Diri Mirzə Cəlil… 100 illik “Ölülər”
Yüz il öncə, 1916-cı ildə ilk dəfə Tağıyev teatrında səhnələşdirilən “Ölülər” artıq bir əsrdən çoxdur ki, aktuallığını, ona olan marağı itirmir.
Əslində bəlkə teatr tarixinə nəzər salınsa, yüz il içərisində istər rejissorların, aktyorların, istərsə də sadə oxucunun, tamaşaçının diqqətini bu qədər cəlb edən ayrı bir əsər adı çəkmək çətin olar. Dahi Mirzə Cəlil Məmmədquluzadə müəllifi olduğu bu əsərin janrını komediya kimi müəyyənləşdirib. Amma bütün hallarda bu dahiyanə pyes gülüşdən çox kədər, göz yaşı doğurur. Və kimsə “Niyə ağlayırsan?” – deyə soruşsa….
“İndi hər kəs məndən soruşsa ki, “niyə ağlıyırsan?” cavab vərərəm ki,: – Ağlamağımın səbəbi, ağlamağımın səbəbi, ağlamağımın səbəbi… Səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram və bir çarəm də yoxdur”.
Mirzə Cəlilin yenə də mövhumatı, geriliyi tənqid etdiyi “Bikarlar bayramı” felyetonundan gətirdiyim yuxarıdakı parçada yazıçının özünün “göz yaşları”nın səbəbini görürük. Və heç şübhəsiz ki, bu cür böyük qələm adamı “bir çarəm yoxdu” – desə də, bütün etdikləri, millətin maariflənməsi uğrunda çabaları bu gün, yüz il sonra da çox dərdlərimizə çarə, təsəllidir.
***
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
gerçək bir bayram ovqatı duyulur. Yüz ildi ki,
müxtəlif rejissorların həllində
tamaşaçıya təqdim olunan “Ölülər” bu dəfə
xalq artisti Azərpaşa Nemətin quruluşu ilə səhnələşdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun Akademik Milli Dram Teatrı ilə
birgə təşkil etdiyi tədbirdə Milli Məclisin
deputatları, tanınmış elm və mədəniyyət
xadimləri, həmçinin teatr ictimaiyyəti iştirak edirlər.
Tədbirdən sonra isə tamaşaçılar “Ölülər”lə
yeni, müasir quruluşda tanış ola
biləcəklər.
Tamaşadan öncə xalq artisti Azər Paşa Nemət
çıxış edib əsərin əvvəlki
quruluşlarından danışır. Böyük rejissor Tofiq
Kazımovun 60-cı illərdə səhnələşdirdiyi
tamaşa haqda xatirələrini bölüşür: “O, kifayət
qədər əsk-səda yaradan mükəmməl bir
quruluş idi və həmin tamaşanın musiqisini dahi Qara
Qarayev bəstələmişdi. Mən də
Qara Qarayevin musiqisindən, o tamaşa üçün bəstələdiyi
melodiyalardan istifadə etmişəm”. Həqiqətən
Tofiq Kazımovun quruluş verdiyi, Mirzə Cəlilin yüz
illiyinə həsr edilmiş “Ölülәr” tamaşası istər
teatr tariximizə, istərsə də o dövr
tamaşaçılarının yaddaşına həkk
olunub. Bu əsər Dram teatrının әn yaxşı
tamaşalarından olub. Həsən Turabov
İskәndәr, Mәlik Dadaşov Şeyx Nәsrullah, Məmmədrza
Şeyxzamanov Hacı Hәsәn rolunda unudulmaz obrazlar
yaradıblar. Tamaşanın rәssamı Elçin Aslanov
maraqlı bir tәrtibat
qurub; sәhnәdә iri qәbir daşları qoyulub vә diri adamlar o qәbir
daşları-qapılardan girib çıxırmışlar.
Bu da Mirzə Cəlilin əsas ideyasını –
“dirilərin “ölü”lüyünü” ifadə edib. Tofiq Kazımov pyesә
Mirzә Cәlilin felyetonlarından da әlavәlәr edibmiş vә
bu, xeyli mübahisәlər
doğurub. Lakin istənilən halda hərtərəfli
peşəkar iş tarixin, zamanın sınağından
uğurla çıxıb. Həmin tamaşanın
tarixçəsiylə tanış olanda
bir fakt diqqətimi çəkdi. O dövrdə əsərdə
olan (əsasən Şeyx Nəsrullanın dilində) qəliz
ərəb-fars sözlərini aktyorlara öyrətmək
üçün, onların tələffüzünü dəqiqləşdirmək
üçün o vaxt ölkədə ərəb və fars dillərinin ən gözəl bilicisi
ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının
baş müəllimi Əli Fəhmi Akademik Teatra dəvət
olunub. Bu dəfə isə tamaşanın elmi məsləhətçisi
AMEA-nın vitse-prezidenti, akademik, Mirzə Cəlilşünas
İsa Həbibbəylidir.
