Görkəmli alim və şəxsiyyət
Alimləri eşidin, onlar bu dünyanın
işığı, axirətin nurudur.
Hz.Məhəmməd.
Peyğəmbərimizin bu kəlamı 15 əsrdir ki,
yol gələrək, bu günə qədər öz qüvvəsini
itirməyib və cəmiyyət bu kəlamın nurundan daim faydalanmağa
çalışıb.
Bu
işığı bizə bəxş edən, fundamental
xarakterli tədqiqatlarla Azərbaycan elmini zənginləşdirən,
bütün dünyada tanınan riyaziyyatçı alimlər
sırasında layiqli yer tutmuş, elm tariximizin parlaq siması
fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm
xadimi, akademik Məcid Lətif oğlu Rəsulovun anadan
olmasının 100 ili bu il tamam olur.
Elm tarixində böyük şəxsiyyətlər
çox olub.
Bu şəxsiyyətlərin hər biri
haqqında dəyərli sözlər demək olar. Lakin bu şəxsiyyətlərin arasında elələri
var ki, digərlərinin formalaşmasında həlledici rola
malikdirlər. Belə şəxsiyyətlərdən
biri də, akademik, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri
doktoru, ölkəmizdə riyaziyyat elminin inkişafında
böyük xidmətləri olmuş Məcid Lətif oğlu
Rəsulovdur.
Görkəmli
mütəxəssis və şəxsiyyət, böyük
riyaziyyatçı-alim və pedaqoq, təvazökar insan və
səmimi dost... Bu xüsusiyyətləri
özündə cəmləşdirən Məcid Rəsulov
XX əsrdə Azərbaycanın bəşəriyyətə
bəxş etdiyi nadir şəxsiyyətlərdən biridir.
Məhsuldar və yorulmaz fəaliyyəti ilə riyaziyyat
elminin dinamik inkişafına qayğısını əsirgəməyən,
qəlblərimizdə əbədi yaşayan elm xadimlərdən
biri Məcid Rəsulov şərəfli və mənalı
ömür yaşamışdır. O, elmin çətin yollarında
inamla irəliləyərək akademiklik zirvəsinə -
riyaziyyat elminin ən uca pillələrinə yüksəlmiş,
çətin, məsuliyyətli, nümunəvi həyat yolu
keçmişdir.
Məcid
Lətif oğlu Rəsulov 1916-cı il iyul
ayının 6-da Azərbaycanın qədim və tarixi
güşələrindən biri olan Nuxa (indiki Şəki)
şəhərində yerli ipək sənayeçisi Hacı
Lətif Rəsul oğlunun ailəsində dünyaya gəlmişdir.
İmkansız ailədən çıxmış beş övlad atası olan Hacı Lətif
böyük əzmkarlıqla sahibkarlıq fəaliyyətini
genişləndirib xeyriyyəçiliklə məşğul
olur və şəhərin ən hörmətli sakinlərindən
birinə çevrilir. Uzaqgörən bir insan
kimi, Hacı Lətif bütün övladlarını
savadlı görmək arzusunda idi.
Onun böyük oğlu Əbdüləli savadlı,
yüksək mədəniyyətə və geniş təfəkkürə
malik bir ziyalı kimi ömrünün axırına qədər
Şəkidə müəllim işləmişdir.
1923-cü ildə Məcid Şəki şəhərində
7 illik məktəbin 1-ci sinfinə daxil olur. Lakin
müharibə və inqilablar bir çox ailələr kimi Rəsulovlar
ailəsinin də həyatını alt-üst edir.
1928-ci il martın 16-da Məcid beşinci
sinifdə oxuyanda atası Hacı Lətif həbs edilir.
Uydurulmuş ittihamlar əsasında bütün əmlakı
müsadirə olunur və Hacı Lətif ailəsi ilə
birgə 8 il müddətinə
Qazaxıstana sürgün edilir. Çətin və
işgəncəli sürgün həyatı Hacı Lətifin
səhhətinə təsir göstərir və o, 1930-cu ildə
vəfat edir. Şəkiyə
qayıtdıqdan sonra ailəyə Əbdüləli
qayğı və himayə göstərmişdir.
