İllərə düşən
işıq
BU İŞIQ TARİXLƏŞİR, AMMA
SÖNMÜR
Şair,
tədqiqatçı, milli
duyğularla yaşayıb-yaradan
qələm sahibi, ən başlıcası,həssas
insan kimi çox sevdiyim Sona Vəliyevanın "İşığa gedən
yol"adlı iki hissəli romanının qəlbimdə yaratdığı
təəssüratları oxucularla
bölüşməyə zərurət duydum.
Sona xanımın
yaradıcılığına mənə ilk dəfə
bələdçilik edən
müəllifin şeirləri
olmuşdu. Ruhumun ünvan tapdığı
misraları var ki, illərdir mənimlə səhərləri
qarşılayır, axşamlara,
onun sabahkı ümidlərinə yol açır. Musiqi libası
biçilmiş nəğmələrinin
ahənginə qoşulub
əlim yetməyən,
ünüm çatmayan
yurd yerlərimizi, analı günlərimi oxşamaq, haylamaq, çox hallarda da ağlamaq istəyirəm. Hər kəs
də səni uşaqlığına çəkə
bilməz ki?! O söz dünyasında doğmalıq tapa bilməsən heç bir vaxt sərhəddinə
belə yaxın düşməzsən. Niyə yada
salıram bunları?
Sona Vəliyeva sözlə işıq yandırmağı
bacaran qələm sahiblərindəndi. Belə nurun
şəfəqi isə
həmişə parlaqdır.
Unudulmaz Məmməd Arazın misralarıdır:
"Tikilən binadır
yazılan əsər,
ürək mühəndisdir,
qələm də bənna..." Mən bax bu möhtəşəm binanın
pəncərələrindən illərə düşən
işıqdan, o qeyri-adi
"mühəndis"in ədəbiyyatımıza,
mətbuatımıza vurduğu
naxışlardan, bəzəkdən
və yeni töhfələrindən danışmaq
istəyirəm.
Milli mənəviyyat, ədəbiyyat,
mətbuat, ən başlıcası ziyalılıq
tariximizə işıq
salan yeni roman çox sahəli fəaliyyəti və yaradıcılığı ilə
adını əbədiyyətə
qovuşduran Həsən
bəy Zərdabinin həyatından, odlara tuş gəlmiş, zülmətdə şimşək
kimi çaxmış
ömür yolundan bəhs edir. Əlbəttə, milli mətbuatımızın
banisi Həsən bəy Zərdabidən müntəzəm olaraq yazılıb, müəyyən
tədqiqatlar qələmə
alınıb, bədii
və sənədli filmlərdə obrazı yaradılıb, müxtəlif
verilişlərdə maraqlı
söhbətlər aparılıb.
Amma ədəbiyyat tariximizdə
ilk dəfədir ki, bu dahi şəxsiyyət
barəsində belə
böyük həcmdə
bədii əsər -
roman qələmə alınıb.
Bu əsərin istər ədəbiyyatımıza,
istərsə də mətbuatımıza gətirdiyi
yeniliklər, töhfələr
çoxdur. Yazıboyu yeni
nəşrin məziyyət
və bədii dəyərindən danışmaq
istəyirəm.
Öncə, müəllifin dili və yazı üslubu bir oxucu kimi məni
valeh etdi. Bədii əsər
üçün vacib
olan bu məqamın
sükanını müəllif
ilk səhifədən başlayaraq
sonacan əlində möhkəm saxlaya bilib. Açıq deyək, həyat gerçəkliyini bədii
ədəbiyyata gətirmək,
onu oxunaqlı bir dillə qələmə almaq müəllifdən böyük
söz ustalığı
ilə bərabər,
hadisələrin cərəyan
etdiyi bölgələrin
ab-havasını dəqiq
bilməyi, ayrı-ayrı
şəxsləri dərindən
tanımağı, təkcə
cəmiyyəti, siyasəti,
mövcud problemləri
deyil, adicə təbiət hadisələrini
də dürüst bilməyi tələb edir. Çünki məhz o zaman
əsər inandırıcı
və təbii alınır. Kitabın ilk səhifələrindən - Kürün
sahilində, sonra evdə, valideynlərinin yanında, mədrəsədə...balaca Həsənin düşüncələri, sualları,
maraq dünyası diqqət çəkir.
