Afaq Məsud dünyası - (on birinci yazı)

 

 

 

“Can üstə” hekayəsinin finalındakı təsvir-mənzərə, şübhəsiz, yalnız yazıçı təxəyyülünün məhsulu deyil. Və bunu “Duyğular imperiyası”ndan da öyrənirik:

 

“Bir qoca tanıyırdım ki, ömrü uzunu ailəsinə, qohum- əqrəbasına zülm və haqsızlıqlar edə- edə, əclaflıqlar və  murdarlıqlar bataqlığında üzə- üzə, uzun-uzadı, xəstəliksiz, ehtiyacsız,  rahat bir ömür yaşadı. Öləndə isə o qədər nurlanıb, incələşib gözəlləşdi ki, çönüb on altı yaşında gənc, məsum oğlana bənzədi... və həmin o yaraşıqlı, bakirə üzü ilə də bu dünyanı tərk etdi”.

 

Yazıçının təsvir (və təqdim) etdiyi “ölüm” texnologiyaları (və fəlsəfəsi) özünün, əgər belə demək mümkünsə, miqyası, zənginliyi   rəngarəngliyilə seçilir...

 

“Aysun” hekayəsində bağ qonşuları “hansısa böyük bir idarənin rəisi işləyən Mehman Qulamdarovun” qonağı olurlar...

 

Müəllifin “tendensiyası” elə qonaqqarşılama mərasimində ortaya çıxır...

 

Hamı yeyib- içir, şənlənir... Ev yiyəsindən başqa...

 

“...Bircə Mehman Qulamdarov dinib- danışmırdı. Eynəyinin arxasında gizlənmiş gözlərini məchulluğa zilləyib, çəngəlinə  keçirdiyi tikələrdən ağzına qoyur, həvəssiz- həvəssiz çeynəyə- çeynəyə danışanlara baxırdısa da, heç kimi eşitmədiyi, bütün  vücuduyla otağın aşağı başındakı musiqi mərkəzindən asta avazla süzülən musiqiyə diqqət kəsildiyi hiss olunurdu.

 

Mən otağı başına götürən hay- küyün içinə hansısa xəfif uzaqlıqlardan süzülən və süfrənin yalnız müəyyən hissələrində  eşidilən musiqiyə diqqət kəsildim və bunun, ölkənin məşhur  pop- ulduzu - yarıçılpaq geyimləri və duzlu ədalarıyla kişi  pərəstişkarlarının xüsusi rəğbətini qazanmış Aysunun dillər əzbərinə çevrilmiş mahnılarından biri olduğunu anladım”...

 

Ev sahibi Mehman Qulamdarov birdən təklif edir ki, badələri müğənni Aysun xanımın sağlığına içək...

 

Hamı pərt olur. Gərginlik yaranır...

 

“...Mehman Qulamdarov məclisin sonunadək dinib- danışmadı, bizimlə yanaşı otura- otura, həm də hardasa,  buralardan çox- çox uzaqların yandırıcı iztirablarında qovrula- qovrula, sağlıqları və lətifələri heç nə qəbul eləməyən üzüylə “dinləyə- dinləyə”, yenə həmin məchulluğunda bata- bata qaldı”...

 

Və qəza...

 

“...Səhəri gün biz Mehman Qulamdarovun işə gedərkən öz maşınında qəzaya düşərək öldüyündən xəbər tutduq. Deyilənə görə, o, səhər saatlarında yol gedərkən, qəfil ürək  çatışmazlığından yüksək sürətlə sürdüyü maşınını yoğun yol  sütununa çırparaq, həlak olmuşdu. Özünü qəza yerinə  çatdıranların dediyinə görə, qabaq hissəsini dağıdan maşının mühərriki sıradan çıxsa da, maqnitafonundan süzülən qadın müğənnisinin səsi qəribə, qorxunc bir əks- sədayla yuxulu şəhərin ala- toranlığına dağılırmış”...

 

Bu da rəhmətliyin ictimai tərcümeyi-halı...

