Bakıda Beynəlxalq
Multikulturalizm Mərkəzinin Məşvərət
Şurası yaradıldı
Fevralın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) Məşvərət Şurasının yaradılması
ilə bağlı tədbir keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat
xidmətindən 525.az-a verilən
məlumata görə,
mərasimdə öncə
Xocalı faciəsi qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in icraçı direktoru
Azad Məmmədov qonaqları
salamlayaraq Mərkəzin
fəaliyyətinin genişləndiyini
vurğulayıb, qurumun
nizamnaməsinə uyğun
olaraq Məşvərət
Şurasının yaradılmasının
vacibliyindən danışıb.
A. Məmmədov rəhbəri
olduğu qurum adından Məşvərət
Şurasının sədrliyinə
Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının
sədri Kamal Abdullayevin namizədliyini irəli sürüb. Dövlət
müşaviri səsvermə
nəticəsində yekdilliklə
sədr seçilib.
Akademik Kamal Abdullayev çıxışına Xocalı
şəhidlərini yad
etməklə başlayıb:
“Əslində Xocalı
faciəsi həmişə
xatirimizdədir, heç
unudulan bir tarix deyil. Azərbaycan dövlətinin
bu istiqamətdə həyata keçirdiyi həm siyasi, həm ideoloji işlər təqdirəlayiqdir.
Bu gün prezident
“Xocalı harayı” abidəsinin ziyarət edib və əlbəttə
ki, onun bu hadisələrə siyasi münasibəti son dərəcə önəmlidir.
Harada, hansı ölkədə olmasından
asılı olmayaraq Azərbaycan xalqının
başına gətirilən
müsibətlə bağlı
öz sözünü
deyir və artıq dünyada bir çox ölkələr də Xocalı faciəsini azərbaycanlıların soyqırımı
kimi qəbul edirlər. Bunun böyük siyasi
önəmi var”.
Dövlət müşaviri bildirib
ki, BBMM-in nizamnaməsində
öz əksini tapan məsələlər
addım-addım həyata
keçirilir:
“Nizamnamədə yaradılması
nəzərdə tutulan
Məşvərət Şurası
bizim müstəvidə
daha çox ideyaverici bir orqan kimi icraedici
orqan olan Multikulturalizm Mərkəzinin
fəaliyyətini tənzimləyən
bir qurumdur.
Bu, elmi, dini, mədəni ictimaiyyətin
müxtəlif təbəqələrinin
bizim işlərimizdə
aktiv iştirak eləməsi və əslində multikulturalizm
ideyalarının bu şəkildə ictimai prosesin nəticəsi kimi həyata keçirilməsidir.
Məşvərət Şurasının yaranması
ilə Multikulturalizm Mərkəzinin fəaliyyəti
bir- birini tamamlamaq məqsədi güdür. Mənə elə gəlir
ki, Multikulturalizm Mərkəzi Məşvərət
Şurasının irəli
sürdüyü layihələri,
ideyaları həyata keçirmək, onların
reallaşdırılması, gerçəkləşdirilməsi ilə məşğul olacaq.
İlham
Əliyev 2016-cı ili ölkəmizdə
“Multikulturalizm ili” elan eləməklə Azərbaycan cəmiyyətinə
və dünya ictimaiyyətinə mesaj vermiş oldu. Bu da azərbaycanlıların
tarixən və bu gün hansı
ideallarla yaşadığına
işarə idi.
Öz sülhsevər təbiətimizi,
öz mənəvi-əxlaqi
keyfiyyətlərimizi “Multikulturalizm
ili” fonunda daha aydın, daha real, daha faydalı və daha optimal şəkildə
çatdıra bilərik.
Qarşımızda ciddi məsələlər
durur. “Multikulturalizm ili” bu il üçün elan olunsa da,
bu il yekunlaşmır.
Prezident
həmişə hədəfləri
elə göstərir
ki, o hədəf bir il müddətində temp yığır,
güclü potensial müəyyənləşdirir. Bununla da sonralar daha
yaxşı, daha aydın və müntəzəm şəkildə
inkişaf üçün
ciddi bir zəmin hazırlanmış
olur. Ölkə
başçısının arzusu da, məramı
da ondan ibarətdir ki, bu gün siyasi
iradə ilə “Multikulturalizm ili” şəklində ortalığa
çıxan və bir ili əhatə
edən fəaliyyətimiz
bu il elə
bir güc, potensial yığsın və elə bir mexanizm yaransın
ki, o mexanizm gələcək onillərdə
də faydalı bir iş prinsipinə
dönsün”.
Tədbirdə Məşvərət Şurasının
komissiyaları müəyyənləşib,
sonra səsvermə yolu ilə komissiya
sədrləri seçilib,
sədr müavinləri,
eləcə də komissiya üzvləri müəyyənləşib.
Səsvermənin nəticələrinə
əsasən AMEA-nın Yusif Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Elm komissiyası,
Bakı Slavyan Universitetinin
rektoru, professor Asif Hacıyev Təhsil komissiyası,
tanınmış jurnalist Tofiq
Abbasov KİV və İctimaiyyətlə
əlaqə komissiyası, Azərbaycanın mədəniyyət
və turizm nazirinin müavini
Ədalət Vəliyev Mədəni-ictimai fəaliyyət
komissiyası, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz
İsmayılov Dini məsələlər
üzrə komissiya və tarix
elmləri doktoru Məryəm Seyidbəyli
Xarici əlaqələr
komissiyasının sədri seçilib.
Məşvərət Şurasının ümumi
məsul katibi BBMM-in əməkdaşı
Rəşad İlyasov təyin edilib.
525-ci qəzet.- 2016.- 27 fevral.- S.4