O mehriban, əziz illər...
ƏLİQİSMƏT LALAYEVİN 60 YAŞINA
Yəqin çox uzun zaman keçməlidir ki, insan
özünü, gördüyü işləri,
başqalarını, onların işlərini daha aydın və
belə demək mümkünsə, nizamlanmış şəkildə
görə bilsin, dəyərləndirsin.
Görünür, bu, varolmanın danılmaz şərtidir. Xassəsinə
görə mücərrəd olan zaman insaniləşdirilməlidir
ki, ötüb-keçən illər məşhur mahnıda
deyildiyi kimi “mehriban və əziz” olsun. Aydın
məsələdir ki, yalnız mehriban və əziz olan mətləblər...
xatirələr... qeydlər zamanın dağıdıcı təsirinə
məruz qalmır.
Azərbaycan
mədəniyyətində, özəlliklə isə teatr sənətində
uzun illərdir ki, uğurlu fəaliyyətdə bulunan Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
dosenti Əliqismət Lalayev (vaxtilə sevimli tələbəm
olmuş bu insan indi Azərbaycanın görkəmli teatr
xadimidir!) haqqında düşünərkən, onun tükənmək
bilməyən enerjisinin qaynağını axtararkən və
hər dəfə yeni-yeni işlərində, əməllərində
təzahür edən yüksək elmi və yaradıcı səviyyəsinin
təməllərini aşkarlamağa çalışarkən
fikrim “... o mehriban, o əziz tələbəlik illəri”nə
qayıdır...
lll
Otuz səkkiz
il zaman kəsiyini əhatə edən pedaqoji fəaliyyətimin
ilk çağlarına dönüb baxdıqda, Əliqismət
Lalayevin oxuduğu o vaxtkı M.A.Əliyev adına İncəsənət
İnstitutunun “Dram rejissorluğu” fakültəsinin II kursu xəyalımda
canlanır...
Gənc müəllim idim, dərsimin keyfiyyətli və
maraqlı keçməsi auditoriyada əyləşən tələbələrin
səviyyəsindən, dərsə, seçdikləri peşəyə
münasibətlərindən asılı idi. Yəni o
vaxtlar auditoriyaya girəndə mən gənc müəllim
kimi, təbii ki, təcrübəyə söykənə
bilmirdim. Odur ki, tələbələr məni
anladıqları və həvəsləndirdikləri halda
böyük alim Cəfər Cəfərovdan, ustad Tofiq
Kazımovdan aldığım biliyi tam həcmdə, dolğun
şəkildə onlara ötürə bilirdim. Sədi
Şirazi demişkən: “Natiqi danışmağa dinləyici
həvəsləndirir”.
Sözügedən
kursla tədris prosesinə başlamazdan öncə qrupun rəhbəri
vasitəsi ilə qiyabi tanış oldum. Məlum oldu ki, qrupun lideri Əliqismət Lalayev eyni
zamanda institutda sayılan tələbədir. Bu tələbə həm dərslərdəki
uğurları, həm də ictimai işlərdəki fəallığı
ilə seçilir. Müəllim həmkarlarım
xüsusi ilə onun tələbə tələbkarlığını
vurğulayırdılar, yəni ki, bu gənc dərs
zamanı son dərəcə fəal olur və müəllimləri,
necə deyərlər, sualları ilə “didir”.
Bəri
başdan deyim ki, həmkarlarımın Ə.Lalayevə verdikləri
“xasiyyətnamə” tam şəkildə təsdiqləndi və
mən bir müəllim kimi sözügedən “didişmələr”dən
həm zövq aldım, həm təcrübə qazandım, həm
də sonralar illər boyu bu gəncin fəaliyyətini
özüm üçün “tədqiqat obyekti” kimi
seçdim. Onu da etiraf edim ki, yaradıcı fakültələrdə
təhsil alan tələbələrin
heç də hamısı sənətdə qalmır,
onların sonrakı taleyini həyat həll edir. Amma tədris strategiyamız məhz hər tələbəyə
eyni tələbkarlıqla yanaşaraq özəl istedada və
sənətə aşkar meyli olan gənclərə xüsusi
diqqət yetirməklə müəyyənləşdirilir.
