Baltik ölkələrində Azərbaycan
mədəni irsini yayma yolları
LİTVA-AZƏRBAYCAN QƏDİM MƏDƏNİYYƏT KÖRPÜLƏRİ
(Əvvəli
ötən şənbə sayımızda)
QARABAĞ
HƏQİQƏTLƏRİ LİTVA ƏDİBİNİN
YARADICILIĞINDA...
“Azəristan ölkəsi” hekayəti XX əsr Litva ədəbiyyatının
klassiki Vintsas Krevenin (1882-1954) Azərbaycan tarixi və milli-mənəvi
dəyərləri, dini ayinləri, məişəti və təbiəti
mövzusunda yaratdığı mühüm əsərlərdən
biridir. Əsərdə
digər ümumiləşdirmələrlə yanaşı,
XIX əsrdə Qafqazda aparılmış məcburi miqrasiya
prosesləri, ermənilərin Azərbaycana
köçürülməsi, tarix boyu onların yerli əhalini
doğma yurdundan necə sıxışdırıb
çıxartmaları, erməni köçkünləri tərəfindən
yerli xalqın var-dövlətinin hansı hiyləgərliklərlə
ələ keçirilməsi ilə bağlı
inandırıcı bədii boyalarla işlənmiş səhnələr
də yer alıbdır. Həmin səhnələr rəvayət
janrında yaradılmasına baxmayaraq real hadisələrin bədii
inikası olaraq bir sıra Rusiya müəlliflərinin (A.
Qriboyedov, S. Qlinka, V. Mayevski, A. Frenkel, V.Veliçko, N.
Şavrov, İ.K. Kanadpev və b.) XIX əsrdə
və XX əsrin əvvəllərində çapdan
çıxmış və Qarabağın tarixinə bu və
ya başqa şəkildə aidiyyəti olan əsərləri
ilə müəyyən mövzu yaxınlığı təşkil
edir.
XIX əsrdə ermənilərin Azərbaycana
köçürülməsi və gəlmə xalq olaraq
burada məskunlaşdırılması ilə bağlı məqamları
təsdiq edən tarixi mənbələr və faktlar
çoxdur. Ancaq XX əsrin əvvəllərinə qədərki
Qərb ədəbiyyatında bu mövzuda yazılmış
bədii əsərlər yoxdur. V. Kreve sözügedən
mövzunu Avropa xalqları ədəbiyyatında ilk dəfə
işləmiş Litva yazıçısıdır. Həm də buna görə V. Krevenin “Azəristan
ölkəsi” hekayəti göstərilən mövzunun
mühüm aspektini ehtiva edən nadir ədəbi əsər
olaraq olduqca müstəsna əhəmiyyət
daşıyır.
“Azəristan ölkəsi” sırf şəkildə erməni-azərbaycanlı
münasibətlərinə həsr olunmuş hekayət olmasa
da, V. Kreve bu əsərində erməni xalqının tipik
anti-humanist obrazını yaratmışdır. Hətta deyərdik ki, o,
yaddaqalan ədəbi təsvir vasitələri və orijinal
cizgilərlə, real həyati epizodlar və müxtəlif bədii
priyomlarla erməninin iç üzünü zərgər dəqiqliyilə
açmış, koloritli çalarlar və bənzərsiz
üsullarla böyük fırça ustası tək onun heyrətamiz
dərəcədə adekvat portretini çəkmişdir. O
portretin bəzi cizgilərini səciyyəvi misallar olaraq
müəllifin öz sözlərilə diqqətinizə təqdim
etmək istərdik:
- “...Allah
Azəristan ölkəsinə xalis şeytan oğlunu, Yer
üzünün nanəcib və alçaq
varlığını, ürəyi qurdlu və dırmıxa
oxşayan əlləriylə hər şeyi qamarlayıb
özünə yığan ermənini göndərdi.Erməni
Azəristan ölkəsinə öz
arşını, çəki daşları və yekə
qapan tərəziylə gəlir, özüylə batman, girvənkə
və misqal götürür, öz çanağını,
satıl və sərnicini gətirir. Hamısının
da ölçüləri saxta idi. O, hər kəsə
nə ölçürdüsə, ona külli miqdarda ziyan
vururdu, kimə nə çəkirdisə, onu da gözlərinin
içinə baxa-baxa aldadıb böyük zərərə
salırdı.
