sisianovla
bağlı hadisələr bu orqanizmin onurğa sütunu və
başı sayıla bilər. “...Zaqafqaziyanı əbədi
olaraq imperiyanın
bir guşəsinə çevirmək mənim bu
dünyadakı əsas missiyamdır”, - deyən, bütün
həyatını əlində qılınc Derjavaya həsr
edən, hətta evlənməyə belə macal tapmayan, ən
böyük arzusu Konstantinopolun küçələri ilə
addımlamaq olan Sisianov xüsusi qəddarlığı və
təkəbbürü ilə seçilir. “Qafqazda
humanizm dəyərləri ilə nəsə əldə etmək
bəsit utopiyadan başqa bir şey deyil” deyən knyaz gəncəli
Cavad xanı və onun oğlunu öldürəndən sonra
xanın arvadı və qızını kareta ilə Şəkiyə
yola salmasını özünün ən böyük
centlmenlik və humanizm kimi dəyərləndirir (!!!)
Döyüşdə yaralanıb ömürlük yataq
xəstəsinə çevrilən zabit dostu Boqoyavlenskiyə
məktubları isə knyazın xarakterinin başqa bir tərəfini
- dostluğa nə qədər səthi
yanaşdığını ortaya qoyur.
Sisianov cəfəng böyük dövlətçilik
ideyasına elə aludə olub ki, vətəni
Gürcüstanı, mənsub olduğu xalqı belə unudub
- manqurta çevrilib. Onun əmriylə gürcü vətənpərvəri
Potsixaşvilinin güllələnməsi səhnəsi romana
həm də bu fikri əyaniləşdirmək
üçün daxil edilib. Qeyri-qanuni
doğulan oğlundan xəbərsizliyi isə Sisianovun ata kimi
manqurtluğundan xəbər verir və istər oğlunun
hermofroditliyi, istərsə də Napoleon ordusu tərkibində
öz atasının üstünə gəlməsi sadəcə
knyaza (insana!) verilən ilahi cəza olmaqla qalmayıb, həm də
dünyanın absurdluğunu göstərir.
Sisiaşvili ikən dönüb Sisianov olan, öz
keçmişinə döyüş meydanlarının
qanlı ilğımları arxasından baxan, bir sözlə,
etnomənsubiyyətini itirən Sisianov başqa millətlərin
də tarixi yaddaşını pozmağa
çalışır. Onun ruslar tərəfindən işğal olunmuş Gəncəni
imperatorun zövcəsi şərəfinə Yelizavetpol
adlandırması və işğaldan sonra
Bakının adını dəyişmək planı bu məqsədə xidmət
edir.
Lakin knyazın manqurtluğunun başı müdrik Baba
Arçilin uşaqlıqda ona dönə-dönə öyrətdiyi
“Momento mori” (“Ölümü unutma”) və “Xmerti” (Allah)
sözlərini yaddan çıxarmasıdır (Sufi
istilahları ilə desək, bunlardan birincisi fəna, ikincisi
isə bəqadır) Bu artıq Ç.Aytmatovun dediyi sadəcə
fərdi və ya milli yox, metafizik manqurtluqdur. Onda insanı
özünə qaytarmağın bircə yolu qalır -
ölüm. Elçinin bədii yozumunda, Tanrı
Sisianovun başının kəsilməsinə dair
hökmü 1806-cı il fevralın 8-dən
çox-çox öncə versə də, hökmün
icrasına nəinki tələsmir, əksinə, gizli işarələr
verərək onu ayıltmağa çalışır. Kəramətsiz knyaz isə bu işarələri tərsinə
yozur və nəticədə 51 illik ömrünə
başı ilə cavab verir.
Fətəli şah Qacarın dediyi kimi, belə faciəli
aqibətə “...səbəb Sisianovun yekəbaşlığı,
yerə-göyə sığmayan təşəxxüsü”
olur. Yeri gəlmişkən,
Fətəli şah cadugər Əkbariyə knyazın
başının kəsilməsinə dair sifariş verir və
bununla da roman Axundovun “Məstəli şah”ına intertekstual bir göz vurur. Lakin məsələyə münasibətdə
maarifçi realist Axundovla metarealist Elçinin fərqi var.