Babası Rəhim bəyin ona bağışladığı kiçik qılınca nəqqaş vasitəsi ilə yazdırdığı
sözlərə fikir
verin: " Tanrıdan
sənə ağlının
və dilinin qılıncdan iti olmasını diləyirəm".
Baba öyüdü balaca
Həsənin düşüncələrinə
elə həkk olunur ki, ömrü
boyu məhz iti ağlının, təfəkkürünün sayəsində
millətinin işıqlı
sabahları üçün
çalışdı, mübarizə
apardı,adını bir çox elm sahələrinin, mətbuatın,
teatrın baniləri sırasına yazdı.
Kitabda oxuyuruq: "Elm, xeyirxahlıq,
yaxşı əməl
də əkinçilik
kimidir. Əkilən toxum bəhrəsini
nəzərdə tutulmuş
yerdə, gözlənilən
vaxtda verməsə də, nə zamansa bar verəcək.
Əkilənlər bir gün biçilir, bəhrə verir. Sən biçməsən də, oğlun, qızın bu əkindən mənfəət
götürür.
-Deyirsən, mən əkinçimi olacam ata?- Həsən
təəccüblə soruşdu.
-Yox, sən, daha böyük işlər görəcəksən.
Sən mənim arzularımın əkinçisi olacaqsan, əkinçi, Həsən-
atası yarızarafat
gülümsəyərək onu başı üstünə qaldırdı".
Bu söhbət olub, ya yox,
fərq etmir. Dialoqu müəllifin tapıntısı
kimi dəyərləndirərək
ürəklə deyirəm
ki, bu, əslində
özünü doğruldan
həqiqətin rəmzidir.
Milli mətbuatımızın əsası
məhz "Əkinçi"
qəzeti ilə qoyuldu. Baş "Əkinçi" də Həsən bəy Zərdabi oldu. Atanın heç ağlına
da gəlməzdi ki, zarafatla "əkinçi Həsən"
dediyi oğlu nə zamansa milli-mənəvi düşüncələrimizdə,
tariximizdə, tədqiqatlarımızda
məhz bu adla qoşa yaşayacaq. "Əkinçi Həsən"in
"Əkinçi"si əbədiyyət
zirvəsinə çevriləcək.
Hələ o möhtəşəm günə qədər görüləsi işl
ər çox idi. Rəhim bəyin ən
böyük arzusu Həsəni oxutmaq, ona dürüst təhsil vermək və bu istiqamətdə
faydalı seçimlər
axtarmaq oldu. Beləliklə, mədrəsədən başlanan yol Şamaxı, Tiflis gimnaziyalarından
keçdi. Romandan
bir ləçək:
"Gimnaziyanı medalla
bitirdiyi üçün
onu birbaşa Moskva Dövlət Universitetinə göndərmək
məsələsi həm
gimnaziyada, həm də təhsil idarəsində müzakirə
olunmuş və təsdiqini tapmışdı.
Onu Fizika-riyaziyyat fakültəsinin
təbiət şöbəsinə
qəbul etmişdilər.
Tiflisdən Moskvaya göndərilən
məzunların içində
Həsən yeganə
müsəlman idi".
Müəllif bununla, Həsənin
hansı çətinlikləri
dəf edəcəyini,
maneələrdən keçəcəyini
əvvəlcədən oxucusuna
xatırlatmaqla qəhrəmanının
dərin mənəvi
məziyyətlərə, daxili
zənginliyə, iradə
və parlaq gələcəyə doğru
inadlı yürüş
etmək qabliyyətinə
malik olduğunu maraqlı detallarla qələmə alıb.