Ermənilər
Azəristan ölkəsində guya dost kimi məskunlaşdılar.
Ancaq ikiüzlü olmalarını, yalan və hiylə qurub əl
altından iş görmək və kürəyə xəncər
sancmaq “məharətlərini” gizlin saxlayırdılar. Nə
vaxt ki, ermənilər qeyri-ermənilərlə
duz-çörək kəsir, kirvəlik edir, onlara guya
mehribanlıq göstərir və nəvazişlə
baxırdılar, xoş sözlər danışırdılar,
məhz o vaxt ermənilər həmin adamlara - onların lənətə
gəlmiş cinsinə mənsub olmayanların hamısına
- hər hansı bir pislik və yamanlıq etmək barədə
düşünürdülər.
Azəristan
ölkəsində ermənilər o qədər törəyib
artdılar ki, daha neçə baş olduqları bilinmirdi,
sayı-hesabları məlum deyildi,özləri
də hamılıqla indi olduğu kimi, o vaxtlar da camaatı
aldada-aldada dəllallıq edirdilər. Əkəndə
yox, biçəndə yox, yeyəndə ortaq qardaş idilər,
yalnız yad əməyi hesabına yaşayır və haram
çörək yeyirdilər, başqalarının əzab-əziyyəti
sayəsində dolanır və özgə göz
yaşlarını su əvəzinə içirdilər.
Lakin Azəristanın bədbəxt oğulları erməni
hiyləsini çox gec başa düşdülər. Belə ki,
onlar əvvəlcə ermənilərlə dostlaşdılar
və ticarət etməyə başladılar, ermənilərlə
alverə girişmiş varlılar qısa müddətdə
müflisləşdilər, ortabablar lüt-üryan
qaldılar, arıq və cılız canlarından başqa
heç nəyi olmayan dilənçi gününə
düşdülər. Bütün sərvətlər
və dəyərli hər nə vardısa ermənilərin əlinə
keçdi, Azəristan oğullarınınsa məkrli erməniləri
yedirtmək üçün əzab-əziyyət və
alın təriylə becərdikləri torpaqdan savayı
heç nəyi qalmadı (V. Kreve. Əsərləri
10 cilddə. Kaunas, 1930-cu il, X cild, səh.
143-144)...”
Məlumdur
ki, bir sıra məşhur rus yazıçıları ermənilərin
iç üzünü açıb göstərən
ayrı-ayrı misralar və beytlər yaratmış,
kiçik epizodlar qələmə almışlar. Lakin V. Krevedən fərqli olaraq onlar erməni xislətinin
bu cizgilərini “erməni-azərbaycanlı münasibətləri”
kontekstində çəkməyiblər.
Bu surətlə “Azəristan ölkəsi” əsərini
V. Krevenin Azərbaycan tarixinə və etnokulturoloji dəyərlərinə
yaxından bələd olaraq onları sayğı ilə
tanıdıb yaymağın bariz nümunəsi kimi dəyərləndirmək
mümkündür. Hətta inamla demək olar ki, “Azəristan ölkəsi”
hekayəti yazıçının Azərbaycan xalqına bəslədiyi
hörmətin yüksək ifadəsi, Azərbaycanın
dirçəlişinə həsr etdiyi möhtəşəm
nəğmə və istiqlalına məhəbbətlə
qoşduğu əzəmətli bir himndir...
Bununla yanaşı göstərmək lazımdır ki,
V. Krevenin 1920-ci ildə müstəqil Azərbaycanın
çökdürülməsini təsvir edən sənədli
əsəri də vardır. 28 aprel
çevrilişi nəticəsində Azərbaycanın
bolşeviklər Rusiyası tərəfindən zəbt edilməsi
barədə indiyədək yüzlərlə analitik məqalələr,
tarixi əsərlər və elmi monoqrafiyalar
yazılıbdır. Amma buna baxmayaraq həmin
dramatik və faciəvi olaylar haqqında 28 aprel
çevrilişindən dərhal sonra isti-isti
yazılmış kitablar və digər publikasiyalar çox
deyildir. Belə nadir analitik əsərlərdən
biri məhz V. Krevenin qələminə məxsus olan
üç hissədən ibarət “Bolşeviklər” adlı
sənədli siyasi oçerkdir.