Axundov insanın ekstrasensor qabiliyyətinin
mümkünlüyünü ümumən inkar edir və Məstəlinin
şarlatanlığını buna örnək kimi göstərir.
Elçin isə insana məxasus mistik-paranormal
qabiliyyəti ümumən nəinki mümkün sayır, hətta
konkret Əkbariyə münasibətdə də məsələni
sual işarəsi altında saxlayır.
Knyazın cahangirlik ideallarının sonucu isə o olur
ki, qəssab Balarza onun başını öz ət
kötüyünün üstündə kəsəndən
sonra “Həyif ondan! Yaxçi kötük idi, zay oldu!” deyir.
Qəssabın zahirən bayağı səslənən, amma
altında bir kitablıq mətləb gizlənən sözlərindən
sonra dünyanın faniliyi, cahangirlik iddiasının
absurdluğunu əks etdirən bir lövhə gəlir:
“Kötük isə eləcə Qoşa qala
Qapısının qabağında qaldı və bir müddətdən
sonra o qış çağı hardansa bir qarğa uçub
kötüyün üstünə qonaraq, knyaz Sisianovun
boğazından axıb kötüyün üstündə
laxtalanmış qanı dimdikləməyə
başladı...” Bu, artıq müharibənin apofeozu yox,
tarixin sonu, yəni fənadır və yazıçı onu
Vereşşagin fırçasına layiq bir inandırıcılıq,
dəqiqliklə rəsm edir.
Sisianovun özünüdərk düşüncələri
romanın onurğası və başını, yerdə qalan
obrazlarla bağlı epizodlar isə bu və ya digər
orqanını əmələ gətirir və bu iki amilin birləşməsindən
roman-orqanizm əmələ gəlir. Azərbaycan,
fars, rus və gürcü millətinə
mənsub bu adamlar həyatlarının bu və ya digər
dönəmində ya Sisianov, ya da onun kəsik başı ilə
görüşür və bu, onların taleyində müəyyənedici
rol oynayır.
“Allah mənə bir qılınc verəydi ki, bir həmləsiylə yer üzündəki bütün rusları, Avropadakı o firəngləri, ingilisləri, o birilərini, hamısını qlıncdan keçirəydim! .. Elə farsları da! Ərəbləri də!.. Həbəşləri də!” deyən Bakı xanının bacısı oğlu Mahmud bəy və Rusiyanın sərhədlərini Hindistanacan uzatmaq istəyən kapitan Suxaryov əks cəbhələrin təmsilçiləri olsalar da, biri türk, digəri rus şovinisti olmaqla mahiyyətcə eyniləşir və milli təkəbbürü təmsil edirlər. Belindən xəncəri açıb, boğazına bantik bağlayan ruspərəst Mirzə Şərifə də müəllifin xüsusi simpatiyası hiss olunmur. Sisianovun ruhunun bütün roman boyu baş verənləri dünya teatrının amfiteatrından izləməsi, Ağabəyim ağanın finalda Allaha müraciəti və nəhayət, knyazın ruhunun Allahın hüzuruna uçub getməsi göstərir ki, yazıçı “...göydə hər şeyi görən və hər şeyin qiymətini verən var, dünya öz başına deyil” deyən Mirzə Müzəffərlə daha çox həmrəydir.
İlahi həqiqət hər dürlü
milli-ideoloji düşüncənin fövqündədir. Dünyanın və tarixin
“baş”ında duran var! Belə çıxır ki,
romanın məğzindən doğan başlıca ideya budur. Yəni Elçin məşhur “Anamın kitabı”
(C.Məmmədquluzadə) və məlum “Atamın kitabı”
(B.Vahabzadə) ideyalarını “Allahın kitabı”
ideyası ilə əvəzləyir. Bir böyük var,
o da Allahdır!
