Xalq yazıçısı İlyas Əfəndiyevin nəsrində Cənub mövzusu

 

GÖRKƏMLİ ƏDİBİMİZİN "XƏNCƏR" HEKAYƏSİNƏ BİR BAXIŞ

 

Azərbaycan ədəbiyyatında Cənub mövzusuna həsr olunmuş saysız-hesabsız əsərlər yazılıb.

 

Bir çox şair və yazıçılarımız taleyinə ayrılıq düşmüş bir xalqın tarixi faciəsini, unudulmaz yaralarını bir vətəndaş yanğısı ilə öz əsərlərində əks etdiriblər.

 

Faciələrlə dolu keşməkeşli həyat yaşayan Azərbaycan xalqına qarşı edilmiş amansız ayrılıq aksiyasının vurduğu yaraları zaman da sağalda bilmədi. Bu gün də o taylı-bu taylı Azərbaycan həsrətlə, nisgillə qovuşacağı, birləşəcəyi, vahid bir dövlətə çevriləcəyi günü səbirsizliklə gözləyir. Nəinki gözləyir, həm də bu yolda qeyrətli oğul və qızlarımız zaman-zaman mübarizəyə qalxmış və tarixi ədalətsizliyi aradan qaldırmağa çalışmışlar. Bu gün də, sabah da mübarizə davam edir və edəcək. O vaxta qədər ki, öz ali istəklərinə nail olacaqlar.

 

1945-ci ilin 12 dekabrında (21 Azər) Cənubi Azərbaycanda xalq silahlı üsyan yolu ilə Təbrizdə milli demokratik hökumət qurdu. Lakin böyük qurbanlar bahasına əldə edilmiş bu azad, müstəqil dövlət cəmi bir il yaşadı. Xalqın arzu və istəkləri fars şovinistləri tərəfindən qan gölündə boğuldu.

 

Ədəbiyyatımızda Cənubi Azərbaycanda milli hökumətin süqutunu əks etdirən çoxlu sayda əsərlər yarandı. Doğrudur, ədəbiyyatımızda cənub mövzusuna müraciətin kökü daha uzaqlara gedib çıxır. Lakin istər Cənubi, istərsə də Şimali Azərbaycanda 1946-cı ildən sonra yaranan əsərlərdə mövcud quruluşu, şah rejiminin xalqa tutduğu amansız divanı, irtica əleyhinə yönəldilmiş azadlıq mübarizəsini əks etdirən demokratik ruh xüsusi yer aldı. Bu baxımdan, Mirzə İbrahimovun 1946-1947-ci illər arasında yazdığı "Cənub hekayələri" silsiləsinə daxil olan "Azad", "12 dekabr", "Tonqal başında", "İztirabın sonu" əsərlərində 1942-1946-cı illərdə gedən ümumxalq hərəkatının geniş miqyas alması, irticaçı qüvvələrə qarşı mübarizə və azadlıq ideyaları mühüm yer tutur.

 

Ənvər Məmmədxanlının "Karvan dayandı", "Baş xiyabanda", "Qızıl  qönçələr" və başqa əsərlərində də Cənub mövzusuna müraciət olunub.

 

Cənubi Azərbaycanda isə birbaşa həmin hadisələrin iştirakçısı və şahidi olmuş sənətkarların yaradıcılığında milli ruhda yazılmış, real həyat həqiqətlərini əks etdirən hekayə, povest və romanlar baş vermiş hadisələr haqqında daha aydın təsəvvür yaradır. Bu mənada, Gəncəli Sabahinin "Şərəfli ölüm", "Gül dəstəsi" hekayələri və "Həyat faciələri" povesti, Rəhim Dəqiqinin "Həcər" romanı 21 Azər hadisələrini geniş planda əks etdirən maraqlı əsərlərdir.