Lakin “sən saydığını say, gör fələk nə
sayır”. Belə ki, Ə.Lalayevin oxuduğu altı nəfərlik
rejissorluq kursundan yalnız iki nəfər - İranə
Tağızadə (hal-hazırda S.Vurgun adına Rus Dram
Teatrının rejissoru, Xalq artisti) və Əliqismət
Lalayev ömürlərini teatr sənətinə
bağladılar.
Görünür, Ə.Lalayev bir tələbə kimi mənim
səmərəli və dəyərli (bunu xüsusi
vurğulamaq istəyirəm!) pedaqoji fəaliyyətimin ilk
dövrünün uğuru olduğuna görə, onun tələbəlik
illərini bu qədər parlaq və canlı
xatırlayıram.
... Auditoriyaya girən kimi ilk baxışdan görürəm
ki, gənc Əliqisməti nə isə ciddi bir
yaradıcı problem maraqlandırır. Dərs
planımı kənara qoyub sözü Əliqismətə
verirəm. Onun bu dəfə verdiyi sual
rejissorun müəllifliyi və yozum azadlığına
aiddir. Küləyin haradan əsdiyini o dəqiqə
başa düşürəm. Bu günlərdə
teatr ictimaiyyəti görkəmli rejissor T.Kazımovun
novatorluğu mövzusunda kəskin mübahisələrdə
bulunur. Mövqeyimi açıqlamadan məsələni
müzakirəyə çıxarıram. Bir
azdan auditoriyada əməlli-başlı həngamə qopur,
amma ümumi səs-küyün içində gənc
Əliqismətin səsi daha aydın seçilir və tədricən
yaranan səssizlikdə o öz mövqeyini dəqiq ifadələrlə
tələbə yoldaşlarının diqqətinə
çatdırmağa müyəssər olur. Yalnız bundan sonra “söz mənə verilir”.
Demək artıqdır ki, mənim işim xeyli yüngülləşir,
çünki Əliqismətin “provokasiya” etdiyi mübahisənin
gedişində artıq bir çox önəmli suallar qoyulur
və mənə yalnız onları ardıcıllıqla
cavablandırmaq qalır...
...Əliqismətin əlində bir qucaq kitab
görürəm.
Maraqlanıram. Məlum olur ki, Moskvada teatr sənətinə
aid yenicə çap olunmuş kitablardır. Bu
kitabları ata malı kimi
bölürük: bir neçəsini mən oxuyandan sonra ona
qaytarıram, ondakıları oxumaq üçün
götürürəm. İki-üç həftədən
sonra oxuduğumuz kitabları kursda müzakirə edirik. Sən demə, Əliqismətin kitablara olan sevgisi
kurs yoldaşlarına da sirayət edibmiş, hamı o
kitabları oxuyurmuş. Gənc Əliqismətin
bitkin mülahizələri, ciddi qənaətləri və əsaslandırılmış
etirazları məni sevindirməyə bilmir. Kaş ki,
bütün tələbələrimin mütaliəsi bu səviyyədə
olaydı...
...O
vaxtkı Karqanov küçəsində yerləşən
institutun “cumbulu” tədris teatrında Ə.Lalayevin rejissorluq
etdiyi kurs tamaşasına - Eduardo de Filipponun məşhur
“Silindr” pyesinin tamaşasına baxıram. Gənc rejissorun
yaradıcı cəsarətini həməncə qiymətləndirirəm:
teatr neorealizminin parlaq nümunəsi olan bu pyesi Azərbaycan
dilində, özü də tələbələrlə
hazırlamaq böyük riskdir. Tamaşanın təbiiliyi və
hər mənada “səliqəli” olması gənc rejissorun
yozum məharətindən və güclü iradəsindən
xəbər verir...