İsa
müəllim çıxışında tamaşanın ilk
quruluşundan üzübəri müxtəlif səhnə həlləri
və əsərin ədəbiyyatımızda yeri barədə
danışır: “Ölülər” dünya ədəbiyyatında
ən mükəmməl dram əsərləri ilə
yanaşı durmağa layiq bir əsərdir. Əsər
dünya dillərinə tərcümə olunarsa böyük
maraq doğurar və insanları həyat və ölüm
haqqında yenidən düşünməyə məcbur edər.
Hətta mən deyərdim ki, koloriti,
orijinallığı baxımından digər əsərlərdən
daha çox məşhurlaşar. Yüz il bundan əvvəl,
ilk dəfə dahi Hüseyn Ərəblinskinin
tamaşasında İskəndər rolunda Mirzağa Əliyev,
Şeyx Nəsrullah rolunda isə Mirzə Cəlilin qələm
dostu, Molla Nəsrəddinçi Əliqulu Qəmküsar
çıxış ediblər. Tamaşa
çox böyük müvəffəqiyyət qazanıb.
1916-cı il aprelin 29-da ilk dəfə Bakıda göstərilən
tamaşa həmin ilin iyununda Daşkənddə, iyul ayında
Mahaçqala şəhər teatrında, avqustda Vladiqafqazda,
1917-ci ildə Tiflisdə, Gəncədə, Naxçıvanda
və s. şəhərlərdə tamaşaya qoyulub və
böyük müvəffəqiyyət qazanıb”. Akademik İsa Həbibbəyli əsərə fərqli
sənətkarlar tərəfindən verilən quruluşlar,
xüsusən də Tofiq Kazımovun tamaşası haqda
danışdıqca bütün bu uğurlu işlərdən
sonra “Ölülər”ə yenidən qayıtmağın məsuliyyətli
və çətin olduğunu vurğulayır. Amma bu, rejissor Azər Paşa Nemətin Mirzə Cəlillə
“birgə” ilk işi deyil. İllər
öncə “Danabaş kəndinin məktəbi” əsasında
xeyli uğur qazanmış tamaşa qoyan rejissorun Mirzə Cəlilə
orijinal yanaşması çoxlarına tanışdı.
***
Mirzə Cəlili oxuduqca insan bu böyük qələm
adamının dahiliyini hər cümlədə, hər
parçada hiss edir, onun hərtərəfli istedadına heyrətlənməyə
bilmir. Elə
tək bir
“Ölülər”də onun sadəcə maarifçi
kimi böyüklüyü, millət təəssübkeşliyi,
ziyalılığı deyil, həm də rejissor, rəssam,
prozaik, kinomatoqrafçı istedadını görə, duya
bilərik. Belə ki, əsərin remarkalarında
yazıçı rejissorluq edir, hansı sözü deyəndə
obrazın üzündə hansı ifadə olmalıdı,
sözünü hansı hərəkətlə
dolğunlaşdırmalıdı, bunların
hamısını göstərir. Qəbiristan
səhnəsi gözəl bir rəssamlıq nümunəsidi.