Amma məsələ sadəcə bu ortodoksal mövqe ilə
bitsə, ədəbiyyatın dindən, romanın risalədən,
yazıçının ruhanidən fərqi olmaz. “Baş”ın
müəllifi də bu mövqedə dayanmayıb irəli
gedir. Belə ki yuxarıdakı ideyanı
dərk edən romanın qəhrəmanları, xüsusən
də Sisianov yox, oxucudur. Həyat isə
roman deyil. Oxucu öz fərdi həyatını
həmişə oxuya bilmir, yəni “mən dünyaya nə
üçün gəlmişəm? Mənim
həyatdakı əsas missiyam nədir?” sualını
düzgün cavablandırmır və Sisianov kimi Allahın
hüzuruna bu həqiqəti əksərən dərk etmədən
gedir. Beləcə, şəhvətinə
uyan Adəmdən bu günəcən bu idrak (baş!) problemi
- Sisianov məsələsi davam edir! Bizə elə
gəlir ki, bu problemin bədii çözümü ilə
yazıçının növbəti romanlarında da
rastlaşacağıq. Amma məsələnin
nə vaxtsa öz qəti bədii həllini tapacağı
inandırıcı deyil. Çünki bədii
ədəbiyyat fasiləsiz axtarışdır. Cavabın tapılması ədəbiyyatın öz
spesifikliyini itirməsi və bədii dinə çevrilməsi
təhlükəsi doğurur.
Üç
nəfsani hiss həyatdakı başlıca missiyasını
insana unutdurur. Bu hisslərin başında
başda yerləşən təkəbbür durur və
Elçin bunun faciəli nəticəsini baş qəhrəmanın
timsalında göstərir. Təkəbbürlə
yanaşı insanı öz əsas missiyasından
yayındıran daha iki hiss var - acgözlük və şəhvət.
Gənc və gözəl qızını beş kəhərin
qarşılığında Abbas Mirzəyə satan, sonra “gərək
on at istəyəydim” deyə təəssüflənən
acgöz Sarı Çoban və onun qısa müddətdən
sonra şahzadə tərəfindən rədd edilən, bu
üzdən başını itirib çöllərə
düşən şəhvani qızı bu yöndən diqqəti
xüsusi çəkir:
“... Sarı Çoban qızı gündüzlər ardına düşüb , onu hoydu-hoyduya götürən, ona daş atan uşaqları qova-qova Tehranın küçələrini ac-yalavac gəzib dolaşır, gecələr isə Tehran bazarlarına gəlirdi. Dükan keşikçiləri, hamballar, süpürgəçi nökərlər onu çörəklə, ətlə şirnikləndirib, köşklərdən birinə salır, yerə uzandırır, cırıq-cındır tumanının ətəklərini yuxarı qaldırıb, işlərini görürdülər və onlardan biri köşkdən çıxan kimi, növbə o birinə çatırdı. Sarı Çoban qızı da hər dəfə bütün içindən gələn sevdayla:
-Mənim Abbas Mirzəm!.. Mənim Abbas Mirzəm!.. - deyə-deyə sarmaşıq kimi onlara sarılırdı”.
Qoyun otardığı yerdə çənəsini çomağına dayayıb hurilərlə xəyali eşqbazlıq eləyən Sarı Çoban həm də şəhvəti simvolizə edir. Bununla o, həm öz çılğın hisslərinə qurban gedən qızının genekodunu göstərir, həm də “Dədə Qorqud” dastanında pəri qızını zorlayan və ilahi cəza olaraq Təpəgözü dünyaya gətirən çobana mətnlərarası mesaj göndərir.
Romandakı əksər obrazlar Dantenin üç vəhşisindən (şir - təkəbbür, canavar - acgözlük, vaşaq - şəhvət) bu və ya digəri ilə rastlaşır və onun pəncəsində qəhr olur. Bu vəhşiləri dəf etməkdə onlara nə Vergili (ağıl), nə də Beatriçe (sevgi) kömək edir. Çünki təkəbbür onların ağlını, şəhvət isə eşqini məhv edib. Z.Freydin dediyi kimi, onları ya böyüklük iddiası, ya da seksual instinkt idarə edir. Bakı xanı Hüseynqulunun bütün cəhdlərinə rəğmən heç cür yazıb hasilə gətirə bilmədiyi şeir bu vəhşilərə qarşı durmaqda sənətin acizliyini işarələyir.