 

“...Mehman Qulamdarovu bağ evindən götürdülər. Dəfn mərasiminə yığışanlar ata- anasının yeganə oğlu olan bu  utancaq adamın  bütün həyatını ağır zəhmət və əzab içində  keçirdiyindən, hələ məktəb illərindən gözaltı elədiyi istəklisi olsa da, cavan ikən dünyasını dəyişmiş əmisinin başsız qalan ailəsinə  dayaq olmaq məqsədi ilə öz əmisi qızı Zərifə xanıma evlənmək  məcburiyyətində qaldığından, gənc yaşlarından min bir əziyyətə  qatlaşıb ailəsini və yaxın qohum- əqrəbasını dişiylə-dırnağıyla saxlamasından, dövlət işinə keçəndən sonra kənd camaatı üçün gördüyü xeyirxahlıqlardan və bütün bu işlərlə yanaşı, hədsiz təvazökar və kövrək təbiətindən danışdıqca qadınlar ağlaşır, mənsə, bu dünyada hər şeyi əldə edib yorulan bu adamı necəsə, uzaqdan- uzağa yeknəsəq həyat marşrutundan çıxaran və  bununla da, onun anlaqsız, sevgisiz, qurama həyatına son qoyan Aysun haqqında - kişiləri əlcək kimi dəyişən bu dağınıq ədalı estrada ulduzu barədə düşünürdüm”.

 

Başqa bir ölümün hekayəsi isə  Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı general- polkovniki Tapdıq Qayıblının qarın nahiyəsində  aparılan uğursuz əməliyyat nəticəsində vəfat etdiyi barədə yayılan söz- söhbətlər”in bədii reportajıdır. Və bu “reportaj”dan məlum olur ki, “kor bağırsağın kəskin iltihabı” diaqnozu ilə əməliyyat edilən generalın anatomiyası həkimləri dəhşətə gətirir: “... Bu, tarixi əməliyyat idi. biz elə bir vəziyyətdəydik ki, oradan ayaqqabı tayı çıxsaydı belə təəccüblənməzdik. Onun bu içalatla hansı möcüzəylə yaşadığı təəccüblüdü. Xüsusən, bu adamın ölkənin daxili təhlükəsizliyilə məşğul olduğunu düşünəndə”...

 

Generalın meyidini torpaq (ümumən təbiət!)  qəbul etmir...

 

“Generalın müəmmalı ölümü ilə bağlı gəzməkdə olan şaiyələrə görə həmin gecə meyit  bir o qədər də dərin qazılmayan çalaya endirilərkən içindən qapı cırıltısını andıran əcayib xırıltı eşidilmiş, səsdən diksinən qohumlar onu əllərindən yağış suyu ilə dolu çalanın içinə buraxmışdılar”...

 

Hekayə generalın ölümü qədər müəmmalı bir sonluqla bitir:

 

“Məhkəmə Tibbi Ekspertizasının rəyinə gəlincə, generalın ölüm səbəbi barədə ekspert sənədi onun ailə üzvlərinə təqdim olunmadan birbaş Dövlət Təhlükəsizlik Nazirliyinin arxivinə göndərilmiş, orda tam məxfi sənədlər saxlanılan qovluqlara tikilmişdi”.

 

Həm “Can üstə” də, həm “Aysun”da,  həm də “Generalın ölümü”ndə  yazıçı müşahidələrinin qəribə “casus israrlığı” var. Və  yaradıcılıq üslubunda (texnologiyalarında!) belə bir məqamın olduğunu  “Duyğular imperiyası”nda müəllifin özü də etiraf edir:

 

“Ətrafımda baş verənləri, yaxud baş vermədən, hələ həyata keçəcəyini gözləyənləri, eləcə insanları və heyvanları, təbiəti və iqlimi, bir sözlə, gözümə sataşan və sataşmayan hər şeyi, daim gizli dövlət tapşırığı alantək, gizli məsuliyyətlə  müşahidə etməyimlə özümü, bu dünyaya hardansa göndərilmiş casusa oxşadıram”.