Taleyin Məcidə hazırladığı
sarsıntılar və ağır günlər onun biliyə,
savada olan marağını azalda bilmir. İlk olaraq o, Şəkidə
7 illik məktəbin altıncı sinfində təhsilini davam
etdirir, bir il ərzində ikiillik tədris
kursunu mənimsəyərək, məktəb şəhadətnaməsini
alır. 1932-ci ildə Məcid Rəsulov Bakıya gələrək
Nəriman Nərimanov adına Sənaye
Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra, 1934-cü ildə
V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə qəbul
olunur. Təhsil aldığı müddətdə
Məcid Rəsulov özünü çox istedadlı tələbə
kimi göstərir və 1938-ci ildə institutu birinci dərəcəli
diplomla bitirir.
Həmin dövrdə görkəmli riyaziyyatçı
alim, sonralar Ukrayna Elmlər Akademiyasının həqiqi
üzvü olmuş Yaroslav Borisoviç Lopatinski Azərbaycan
Dövlət Universitetində çalışırdı. Onun təklifi
ilə Məcid Rəsulov Azərbaycan Dövlət Universitetinin
aspiranturasına qəbul olunur. Eyni zamanda
o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Riyazi analiz”
kafedrasında assistent vəzifəsində
çalışmağa başlayır.
1939-cu ildə İkinci Dünya müharibəsi, daha
sonra Sovet-Fin müharibəsi başlayır. Bununla əlaqədər
olaraq Məcid Rəsulov orduya çağırılır və təhsilini
yarımçıq qoymağa məcbur olur. Onun riyaziyyata olan sevgisi hərbi
xidmət zamanı da özünü biruzə verir və onu
atıcı diviziyasının artilleriya alayının
hesablayıcı bölməsinin komandiri vəzifəsində
işləməyə dəvət edirlər. Məcid Rəsulov
diviziya heyətinin hərbi hazırlığını
yüksəltmək məqsədi ilə zabitlərə
riyaziyyat kursları
keçir.
1941-ci ildə Böyük Vətən müharibəsi
başlayır. Hərbi xidməti yekunlaşmaq üzrə
olan Məcid Rəsulovun mülki həyata qayıtmaq
arzuları alt-üst olur. O, cəbhəyə göndərilərək
qızğın döyüşlərin
iştirakçısı olur. Döyüşlərin birində yaralanır
və hospitalda müalicə aldıqdan sonra, yenidən cəbhəyə
qayıdır. 1942-ci ildə Məcid Rəsulov
Tbilisiyə Zaqafqaziya hərbi dairəsinin kiçik leytenantlar
kursuna göndərilir. Kursu bitirdikdən
sonra, cəbhəyə dönür və 1943-cü ildə
ona baş leytenant rütbəsi verilir. Məcid
Rəsulov müharibənin sonuna kimi artilleriya alayının
batareya komandiri vəzifəsində xidmət edir.
Döyüşlərdə göstərdiyi şücaətlərə
görə Məcid Rəsulov 1944-cü ildə “Qafqaz
uğrunda” medalı, 1945-ci ildə isə “Almaniya üzərində
qələbə” medalı ilə təltif olunur.
Müharibə başa çatdıqdan bir qədər
sonra 29 yaşlı Məcid Rəsulov ehtiyata buraxılır. Ordu sıralarından
qayıdan kimi aspiranturada təhsilini davam etdirir və bununla
yanaşı o, Azərbaycan Dövlət Universitetinin “Riyazi analiz” kafedrasında
müəllim vəzifəsində çalışmağa
başlayır.
Çox ağır uşaqlıq illəri,
sürgün həyatı, müharibə fəlakəti,
sarsıntılar, keşməkeşli həyat tərzi onun elm
dünyasında addımlamağına maneə törətmir,
elmə və təhsilə marağını dəyişə
bilmir.