 

Yaradıcılığında Cənub mövzusuna geniş yer verən sənətkarlarımızdan biri də Xalq yazıçısı İlyas Əfəndiyevdir. Yazıçı "Unuda bilmirəm", "Hökmdar və qızı" pyeslərində Cənub mövzusuna toxunmuşdur. Sonralar bu mövzunu dərinləşdirərək Cənubi Azərbaycanda milli azadlıq hərəkatının təməldaşlarından olan Şeyx Məhəmməd Xiyabaniyə həsr olunmuş eyniadlı pyesi yazıçının o tayda gedən ictimai-siyasi hadisələrə fəal münasibətindən xəbər verir.

 

İ.Əfəndiyevin "Xəncər" hekayəsi də Cənubi Azərbaycanda azadlıq hərəkatına, milli hökumət quruculuğuna həsr edilmiş ən maraqlı əsərlərdən biridir.

 

Hekayənin əsas mövzusunu vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə hər cür mərhumiyyətlərlə üzləşən, hətta öz həyatlarını belə qurban verməkdən çəkinməyən yenilməz insanların misilsiz fədakarlıqları təşkil edir.

 

Yazıçı hekayənin əvvəlində oxucunu maraqlı və düşündürücü bir təsvirlə tanış edir. Bu təqdimatdakı şəhər sadə, kasıb görkəmdə olsa da, təbii mənzərələri ilə diqqəti cəlb edir: "Qəsəbəyə ilk dəfə daxil olan nabələd adamı onun palçıq divarlar arası ilə gedən əyri-üyrü küçələrinin boz və yeknəsək ahəngi darıxdırır... Lakin təzə müsafir bu cansıxıcı palçıq bazarlardan birinin darvazasını açıb həyətə daxil olsa və əgər o, şair təbiətli bir adam isə, əndərini biruninin yasəmən, püstə, badam ağacları, qızılgül kolları arasındakı yarıqaranlıq xiyabanları, içində əlvan balıqlar üzən çarhovuzların kiçik fəvvarəsindən ətrafa səpələnən sərin su sıçrantıları bir əfsanə, bir nağıl kimi onun xəyalını çəkib uzaqlara aparır..."

 

"Xəncər" hekayəsində hadisələr İranın kiçik bir əyalətində baş versə də, yazıçı geniş mənada Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin azadlıq uğrunda apardıqları ardı-arası kəsilməyən mübarizələrini ümumiləşdirərək qələmə almışdır. Yazıçının təsvirindən məlum olur ki, artıq bir ildir ki, xalq fars rejimindən qurtulmış, milli hökumət qurulmuş və doğma ana dilində yazıb oxumaq imkanı əldə etmişdir.

 

Azərbaycan demokratik firqəsi 1945-ci il dekabrın 12-də (21 Azər) keçirdiyi iclasında Azərbaycan Milli Hökumətinin təşkilini Seyid Cəfər Pişəvəriyə həvalə etmişdir. Milli hökumətin həyata keçirdiyi bir sıra taleyüklü məsələlərdən biri də Azərbaycan dilinin dövlət dili elan edilməsi və məktəblərdə dərslərin məhz bu dildə keçirilməsi idi. Hətta dövlət idarələrindəki danışıq və yazışmalar da Maarif Nazirliyinin 1 ¹-li əmri ilə (yanvar 1946) həyata keçirilmişdir. Hekayədə yazıçı bu tarixi həqiqətləri faktlara əsaslanaraq obrazlı bir şəkildə nəzərə çatdırır: "Bir ilə yaxın idi ki, İran Azərbaycanında milli hökumət qurulmuşdu. Dükanların üzərindən farsca lövhələr götürülmüş, yerinə Azərbaycan dilində yazılmış lövhələr vurulmuşdu. Küçələrin adları dəyişib azərbaycanca olmuşdu. Adamlar "ana dili", "milli hökumət" və "Azərbaycan" sözlərini indi tez-tez və daxili bir məmnuniyyətlə təkrar edirdilər. Elə bil ki, onlar bu sözlərlə öyünür, fəxr edirdilər..." (İlyas Əfəndiyev. Seçilmiş əsərləri. 7 cilddə, I cild. Bakı, "Çinar-Çap" nəşriyyat-poliqrafiya mərkəzi, 2002, s. 275).