Romanda bu üç yırtıcıdan xali üç obraz var: Xacə Əbdür Rəhman; Oğru Səfər və Lal Cəfəroğlu. Amma bu adamların vəhşilərlə uğraşmaması onların başqalarından üstünlüyü yox, imkansızlığının göstəricisidir. Uşaq yaşlarından axtalanıb İran şahının hərəmxanasına qatılan Xacə Əbdür Rəhman sevişməyi kitabdan - Füzulinin “Leyli və Məcnun”dan “öyrənmək” zorundadır. Xacə ilə müqayisədə Oğru Səfər bir addım “qabağa” gedib - sadəcə erkəkliyi yox, insanlığını itirib. Həyatını özü və ailəsinin qarnını doyurmaq uğrunda mübarizəyə həsr etməsi onu insandan çox, heyvana bənzədir. Səfərin finalda heyvanla eyniləşməsi - cəza olaraq belinə sarındığı eşşəklə bir yerdə uçuruma yuvarlanması da bunu göstərir. Bütün ömrünü Bakı xanına dilsiz sədaqətlə xidmət edən və bu sədaqətinin qurbanı olan Lal Cəfəroğlu isə nəinki heyvan,` hətta cansızları təmsil edir.
Məzlumların bu fiziki (Xacə Əbdür Rəhman), fizioloji (Oğru Səfər), mənəvi (Lal Cəfəroğlu) deformasiyası özü zalımların şəhvətpərəstliyi, acgözlüyü və təkəbbüründən doğur.
Konkret desək, Əbdür Rəhmanın xacəliyi hakim təbəqənin şəhvətpərəstliyi, Səfərin oğurluğu onların acgözlüyü, Cəfəroğlunun mütiliyi isə təkəbbürlərinin nəticəsidir. Zalımlarla məzlimların bir fərqi var ki, birincilər yırtıcı heyvanlara - şirə, canavara, vaşaqa, ikincilər isə qatıra, eşşəyə, hətta cansıza çevrilirlər. Amma mahiyyət birdir - öz əsas missiyasını unudan insan hər iki halda onu insanlıqdan çıxır.
Kafkadan fərqli olaraq (“Çevrilmə”), Elçində müstəsnalıq əlaməti çevrilmək yox, çevrilməməkdir. Bu, insan olaraq qalmaq deməkdir. Romanda insan olaraq qalan iki obraz var - Sisianovun mürəbbisi müdrik Baba Arçil və Qarabağ xanının ağıllı qızı, Fətəli şahın sevimli zövcəsi, xalqın ümidgahı Ağabəyim ağa. Amma Arçilin öz övladlarından xəbəri olmadığı kimi, Ağabəyimin də övladı yoxdur və bu, ali mənəvi dəyərlərin kökünün kəsilməsinə işarə kimi dərk olunur.
Kamil insan surətlərinin təkcə Azərbaycan yox, həm də gürcü xalqının təmsilçiləri arasından seçilməsi milli təkəbbür ideyasına qarşı çıxan, ümumbəşəri mövqe sərgiləyən müəllifin əsas qənaəti, romanın əsas ideya pafosu ilə sıx bağlıdır.
lll
“Baş” ən xırda məişət detallarında üzə çıxan koloritdən tutmuş, dövrün ən ümumi ruhunun ehtivasına qədər klassik tarixi romançılığa məxsus hər şeyi özündə əks etdirir. Elçin XIX əsrin əvvəllərindəki beynəlxalq siyasi mənzərəni təhkiyəçinin dili ilə nəql edəndə uzaq plana, qəhrəmanların duyğu və düşüncələrini daxili monoloqlar yolu ilə göstərəndə isə iri plana keçir və bunu çoxillik qələm təcrübəsinə malik yazıçı kimi məharətlə, yerli-yerində edir. Bəzən o, hadisələrin təsvirində naturalizmə (Abbas Mirzə ilə Sarı Çoban qızının şəhvani səhnələri), obrazların nitqində rusizm, ərəbizm, loru danışıq və vulqarizmlərə (smuta, samoqon, panika, saldat, derjava, kuzen, protest, patriot, trofey, dyadya, sfera, pederas, panos, qaimməqam, müvəhhid, ğufran, qəhbə və s.) qədər enməklə klassik realizmin hüdudlarını aşır. Öz dibinə çatan realizm bitir və bu bitkinliyin hesabına metarealizmə keçid başlayır. Başqa sözlə, ali həqiqət ən aşağı ilə ən yuxarının - qarışqa ilə Süleymanın, fəqirlə şahın, çoban qızı ilə şahzadənin, elitar ədəbi dillə vulqar leksikonun görüşdüyü nöqtədədir. Çünki məhz bu nöqtədə çevrə qapanır və tarixdən metatarixə keçid baş verir - əbədi dövretmə başlayır.