Dünya görüşünü və elmi təfəkkürünü
daim inkişaf etdirən, öz qeyri-adi zəkası, fitri
istedadı ilə insanları heyrətə salan Məcid Rəsulov
çətinliklərdən bir an belə
qorxmur, daim riyazi tədqiqatlarını davam etdirir.
Lakin onun həyatında yenidən dəyişiklər
baş verir.
Məcid Rəsulovun elmi rəhbəri professor Y.B.Lopatinski
Ukrayna SSR-nin Lvov şəhərinə köçür və
tələbəsinin aspirantura təhsilini Ukrayna Elmlər
Akademiyasının Lvov filialında davam etdirməsini təklif
edir. Məcid Rəsulov rəhbərinin bu fikrini
dəyərləndirərək təhsilini Lvovda davam etdirir və
burada namizədlik dissertasiyası üzərində yorulmadan
işləyir. Yerinə yetirdiyi elmi-tədqiqat işləri
ilə yanaşı, o, İvan Franko adına Lvov Dövlət
Universitetində pedaqoji fəaliyyətini yüksək səviyyədə
davam etdirirdi. Məcid Rəsulovun bir alim və
müəllim kimi formalaşmasında Lvov şəhərində
çalışdığı dövrün böyük rolu
olmuşdur.
Bakıya
qayıtdıqdan sonra, 1949-cu ildə Məcid Rəsulov Azərbaycan
Dövlət Universitetinin Elmi Şurasında “Differensial tənliklər
üçün bəzi qarışıq məsələlərin
çıxıqlar üsulu ilə həllinin tədqiqi”
mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edir və fizika-riyaziyyat elmləri namizədi
elmi dərəcəsinə layiq görülür. Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, Məcid Rəsulovun namizədlik
dissertasiyası müdafiə etdiyi Elmi Şuraya Azərbaycan
Riyaziyyat məktəbinin banilərindən biri, görkəmli
müəllim və alim, professor Maqsud Cavadov sədrlik
etmiş, opponentləri isə, ölkəmizdə riyaziyyat
elminin inkişafında müstəsna xidmətləri
olmuş akademiklər- Zahid Xəlilov və Əşrəf
Hüseynov olmuşlar.
Müdafiədən sonra Məcid Rəsulov Azərbaycan
Dövlət Universitetinin “Riyazi analiz” kafedrasında baş
müəllim və dosent vəzifələrində
çalışmışdır. O, 1951-ci ildə dosent elmi
adını alır. Universitetdə
çalışdığı müddətdə Məcid Rəsulov
özünü istedadlı riyaziyyatçı, mühazirələri
dinləyəcilərə yüksək səviyyədə təqdim
edən, müstəqil elmi tədqiqatlar aparan bir alim kimi
göstərmişdir.
Dahı
ingilis alimi İ.Nyutonun bir kəlamını sitat gətirsək,
yerinə düşər:
“Elm hüdudsuz bir okeandır; mən və bəzi
dostlarım bu okeandan bir neçə damlanı içmək
fürsətini əldən vermədik”. Bu
dostların-alimlərin siyahısına Məcid Rəsulovu da
salsaq heç də yanılmarıq.
1953-cü ildə Y.B.Lopatinski Məcid Rəsulovu elmi tədqiqatlarını
davam etdirmək üçün yenidən Lvov şəhərinə
dəvət edir. O, müəlliminin bu təklifini qəbul edib Lvova
köçür. Burada o, Y.B.Lopatinskinin rəhbərliyi
altında öz tədqiqatlarını davam etdirir və eyni
zamanda İ.Franko adına Lvov Dövlət
Universitetinin “Differensial tənliklər” kafedrasında dosent vəzifəsində
çalışır. Məcid müəllimin
çıxıqlar üsulu ilə əlaqədar
apardığı tədqiqatları onun doktorluq
dissertasiyasının əsasını təşkil edir.
Bu istiqamətdə aldığı
mühüm elmi nəticələr haqqında o, Moskva Dövlət
Universitetində həmin dövrün çox böyük
alimlərindən biri olan akademik S.L.Sobolevin rəhbərlik
etdiyi differensial tənliklər üzrə seminarda və Moskva
Riyaziyyat Cəmiyyətinin iclasında məruzə edir.
