Fədakar
folklorşünas, ciddi ədəbiyyatşünas - professor Muxtar Kazımoğlu
Onun yaradıcılığı və
apardığı çoxşaxəli araşdırmaları
haqqında çoxdan yazmaq fikrindəydim. Sərlövhəyə
çıxardığım “fədakar” və “ciddi” ifadələri
də gəlişigözəl söz, difiramb deyil.
Professor Muxtar Kazımoğlunu tanıdığım
vaxtdan mən onda “fədakarlıq” və “ciddilik” kimi keyfiyyətləri
çox görüb müşahidə etmişəm. O, elmə, folklora,
folklorşünaslığa, ədəbiyyata, ədəbiyyatşünaslığa,
sənətə, sənətşünaslığa daim
qayğı və sayğı ilə yanaşıb. Elmi prioritetlərində nəyi dominanta çeviribsə,
atalar demişkən, orada “Ağa yarıdıb, Haqq
çıxarıb”. Üz çevirdiyi
obyektə, müraciət etdiyi predmetə məsuliyyətlə
yanaşıb. Hamının görüb
yığdığı, oxuyub ümumiləşdirdiyi mətnlərdən
digərlərinin eyninə gəlməyən, nəzərindən
keçməyən mətləblər
arayıb-araşdırıb ortaya qoyub. Təfəkkürünün
bucağının elə tərəflərini hərəkətə
gətirib silkələyib ki, oradan az əhəmiyyətli
görünən məqamlarda belə incə və
böyük mətləblər yer alıb. Professor
Muxtar Kazımoğlu bütün bunlara böyük inadı,
inamı və imanı, məqsədə doğru irəliləməsi
sayəsində nail olub. Nailiyyətləri
bütün istiqamətlərdə əsaslı olsa da,
folklora xidmət, folklorşünaslıq sahəsində
araşdırmalarda daha çox görünüb, amma hikkədən,
mənəmlikdən, xudpəsəndlikdən kənar olub.
Ölkəmizdə folklora müraciət, ona diqqətli
münasibət daim yüksələn xətlə getsə də,
AMEA-nın nəzdində ayrıca Folklor İnstitutunun
yaranıb fəaliyyət göstərməsi elmimizdə son dərəcə
böyük və əlamətdar hadisə idi. Onun ilk direktoru professor
Hüseyn İsmayılov folklorun toplanması, öyrənilməsi,
araşdırılması və nəşri işini
böyük əzmlə yerinə yetirdiyi kimi, ondan sonra Folklor
İnstitutunun rəhbərliyinə gətirilən Muxtar
İmanov nəinki həmin dəst-xətti qoruyub saxlayıb,
həm də folklor və folklorşünaslıq istiqamətində
aparılan işlərə yeni impuls verib, İnstitutda
xüsusi canlanma yaradıb. Regional folklor
nümunələrinin toplanılmasına, onların xarakterik
çalarlarının öyrənilməsinə,
çeşidli janrların səciyyəvi xüsusiyyətlərinin
araşdırılmasına böyük önəm verərək
onları mühüm tədqiqatlar obyektinə çevirib.
Bu gün Folklor İnstitutu nəhəng elmi araşdırmalar
“cəbhəsi”ni xatırlatmaqdadır. Və
bu “cəbhə”nin ön cərgəsində
“döyüşlər”ə intensivlik gətirən də elə
professor Muxtar Kazımoğlunun özüdür. Muxtar Kazımoğlu olduqca çevik və dinamikdir.
Xarakteri statikliyi sevmir. Folklor
və folklorşünaslığımızın
inkişafına təkan verə biləcək hər bir qərarın
yerinə yetirilməsində israrlıdır. Yəqin onun elə beləcə dinamik keyfiyyəti də
professor Muxtar Kazımoğlunu digərlərindən fərqləndirməkdədir.
Muxtar Kazımoğlunun tədqiqatları əsasən
iki istiqamətdədir. Folklorşünaslığın və ədəbiyyatşünaslığın
müxtəlif problemlərini qabartmağa çalışan
Muxtar Kazımoğlunun bir-birinin ardınca Azərbaycan elm
ictimaiyyətinə təqdim etdiyi “Müasir Azərbaycan nəsrində
psixologizm” (1991), “ Gülüşün arxaik kökləri”
(2005), “Xalq gülüşünün poetikası” (2006),
“Folklorda obrazın ikiləşməsi” (2011), “Epos. Nəsr.
