Fəxrəddin Həsənzadə: “Gənclərin arzularına daha çox diqqət çəkməliyik”

 

“KİTABLA SIX TƏMAS QURAN GƏNCLƏR ÖLKƏYƏ, CƏMİYYƏTƏ DİGƏRLƏRİNDƏN DAHA ARTIQ YARARLIDIRLAR”

 

 

- Açığı, haqqınızda oxuyanda ki, 22 yaşında Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri seçilmisiniz, təəccübləndim...

 

- Əslində, təcrübəyə nəzər salsaq, bu yaş gənclər təşkilatının rəhbəri olmağa tam uyğun yaşdır, sadəcə, əksər həmkarlarımızın 30 yaşlarında olması bizə bu təəccübü verir. Bəli, mən 22 yaşımda GTM-ə rəhbər seçilmişəm... Gənclər adətən universitet dövrünü dəyərləndirə bilmir, vaxtından səmərəli istifadə etmirlər.

 

Vaxtını ancaquniversitet-evsisteminə uyğunlaşdırır, sosial həyatı yalnız gəzmək, çayxana ya tez bir zamanda öz şəxsi inkişaf kapitalını artırmadan  işləyib pul qazanmaq kimi düşünürlər. Bu anlamda, mənim bir gənc olaraq fərqim onda oldu ki, universitetin ilk kursundan etibarən ictimai təşkilatlarda fəaliyyətə başladım. Mən ilk öncə 2008-ci ildən etibarən  Azərbaycan Tələbələr Birliyində könüllü olaraq işləməyə qərar verdim. Sonralar mətbuat xidmətində fəaliyyətimi davam etdirdim ictimaiyyətlə əlaqələr üzrə katib oldum. Bu tendensiya ilə bacarığımı daha geniş sahədə istifadə edə biləcəyimi sezdim nəhayət, Gənclər üçün Təhsil Mərkəzinin idarə heyətinin qərarı ilə Mərkəzin icraçı direktoru vəzifəsinə təyin edildim. Düzü ictimai sektorda bu cür rəhbər vəzifəyə seçilmək o qədər çətin deyil. Hesab edirəm ki, öz üzərində çalışan, rəqabət bacarığı ən əsası məsuliyyəti olan hər  bir gənc bunu əldə edə bilər.

 

- Sizin üçün uğur nədir?

 

- Hər kəsin öz uğur prioriteti var. Mənim üçün uğur formulum əldə etdiklərimi zamanıma böldükdə aldığım nəticədir. Uğurun hər kəs özlüyündə bir neçə izahını verə bilər. Mənim üçün  məğlubiyyətin özü uğurdur. Əsas olan uğurların saxta olmaması onu yanında olan şəxsə görə deyil, öz əziyyətin hesabına qazanmaqdır. Çünki uğur  bölünmür, bir fərdin adına yazılır. Xüsusən qeyd eləmək istərdim ki, həyat hər zaman mükəmməl deyil, hər an hər hansısa problemlə qarşılaşa bilərik. Nəticə olaraq hər insan  bu problemi həyatın sonu yerinə yeni fərqli bir həyatın başlanğıcı kimi görməlidir. Əgər bir işi görməyi ürəkdən istəyiriksə, zaman kəsiyində biz bu uğuru əldə edəcəyik. Sadəcə, hər işin sonunda qarşımızda mütləq iki yol olacaq bu zaman biz yolu hamarlığına, qaranlıq-  aydın olmasına görə yox, məqsədə aparıb-aparmamağına görə seçəcəyik. Yəni həyat  velosipedə minmək kimidir, pedalı  çevirməyə davam etdiyimiz müddətə kimi  yıxılmayacağıq.

 

-Gənclərlə dil tapmaq əsasən sakit, təmkinli insanlara müyəssər olur yəqin?