Nəhayət Moskva həyatı... Təbii ki, oxucularımızın çoxu Həsən bəy Zərdabinin bioqrafiyasını bilməmiş deyillər, amma müəllif çox incə məqam və bədii üsullarla tanıdığımız, amma könül dünyasından dərindən xəbərimiz olmayan, millətini, Vətənini canından, varlığından, ürək çırpıntılarından yuxarıda tutan, onların parlaq gələcəyi yolunda məhəbbətindən belə keçməyi bacaran bu böyük şəxsiyyətin daxili nəhəngliyini elə gözəl , təsirli açıb ki... Bu yerdə sizə "əhsən" deməli oluram, Sona xanım! Universitet rektorunun qızı Vera Solovyova uca boylu, yaraşıqlı qafqazlı balası Həsənə aşiq olur. Həsən bəy özü də bunu duyur, dostları da deyirlər, nəhayət, Vera da etiraf edir, amma bu Vətən sevdalısı "mən Moskvaya ancaq təhsil almağa gəlmişəm" fikrini beynindən ürəyinə ötürüb. Səmimi dostluq əlaqələri isə ömürlərinin sonunacan davam edib.
Müəllifin böyük ustalıqla tarixə səyahəti - Həsən bəyin Mirzə Fətəli Axundzadə və onun dostları ilə görüşləri kitabın maraqla oxunduğu səhifələrini təşkil edir. Həqiqətən də söz insanın içinin ətridir. Düşüncən, zəkan, daxili aləmin nədirsə sözün ora güzgü tutur. Bu mənada yeni kitab oxucuya həm müəllifini yaxşı tanıdır, həm də qəhrəmanlarını, yaratdığı, təqdim etdiyi obrazları.
"İşığa gedən yol"un yolçusu keşməkeşlərdən, zülmətdən,qəhr və itkilərdən, yalanlardan, riyalardan, minbir çətinliklərdən nuraqənşər addımladığı illərin heç birinə borclu qalmırdı. Müəllif qəhrəmanının bənzərsizliyini, fədakarlığını həyatın rənglərinə elə ustalıqla qovuşdurub ki... Həsən bəyin qarşısına müsbət insanlarla bərabər, şər qüvvələr də çıxırdı. Bu mətin insansa öz məqsədi və məramı yolunda bütün təzadlara sinə gərərək qalib gəlirdi. Ömrünün qızıl günləri müxtəlif bölgələrə-kəndlərə, şəhərlərə səpələnən Həsən bəyin obrazı dolğun yaradılıb. Bu narahatlığın içində Həsən bəyin özünə ünvanladığı sualların bəlli cavablarında işıq dolu arzularının mənası açılır: "Rahat həyat mənim ən böyük narahatlığım olar. Minlərlə insan savadsızlığın, ədalətsizliyin içində boğulduğu, məndən imdad gözlədiyi halda, mən tək özümü, yaxınlarımı düşünə bilmərəm axı". Odların, məşəqqətlərin üzərində addımlayasan, amma mətinliyini itirməyəsən, millətə xidmətdən geri çəkilməyəsən, əksinə həmişə toxdaq görünməyə çalışasan. Bu cür bir fədaini bədii ədəbiyyata gətirməyin də öz çətinliyi var.Hər şeydən əvvəl,inandırmağı bacarmalı və ürəyə təsir etməlisən ki, yazdığın qəbul oluna, qəhrəmanın da olduğu kimi alına. Müəllifi təbrik etmək olar. Tariximizə tutulan bu aynada bir çox müəmmalar aydınlaşıb.