Axırda İskəndərin camaatı otağa
çağırması KİNOdu. Əsərdəki
xarakterlər (adicə avam adamların bir sözü təkrar-təkrar
deməyi, sualı əlli dəfə verməyi) ustalıqla
yaradılıb və bu cəhətiylə də “Ölülər”
tərtəmiz prozadı. Ona görə hələ
pərdə açılmamış düşünürəm,
bu qədər sənəti özündə birləşdirən
sənət əsərini tamaşaçıya təqdim etmək
doğrudan da məsuliyyətlidir. Amma elə ilk dəqiqələrdən
və bütün tamaşa boyu Azər Paşa Nemət dəsti-xəttini
hiss edirəm. Həm də əsərin ideyasına xidmət
edən son dərəcə uğurlu rejissor
tapıntıları da nəzərimdən qaçmır…
***
Teatr qarderobdan başlayır – deyirlər. Daimi, həssas,
sadiq tamaşaçı üçün isə tamaşa
proqramdan başlayır. Yəni elə proqrama baxanda səni
nələr gözlədiyini az da olsa təxmin
edirsən. Məsələn, Şeyx Nəsrullahı
xalq artisti Nurəddin Mehdixanlının, Kefli İsgəndəri
aktyor Anar Heybətovun necə canlandıracağını
öncədən xəyal edə bilərsən. Amma ən gözəli onda olur ki, oyununa, dəsti-xəttinə
alışdığın sənətkarlar səni təəccübləndirə
bilsinlər. Bu tamaşanın da uğurlu
cəhətlərindən biri aktyorların ayrı tərəfdən
görünməsi idi. Həm dediyim, əsas rolların
ifaçıları, həm də səhnə əsərində
digər obrazları canlandıran Xalq artistləri Laləzar
Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar
artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli
Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir
Cəlilov, aktyorlar Canəli Canalıyev, Xədicə Novruzlu,
Rada Nəsibova, Adil Dəmirov və başqaları
tamaşaçı qarşısında fərqli obrazda, fərqli
ovqatda idilər.
Lap ilk sәhnә – tamaşanın qaranlıqda
başlaması Mirzә Cәlilin mәşhur: “Gözümü
açıb dünyanı qaranlıq görmüşәm” sözlәrini xatırladır. Və bundan sonra bütün tamaşa məhz bu
qaranlıqdan xilas, işıq axtarışına
çevrilir. Bu “axtarış” – gedişat
isə çoxlu suallar çıxarır ortaya. Bunumu demək istəyib Mirzə Cəlil? Bumu ağrıdıb, düşündürüb
onu? Bu gün ölü diriltmək
“iddiası” ilə kütləni aldadan yoxdu, bəs onda niyə
görə əsər – tamaşa belə təsirlidi? Mәsәlә ondadır ki “Ölülәr” hәr bir dahiyanә әsәr kimi çoxqatlıdır. Əlbəttə, yazıldığı dövrdә o avamlığa,
mövhumata, xurafata qarşı yönәldilib, amma dahilik odur ki, bәlkә müәllifin
düşünülmüş niyyәti olmasa da, bu gün o әsәri
yaşadan başqa mәqamlardır.
İndi şükür ki, elә mövhumat, xurafat, o dәrәcәdә
avamlıq yoxdur. Amma bütün zamanlarda aktual olan məsələlər
var. Kütlә
psixologiyası – “Axı Mir Bağır ağa inanır, demәli mәn dә inanmalıyam”. Küyә getmәk psixologiyası – “Әrәbcә de, әrәbcә de!” – yәni elә danış ki, heç kәs başa düşmәsin vә başa düşmәdiyinә görә tapınsın. Riyakarlıq – “mәnim hər gün yediyim bir
xurmadır” vә
s. Әsәrdәn onlarca misallar çәkmәk olar ki, reallığın mәhz belә mәqamlarıyla sәsәlәşir. Yazıçının
mətndə göstərdiyi bu detalları rejissor ustalıqla
səhnəyə köçürüb. Ümumiyyətlə,
son illər Azərbaycan teatrında kütləvi səhnələrin
bu qədər uğurlu olduğu tamaşa yada salmaq çətindir.
Kütlə su kimi axır, hamı bir-birinə
“yapışmış” şəkildə səhnənin gah
sağ, gah sol tərəfində “axıb” gedir. “İrəli gedin” deyiləndə geri gedirlər, yəni
geriliyə-geriyə meyillidirlər. Səhnə
fırlanır, zaman qabağa gedir, bunlar yenə geri
qayıdırlar. Bir sözlə
avamlığın sonsuz sayda detalı, nümunəsi var səhnədə.
Və bütün bu avamlığa, geriliyə qarşı tək
bir Kefli İskəndər var. Bir dә ki, guya oxumuşlar:
teleqrafçı, dilmanc, müəllim. Onların
da – teleqrafçının, dilmancın, müəllimin
qaragüruha züy tutması Mirzә Cәlilin
әn ağrılı
dәrdlәrindәndi. Bu “savadlı” bisavadlar Şeyx Nəsrullah
dediklərinə heç olmasa bir an da belə şübhəylə
yanaşsaydılar, bircə cümlələrinin əvvəlində
“axı…” olsaydı, onda əsərin ideyası dəyişərdi.
