“Əbədi ezamiyyət”
Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Gənc nəslin köklərimizə, milli adət-ənənələrimizə
bağlı, vətənpərvər ruhda tərbiyəsi
çağdaş zamanın, daha doğrusu böyüklərin
qarşısında duran mühüm məsələlərdən
biridir.
Zaman
keçdikcə, dünya dəyişildikcə, yeni-yeni
texnologiyalar, müasir ünsiyyət vasitələri
yarandıqca, insanların yaşam sürəti və
ümumiyyətlə həyata baxışları
başqalaşdıqca bu iş çətinləşir. Müasir insanın elmi, tarixi, ədəbiyyatı,
incəsənəti qavrama forması da fərqlidir. Yəni bu gün bir mövzunun öyrədilməsi,
təbliği, çağdaş dildə desək, “piar”ı
üçün saatlarla sürən mühazirələrdən,
qalın kitablardan daha effektiv müasir vasitələr
mövcuddur. Bunlar video-çarxlar, audiovizual vasitələr,
fləş-moblar, sənədli və bədii, bioqrafik filmlər
və s. ola bilər. Və təcrübə
də göstərir ki, bu yeni təbliğat vasitələri
bir qayda olaraq gənclərə daha çox təsir edir,
onların düşüncə, qavrama tərzinə daha
uyğun gəlir. Həm də internet əsrində,
sosial şəbəkələr zəmanəsində bu
cür yeni təqdimat üsullarının effekti
danılmazdır. Azərbaycanda mədəniyyətimizi,
ədəbiyyatımızı, dilimizi, tariximizi təbliğ
edən, gənc nəslin maarifləndirilməsinə, onlarda vətənpərvərlik
duyğularının aşılanmasına xidmət edən bədii
və sənədli filmlər, habelə bioqrafik kino,
video-materiallar hələ Sovet dönəmindən çəkilib.
Sual oluna bilər ki, məgər ədəbi,
tarixi filmlər gənc nəslin vətənə sevgisini,
bağlılığını artırmaq üçün ən
effektiv yoldurmu? Məncə, indiki dinamik
zamanda bəli. Həm də axı doğrudan da
birbaşa tərbiyə üsullarındansa, yəni “vətəni
sevin”, “vətəni sevmək lazımdı”, “vətən
anadı” kimi “plakat”lardansa şüuraltına təsir edən
maariflənmə yolu daha düzgün, daha effektivdir.
Millət kimi, xalq kimi qədim, zəngin mədəniyyətə,
incəsənətə, qürurverici tarixə mənsubluğumuz
bu cür filmlər üçün zəngin material verir. Və
heç şübhəsiz ki, tariximizin Cümhuriyyət
dövrü bu mənada son dərəcə maraqlıdır.
Şərqdə ilk Respublikanı yaradan xalq
olmağımız, XX əsrin əvvəllərində
qısa müddətdə də olsa, müstəqil dövlətimizi
yaratmağımız sadə məsələ deyil, lakin
bütün bu tarixi faktların gənc nəslə
çatdırılması, həqiqətlərin olduğu
kimi doğru-dürüst öyrədilməsi də
tarixçilərin qarşısında duran məsələdir.
Lakin artıq vurğuladığım kimi, yeni
üsullarla maarifləndirmə dövrün mütəxəssislər
- tarixçi-alimlər, sənətkarlar qarşısında
qoyduğu əsas şərtlərdən biridir.