 

-Bizim bir üstünlüyümüz odur ki, hər cür gənclə işləməyə çalışırıq. Yəni, görüşlərimizdə siyasi, dini əqidəsindən asılı olmayaraq hər kəs  həm iqtidar, həm müxalifət yönümlü gənclər iştirak edə bilər. Bunu tam səmimi deyirəm. Çünki təhsil gənclik ümumi anlayışlardır, bunları spesifik formalara ayırmaq olmaz. Bizim təşkilatın ikinci üstünlüyü odur ki, müxtəlif regionlarda ofislərimiz var. Hal-hazırda bölgələrdə 6 ofisimiz fəaliyyət göstərir. Biz daha çox region gəncləri ilə işləyirik. Bunları onun üçün qeyd edirəm ki, gənclərlə fəaliyyət sferamız genişdir. Belə bir deyim var, uşaqlar böyüklərin dilində danışanadək bir neçə dil sınaqdan keçirərlər. Məhz biz indiki halda özümüz gənc olduğumuzdan  gəncliyin dilində danışa  bilirik. Bizim heç bir zaman gəncləri mühakimə etmək niyyətimiz olmayıb, sadəcə, onların bəzi xüsusiyyətlərini dəyişmək arzumuz olub. Amma hər təşkilatda bu yanaşma uğurlu alınmır, çünki niyyət yaxşı olsa da, çox zaman üsullar pis olur. Əslində isə gənclər cəmiyyətin ən saf, yararlılıq əmsalı yüksək təbəqəsidir, həmçinin çılğın olduqlarından laqeyd münasibəti, etinasızlığı heç zaman bağışlamırlar. Mənə elə gəlir, biz gənclərin arzularına daha çox diqqət çəkməliyik.

 

- 2013-cü ildən Mərkəzə rəhbərlik edirsiniz. Bu üç ildə həyatınızda, düşüncələrinizdə hansısa köklü dəyişikliklər oldu?

 

- Əlbəttə. GTM, sanki mənim üçün böyük bir ailə idi o ailənin 22 yaşında ərköyün  bir  övladı oldum (gülür). Bu baxımdan düşüncəmin dəyişilməsində  işindən örnək aldığım müəllimimə və əməkdaşlarımıza hər zaman  borcluyam. Sanki yağışdan sonra torpaq üzərində açılan cığır kimi, bu 3 illik təcrübə mənim beynimdə bir cığır açdı. Mərkəz həqiqətən mənə öz dəyərlərini öyrətdi. Belə ki, zirvədə həm qartal, həm də ilan olurbiri ora süzərək, digəri isə sürünərək gəlir. Mənim üçün isə kimin  hara gəlməyi deyil, hardan və necə gəlməyi önəmlidir. Məhz  həyata  bu baxış tərzini mənə GTM öyrətdi.

 

- Adətən ictimai fəaliyyətlə məşğul olan insanların şəxsi həyatı bir qədər kənarda qalır. Bu, sizdə bir narahatlıq, təəssüf hissi yaratmır?

 

- Qeyd edim ki, biz il ərzində 97 tədbir təşkil etmişik. Bu, o deməkdir ki, həftə ərzində  3 tədbiriniz olub. Bütün bunlarla biz yenə də işimizlə qane olmuruq. Mən jurnalistlərdən də xahiş edərdim ki, QHT rəhbərlərini böyütməsinlər. Yəni, onlara xüsusi ictimai-siyasi vəzifə yükləməyə ehtiyac yoxdur. Ancaq əgər bir işin peşəkarı olacaqsınızsa, fərd olaraq seçilib öz modelinizi yaradacaqsınızsa, bu, əlbəttə, şəxsi həyatınıza da təsir edəcək. Həftəsonları belə tədbirlər, monitorinqlər, forumlar, regiona səfərlər qismən şəxsi həyatda problemlər yaradır. Çünki qarşı cins əksər vaxtlarda ona diqqət ayırmadığınıza görə sizi günahlandırır. İşin ondan önəmli olduğunu sitat gətirib sizi qınayır. Buna görə vaxtı tənzimləmək, hər şeyi nəzərə almaq lazımdır. Çünki şəxsi həyat həyatı qədər vacibdir. Xülasə, insanın sevgisi, vicdanı, sağlamlığı və dostluğu şüşə topdurbir dəfə əlinizdən düşərsə sınar, onu geri qaytara bilməzsiniz. İş isə əlimizdəki rezin topduro daima aşağı- yuxarı hərəkət edəcək. Səmimi etiraf edirəm ki, bəzən özümdə bu topları səhv salıb, birini fərqinə varmadan sındırmışam.

 

-Mütaliənizdən danışa bilərsiniz? Ədəbiyyata, incəsənətə münasibətinizi öyrənmək istərdim.