 

Əsərdə yazıçı "Azərbaycan" qəzetinin nəşrə başlamasından sonra demokratik ruhlu insanların onu böyük ruh yüksəkliyi ilə qarşıladığını qeyd edir. Bilirik ki, Azərbaycan Demokratik Firqəsi yaradıldıqdan iki gün sonra Təbrizdə ana dilində "Azərbaycan" qəzeti nəşrə başlamışdı. 5 sentyabr 1945-ci ildən 1945 sentyabr 1945-ci ildən 1946-cı ilin sonunadək  qəzet fəaliyyət göstərmişdir.

 

Hekayədə deyilir: "...Səhər tezdən tacir və peşəkarlar "Azərbaycan qəzetinin təzə nömrəsini alıb oxumağa tələsirdilər. Onlar Azərbaycan dilində çap olunmuş xəbərləri, şeir və hekayələri böyük ləzzətlə oxuyur, bir-birindən "Ağa, bu gün "Azərbaycan"da filan mənzuməni oxudunmu?" - deyə soruşur, o birisi isə: "Bəli, ağa, çox duzlu yazıb, lap mərhum şair Sabirin şeirlərinə oxşayır" - deyə cavab verirdi".            Hadisələrin gedişindən məlum olur ki, azadlıqsevər bir xalqın çox böyük qurbanlar bahasına əldə etdiyi bu müstəqillik uzun sürmür, fars şovinistlərinin əli ilə milli hökumət silah gücünə devrilir və xalqın sevinci qəmə, kədərə çevrilir. Artıq bundan sonra hər yerdə - şəhərin hər bir məhəlləsində, hər bir küçəsində təqiblər başlanır. Milli hökumətin fəal üzvləri və tərəfdarları həbsə atılır, öldürülür və yaxud mühacir ömrü yaşamağa məcbur olurlar.

 

Hekayənin baş qəhrəmanı Südabə müəllimədir. Elə əsas hadisələrin mərkəzində də bu on doqquz yaşlı gənc qız dayanır. Onun atası Məşədi Tağı qəsəbənin ən varlı adamlarındandır. Lakin dünyagörüşü çox məhduddur. O, yeganə övladı Südabə xanımın fars və firəng dillərində təhsil almasına şərait yaratmışdır. Ancaq Məşədi Tağı qızının yeni açılmış məktəbdə Azərbaycan dilindən dərs deməsinə qarşı çıxır. O, qızının belə bir yolda olduğunu bildikdə çox əsəbiləşir və az qalır ki, ev-eşiyi dağıtsın. Qızının israrlı olduğunu, öz yolundan dönməyəcəyini gördükdə məsələni mülayimliklə həll etməyə çalışır, lakin buna nail ola bilmir. "Bu qədər var-dövlətlə mənim qızımın gedib itin-qurdun uşaqlarına dərs deyib pul qazanması biabırçılıqdır" - deyən Məşədi Tağı əsl həqiqəti görə bilmir. Ömrünün 50 ildən artığını ancaq qızıl pulların cingiltisindən zövq alan tacir, əlbəttə ki, nə milli hökuməti, nə də onun açdığı məktəbi qəbul edir. Sərraf dükanında oturub tez-tez eşitdiyi "milli hökumət" və "milli azadlıq" sözlərini sükutla qarşılayır. Çünki onun qəlbi də qarşısındakı qızıllar kimi soyuq və ölüdür...

 

Əsərdə göstərilir ki, fars millətçilərinin azərbaycanlılara qarşı qeyri-insani münasibəti, onlara həqarətlə yanaşmaları bu gənc qızda milli azadlıq hisslərinin daha da alovlanmasına səbəb olur.

 

Yazıçı bu gənc qızın xarici görünüşünün təsvirində onun daxili aləmini də açmağa müvəffəq olur: "Südabə xanım ucaboylu, nazik bədənli, ağ və zərif üzü, iri ala gözlərinin mehriban ifadəsi ilə işıqlanmış sakit və mülayim bir qız idi... Belə qızlar hər hansı məfkurəyə çətin aludə olurlar... Lakin aludə oldularmı, onları bundan bundan döndərmək mümkün deyil!"