Bu günlərdə tamaşaçılara təqdim
edilən “Əbədi ezamiyyət” filmi məhz bu baxımdan
da son dərəcə mühüm mədəni hadisədir. Film Azərbaycan Xalq
Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə
Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyi
barədədir. Filmin baş prodüseri Arzu
Əliyeva, baş məsləhətçisi
tanınmış diplomat Ramiz Abutalıbovdur. Ssenari müəllifi məşhur jurnalist, ssenarist
Müsəllim Həsənovdur. Film
qısa müddətdə internet-mediada, sosial şəbəkələrdə
yayıldı, geniş müzakirələrə səbəb
oldu. Ssenari müəllifindən “Əbədi ezamiyyət”in
uğurunun sirri və əsas əhəmiyyəti barədə
soruşanda o filmin nə qədər uğurlu olub-olmaması
barədə nəticəni tamaşaçılara
buraxdığını söylədi, amma bu cür işlərin
əhəmiyyətini vurğuladı:
“Hesab edirəm ki, “Əbədi ezamiyyət” Azərbaycan
tarixinin, xüsusən müstəqillik tariximizin öyrənilməsi
baxımından əhəmiyyətli bir filmdir. Yəni film
Heydər Əliyev Fondunun dəstəyi ilə məhz bu məqsədlə
çəkilib. Bildiyiniz kimi Azərbaycan
Xalq Cümhuriyyətinin tarixi, eləcə də Paris Sülh
Konfransına gedən nümayəndə heyətinin taleyi barədə
çox maraqlı və ciddi elmi araşdırmalar
aparılıb, sanballı kitablar nəşr edilib. Amma bu tədqiqatlar əsasən elmi xarakter
daşıyır, daha çox tarixçilər və bu sahə
ilə maraqlanan mütəxəssislər tərəfindən
oxunur. Heç kimə sirr deyil ki, indi gənclər
arasında kitab oxumaq, yumşaq desək, dəbdə deyil.
Ona görə də geniş oxucu kütləsi,
xüsusən cavanlar Paris Sülh Konfransında Azərbaycanı
təmsil edən nümayəndə heyətindən,
onların keşməkeşli taleyindən, demək olar ki, xəbərsizdir.
Fikrimcə, “Əbədi ezamiyyət” məhz bu
baxımdan əhəmiyyətlidir. Çünki
indi dünyanın əksər ölkələrində tarixin
öyrənilməsində məhz sənədli və bədii
filmlərdən geniş istifadə olunur. Məsələn,
qardaş Türkiyədə çəkilən “Möhtəşəm
yüzil” buna yaxşı nümunə sayıla bilər”.
Müsahibimin, “Qərib məzarlar” kitab-albomunun da müəllifi
olan Müsəllim Həsənovun “Əbədi ezamiyyət”in
məhz gənc nəslə təsir üçün çəkildiyini
xüsusi qeyd etməsi maraqlıdır. Yəni məqsəd bu
dövrləri az qala əzbər bilən
tarixçilərdən, mütəxəssislərdən daha
çox məhz gənclərə təsir etməkdi. Çünki gəncliyə, yeniyetməliyə xas
olan cəhətlərdən biri də öz qəhrəmanını
seçmək, yaxud bunu uydurmaqdı. Belə
olan halda o qəhrəmanların məhz bu cür tarixi şəxsiyyətlər,
millətinin müstəqilliyi, azadlığı yolunda,
böyük amal uğrunda hər şeyə hazır olan
adamlar arasından seçilməsi nə qədər gözəl
olar, deyilmi?
Film sözün əsl mənasında qürur hissi
doğurur. Nə
qədər pafoslu səslənsə də, bütün məhrumiyyətlərə
baxmayaraq xalqımızın müstəqilliyinə,
Cümhuriyyətin qurulmasına, dünyada
tanıdılmasına nail olan Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli, Əkbər ağa
Şeyxülislamov, Xəlil bəy Xasməmmədli, Əhməd
bəy Ağayev, Məmməd Məhərrəmov, Ceyhun
Hacıbəyli, Miryaqub Mirmehdiyev, Abbas bəy Atamalıbəyov
və digər istiqlal mücahidlərini hər bir Azərbaycan vətəndaşı
tanımalıdır. Bu gün 25-30 yaşı olan gənc az qala yüz il öncə həmyaşıdlarının
təkbaşına, maliyyə sıxıntılarına, ciddi
kənar maneələrə baxmayaraq dünya sahiblərini
inandırıb müstəqilliyimizin tanınmasına nail
olmasını niyə bilməsin ki? Bütün bunlardan
ötrü, həqiqətlərin tamaşaçıya fərqli,
maraqlı təqdimatı üçün yaradıcı heyət
ciddi zəhmət sərf edib, təxminən ilyarım müddətində
Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki
arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə
video və fotoçəkilişlər edib, Fransada Azərbaycan
mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə
görüşləri və söhbətləri lentə
alıb. Film əsasən sənədli şəkildə
çəkilsə də, canlı kadrlar, orijinal, bədii səhnələr
tarixi faktların daha da maraqlı təqdimatını təmin
edir. Eyni zamanda qəhrəmanların
taleyinə, həyat hekayələrinə, xarakterlərinə
uyğun seçilmiş, Azərbaycan şairlərinin məşhur
şeirlərindən misraların səsləndirilməsi filmə
ədəbi intonasiya da verib.