Gəlin, biz də romanın əbədiyyətlə bağlı qatına keçək, görək “Baş”ımıza nə gəlir.
lll
Romanın tarixi qatı onun realist, metatarixi qatı isə
metafizik tərəfinə uyğundur. Əgər tarixi
olaylar romanın cismidirsə, metatarixi olaylar onun ruhudur. Və “Baş” öz metoduna görə metafizik
realizm, tipinə görə isə metatarixi roman örnəyidir.
Onun milli tarixi romançılığımıza
gətirdiyi yenilik bu müstəsna tipoloji özəlliyi ilə
bağlıdır. Çünki tarixi nəsr
təcrübəmizin nəinki belletrist nümunələri, hətta
ən ciddi örnəkləri də (Y.V.Çəmənzəminli
- “Qan içində”, Ə.Cəfərzadə - “Aləmdə
səsim var mənim”, F.Kərimzadə - “Xudafərin
körpüsü” və sair) metatarixi düşüncədən
danışmağa ciddi əsas vermir.
Ümumən tarixi roman janrı nəsrimizin Axilles
dabanıdır. İlk tarixi romançımız M.S.Ordubadidən
keçən az qala bir əsr ərzində bu janrda onlarla əsər meydana çıxsa da,
onlar tarixi koloriti canlandırmaq, tarixi-psixoloji atmosfera yaratmaq,
tarixi fakta orijinal yazıçı konsepsiyası ilə
yanaşmaq kimi Avropa romançılığının iki əsr
öncə həll etdiyi problemləri çözə bilməyib.
“Firon”u (B.Prus) oxuyan özünü Ramzes dövrü Misiri,
“Salambo”nu (Q.Flober) oxuyan Hamilkar dövrü Karfageni, “Tais”i
oxuyan (A.Frans) Avqust dövrü Roması, “Puritanlar”ı
(V.Skott) oxuyan isə Kromvel dövrü Şotlandiyasında hiss edir. Bu ölçüyə milli tarixi romanlarımız
arasında ən çox uyğun gələn yenə də
Elçinin romanları - “Mahmud və Məryəm”lə
“Ölüm hökmü”dür. Xronoloji
olayların zəif publisistik təkrarından ibarət, bəzən
həvəskar təsiri bağışlayan müstəqillik
dövrü tarixi romanlarını bu məsələdə
söz konusuna çevirmək isə, yumşaq desək, qəribə
görünərdi.
Lakin milli tarixi romanla bağlı daha ciddi problem
strukturoloji qatdadır. Belə ki tarixi
romançılarımızın bədii düşüncə
koordinatları tam formalaşmayıb. Bu
düşüncənin horizontal oxu var, vertikal oxu isə
yoxdur. Bu düşüncə müstəvi,
səth quruluşundadır, yəni səthidir. Milyonlarla qurban bahasına olsa belə, tarixi öz məqsədyönlü
və möhtəşəm finalına doğru aparan Dünya
Zəkası anlayışı (Hegel) bu yazıçılar
üçün yerli-dibli mövcud deyil. Çünki
onlar ya bu gündən keçmişə, ya da
keçmişdən bu günə nəzər salır, amma
yuxarıya baxmır, tarixi olaylara ilahi müdaxilə amilini nəzərə
almırlar. Tarixin ən dərin və
gizli mənası isə məhz bu müdaxilədədir.