Aktual
problemin həlli yollarında apardığı səmərəli
işlər tezliklə öz bəhrəsini verir və Məcid
Rəsulov 1960-cı ildə Moskvada V.A.Steklov adına
Riyaziyyat İnstitutunda “Xüsusi törəməli xətti
differensial tənliklər üçün sərhəd və
qarışıq məsələlərin həlli
üçün çıxıqlar üsulu” mövzusunda
doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edir və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə
layiq görülür. Məcid müəllimin rəsmi
opponentləri dünya miqyaslı alimlər, fizika-riyaziyyat elmləri
doktorları M.A.Naymark və A.V.Bitsadze onun işinə yüksək rəy vermişlər.
Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə V. A.
Steklov adına Riyaziyyat İnstitutu
dünyanın əsas elmi mərkəzlərindən biri hesab
olunurdu və orada doktorluq dissertasiyası müdafiə etmək,
necə deyərlər, hər alimin işi deyildi. Həmin institutun elmi şurasında 1947-ci ildə
doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı
alim, akademik İbrahim İbrahimov olmuşdur.
Müdafiədən sonra Məcid Rəsulov Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetində “Ümumi riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışmağa başlayır. 1961-ci ildə isə o, professor elmi rütbəsini alır. 1964-cü ildə Məcid Rəsulov “Ümumi riyaziyyat” kafedrasının əsasında “Riyazi fizika tənlikləri” kafedrasını yaradır və ona müvəffəqiyyətlə rəhbərlik edir. Bu kafedranın yaranması elmdə Məcid müəllimin və onun tələbələrinin tədqiq etdiyi böyük bir istiqaməti göstərirdi. Və onu deyə bilərik ki, istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və konkret nəticələr verir. Elm ancaq doğru istiqamətləndirildiyi təqdirdə əsl məqsədinə qısa müddətdə çata bilər. Məcid Rəsulov irsi bugünkü nəsil üçün əsl istinad mənbəyi olan alimlərdən biridir desək, heç də yanılmarıq.
Respublikamızda differensial tənliklər ənənəvi inkişaf etdirilən sahələrdəndir. Məcid Rəsulov bu sahənin Azərbaycanda yaradıcılarından biridir. O, xüsusi törəməli differensial tənliklərin həlli üçün iki yeni üsul - kontur inteqralı və çıxıqlar üsullarını təklif etmişdir. Məcid Rəsulovun işləyib hazırladığı bu iki yeni üsul öz sistematik şərhini 1964-cü ildə onun Moskvada çap olunmuş “Kontur inteqralı üsulu” adlı ilk fundamental monoqrafiyasında tapmışdır. Bu kitab yalnız Sovet İttifaqında deyil, həmçinin bütün dünyada riyaziyyatçıları özünə cəlb etmişdir. 1967-ci ildə İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə bu monoqrafiya ingilis dilinə tərcümə olunur və Hollandiyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada çap olunur. Qeyd edək ki, bununla da Məcid Rəsulov, xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçı olur.
Məcid Rəsulov 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.1975-ci ildə Moskvada Məcid müəllimin “Kontur inteqralı üsulunun tətbiqləri” adlı ikinci monoqrafiyası nəşr olunur. Bu kitab da mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
1989-cu ildə Bakıda Məcid Rəsulovun “Çıxıqlar üsulunun differensial tənliklərin həllinə tətbiqi” adlı üçüncü monoqrafiyası çap olunur.