Aktyorların
həm səssiz, az qala emosiyasız, həm
də təsirli oyunları da filmin uğurlarından biridir. Məmməd
Məhərrəmovun rolunu canlandıran rejissor Tahir Əliyev
də onlarla tarixi, sənədli film müəllifi kimi “Əbədi
ezamiyyət”in məhz maarifləndirici əhəmiyyətini
xüsusi qeyd elədi:
“Məmməd Məhərrəmovun rolunu ifa etmək
çox məsuliyyətli və xoş oldu mənə. Mənəvi
tərəfdən bu mövzuya yaxın olduğum
üçün xüsusi zövq aldım. Mən özüm də tarixi və sənədli
filmlər müəllifiyəm. Tamaşaçılara,
kinosevərlərə, kinoşünaslara söyləmək
istəyirəm ki, maarifləndirici ideya ilə çəkilmiş
bu cür filmlərə yanaşma bir qədər fərqli
olmalıdır. Yəni müəlliflər
qarşılarına qoyduqları ideyaya nə dərəcədə
nail ola biliblər, bu
araşdırılmalıdır. Bu mənada
fikrimcə film alınıb, elə ilk təqdimatdaca
tamaşaçıların reaksiyaları çox şey
deyirdi”.
Tahir Əliyevin fikirlərindən çıxış
edərək söyləmək olar ki, “Əbədi ezamiyyət”in
bir neçə gün ərzində sosial şəbəkələri,
gündəmi, medianı “zəbt” etməsi də
yaradıcı heyətin məqsədə çatmasından
xəbər verir. Sonda qəhrəmanların hər birinin həyatının
acınacaqlı sonluğu, qəriblikdə vəfat etmələri,
qərib məzarları göstərilir. Və tarixin
onların əziyyətlərini nəticəsiz qoymaması...
Özləri görməsələr də, Azərbaycanın müstəqilliyə
qovuşması, dünyada suveren ölkə kimi
tanınması... Bütün bunlardan təsirlənməmək,
nəticə çıxarmamaq mümkün deyil.
Tənqidçi-alim, diplomat Vilayət Quliyev “Sadıq bəy Ağazadənin sahibsiz məzarı” adlı məqaləsində mərhum prezident, ümummilli lider Heydər Əliyevlə bağlı bir xatirəsini bölüşür. Daha doğrusu, Heydər Əliyevin Paris ətrafındakı müsəlman məzarlığında dəfn edilən tanınmış mühacir həmvətənlərimizin qəbirlərinin son dərəcə bərbad vəziyyətdə, itib-batmaq təhlükəsi qarşısında olduğundan keçirdiyi narahatlıqdan söz açır: “Nazirliyin vəsaiti hesabına məzarların dördü də tam sahmana salındı, baş daşı yazıları təzələndi. 2031-ci ilə qədər 30 illik icarə haqqı (Fransada məzar yerləri icarəyə götürülür və haqqı ödənilməsə başqaları tərəfindən alına bilər) ödənildi. Bir təsadüf nəticəsində bu hadisədən xəbər tutan Prezident Heydər Əliyev çox razı qaldı. “Yaxşı iş görmüsən” - dedi. Sonra 1970-ci illərin ortalarında Əlimərdan bəy Topçubaşovun arxivini Fransadan gətirməyə çalışdığını, oğlu Ələkbər bəyi Azərbaycana dəvət etdiyini, hətta bütün bu işləri yoluna qoymaq məqsədi ilə Mərkəzi Komitənin katibi Həsən Həsənovu Fransaya göndərdiyini danışdı. Sonra özünəməxsus işıqlı təbəssümlə gülümsəyərək “İndi sən tarixlə bağlı məsələləri bir az bilirsən. Ona görə də düzgün qərar qəbul eləmisən. Dərd burasındadır ki, çoxlarının heç nədən xəbəri yoxdur” - dedi”.
Ümummilli liderin tarixin bu cür həssas, önəmli məqamlarına diqqəti, münasibəti heç kəs üçün sirr deyil. Bu mənada “Əbədi ezamiyyət” Heydər Əliyevin də maarifçilik ideyalarına xidmət edir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
PƏRVİN
525-ci qəzet.- 2016.- 27 fevral.- S.11