 

Südabə xanımda milli hisslərin oyanışı bir təsadüflə bağlıdır. Rəfiqələrindən birinin evində rastlaşdığı gənc və şöhrətli bir fars zabitinin "Gözəl xanımdır, ancaq heyif ki, azərbaycanlıdır" - deməsi onun heysiyyətinə toxunmuş və özünü təhqir olunmuş hesab etmişdir. Artıq o gündən Südabənin qəlbində fars rejiminə, mövcud quruluşa, onun başında dayananlara qarşı bir nifrət hissi baş qaldırmışdır. Ziyafətdə üzləşdiyi fars millətçisinin azərbaycanlıları təhqir etməsi onun həyata baxışında yeni münasibətlər və dəyişikliklər yaratmışdır. O, insanlara milli mənsubiyyətinə görə fərq qoyulmasını bəşəriyyətə təhqir kimi mənalandırır və fars millətçilərinə nifrət bəsləyir. Doğma yurdunu, vətənini, xalqını azad və xoşbəxt görmək istəyir. Bu gənc qız öz şagirdlərini də məhz bu ruhda tərbiyə edir. Vətəninin istiqlaliyyətinin, gələcəyinin, müstəqilliyinin bərqərar olmasında hər bir şəxsin vətəndaşlıq borcunu şagirdlərinə anladır. Südabə xanımda vətənpərvərlik hissi olduqca yüksəkdir.

 

O, atasının təkidlərinə, hədə və təhdidlərinə baxmayaraq, öz yüksək amalları uğrunda mübarizədən çəkinmir. Çətin, ağır günlərdə öz şagirdlərini də varlığı qədər sevdiyi vətəninin müdafiəsində xalqı ilə bir cəbhədə olmağa səsləyir. Atası Məşədi Tağı milli hökumətin devrilməsini zəhərli bir təbəssümlə qarşılayıb rişxənd edəndə də Südabə xanım öz təmkinini, mübarizliyini və gələcəyə inamını itirmir. O, qızına təkidlə bildirir ki, səhər tezdən maşın gəlib səni Tehrana aparacaq. Lakin Südabə "Mən heç yerə getməyəcəyəm" - deyərək qəti şəkildə atasına etiraz edir və sonadək xalqının arasında olmağa qərar verir. Xalqın dar günündə onları qoyub qaçmağı insanlığa sığmayan bir addım kimi qiymətləndirir. Atası nə qədər israr etsə də, təklifi qəbul etmir. Məşədi Tağı "...boğazından asılmaq istəyirsən!" deməklə onu qorxutmağa, yolundan çəkindirməyə cəhd göstərir, lakin qızının əzmini sındıra bilmir. Südabənin etirazından sonra gecə vaxtı qızını evindən qovan ata "Bu gecədən sonra mənim sən adlı övladım yoxdur!" sözləri ilə şaxtalı bir gecədə onu küçəyə atır. Gecənin qaranlığında hara gedəcəyini ağlına belə gətirməyən Südabə müəllimə meşədən odun qırıb gətirən şagirdi İldırımla rastlaşır. Şagirdindən onu bir gecəlik qonaq saxlaya bilərlərmi deyə soruşanda İldırım məmnuniyyətlə buna razı olduğunu, hətta istəsə bir il belə qala biləcəyini söyləyir. Doğrudan da, Südabə xanım İldırımın anası tərəfindən hörmətlə qarşılanır və söhbət edərkən Südabənin analığı Zərrintac xanım onu axtara-axtara gəlib İldırımgilə çıxır. Onu israrla evlərinə dönməyə, onunla getməyə məcbur etsə də, Südabə evlərinə getmir.

 

Südabə xanım gecədən xeyli keçənə qədər ev sahibəsi ilə oturub söhbət edir. O, bu gənc qıza öz dərdini açıb söyləyərkən məlum olur ki, İldırımın atası xalça karxanasında işləyən demokratik fikirli bir insan imiş. Elə bu fikirlərinə görə də dörd il əvvəl həbs edilmiş və bundan sonra ondan heç bir xəbər-ətər olmamışdır.