Bu monoqrafiyalar mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır. Onun hər üç monoqrafiyasında geniş tətbiqi əhəmiyyətə malik olan bir çox ciddi nəticələr vardır. Məcid Rəsulovun yaratdığı üsullar həm ölkəmizdə, həm də xaricdə tanınmışdır. Fizika-riyaziyyat elmləri doktoru V.E.Lyanse kontur inteqralı üsulunu “riyazi hesablamalar sahəsində son dərəcə effektiv tətbiq oluna biləcək elmi nəzəriyyə” adlandırmışdır.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasına seçkilər ərəfəsində Sovetlər İttifaqının nüfuzlu alimləri Məcid Rəsulovun akademikliyə namizədliyini dəstəkləyən məktubları ilə Akademiyanın Rəyasət Heyətinə müraciət edirdilər. Nəhayət, 1983-cü ildə Məcid Rəsulov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir. 1989-cu ildə isə o “Əməkdar Elm Xadimi” fəxri adı alır.
Məcid Rəsulov bunlarla yanaşı “Əmək veteranı” medalı, “Qırmızı Əmək Bayrağı Ordeni”, “Rəşadətli Əmək Uğrunda” medalı, “Fəxri Nişanı” medalı və digər orden və nişanlar ilə təltif olunmuşdur.
Məcid Rəsulovun dövlət tərəfindən qiymətləndirilməsi onun fədakar əməyinin, böyük zəhmətsevərliyin, sənətə vurğunluğun sayəsində qazanılmışdır.
Mərifət sahibləri arasında hər şeyi olduğu kimi dərk etməyə, hər işi lazım olduğu kimi yerinə yetirməyə hikmət deyilir! Bunun nəticəsində insanın mənəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir. Belə olduqda hikmət iki yerə bölünür: biri - elm; o biri əməl.
Elm - varlıqların həqiqətən necə olduqlarını düzgün təsəvvür etmək, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdir!
Əməl - gizli qüvvələri ortaya çıxarmaq, müxtəlif sənəd və peşələrdən fayda götürmək, müxtəlif iş vərdişləri əldə etmək üçün göstərilən fəaliyyətə deyilir. Bu şərtlə ki, o, bəşəriyyətin qüdrətinin artmasına, onun təkmilləşməsinə səbəb olsun!
Kimdə bu iki fəzilətdən hər ikisi varsa, o ən müdrik insan, ən kamil alim hesab edilər. Onun yeri bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə olar! (Nəsrəddin Tusi. “Əxlaqi-Nasiri”)
Qətiyyətlə deyə bilərik ki, Məcid Rəsulovda bu iki fəzilətin hər ikisi var idi və o, elmin ən qüdrətlisini, insanlığın ən nümunəviliyini özündə cəmləşdirən özünü elmə, insanlığa sərf edən görkəmli elm xadimi olub.
Dahi və müdrik alimimiz Nəsrəddin Tusi deyərdi: “Elm səbəb, əməl nəticədir”. Özünün elmi istiqamətini yaratmış Məcid Rəsulovun elmə olan böyük marağı, zəhmətkeşliyi, elmi işlərinin həm nəzəri, həm tətbiqi nöqteyi-nəzərdən həmişə aktuallığı və gərəkliliyi yüksək nəticələr vermişdir.
Məcid müəllimin yaratdığı üsullar istər Sovet İttifaqında, istərsə də xaricdə alimlərin tədqiqatlarında öz geniş tətbiqini tapmışdır və o, bir sıra ölkələrdən dəvətlər alaraq, institutlarda və lektoriyalarda məruzələrlə çıxış edirdi.
1964-cü ildə Moskvada Ümumittifaq Bilik Cəmiyyətinin mərkəzi lektoriyasında Məcid Rəsulov “Riyazi fizika məsələləri üçün çıxıqlar üsulu” mövzusunda mühazirə oxumuşdur. Mühazirə mütəxəssislərin o qədər böyük marağına səbəb olmuşdur ki, o, “Çıxıqlar üsulu və kontur inteqralı üsulu” mövzusunda yeddi mühazirədən ibarət silsilə məruzələrlə çıxış etmişdir. 1965-ci ildə Məcid müəllim Qırmızı Əmək Bayrağı Ordenli Cərəyan Mənbələri Elmi-tədqiqat institutunda da mühazirələr oxumuşdur.
