“Koroğlu” dərgisi bu dəfə nasir Eyvaz Zeynalovdan yazıb
Bugünlərdə Türkiyədə çap olunan aylıq “Koroğlu” ədəbi-bədii dərgisinin növbəti özəl sayı, iyul nömrəsi işıq üzü görüb.
Dərginin budəfəki özəl sayı yazıçı Eyvaz Zeynalovun həyat və yaradıcılığına həsr olunub. Üz qabığında yazıçının şəkli verilib. Dərgidə əvvəlcə yazıçı haqqında qısa məlumat, sonra bir neçə hekayəsi, daha sonra onun özü, əsərləri barəsində bir zaman bizim mətbuatımızda, saytlarda çap olunmuş məqalələr, müsahibələrdən nümunələr, eyni zamanda arabir yazıçının müxtəlif vaxtlarda, müxtəlif məkanlarda çəkilmiş şəkilləri təqdim edilib.
“Koroğlu” dərgisinin budəfəki özəl sayını Azərbaycan ədəbiyyatının gözəl bilicisi, dostu, eyni zamanda, Türkiyədə geniş təbliğatçısı, tərcüməçisi Ömər Küçükmehmetoğlu hazırlayıb.
Onun tərcüməsində Eyvaz Zeynalovun hekayələri Türkiyədə
artıq son illər ərzində ondan artıq dərgidə işıq üzü görüb.
2011-ci ildə Ankarada çıxan “Kara(b)ağlayan
hikayeler” kitabının həmtərcüməçisi
(İmdat Avşarla
birgə) olub. Bu
il İstanbulda
yayımlanan “Eski bisiklet”
hekayələr kitabının da tərcüməçisidir.
E. Zeynalovun uşaq
hekayələrindən ibarət tərcümə etdiyi növbəti kitab
hazırda İstanbuldakı “Ferfir” nəşriyyatında
çapa imzalanıb.
525-ci qəzet.- 2016.- 2 iyul.- S.13.