Problemlər” (2012), “Portretlər”
(2013), “Folklor həm keçmiş, həm də bu
gündür” (2014), “Sənət qayğıları” (2015) və
sair monoqrafik araşdırmaları, çoxsaylı məqalələri,
müxtəlif səpkili Respublika və Beynəlxalq səviyyəli
konfrans və simpoziumlarda çıxışları və məruzələri
bu fədakar alimi çağdaş dövr
folklorşünaslığının və ədəbiyyatşünaslığının
öncüllərindən birinə çevirib. Professor Muxtar Kazımoğlunun qələmə
aldığı bütün əsərləri kifayət qədər
maraq doğurmaqdadır. Bununla belə onun
“Folklorda obrazın ikiləşməsi” monoqrafiyasında ikiləşməyə
müxtəlif yönlərdən (“ciddi” yöndə və
komik yöndə ikiləşmə ilə yanaşı, həm
də folklordan yazılı ədəbiyyata transformasiya
olunmuş (H.Cavid və C.Məmmədquluzadə
dramaturgiyasında ikiləşməyə nəzər
salınır) diqqət çəkilir, çözülməsi
zəruri hesab edilən hallar üzərində
dayanılır. Problemə yetkin
baxış və onun incələnməsi nəinki milli
folklor nümunələri, böyük ədiblərimizin bədii
irsinə söykənilərək sərgilənir, həm də
dünya folklor praktikasında və nəzəriyyə
müstəvisində tədqiq olunur. Bizə belə gəlir
ki, professor Muxtar Kazımoğlunun “Folklorda obrazın ikiləşməsi”
monoqrafiyasının müddəaları “obraz” probleminə
bundan sonra yeni kontekstdə baxış tələb edəcəkdir.
Bu əsərin nəzəri və praktik dəyərinin
artacağı zaman keçdikcə şübhə
doğurmayacaq.
Muxtar Kazımoğlunun “Folklorda obrazın ikiləşməsi”ndən
başqa son vaxtlarda qələmə aldığı digər
bir maraqlı əsəri də vardır ki, onun keyfiyyətləri
haqqında oxuculara ayrıca olaraq eksklüziv də olsa məlumat
verməyi vacib hesab edirik. Bu, 2015-ci ildə (“Elm və
təhsil” nəşriyyatı) işıq üzü
görmüş “Sənət qayğıları”
kitabıdır. Bəri
başdan deyək ki, “Sənət qayğıları”
kitabını professor Muxtar Kazımoğlu özünəməxsus
maraqlı bir
üslubda qələmə almışdır.
Üç bir-biri ilə üzvi surətdə bağlı
(Şifahi söz sənəti, Yazılı söz sənəti,
Söz sənəti və ömür-gün
qayğıları) başlıqlarda müəllif, bir tərəfdən,
yetərincə avtonom (özü kimi muxtar), digər tərəfdən,
bir-birindən qaynaq alıb onu istiqamətləndirən və
tamamlayan hadisələrdə müəllifin oxucu (tədqiqatçı)
ilə daxili düşüncələri, ürək söhbətləri
nəzəri və praktik zəmində əksini
tapmışdır. Muxtar Kazımoğlunun belə
incələmələrində, (məsələn, “Dədə
Qorqud” eposundan yuxarı və aşağı paralelliyə nəzər
salması) problem fərdi baxış bucağı ilə
yaddaşlara çökdürülməklə burada bədii
sözün qüdrəti özünəməxsus bir
biçimdə incələnir, göyə, Allaha, hökmdara
xüsusi münasibət sərgilənir. Göy, Allah,
hökmdar hadisələrin iştirakçısı olmasa da,
dastan boyu orada müqəddəs varlıqlar kimi təqdim edilməsi,
insanları bütün uğurlarını ilahi qüvvəyə
bağlaması, Göyün, Allahın və hökmdarın
mühüm əlaməti kimi onların
ucalığının, yüksəkliyinin göstərilməsi
əsaslandırılır. Əsərdə yer
almış əhvalatların ayrı-ayrı obrazlar üzərində
qurulmasının mahiyyətə xidməti vurğulanır.
Bəzi arxetiplərin (xoşbəxtlik və bədbəxtlik,
sevinc və kədər), onların vasitəçisi olan
(dağ, ağac, su) obrazların mifoloji köklərinə
işıq tutulur, türk mifoloji təfəkküründə
və təsəvvüründə dağın yerlə
göyü birləşdirən dirək kimi təqdim
olunması əsaslandırılır. Tanrıya
daha yaxın olan dağ anlayışının müxtəlif
tərəfləri aşkarlanır.
Professor
Muxtar Kazımoğlu “Şifahi söz sənəti” adı
altında birləşdirdiyi araşdırmalarında “Dədə
Qorqud” eposundakı yuxarı və aşağı paralelliyin
başlıca mahiyyətini izah etdikdən sonra, folklorda
lokallıq və universallıq, qaravəlilərin ilkin mahiyyətinə
aydınlıq gətirir, oyunların və ayinlərin
xarakterik cəhətlərinə nəzər salır,
Güney Azərbaycandan olan “Koroğlu” dastanının
toplanmasında yeni ortaya çıxarılmış bəzi
məqamlara diqqət yetirir, “Koroğlu”nun indiyəcən
çap olunmuş nüsxələri ilə M.H.Təhmasib nəşri
üzərində həmin mətnin tutuşdurularaq geniş
müqayisələr aparılmasına imkanlar
açıldığını ortaya qoyur, dastanın
şifahi danışıq dilində təqdim edilən
qollarının Güney Azərbaycanda, xüsusən onun Xələc,
Əfşar, Şahsevən ellərindəki ləhcə
xüsusiyyətlərini araşdırmaqda dilçilərimizə
zəngin material verə biləcəyinin vacibliyini
vurğulayır.