Bu üzdən onların romanlarındakı
tarix özünün ən mühüm keyfiyyətindən məhrumdur.
Əslində, bu, tarixin özü deyil, şəklidir.
“Baş”
romanının isə hər iki yönü ilə tam
formalaşmış koordinat sistemi var. Horizontal tarixi olaylar
absis (x), vertikal metatarixi “olaylar” isə ordinat (y) oxunu əmələ
gətirir. Sisianovun başı bu iki oxun kəsişdiyi
sıfır nöqtəsində kəsilir. Müəllif fenomenal (zahiri!) və noumenal (batini!)
tarixin qarşılıqlı təsirinə, yerlə
göyün, insanla Allahın dialoquna bu nöqtədən
baxır. Roman üçün səciyyəvi olan sərt
obyektivlik, insanı üşüdən ciddiyyət, emosional
amplitudanın demək olar ki, sıfıra enməsi bu üzdən məntiqidir -
axı, müəllif hadisələri sıfır nöqtəsindən
izləyir.
Elçinin bədii-tarixi düşüncəsi müstəvi
yox, fəza quruluşundadır. Onun təqdimində
tarixin baş rejissoru Yaradandır. O, monoteistlərin bəndələrin
yataq otağını belə gözdən qoymayan Allahı
kimi pedant deyil, amma Aristotelin səma tağlarının
ucalığından etinasızcasına baxan Formalar Forması
kimi dünyanı başlı-başına da buraxmayıb. Elçinin Yaradanı hadisələri pərdə
arxasından izləyir və ilahi ədalətin təntənəsi
naminə ən kritik məqamlarda prosesə müdaxilə edir.
Sisianovun başının kəsilməsi də
fasiləsiz axıb gedən zamana Allahın müdaxilə
etdiyi anlardan biri kimi təzahür edir.
Romanın xronotop özəlliyi fərqli tarixi
zamanların sinxron təsviridir. Lakin M.Bulqakov (“Ustad və Marqarita”),
Y.Səmədoğlu (“Qətl günü”), Ç.Aytmatov
(“Qiyamət”), P.Akroyd (“Xoksmur”), K.Abdulla (“Yarımçıq əlyazma”)
və digər yazıçıların dönə-dönə
istifadə etdiyi və artıq trafaretləşmiş bu modelə
Elçin keyfiyyət fərqi yaradan iki mühüm yenilik əlavə
edir:
-birincisi, onun romanında sadəcə
keçmişlə indi yox, hər üç zaman -
keçmiş, indi və gələcək
qarşılaşdırılır; bunlardan keçmiş və
indi təsvir, gələcək isə təsəvvür
olunur;
-ikincisi isə romanda sadəcə zamanın fərqli
qatları yox, zaman və əbədiyyət də
qarşılaşdırılır; öncəki
yazıçılar bir zamanı digəri ilə
ölçürdüsə, Elçin zamana əbədiyyət
vasitəsilə qiymət verir. Və “Baş” romanı “Ədəbi
düşüncələr” müəllifinin (Elçinin bir
neçə il öncə dərc olunan
esselər toplusunu nəzərdə tuturuq) əbədi
düşüncələri kimi meydana çıxır.
Bəs, yazıçılar iki və daha artıq
zamanı niyə qarşılaşdırırlar? Zahirən belə
görünür ki, bu başlıca ideyanın tarixən daha
geniş diapazonda təsviri və bununla ikiqat
vurğulanmasına xidmət edir - dünya belə gəlib, belə
də gedir. Əslində isə fərqli
zamanların sinxron təqdimi ya şüuraltı, ya da
şüurlu olaraq zamandan çıxmaq, ölməzliyə
qovuşmaq arzusundan doğur. Lakin bu, tarixi roman müəlliflərinin
bir çoxunda zamanları sadəcə
qarşılaşdırmaqdan o yana
keçmir. Çünki əksər
yazıçıların əbədiyyyətə inamı
(imanı!) çatmır. Çünki
onların bədəndənkənar fərdi ruhi təcrübələri
yoxdur. Belə təcrübəsi olmayan
şəxs isə yəqin məqamı yox, ən
yaxşı halda güman mərhələsinəcən gedə
bilər. Məsələn, Bulqakovda metazamanın təsviri
var, lakin bu, yazıçının fərdi inancının
ifadəsi olmaqdan daha çox, rus folkloru və ədəbiyyatı
(Qoqol), eləcə də dünya ədəbiyyatından (Höte, “Faust”) gələn
çoxəsrlik bədii-estetik ənənənin davamı
kimi meydana çıxır.