 

-GTM-in qarşısına qoyduğu əsas məqsədlərdən biri də, maarifçilik ideyalarını gənclər arasında təbliğ etməkdir. Maarifçiliyi dirçəltmək, maarifçiliyi yaymaq... Bunlar isə birbaşa ədəbiyyatdan gəlir. Maraqlıdır ki, mədəniyyəti bölmək mümkündür, amma ədəbiyyat ümumbəşəridir. Mənim üçün Turgenev də doğmadır, Mirzə Cəlil də... Bizim bir layihəmiz var. Əsasən bölgələrdə ədəbi məclislər təşkil edirik. Gənclər həqiqətən də kitaba maraqlıdırlar. Onlar istər dünya ədəbiyyatından olsun, istər klassiklərimizdən, müxtəlif diskussiyalar aparırlar. Kitabların ictimai müzakirəsi onlar üçün, əlbəttə, yararlı olur. Ümumiyyətlə, kitabla sıx təmas quran gənclər ölkəyə, cəmiyyətə digərlərindən daha artıq yararlıdırlar. Kitab bütün stereotipləri sındıran vasitədir.   Mədəniyyətə gəldikdə isə, keçirdiyimiz festivalları, tədbirləri misal göstərə bilərik. Bunlar mədəniyyətin müxtəlif sahələrində gənclərin özünü ifadə imkanlarına şərait yaradır.

 

- Bu yaxınlarda prezident İlham Əliyevin gənclərlə görüşü keçirildi. Siz də iştirakçılar arasında idiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı.

 

- Gənc olaraq həmin görüşdə iştirak etmək prezidentin diqqət və qayğısı ilə yanaşı, həmçinin böyük məsuliyyət hissi doğurdu. Belə ki, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri olaraq görüşdə cənab Prezident tərəfindən təhsil məsələləri üzrə səslənən fikirlər  daha çox diqqətimi cəlb etdi. Prezidentin təhsillə bağlı fikirlərini Mərkəz üçün əsas istiqamət müəyyən etdibu sahədə fəaliyyətlərini daha da səmərəli quracağıq. Xüsusi olaraq gənclərin təhsili, dövlətçilik ənənələrinə sadiqliyi, milli-mənəvi ruhda tərbiyəsi istiqamətlərində çox dəyərli fikirlər söyləyən prezident təhsil fəaliyyətinin təşviqinə böyük önəm verdi. Ümumi məqsədlərdən biri kimi isə  təhsil alanın qazandığı innovativ bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsi vurğulandı. Görüşdə, həmçinin şəxsiyyət yönümlü təhsil məzmununun yaradılmasına yönəlmiş müasir təminatlı ilkin peşə təhsil müəssisələri komplekslərinin yaradılması və bu peşə istiqamətlərinin iqtisadi inkişafla uyğunlaşdırılmasının önəmliliyi vurğulandı. Burada sözün həqiqi mənasında region gənclərinin məşğulluğunun artırılmasında böyük xidmətləri olacaq.

 

- Fəaliyyətiniz gənclərin bacarıqlarını, qabiliyyətlərini üzə çıxarmaqda nə qədər rol oynayır?

 

- Biz bu yaxınlarda müxtəlif istiqamətlərdə 37 nəfər gənci beynəlxalq tədbirlərə yollamışıq. Biz gənclərin beynəlxalq arenaya çıxmasında bir körpü rolunu oynayırıq. Mərkəzin regionlarda Karyera Planlama Mərkəzi fəaliyyət göstərir ki, iqtisadi tələbata uyğun olaraq region gəncləri üçün təmənnasız peşə kursları təşkil edirik. Maksimum bu tip kursları cəbhə bölgələrinə salırıq, belə ki, mart ayından etibarən Füzuli rayonunda xalçaçılıq və toxuculuq dərnəklərimiz fəaliyyətə başlayacaqdır. Daha sonra Ağcabədi rayonunda bir sıra  təsərrüfat sahələri vardır ki, onların kadr tələbatını biz ödəyirik.

 

Bundan əlavə bizim yaradıcı gənclərlə bağlı layihələrimiz də gerçəkləşir. Mingəçevirdə Gənclər Evində  rəssamlıq, rəqs, musiqi dərnəklərimiz fəaliyyət göstərir. Ağcabədidə İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzi yaratmışıq ki, əlilliyi olan uşaqların təhsili, onların istedadlarının üzə çıxarılması, sosial həyatlarının formalaşmasına yardımçı oluruq.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 27 fevral.- S.10