Professor
Muxtar Kazımoğlu folklorşünaslığın müxtəlif problemlərini
ustalıqla incələyən alim olduğu kimi, həm də
ədəbiyyatşünaslıq məsələlərinin məsuliyyətli
bilicisi olduğunu qeyd etməyə ehtiyac vardır. Bu
baxımdan onun “Sənət qayğıları”
kitabının ikinci bölməsindəki “Yazılı sənət
nümunələri” başlığı altında əksini
tapmış, Yusif Səmədoğlunun
“Qətl günü” romanının müxtəlif tərəfləri,
buradakı hadisələr, zaman keçidləri, mürəkkəb
biçimli daxili monoloqları, roman müəllifinin
keçirdiyi hiss və yaşantıları, həyat həqiqətləri,
romandakı mifologizm ünsürləri barədə fikirləri
diqqəti xüsusilə cəlb edir.
Professor Muxtar Kazımoğlu elə həmin bölmədəcə
filologiya elmləri doktoru Cəlal Qasımovun “Cavidi məhbəsə
aparan yol” kitabından gəldiyi nəticələri “Sənətkarın
ölməzliyi” adı altında təqdim edir. Burada o, H.Cavidin bütün
təqib və təzyiqlərə baxmayaraq,
türkçülük əqidəsinə sadiq qalıb Azərbaycan
və Türkiyə türkcəsinin qovşuğunda
yaratdığı özünəməxsus bir dillə
danışmasından, onun yalançı vətənpərvərliyi
rədd etməsindən danışır, Cavid
yaradıcılığını birtərəfli
yanaşmalardan qorumağın vacibliyindən, ədibin sənətkarlığının
və təfəkkürünün mayasını təşkil
edən, bu yaradıcılıqda milliliklə bəşəriliyi
qovuşduran, insan olmaq faktorunun vacibliyini ortaya qoya biləcək
nümunələrin mühümlüyünü
vurğulayır.
Muxtar Kazımoğlunun “Sənət qayğıları”
kitabında çağdaş Azərbaycan poeziyasının
qabaqcıl nümayəndələrindən olan Adil Cəmilə
həsr etdiyi “Adım ayrılıqdır” yazısı da
maraq doğurur. Burada, o, Adil Cəmilin qəm-qüssə, həsrət-nisgil
fəlsəfəsinin köklərini incələməklə
şairin yaradıcılığında həsrətin tarixinə
işıq salıb, şeirlərində el-oba
yanğısını, dərd libası geymiş nümunələrin
kədəri necə yaşadığını, onun tənha,
köməksiz qalmasının vətən dərdi,
Qarabağ həsrəti ilə necə uyuşduğunu,
şairin belə vəziyyətinin onu öz içindən
necə yıxdığını özünəməxsus bədii-nəzəri-estetik
ümumiləşdirmələrlə ortaya qoya bilmişdir.
“Sənət
qayğıları” kitabında professor Muxtar
Kazımoğlunun “Teymur Kərimli ilə klassik ədəbiyyat
üstündə dərdləşmə” adlı
yazısı, tanınmış ədəbiyyatşünas-tənqidçi
mərhum Arif Əmrahoğluna həsr etdiyi “Yorğunluq”, Sona
Vəliyevanın şeirlərinə nəzər
saldığı “Tənhalıq qıfılbəndi”, ibtidai
siniflərdəki orta məktəblərdə tədris olunan ədəbiyyat
nümunələrində vətənpərvərlik məsələlərini
çevrələyən “Oxu kitablarında vətənpərvərlik
dərsləri” adlı təhlil xarakterli araşdırması
da dəyərli materiallardır. Professor Yavuz Axundlunun
“Ədəbi mühit və sənətkar” kitabından
aldığı təəssüratlar nəticəsində
araya-ərsəyə gələn “Mirzə Cəlil yurdunda ədəbi
proses”lər sərlövhəli təhlil də diqqətəlayiqdir.
Bütün söylədiklərimiz
göstərir ki, imanı özünə məslək
seçmiş professor Muxtar Kazım oğlu İmanov
folklorşünaslığımız və ədəbiyyatşünaslığımız
naminə “Söz”ü müqəddəsliyindən
yapışıb öz “Yol”unu uğurla davam etdirməkdə,
“Yol”a və “Söz”ə urvat gətirməkdədir.
Nizami TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2016.- 2 iyul.- S.19.