Məsələyə
struktural baxış bu yazıçıların zamandan əbədiyyətə
keçə bilməməsinin səbəbini bütün həndəsi
çılpaqlığı ilə göstərir. Onların zamana
yanaşması əksərən horizontaldır. Horizontal (üfüqi) planda isə zaman istər
keçmiş, istərsə də gələcəyə
doğru sonsuzdur və bu üzdən hər iki yöndə
onu aşmaq mümkünsüzdür. Bunu
gəmi ilə Yer kürəsini fırlanan, amma onun “sonuna”
heç cür çata bilməyən səyyahın durumuna
bənzətmək olar.
Elçinin romanında isə zaman aşılır. Çünki
o zamana həm horizontal (üfüqi), həm də vertikal
(şaquli) planda baxır. Horizontaldan fərqli
olaraq, vertikalda isə zaman sonludur və demək onu aşmaq olar.
Bunu kosmik gəmi ilə fəzaya qalxan və Yerin cazibə
qanununu aşan kosmonavtın durumuna bənzətmək olar.
Görkəmli
ədəbiyyatşünas, professor Nərgiz Paşayevanın
Elçinin yaradıcılığına həsr etdiyi monoqrafiyada
vurğuladığı kimi, “...hər bir bədii əsərin...məxsusi,
spesifik özəlliyi olur. Dünya ədəbiyyatının
şedevr nümunələri məhz bu özünəməxsus
xüsusiyyətləri ilə seçilir, yaşarılıq
qazanır...Bu özünəməxsusluğu ilk növbədə,
İnsan və Zaman probleminin uğurlu bədii həllində
axtarmaq lazımdır” (“İnsan bədii tədqiq obyekti kimi”
Bakı, 2003, səh. 143). “Baş” romanının
uğurlu cəhətlərindən biri də,
tanınmış elçinşünasın təbiri ilə
desək, “insan və zaman probleminin” diqqətəlayiq
çözümündədir.
Romanda zamanın bir neçə qatı ortaq məxrəcə
gəlir - I Pyotr, II Yekaterina, I Aleksandr və II Nikolay dövrləri. Bu
çoxqatlı xronoatomun nüvəsində 1806-cı ilin
fevralı, yəni I Aleksandr dövrü durur. Çünki Sisianovun başı məhz bu tarixdə
kəsilir. Yerdə qalan xronoloji qatlardan
birini (II Yekaterina dövrü) qəhrəman, digərini (I
Pyotr dövrü) isə müəllif xatırlayır.
Başın kəsilməsindən yüz il
sonra başlayan II Nikolay dövründən təbii ki, qəhrəman
yox, müəllif özü danışa bilərdi. Amma o, bu barədə “susur”. Bu barədə mətn
özü danışır.
Elçinin yazıçı kimi aysberq üsulundan
istifadə məharəti də, metatarixçi kimi kəşfi
də özünü ən qabarıq bu qatda göstərir. Bu qatda o, sadəcə
tarixi roman yox, tarix (metatarix!) yazır və oxucu bu gözəgörünməz
yazını fəhmlə “oxuyur”. Yazıçı
tərəfindən məsələyə belə münasibət
qanunauyğundur. Çünki daxili
gözlə görünən bir şey haqqında daxili
qulağın eşitdiyi dillə danışmaq olar. Müəllif intuisiya hesabına yalnız
özünə açılan, bu üzdən sübutu
mümkünsüz fakta arifanə işarə edib, yerdə
qalan məsələni oxucunun öhdəsinə buraxır.
O
hansı faktdır?