V. Kreve XI qırmızı ordunun Azərbaycana
qarşı etdiyi hərbi təcavüzün və 28 aprel
çevrilişinin canlı şahidi olubdur. Odur ki, tarixi
faktlara əsaslanaraq yazılmış “Bolşeviklər”
oçerkində Azərbaycanda o vaxt baş vermiş
ictimai-siyasi proseslər və faciəvi olaylar real şəkildə
öz əksini tapıbdır. V. Kreve bu əsərində
28 aprel çevrilişinin siyasi, ideoloji və hərbi aspektlərini
açıqlayıbdır. Müəllif
bolşeviklər Rusiyasının müstəqil Azərbaycanla
münasibətlərdə tutduğu riyakar siyasi mövqeni,
“proletariat inqilabının” məkrli üsullarını və
hərbi təcavüzün hiyləgər yollarını
ifşa edibdir. V. Kreve o zaman Rusiyadan Azərbaycana zor
gücünə “ixrac” edilmiş “bolşevik
inqilabının” siyasi və hərbi texnologiyasını da
açıqlamış, onun “həyata keçirilməsinin”
aldadıcı manevrlərini və süngülər
üstündə Bakıya gətirilmiş “Revkom” və “Xalq
komissarları sovetinin” əsl mahiyyətini çox
dürüst şəkildə təhlil edərək üzə
çıxarıbdır.
“Bolşeviklər”
siyasi oçerkində həmçinin 28 aprel
çervrilişində fəal iştirak etmiş “inqilab”
xadimləri və xalq komissarları Mirzə Davud Hüseynovun
(1894-1938) və Çingiz İldırımın (1890-1937),
Cümhuriyyətin barışmaz düşmənlərindən
biri - Bakı Rus Milli Şurasının sədri, Rusiya Kadetlər
partiyası Bakı komitəsinin rəhbəri və Bakı
şəhər Dumasının deputatı Mixail Floroviç
Podşibyakinin (1884-1963) müstəqil Azərbaycana
qarşı dağıdıcı fəaliyyəti barədə
mühüm bilgilər yer alıbdır. Bununla
bərabər, əsərdə daşnakların bolşeviklərlə
gizli sövdələşməyə girməsi və əlaqələndirici
şəkildə hərbi əməliyyatlar aparması, aprel
çevrilişi ərəfəsində Azərbaycan hərbi
qüvvələrinin Ermənistanla sərhəddə cəmləşdirilməsi
və nəticədə ölkənin şimal sərhədlərinin
müdafiəsiz qalması kimi vacib tarixi faktlara toxunulubdur.
1919-1920-ci
illərdə Kaunasda nəşr olunan “Tauta” (“Millət”) qəzetinin
1920-ci ilin iyul-avqust aylarında çıxmış 34, 35 və
36-cı saylarında ilk dəfə dərc edilmiş
“Bolşeviklər” əsəri 28 aprel çevrilişi barədə
həqiqətləri Litvada adekvat şəkildə təqdim
edən qiymətli yazılı mənbələrdən biri
olaraq qəbul olunubdur.
...VƏ
MƏDƏNİYYƏT SİYASƏTİ İŞIĞINDA
2002, 2007
və 2012-ci illərdə V. Krevenin anadan olmasının 120,
125 və 130 illik yubileyləri ilə bağlı Litva Azərbaycanlıları
Cəmiyyətinin təşkilatçılığı ilə
Litvada keçirilmiş silsilə tədbirləri eyni zamanda
Azərbaycan mədəni irsinin bu ölkədə
yayımlanmasının səciyyəvi üsullarından biri
kimi misal göstərmək istərdik. Həmin tədbirlər
“Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu”
layihəsi çərçivəsində Litva
Respublikasının Seymində, Vilnüsün mədəniyyət
təşkilatlarında, Kaunasdakı Litva
yazıçıları muzeyində, Litva Milli İcmalar Evində,
Litvanın Varena rayonu kitabxanasında, Varena rayonu “Merkio
kraştas” qəzetinin redaksiyasında, V. Kreve adına Merkine qəsəbə
gimnaziyasında, yazıçının Subartonis kəndindəki
ev muzeyində və daha bir sıra başqa yerlərdə
düzənləndi.