...Və
nəhayət, Əliqismətin diplom tamaşasına - Tennessi
Uilyamsın “Sökülən yurd” əsərinə Dövlət
imtahan komissiyasının tərkibində baxıram. Tamaşa
sona çatmamış komissiya üzvləri vahid bir qənaətə
gəlirlər: biz yüksək teatr mədəniyyətinə,
peşəkar və orijinal düşüncəyə malik
olan gənc sənətkar yetişdirmişik!
Müəllimdən
ötrü bundan şərəfli nə ola
bilər?!
lll
Ə.Lalayev
M.Əliyev adına İncəsənət
İnstitutunu 1980-ci ildə bitirib. Arxada qalan otuz altı il ərzində
mən artıq bir teatrşünas və gurultulu
çıxmasın, teatrın təəssübkeşi kimi
sevimli tələbəmin çox səmərəli fəaliyyətini
(Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Azərbaycan
Dövlət Filarmoniyasında, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyində, Mədəniyyət
və Turizm Nazirliyində rəhbər vəzifələrdə)
izləmişəm.
Bu yaxınlarda eşitdim ki, görkəmli
teatrşünas və araşdırmaçı, Azərbaycanın
Əməkdar mədəniyyət işçisi Cəlil Vəzirovun
“Naxçıvan teatrının səkkiz ili və Əliqismət
Lalayev” adlı əsərini oğlu Həbib Vəzirov
atasının ölümündən sonra çapa
hazırlayır. Onu da eşitdim ki, bu əsər yalnız
Əliqismət Lalayev haqqında deyil, eyni zamanda,
Naxçıvan teatrının səkkiz illik bir tarixini əhatə
edən qiymətli mənbədir. Düzdür,
sözügedən əsərlə tanış
deyiləm. Amma və lakin şübhəm yoxdur ki,
Naxçıvan teatrına gəlişi ilə zəngin ənənəsi
olan bu sənət ocağına yeni qan, yeni can, yeni ab-hava gətirmiş
Əliqismət Lalayevin səkkiz illik fəaliyyəti
sözügedən əsərdə görkəmli
teatrşünas C.Vəzirov tərəfindən böyük
sevgi ilə əbədiləşdirilmişdir. Elə
hesab edirəm ki, bu əsər Ə.Lalayevə ən qiymətli
yubiley hədiyyəsidir.
İndi isə o, Azərbaycan Dövlət Musiqili
Teatrında direktor kimi uğurlu fəaliyyət göstərir. Artıq bu illər
də mənə “mehriban və əziz” olub. Onları
bir-bir xatırlayıb danışmağa kifayət qədər
dolğun və tutarlı “material”ım var:
2008-2009-cu illərin teatr mövsümündə 137 illik
tarixi dövründə ilk dəfə olaraq Azərbaycan
Dövlət Musiqili Teatrı Beynəlxalq quruma - Musiqili
Teatrların Beynəlxalq Assosiasiyasına daxil olmuşdur.
- Teatr
tariximizdə ilk dəfə olaraq Avropa klassik operettası Musiqili
Teatrda Azərbaycan dilində hazırlanmışdır
(İ.Kalman “İddialı Qaraçı”).
- Teatr son
20 ildə ilk dəfə olaraq xarici ölkələrdə səfərdə
olmuşdur (Rusiya, Türkiyə, Gürcüstan, İran). Bir
çox Beynəlxalq və Milli Festivallarda ( VII Beynəlxalq
Musiqi Festivalı, I Şəki Beynəlxalq Teatr Festivalı,
Milli Teatr günü münasibətilə gənc
rejissorların “Yeni teatr” respublika festivalı, Üzeyir
Hacıbəylinin 123 illiyi ilə əlaqədar Masallıda
keçirilən Musiqi Festivalı, “Muğam aləmi” IV Beynəlxalq
Muğam Festivalı ) iştirak etmiş, Rusiya (Moskva,
Novosibirsk, Yekaterinburq), Gürcüstan (Tiflis, Marneuli, Bolnisi) və
Türkiyədə (Bayburt) qastrollarda olmuşdur.
- Teatr son
15 ildə ilk dəfə olaraq bütün proqnoz göstəricilərə
artıqlaması ilə əməl etmişdir.