Romanın
tarixi olaylar qatı yeddidən yetmişə bütün ailə
üzvləri rus zabiti Lisaneviçin əmri ilə qətlə
yetirilən Ağabəyim ağanın qarğışı
ilə bitir:
“Ağabəyim
ağa..: - Ya Allah, -
deyərək barmağını Başa
tuşladı. - Bu heç!.. Bu, buyruq
quluydu!.. Şuşa müsibətinin cəzasını
bunların hökmdarına ver! Eşidirsən məni!
Eşidirsən məni! Mən
ömrümün axırına kimi gecə-gündüz Sənə
yalvaracağam ki, Rusiya hökmdarı da öz övladları
ilə, xanımı ilə birlikdə, bir-birinin gözü
qabağında gülləbaran edilsin!”
Tünd Rembrandt boyaları ilə çəkilmiş, qüvvətli təsir gücünə malik bu səhnə qeyri-adi olduğu qədər də orijinaldır. Çünki biz nağıl-dastanlarımızdan ta ki romanlarımıza qədər finalda qarğış yox, daha çox alqış görmüşük. Tarixi qata vurulan bu möhtəşəm final akkordundan sonra yazıçı son dəfə metatarixi qata keçərək Sisianovun ruhunun Allahın hüzuruna uçmasını təsvir edir. Və roman bitir.
Oxucu düşüncəsində isə suallar baş qaldırır. Yarı qarğış, yarı tələbdən ibarət bu üsyankar finalla yazıçı diqqəti hara yönəldir? Bəlkə, o, bir əsr sonra II Nikolay ailəsinin gülləbaran edilməsini bu qarğışa bağlayır və bununla da tarixin noumenal, görünməyən, batini qatını açır? Bu suala birmənalı “hə”, yaxud “yox” demək mümkünsüzdür. Çünki bu artıq tarix yox, tarixi ötəsi fakt - metatarixdir. Buna sübut-dəlil yox, intuisiya ilə, fəhmlə inanmaq, bunu sadəcə ağıl yox, ürəklə dərk etmək olar.
Romanda iki
gələcək zaman var. Birincisi, dediyimiz kimi, II Nikolay
dövrü Rusiyasıdır və gələcək
zamanın bu qatında problem artıq çözülüb:
Ağabəyim ağa qarğış edib və bu
qarğış öz ünvanına çatıb;
üstündən bir əsr keçəndən sonra
romanovların son nümayəndəsi II Nikolay öz əhli-əyalı
ilə birlikdə bolşeviklər tərəfindən
gülləbaran edilib.
Lakin
romanda gələcək zamanın ikinci qatı da var və o,
çağdaş dövrdür. Otuz il bundan öncə erməni
daşnakları tərəfindən ortaya atılan, nə vaxt
çözüləcəyi bilinməyən Qarabağ
sindromu, romanovlar Rusiyasının varisi olan Putin-Medvedyev
Rusiyasının Ermənistana hərdi yardımı,
Qarabağda məhv edilən yüzlərlə Azərbaycan
ailəsinin faciəli taleyi göstərir ki, Ağabəyim
ağanın qarğışı hələ
özünün aktuallığını itirməyib. Keçmiş dünya ağalığı iddialarından
əl çəkməyən Rusiyanın Gürcüstan,
Ukrayna və Suriyada törətdiyi qırğınlar isə
bu müqəddəs qarğışın beynəlxalq
miqyasından xəbər verir. “Baş”ın
tarixi romanda müasirlik deyilən bir xüsusiyyəti də ən
qabarıq burda üzə çıxır.
“Baş”ın
timsalında axır ki, elə bir romanımız meydana
çıxıb ki, istər özünün sülhə,
xoşgörüyə, ümumbəşəri dəyərlərə
çağırış məzmunu və aktual ideyası,
istər fəlsəfi yükü, istərsə də
dünya nəsri üçün
yeni bədii-estetik özəllikləri ilə milli nəsrimizi
Nobelə təqdim olunan əsərlər arasında
sözün həqiqi mənasında təmsil etməyə
qadirdir.
Əsəd
Cahangir
525-ci qəzet.- 2016.- 27 fevral.- S.16-17