Bu tədbirlər
zamanı Azərbaycanın memarlıq abidələri,
İçəri şəhər, Zərdüşt səcdəgahları,
Novruz ənənələri, Qafqaz Albaniyasının kilsə
və monastrları,İslam məbədləri, milli geyimlər,
yeməklər və musiqi alətləri, xalq musiqisi və rəqsləri,
ədəbiyyat və incəsənət inciləri barədə
süjetlər, Qarabağ tarixinə aid slaydlar, həmçinin
ölkəmizin rəngarəng təbiət təsvirlərindən
ibarət video görüntülər nümayiş etdirildi.
Muğam musiqisinin sədaları altında tanınmış
Litva teatr aktyorları və bədii qiraət ustaları Tomas
Vayseta (1933), Dalya Mixelyaviçyute (1967), Virginiya Koxanskite (1952)
və Yuozas Şalkauskasın (1951) ifasında Nizami, Xaqani,
M.Ş. Vazeh, H. Cavid, S. Vurğun, A. Şaiq, R. Rza və B.
Vahabzadənin yaradıcılığından litva dilinə tərcümə
olunmuş poeziya nümunələri səsləndi, V. Krevenin
Azərbaycan mövzusundakı əsərlərindən
parçalar oxundu.
Bununla bərabər,
həmin tədbirlərdə 1917-1920-ci illərdə Azərbaycanda
getmiş coşqun ictimai-siyasi proseslər,
bolşevik-daşnak hərbi qüvvələri tərəfindən
azərbaycanlılara qarşı törədilmiş qanlı
faciələr (1918-ci il mart-aprel soyqırımı,
Şamaxı, Quba qırğınları və s.), Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılması və onun Baltik dövlətləri ilə
siyasi əlaqələri, 28 aprel çevrilişi və Azərbaycanın
bolşevik Rusiyası tərəfindən
işğal edilməsi barədə litvalı politoloq və
tarixçilərin çıxışları dinlənildi. İctimaiyyətə bu hadisələrə aid arxiv
sənədlərindən, mətbuat materiallarından, foto
görüntülərdən və tarixi kitablardan ibarət sənədli
ekspozisiyalar təqdim olundu. Tədbirlər
zamanı həmçinin V. Krevenin
yaradıcılığında yer almış tarixi, ədəbi
və ictimai-siyasi faktlardan istifadə olunmaqla Ermənistan-Azərbaycan,
Qarabağ münaqişəsinin qaynaqları və səbəbləri
barədə bilgilər verildi. Özü
də, bu məlumat və şərhlərin mühüm bir
qismi V. Krevenin 1920-ci ildə yazdığı “Azəristan
ölkəsi” əsəri və “Bolşeviklər” sənədli
oçerki, həmçinin onun epistolyar irsi əsasında təqdim
olundu.
Göstərilən
tədbirlərə Litva Elmlər Akademiyasının akademikləri,
Litva ədəbiyyatı və Folkloru İnstitutunun alimləri,
Litva Yazıçılar Birliyinin rəhbərləri, LEA
Tarix İnstitutunun elmi əməkdaşları, Vilnüs
Universitetinin professorları, digər elmi-mədəni, pedaqoji
və ictimai-siyasi qurumların çeşidli nümayəndələri,
LR Xarici İşlər və Mədəniyyət nazirliklərinin
rəsmiləri, millət vəkilləri, Azərbaycan, Rusiya,
Macarıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova
dövlətlərinin Litvada akkreditə olunmuş
diplomatları, Beynəlxalq ictimai təşkilatların,
Litvanın KİV və QHT təmsilçiləri
qatılmışdılar. Tədbirlərdə
orijinal məruzələr edildi, maraqlı diskussiyalar
aparıldı və bunlar ölkənin mediası tərəfindən
geniş işıqlandırıldı. Mətbuatda
30-dan artıq məqalə, reportaj, müsahibə və
icmallar dərc edildi. Tədbirlər barədə
2002-2013-cü illərdə ümumi baxış müddəti
75 dəqiqə olan 5 qısametrajlı sənədli film
yaradıldı və Litva
ictimai televiziyasının efirində nümayiş etdirildi.