 

Görünür, harda “casus” varsa, orda “ölüm” də var... Özü də ən müxtəlif təzahürləri ilə...

 

“Qarğış” Afaq Məsudun ilk irihəcmli əsəridir. Və yazıçının özü əsər haqqında danışarkən deyir ki, “ilk qələm sınağı olmasına baxmayaraq, jurnalın (“Azərbaycan” jurnalı nəzərdə tutulur - N.C.) ilk səhifələrində yerləşdirilən bu əsər -  Qarğış” romanı idi... Sovet cəmiyyətinin idbar vəziyyətə saldığı bir ailənin tarixçəsi. O dövrlər  bu əsəri heç də Sovet cəmiyyətinin naqisliyini göstərmək məqsədilə yazmamışdım. Daxili problemlərinə yaxından bələd  olduğum bir ailənin həyat tarixçəsini, faciəsini açmağa çalışmışdım”...

 

“Qarğış”ı rəsmi ədəbi tənqid o qədər də yaxşı qarşılamadı. Və bu “qarşılanma mərasimi”ni ədəbiyyatşünas Nurlanə Əliyeva belə təsvir edir:

 

“...70-ci illərdə Afaqın ilk povesti - “Qarğış” çapdan çıxanda tənqidçilərdən biri bu əsərdə Afaqın həyatı qavrayışının subyektiv psixoloji yönünü tənqid etmişdi. Halbuki, psixologizm Afaqın bir yazıçı kimi üstünlüyünə dəlalət edirdi. “Ədəbiyyat qəzeti”ndə çıxan bu yazıdan az sonra Xalq yazıçısı İlyas Əfəndiyev həmin tənqidə birmənalı şəkildə öz münasibətini bildirən məqalə ilə çıxış etdi. Bu məqalədə Afaqın istedadı layiqincə qiymətləndirilir, onun hekayə və povestlərinin məziyyətləri haqqında söhbət açılırdı. Gənc yazıçının povestini rəğbət və özünəməxsus qayğı ilə təhlil edən qocaman yazıçı onu ruhlandırıb, yeni- yeni əsərlər  yazmağa səsləndirirdi. İlyas müəllim həmin məqalədə yazırdı: “Onun şəxsində istedadlı  cavan bir nasirin ədəbiyyatımıza gədiyi şübhəsizdir. Afaqın hekayələrində, yaxşı mənada bir sərbəstlik  duyulur, nəsrindəki ştrixlər, detallar canlı,dürüst və təbiidir. Hiss edirsən ki, o zorla yazmır, uydurmur, moral oxumur, təmtəraqlı, əslində isə içi sabun  köpüyü kimi oxucunu təngə gətirmir”.

 

Yalnız bu faktın (müqayisənin!) özü gənc yazıçının- artıq iri həcmli əsər müəllifinin qələbəsi  demək idi...

 

Və “Dəfn” romanı yazıldı...

 

“Dəfn” qədim hind fəlsəfəsindən “hər bədbəxt hadisə - insanın özü özünü cəzalandırmağıdır” epiqrafı ilə başlayır. Və bu epiqrafın dərin məzmun- mündərəcəsi  qəhrəmanın bütün hisslərinə, düşüncələrinə və  ümumən varlığına hakim kəsilir...

 

“...Anası unutmuşdu onu... üzü anasının yadından çıxmışdı... Ya bəlkə...

 

Başının tükü qabardı… Bəlkə ölən o idi?.. Anası həmin o gümüşü üzüylə, becid yerişiylə onu basdırmağa gedirdi?.. Onu... on-on beş il əvvəl şəhərə, oxumağa göndərdiyi  aman- zaman bircə oğlunu...