-
Teatrın fəaliyyətini yaxşılaşdırmaq
üçün respublikanın tanınmış və gənc
yaradıcı qüvvələri tamaşaların
hazırlanmasına cəlb olunmuşlar.
- Əliqismət Lalayevin teatra rəhbərlik etdiyi
dövrdə repertuar bayağı, süni gülüş
doğuran bir sıra tamaşalardan təmizləndi, sağlam,
işgüzar, sözün əsl mənasında,
yaradıcılıq ab-havası yaradıldı. İndi
teatrın öz tamaşaçı auditoriyası var, kütləvi
informasiya vasitələrinin nümayəndələri
teatrın tamaşaları barədə vaxtaşırı
resenziyalar dərc edirlər, aktyorlar mütəmadi olaraq
televiziya və radio verilişlərinə, dövlət tədbirlərinə
dəvət olunurlar.
- Son
vaxtlar Musiqili Teatra daha çox yaradıcı gənclər dəvət
olunub. Onların arasında rejissorlar, rəssamlar,
dirijorlar, ifaçı və musiqiçilər, həm də
texniki işçilər vardır.
- 2010-cu
ildə teatrın nəzdində fəaliyyətə
başlayan uşaq-gənclər studiyası teatr mədəniyyətini
təbliğ etmək, teatra kütləvi marağı
artırmaq işində əhəmiyyətli rol oynadı. Beləliklə
də bu studiya müasir və milli səhnə sənətinin
hərtərəfli inkişafını təmin etmək məqsədilə
teatr sənətinə maraq göstərən, xoreoqrafiya,
vokal, aktyorluq, ifaçılıq sahəsində xüsusi
bacarığı olan uşaqları və istedadlı gəncləri
teatra cəlb etmək, novator səhnə formalarını tətbiq
etmək, müasir və klassik milli operetta əsərlərindən
seçmələri səhnələşdirmək, habelə
operetta janrında yaradıcılıq axtarışları
aparan gənc ifaçılar və müəlliflər nəslinin
yetişdirilməsinə zəmin yaratmağı
qarşısına məqsəd qoydu.
2010-2011-ci
illərin teatr mövsümündə Gürcüstanın
Rustaveli teatrının aparıcı simalarından biri
sayılan Qoça Kapanadze Azərbaycan Dövlət Musiqili
Teatrına dəvət olundu və o, Bakıya sənət
dostları Lomqul Murusidze (quruluşçu rəssam), Ketevan
Titişvili və Tamuna Maçaraşvili (geyim rəssamları)
ilə bərabər gəldi. Gürcüstanlı
qonaqlar Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin Dövlət sifarişi kimi məşhur
“Xanuma” əsərini teatrda tamaşaya hazırladılar.
- Musiqili
Teatrın kollektivi ilk dəfə oktyabr ayının 20-dən
27-dək Amerika Birləşmiş Ştatlarında - Nyu-York və
Vaşinqton şəhərlərində səfərdə oldu.
“Azərbaycan-Nyu-York Assosiasiyası” Amerika Birləşmiş
Ştatlarında “Amerikada Azərbaycan teatr bayramı” adı
ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr
olunmuş tədbirlər keçirdi. Bu tədbirlərdə
Azərbaycanın görkəmli gülüş ustası,
Xalq artisti Afaq Bəşirqızı başda olmaqla Azərbaycan
Dövlət Musiqili Teatrının yaradıcı heyəti
yüksək səviyyədə iştirak etdi, Amerikada
yaşayan soydaşlarımıza gülüş payı
bağışladı. Beləliklə də
Azərbaycan teatrı ilk dəfə olaraq, okeanın o
tayına səfər etdi.
- Əməkdar incəsənət xadimi, rejissor Bəhram
Osmanovun rəhbərliyi ilə teatrın bir qrup
yaradıcı gənci Rusiyada təcrübə mübadiləsinə
göndərildi. Gənc rəssamlar Sevinc Həsənova, Novruz Məmmədov
və teatrın direktor müavini Hüseyn Hüseynov oktyabr
ayının sonunda yeddi gün müddətinə Yekaterinburq
şəhərində oldular, zəngin və maraqlı ənənələri
olan Sverdlovsk Musiqili Komediya Teatrında təcrübə
keçdilər.