DOMİNANT
MƏDƏNİYYƏTƏ İNTEQRASİYA VƏ QARŞILIQLI
ZƏNGİNLƏŞMƏ
Qeyd edək
ki, V. Kreve ilə bağlı göstərilən tədbirlərə
tamam bənzər olmasa da, oxşar mədəni və
ictimai-siyasi layihələr Tallində, Riqada, Vilnüsdə və
digər Baltik şəhərlərində Diaspora təşkilatlarımız
tərəfindən vaxtaşırı təşkil olunur. O
layihələrin bir qismi xalqımız və dövlətimiz
üçün böyük önəm daşıyan tədbirlərlə
- 28 May Respublika günü və 18 Oktyabr Müstəqilliyin bərpa
edilməsi münasibətilə bayram tədbirlərinin
düzənlənməsi, Azərbaycan-Ermənistan, Qarabağ
münaqişəsinə dair həqiqətlərin
yayımlanması, həmçinin 31 Mart Azərbaycanlıların
Soyqırımı günü, 20 Yanvar Ümumxalq Hüzn
günü və 26 Fevral Xocalı Soyqırımı
gününə həsr olunmuş anım mərasimlərinin
keçirilməsi ilə bağlıdır. Həmin
tədbirlər haqqında mövzu çərçivəsində
bilgilər verib müvafiq şərhlər təqdim etsək,
biz bu məqalənin hüdudlarından xeyli kənara
çıxmış olardıq. Ona
görə də, o barədə ümumiləşdirmələrin
təqdimatını hələlik başqa vaxta saxlayaq.
Beləliklə,
Baltik Azərbaycanlıları Cəmiyyətlərində
toplanmış iş təcrübəsi göstərir ki,
sözügedən qədim əlaqələr kontekstində və
mədəniyyətlərarası dialoq çərçivəsində
təşkil olunan çeşidli tədbirlər Azərbaycan
mədəni irsinin daha anlaşıqlı şəkildə
yayımlanmasına, həmvətənlərimizin etnokulturoloji
dəyərlərlə bağlı tarixi
yaddaşlarının hifz olunmasına və bilgilərinin
genişlənməsinə xidmət etməklə
yanaşı, eyni zamanda həm Baltik xalqları, həm də
bu ölkələrdəki çoxmillətli ictimaiyyətin
digər nümayəndələri tərəfindən Azərbaycan
dəyərlərinin daha təbii və yaddaqalan tərzdə
qəbul edilib dəyərləndirilməsi üçün
müstəsna imkanlar açır.
Azərbaycan mədəni irsinin Baltik ölkələrində
göstərilən səpkidə yayımlanması və mədəniyyətlərarası
dialoqun genişləndirməsi istiqamətində indiyədək
həyata keçirilmiş orijinal tədbirlər bu ölkələrin
elm və mədəniyyət dairələri, ictimai və
siyasi elitası tərəfindən tam dəstək alaraq diqqət
mərkəzində olmuşdur. Bununla bağlı, 2007-ci ilin
sentyabrında prezident İlham Əliyevin Litvaya ilk rəsmi
dövlət səfəri zamanı Litva prezidenti Valdas Adamkusun
Vilnüsdə etdiyi çıxışında Azərbaycanın
dövlət başçısına xitabən dediyi
aşağıdakı fikirlər diqqəti cəlb edir:
“... Litva və Azərbaycan arasındakı münasibətlərin
son illərdə intibah dövrünü
yaşadığını və xalqlarımız arasında
getdikcə daha yaxın əlaqələrin qurulmasını
görəndə, bir-birimizi daha yaxşı tanıyaraq daha
da yaxın olmaq səylərimizi müşahidə etdikdə
ürəkdən sevinirəm. Xalqlarımız
arasındakı qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi üçün Litvadakı Azərbaycan
diasporu çox səylər göstərir, fəal mədəni
və akademik fəaliyyəti ilə bu işi daha da
şövqləndirir. Sizin ölkənizin qədim tarixi
və milli-mənəvi sərvətləri ilə
litvalıları tanış etmək məqsədilə həyata
keçirilən tədbirlər eyni zamanda, bizim ölkəmizin
mədəniyyətini də mənəvi cəhətdən zənginləşdirir...”