 

Hə, anası şəhərə gedirdi... onu axtarmağa... gedirdi ki, axtarıb tapıb kəndə gətirsin, quyunun başındakı qoca tutun altında basdırsın... Babası yaşında ağacı kökündən qoparıb, yerində onu əksin... Basdırsın, əksin, rahatlansın nəhayət.  Daha qapılarının qabağından əliboş ötən poçtalyonu da güdməsin. Şəhərlə danışmaqdan ötrü rayon mərkəzinə gedib, orda poçt şöbəsinin adamla dolu, darısqal kabinələrinə növbəyə durmaqdan canı qurtarsın”...

 

Ən gərgin hallarda (hətta yuxuda da) qəhrəmanın özünün özünü müşahidə (və təhlilə cəhd) eləməsi yazıçının səciyyəvi priyomlarından biri sayıla bilər...

 

“...Hardansa görürdü özünü... Hansı  dəlikdənsə, arakəsmədən... yox, nəyinsə içiydi... dırnaqlarının ucuna qalxıb oradan özünü görürdü... Görürdü, necə  anası bomboz səhralıqla yeridikcə uzaqlaşır ondan... Gözdən itir... Onu bu kimsəsiz, qorxunc çöllüyün ortasında tək- tənha buraxıb gedir...

 

Nəfəsi kəsilə-kəsilə dayanıb durdu... Anasının ardınca qaçmaq istədi... Amma qaça bilmədi... Çünki yox idi... Heç bir gilə də qalmamışdı... Bir qırıq da”...

 

Yuxuların bu qədər dalbadal, bir- birini izləyə-izləyə gəlməsi təsadüf ola bilməzdi... Bunun həyat əhəmiyyətli bir sonluğu olmalı idi ya yox?..

 

“...Fikirləşdi ki, axır, günlərin bir günü yuxuları çin olacaqdı... Neçə illərdən bəri səbr və təmkinlə onu izləyən bu qara kabus zülmət qaranlıq gecələrin birində nəhəng, ağır  qapılarını aralayıb, onu yorğan- döşəyi qarışıq içinə sümürəcəkdi... öz havasız darısqallıqlarında boğub öldürəcəkdi...

 

Sonra bunu neçə dəfə yuxuda da gördüyünü xatırladı... Yuxuda bu qaradinməz şkaf ləngər vurub bir neçə addım  qabağa gəlmişdi... qapılarını qorxunc bir cırıltıyla cırıldadıb aralamışdı... içinin qapqara, dərin uçurumuyla ona zillənmişdi... Onda yadına gəlir, vahimədən az qalmışdı yuxudaca ürəyi dayana”...

 

Guya yuxular gerçək həyatın “harmoniya”sını pozur... Əslində isə, bu yuxular nəinki harmoniyası, insanlıq, əxlaq ritmi belə pozulmuş həyata qarşı elə bir üsyan qaldırır ki, nəyinsə düzələcəyi, hansısa haqq- ədalətin bərpa olunacağı yalnız bundan sonra mümkün ola bilər.

 

“...Hə, gör ki, indi iş nə yerə çatıb ki, o, daha asudə rahatlıqda nə edəcəyini anlamır... bunu istəsə belə, təsəvvürünə  gətirə bilmir. Çünki daha nə bir vaxtlar elədiyi kimi - əlini  əlinə vurub, şaqqanaq çəkib ürəkdən gülməyi gəlir, nə də cavanlıqdakı kimi, nədənsə təsirlənib qəhərlənmirdi. Bir sözlə, insanlıqdan çıxmışdı. Amma vaxtı ilə çox gülüb- ağlamışdı, saqqalı əldən vermişdi. Sonra da fikirləşdi ki, yaxşı ki, saqqalı yalnız evdə əldən verib. Səlimov olmasaydı, gör indi idarədəkilər başına nə oyun açacaqdı?!.

 

Əslində, Səlimovun “himayəçiliy”i, hər cür himayəçilik kimi, onun kənddən gətirdiyi şəxsiyyət adlanacaq az- çox qürurunu məhv eləmişdi.

 

Günahların çoxu isə arvadında imiş...

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 2 iyul.- S.15.