Məcid Rəsulov kadrların tərbiyəsi və yetirilməsi sahəsində də çox böyük işlər görmüşdür. O, riyaziyyat və onun tətbiqi üzrə keçirilən bir çox beynəlxalq və ümumittifaq qurultay və konfranslarda fəal iştirak etmişdir. Elmi tədqiqatları ciddi nəzəri və tətbiqi əhəmiyyət kəsb edən Məcid müəllim Moskva (1956, 1966, 1972), Bakı (1959), Leninqrad (indiki Sankt-Peterburq) (1961), Minsk (1967), Tbilisi (1971), Aşqabad (1978), Fransanın Nitsa (1971) şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda yüksək səviyyədə məruzələrlə çıxış edərək differensial tənliklər və riyaziyyatın tətbiqi sahəsində çalışan mütəxəssislər arasında böyük nüfuz qazanmışdır.
1965-ci ildə Minsk şəhərində “Differensial tənliklər” adlı Ümumittifaq elmi-nəzəri jurnalı fəaliyyətə başlayır. Jurnalın redaksiya heyətinə Sovet İttifaqının ən görkəmli riyaziyyatçı alimləri A.V.Bitsadze, İ.N.Vekua, A.A.Dorodnitsin, N.P.Yeruqin, V.A.İlyin, V.İ.Krılov, V.D.Kupradze, Y.A.Mitropolski, Y.B.Lopatinski və digər alimlər daxil edilmişdi. Məcid Rəsulov bu jurnalın yaradıcılarından biri olub və ömrünün axırına qədər həmin jurnalın redaksiya heyətinin üzvü olmuşdur. O, redaksiya heyətinin bütün üzvlərilə işgüzar yazışmalar aparır və sıx əməkdaşlıq edirdi. 1965-1975-ci illərdə isə Məcid Rəsulov Azərbaycan Dövlət Universitetinin “Elmi əsərlər” (fizika-riyaziyyat elmləri seriyası) jurnalının redaktoru olmuş, 1976-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü seçilmişdir.
Məcid müəllimin gənc elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun bilavasitə rəhbərliyi altında və yaratdığı kontur inteqralı və çıxıqlar üsulları əsasında 17 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Öz yaşının çərçivəsinə sığışmayan, olduqca dəyərli elmi və pedaqoji nailiyyətləri olan Məcid Rəsulov üç fundamental monoqrafiyadan başqa 85 elmi məqalənin müəllifidir. Bunlardan biri “Riyaziyyat Elminin Nailiyyətləri” (“Uspexi matematiçeskix nauk”), üçü “Riyazi məcmuə” (“Matematiçeskiy sbornik”), iyirmi üçü “SSRİ EA-nın Məruzələri” (“Dokladı AN SSSR”), on səkkizi “Differensial Tənliklər” (“Differenüialğnıe uravneniə”) jurnallarında çap olunmuşdur. Qeyd etmək yerinə düşər ki, həmin dövrdə adı çəkilən jurnallarda yalnız SSRİ miqyasında tanınmış riyaziyyatçı alimlərin məqalələri çap olunurdu.
Məcid Lətif oğlu Rəsulov 1993-cü il fevral ayının 11-də 77 yaşında əbədiyyətə qovuşmuş, birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. İndi o vaxtdan 23 il keçir. Lakin illər bir-birini əvəz etsə də əbədiyaşar alimin əziz xatirəsi daim etiramla yad edilir. Xalqımızın və riyaziyyatçılarımızın ona olan məhəbbəti vaxt, zaman çərçivəsindən çıxaraq daimiləşmişdir.
Akademik Məcid Rəsulov elm və təhsil sahələrində əvəzsiz xidmətlərinə görə, ölkəmizin elm tarixində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, səmimi və sədaqətli vətəndaş kimi xalqımızın qəlbində daim yaşayacaq.
Misir MƏRDANOV
fizika-riyaziyyat elmləri doktoru
Aynur HƏSƏNOVA
fizika-riyaziyyat elmləri namizədi
525-ci qəzet.- 2016.- 2 iyul.- S.10-11.