Vurğulamaq
istərdik ki, Litva Prezidentinin çıxışında qeyd
olunan tədbirlər eyni zamanda həmvətənlərimizə
Baltik xalqları mədəniyyətlərinin tarixini, onun
başlıca mahiyyət vektorlarını və özünəməxsus
xüsusiyyətlərini öyrənmək üçün əlverişli
şərait yaradır, həm də assimilyasiya olunmadan
dominant mədəniyyətə inteqrasiya etmək, titul millətlə
və burada məskunlaşmış digər etnoslarla
qarşılıqlı hörmət və anlaşma ruhunda
harmonik münasibətlər qurub birgəyaşayışı
təmin etmək üçün gözəl imkanlar
açır.
Harmonik
münasibətlərin qurulması istiqamətində çox
əhəmiyyətli bir definisiyanı da konstatasiya etmək
vacibdir ki, Azərbaycan və Litva arasında tərəfdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi ilə
bağlı dövlət başçıları İlham
Əliyev və Valdas Adamkus tərəfindən 2007-ci ildə
Vilnüsdə imzalanmış birgə Bəyannamədə
digər müddəalarla yanaşı - “...Azərbaycan və
Litva dillərinin öyrənilməsində və ədəbiyyatların
yayılmasında, habelə elm, ədəbiyyat və incəsənət
xadimləri arasında təmasların inkişaf etdirilməsində
əməkdaşlıq etmək,dinlər və sivilizasiyalar
arasında dialoqa şərait yaratmaq, həmçinin
harmonija, anlaşma, bir-birini yaxşı tanımaq və insan
istedadının inkişafı üçün hər iki
ölkədə mövcud olan xristianlıq, islam və digər
mədəniyyət və dinlər arasında əlaqələri
və anlaşmanı genişləndirmək” kimi mühüm
tezislər təsbit olunmuşdur.
Bu tezislərin praktiki baxımdan gerçəkləşdirilməsinə aid müsbət təcrübə qismində 2003-2005-ci illərdə YUNESKO-nun Estoniya, Latviya, Litva, Azərbaycan Milli Komissiyalarının təşkilatçılığı və Baltik Azərbaycanlıları Cəmiyyətlərinin tərəfdaşlığı ilə Vilnüsdə, Riqada, Tallində və Bakıda həyata keçirilmiş iki beynəlxalq mədəniyyət layihəsini qeyd etmək yerinə düşərdi. “Qafqaz: - sivilizasiyalararası dialoq” və “Nağıl körpüləri” adlı həmin projelər mahiyyət etibarilə müasir Avropa İttifaqının xarici siyasət konsepsiyasının sərhədlərsiz Avropa və Avropada yeni qonşuluq münasibətləri proqramı ilə uzlaşan, eyni zamanda Azərbaycan və Baltik ölkələri arasında mədəni əməkdaşlıq strategiyasını daha məzmunlu və dinamik tərzdə həyata keçirməyi stimullaşdıran tədbirlərdir.
Fikrimizcə, təxminən iki yüz illik bir tarixə söykənən və sağlam köklərdən qaynaqlanan Azərbaycan-Baltik qədim ədəbi-mədəni və ictimai-siyasi əlaqələri həm xəlqi mahiyyəti və milli qayələri təcəssüm etmək baxımından, həm də mütərəqqi ideyaları və bəşəri mövzuları ehtiva etmək nöqteyi-nəzərindən, hazırda getdikcə artan anlaşılmazlıq və ziddiyyətlər dövrünü yaşayan Şərq-Qərb münasibətlərində qarşılıqlı hörmət və anlaşma ruhunu yaşatmaq, faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirmək üçün yaxşı örnək ola bilər. Belə ki, əsrlərin sınağından çıxmış bu qədim əlaqələr özündə dünyanın müxtəlif mədəni qütbləri arasındakı ünsiyyət məsafələrini qısaltmağa yaradıcı istiqamətdə rəvac verə bilən və beynəlxalq münasibətlərdə qarşılıqlı etimad iqlimini yaratmağa qadir olan çox münbit bir zəmin daşıyır.
Vilnüs,
aprel 2008 - fevral 2016
Mahir
HƏMZƏYEV
Litva
Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva
Respublikası Hökuməti yanında Milli İcmalar
Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet.- 2016.- 27 fevral.- S.8-9