- 2010-cu ilin noyabr ayında isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Musiqili Teatrın binası əsaslı təmirə bağlanıldı.
2012-ci ildə teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan və dövlət teatrları tarixində ilk antrepriz tamaşa kimi yadda qalan N.Qoqolun “Evlənmə” tamaşası məhz Əliqismət Lalayevin rəhbərlik etdiyi dövrdə ən yaxşı səhnə əsəri kimi Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görüldü. Qeyd edək ki, Şövqi Hüseynov da məhz Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatı aldı.
- Milli teatr sənəti sahəsindəki uğurlarına görə 2012-ci ilin may ayında “Yaxşıların yaxşısı” Milli Mükafatına layiq görülmüş Əliqismət Lalayev, teatrın vətənimizin hüdudlarından kənarda tanınması üçün də böyük layihələr həyata keçirdi.
2014-cü il Azərbaycan Dövlət Musiqili Teatrının tarixində əlamətdar il oldu. Belə ki, ölkə Prezidenti cənab İ.Əliyevin Sərəncamı ilə əsaslı təmirə dayandırılan Teatrda təmir, yenidənqurma və bərpa işləri başa çatdırıldı.
- İllərdən bəri yaddaşlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi yaşayan teatrın adı dəyişdirildi. Teatrın Azərbaycan Dövlət Musiqili Teatr adlandırılması kollektivin yaradıcılıq fəaliyyətinin sonrakı istiqamətinə ciddi təsir göstərdi.
2015-2016-cı illər teatr mövsümündə Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji Azərbaycan Dövlət Musiqili Teatrına dəvət edildi. Tanınmış rəssam teatrda beynəlxalq layihə kimi Əməkdar incəsənət xadimi Əli Usubov tərəfindən hazırlanmış “Qafqazlı qardaşqızı” (R.Hacıyev) tamaşasının bədii tərtibat müəlifi olmaqla yanaşı, həm də kollektivə ustad dərsi keçdi.
- Görkəmli dramaturq, Xalq yazıçısı Elçinin əsərinə ilk dəfə Musiqili Teatrda quruluş verildi. Belə ki, Xalq artisti Cənnət Səlimova yazıçının hekayələri əsasında “Baladadaşın toy hamamı” tamaşasını hazırladı. Tamaşa bir sıra “ilk”lərlə yadda qaldı. Teatrla kinonun sintezi əsasında qurulan tamaşada baş rolu gənc aktyor Əmrah Dadaşov canlandırdı və bu iş tələbə-aktyorun debütü oldu.
- Bu il Azərbaycan Dövlət Musiqili Teatrı növbəti ilkə imza atdı. Teatr 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları, sənət uğurları, öz peşələri ilə hər kəs tərəfindən sevilən, teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırdı.
- Bu il teatrın nəzdində Gənclərin Yaradıcılıq Studiyası fəaliyyətə başladı.
- Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim etdi.
- Əliqismət Lalayev 16-21 may tarixlərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçirilən SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”də münsiflər heyətinin üzvi kimi iştirak etdi.
Görürsünüz də, qısa müddət ərzində Əliqismət Lalayevin gördüyü işləri sadalamaqla bitmir...
İnanıram ki, qarşıdan gələn illər də mənə ötən illər qədər “mehriban və əziz” olacaq, çünki istedadlı tələbəm və Azərbaycanın görkəmli teatr xadimi Əliqismət Lalayevlə bağlı yeni-yeni xatirələri danışıb-yazmağa kifayət qədər dolğun və tutarlı “material”larım toplanacaq.
İnşaallah, vaxtı çatanda bu haqda da
söhbət açarıq...
Məryəm
Əlizadə
525-ci qəzet.- 2016.- 2 iyul.- S. 14;16.