Kefli İskəndər hansısa mənada Mirzə
Cəlilin özüdü əslində. Hətta
oxumuşlar içərisində də tənhadı, çəkdiyi
dərdə dözmür, iztirab içindədi və
özünü qınayır ki, bütün bu müsibəti
dayandırmaqda gücsüzdü… Bu isə əsl ziyalıya
xas cəhətdir; həmişə daha artıq iş görmək
ehtiyacı, yenə nələrsə etməliyəm –
düşüncəsi, heç nə edə bilmədim –
narazılığı.
***
Nurəddin Mehdixanlının – Şeyx Nəsrullahın
hay-küyü, Anar Heybətovun – İskəndərin
pıçıltıları içərisində sehirlənib
tamaşaçı. Oğrunun bağırtılarından
doğrunun bağrı yarılır gözlərimiz
önündə. Çoxluq isə
oğrunun tərəfindədi təəssüf. Azər Paşa Nemətin özünəməxsus
ironiyası, gülüşü də səhnədən
duyulur. Həm də səhnə
üçün, tamaşa üçün rejissor əlavələri,
yüngülvari dəyişiklikləri. Axı əsər
kağız üzərindən səhnəyə
köçürüldüsə rejissorun malı
olur. Dəyişikliklərdən ən çox diqqətimi cəlb
edən isə Şeyx Nəsrullahın pul yığması,
yəni qəbiristanda “diriləsi ölülər”in
siyahısını yazanda şagirdi Şeyx Əhmədin
qabağına qutu qoyub “zəhməthaqqı” alması oldu. Məsələ burasındadır ki, pyesdə
Şeyx Nəsrullahın pul yığmasına heç bir
işarə, eyham yoxdur. Və məhz bu cəhətiylə
Mirzə Cəlilin personajı Mirzə Fətəli Axundzadənin
Molla İbrahimxəlil kimyagərindən seçilir. Yəni Molla İbrahimxəlil pul, Şeyx Nəsrullah
isə qadın düşkünüdür. Və bu qadın düşkünlüyünü
rejissor müxtəlif priyomlarla, aktyor öz oyunu ilə
göstərə bilib. Məsələn, pərdə
arxasından qadın səsi eşidən kimi vəcdə gəlməsi,
baxışları və s. Belə olduğu halda, yəni
Şeyxə pul lazım deyilsə, cəmiyyətin – avam
kütlənin ayrı bir problemi qabardılır demək;
insanın sadə ehtiyaclarını ödəmək
üçün fırıldaqçılığa əl
atması. Axı Şeyx Nəsrullah özü də yeganə
monoloqunda mərəzini etiraf edir: “Həmin bu mərəzin bərəkətindəndir
ki, mən bu bambılı Əhmədin yanında olmuşam
bir balaca uşaq və ağlayıb atamdan kişmiş istəyən
kimi gündə bir dəfə utana-utana deyirəm: Şeyx
Əhməd, mənə kişmiş”.
Ancaq rejissorun bu kiçik əlavəsi ilə Şeyx Nəsrullahın
həris obrazı bir qədər dəyişilsə də, həm
də müasirləşib, aktuallaşıb deyə bilərik.
***
Yazımın əvvəlki cümlələrində
“Ölülər”də Mirzə Cəlilin tənhalığını
duyduğumu söylədim. “Sözünü onu
eşitməyən kəslərə deməyə”
alışmış mütəfəkkir İskəndərin
dilindən “Allahın iti də mənə qulaq asmır.”
– deyir və bu birbaşa onun
özünün dərdidir.
Amma zamanın ədaləti var, indi, artıq neçə
saatdır ki, bu günki Azərbaycanın say-seçmə
ziyalıları nəfəs çəkmədən dinləyirlər
onu, sözündən təsirlənirlər, fədakarlığından
kövrəlir, sarkazmına gülümsəyirlər. Və
bütün bu adamların gözü qarşısında
İskəndər tamaşanın əvvəlindən
başlayan işıq axtarışının sonuna
yetişir, o gur işığı tapır. Gələcəyin bütün “ölü diri”lərinə,
tarixin qanlı səhifələrini yazanlara – “TFU SİZİN
ÜZÜNÜZƏ…” – deyib işığa doğru gedir.
…Və dahi Qara Qarayevin ölməz musiqisinin sədaları
altında qarşılıqlı tamaşaçı-sənətkar
minnətdarlığı ilə “tamaşa” davam edir.
Əslində teatr tariximizə növbəti hadisə,
sözün əsl mənasında HADİSƏ
yazılır!
525-ci qəzet.- 2016.- 2 iyul.- S.12-13.