 

Bu gənc müəllim şovinistlər tərəfindən devrilən Azərbaycan milli hökumətinin taleyindən həddindən artıq narahatlıq keçirir. "O gecə Südabə xanım uzun zaman yata bilmədi. Qısa və müztərib bir ömrünün kədərli xatirələri, son yeddi aylıq həyatının əziz xəyalları onun yuxusunu ərşə çəkirdi. O, bu yeddi aylıq həyatının indi artıq çox uzaq və irişilməz olan səadəti ilə vidalaşırdı, gözəl və məyus vətəni Azərbaycan haqqında nəğməni son dəfə öz şagirdlərinə oxutmaq üçün səhərin açılmasına tələsirdi..." 

 

Südabə xanım axırıncı dərsdə şagirdlərinə "Azərbaycan" nəğməsini oxutdurur. Son dəfə dinlədiyi bu nəğmə onda hicran, həsrət hissləri oyadır. O, göz yaşlarını silə-silə pəncərəyə tərəf çevrilərkən bir fars zabiti və iki sərbaz dərs zamanı əlisilahlı sinfə daxil olur. Ağayi Sərhəngin əmrinə əsasən Südabə xanımın onlarla getməsini təkid edirlər. Südabə xanım ürkək nəzərlərlə uşaqlara və İldırıma baxaraq onun gözlərindəki intiqam hissini görür. İldırım az qala gələn sərbazların üzərinə hücum çəkib onları parçalayacaqdı. Südabə xanım son dəfə uşaqlara baxaraq arxayın bir səslə deyir: "Sağ olun, uşaqlar! Məni yaddan çıxarmayın, bəlkə bir də görüşmədik. Böyük oğlanlar olanda vətəniniz uğrunda mübarizə edin! Heç bir zaman yaddan çıxarmayın ki, bunlar (o, fars zabitini göstərir) bizim ən qəddar düşmənimizdir!"

 

Südabə xanımın söylədiyi bu sözlər təkcə şagirdlərinə deyil, bütünlüklə xalqa ünvanlanmışdır. Bu gənc qız hamını ayağa qalxmağa, zülmə, istibdada qarşı haqq mübarizəsinə səsləyir.

 

Fars cəlladları tərəfindən azadlıq mübarizəsinə qoşulan insanları edam cəzası gözləyir. Ölümə məhkum olunanlar arasında Südabə müəllimə də var idi.

 

Yazıçı soydaşlarımızın fars millətçilərinə və onun əlaltılarına qarşı qəzəb və nifrətini müxtəlif vasitələrlə nəzərə çatdırmışdır. İldırımın atasından qalmış qılıncını Sərhəngin boğazına soxması böyük rəzmi məna kəsb edir. Bu, həm Südabə xanımın şagirdlərinə aşıladığı vətənpərvərlik tərbiyəsinin hədər getmədiyini, onun çoxlu ardıcıllarının yetişdiyini göstərir. Digər tərəfdən isə İldırımın fars zabitinin üzərinə qalxan qılıncı Azərbaycan xalqının düşmənə qarşı sıyrılmış qəzəbinin, nifrətinin son həddə çatdığını göstərir.

 

Əsərdə gənc oğlanın dilindən "Yaşasın Azərbaycan!" nidasının səslənməsi xalqın gələcəyə olan böyük inamının ifadəsidir.

 

İlyas Əfəndiyevin böyük sənətkarlıqla qələmə aldığı "Xəncər" hekayəsi hər birimizin qəlbində dərin vətənpərvərlik hissi oyadır. Əsərin sonunda gələcəyə böyük, nikbin bir inam hissi var. Hekayəni oxuyan hər kəs azadlığın xalq üçün əvəzolunmaz nemət olduğunu, insanlara xoşbəxtlik gətirdiyini bütün məsuliyyəti ilə dərk edir.

 

Elmira BABAYEVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi

525-ci qəzet.- 2016.- 1 iyul.- S.4.