"Tarixdə qoşa izlər" - bu başlıqdakı hekayətdə Həsən bəylə onun ömür-gün dostu Hənifə xanım barəsində əsl sevgi, inam, etibar haqqında nağıla bənzər, amma həqiqət olan bir həyat dastanının ürək titrədən məqamlarını oxuyuruq. Tarixdən də məlumdr ki, Hənifə xanım çox mükəmməl və kamil bir qadın olub. Həsən bəy Zərdabinin bir çox uğurlarında onun danılmaz xidməti var. Müəllif Hənifə xanımın işıqlı portretini görün hansı məqamda naxışlayıb: "Hənifə xanım türbə daşlarına əlini sürtərək pıçıltı ilə Tanrıya dua etməyə başladı... Allahım, insanların içini öz nurunla bəzə, bəlkə, onda onların xeyirinə deyilənlər aydın dərk olunsun. Allahım, dünyada heç bir faydası olmayan gərəksiz var-dövlətləri verdiyin,verdiyinlə sınağa çəkdiyin şəxslərin səxavət qapılarını açıq eylə. Xalqa, millətə rəhm etməyə az da olsa, könül işığı göndər. Allahım, özünü şam kimi xalq yolunda əridən Həsənimə kömək ol".
1873-cü il 10 mart - Şərqdə ilk teatr, 1875-ci il 22 iyul - milli mətbuatımızın qaranquşu "Əkinçi" nin işıq üzü görməsi və bu möhtəşəm nailiyyətlərin həyata keçməsində Həsən bəy Zərdabinin müqayisəsi tapılmayan xidməti! Bədii əsərdə bu rəqəmlərin arxasındakı həqiqətləri, məram və mətləbləri sözün hikmətilə ifadə etmək əsl yazıçı qələminin qüdrətində mümkündür. Sona xanımın təfəkkürü və bu idrak bulağından bəhrələnən qələmi ədəbiyyatımıza çox mükəmməl bir ədibin gəldiyini məharətlə təsdiqlədi. Əlbəttə, bu məqamda müəllifin millət aşiqliyi, torpaq sevgisi, vətənpərvərlik duyğuları, ənənələrə sədaqəti və həyat gerçəkliyinə sadiqliyi də öz sözünü deyib. Etiraf edək ki, Sona Vəliyeva yaradıcılığın hansı sahəsində qələmini işlədibsə uğur qazanıb. Səbəb sadədir. Bütün bunların mayasında Allahdan gəlmə bir istedad var. Bu qızıl külçəni parıldadansa zəhmətdir, bilikdir, geniş dünyagörüşdür. Bəlli faktlara bədiiyyat libası geyindirmək əzablı bir sənət yoludur. Bu həcmdə roman yazmaq isə insandan istedadla bərabər, qələmlə ünsiyyət vərdişi, səbir və öz işinə səngiməz bir sevgi tələb edir. Sona xanım şeir kitabları, tədqiqat əsərləri ilə ədəbiyyatda, poeziyada öz yerini, imzasını illərdir ki, təsdiqləyib. Nəsrimizə bu formada gəlişi isə məni bir dost kimi fərəhləndirdi. Yeni istiqamətiniz mübarək olsun!
Bu əsər mətbuat tariximiz üçün də bir töhfədir, desəm, yanılmaram. Burada təkcə Həsən bəy Zərdabi deyil, onun əqidə dostları, həmkarları, eləcə də İsmayıl bəy Qaspıralı, Əlimərdan Topçubaşov, Əhməd Ağaoğlu, Məhəmməd ağa Şahtaxtılı, Əli bəy Hüseynzadə... kimi şəxsiyyətlərlə bağlı maraqlı məqamlar qələmə alınıb. Bu kitab əslində bədii üslubda işlənmiş mükəmməl və çox istiqamətli bir tarixi mənbədir. Dərslik də demək olar. Baxın, mətbuat tariximizi öyrənmək istəyənlər, maarifçilik istiqamətində müəyyən məlumatlar axtaranlar, ermənilərin Bakıda və digər ərazilərimizdə törətdikləri vəhşilikləri bilmək, eləcə də bütövlükdə Həsən bəy Zərdabinin kimliyini dərindən dərk etmək üçün bu kitabdan faydalanmaq mümkündür. Yazımın əvvəlində dediyim kimi kitabın dili, üslubu çox aydın və səlisdir. Rahat oxunur. Cümlələr bir-birləri ilə çox yumşaq və maqnit cazibəsilə birləşiblər. Çətini əlinə alıb oxumağa başlamaqdır. Bitirməyincə yerə qoymaq istəmirsən.
...İnsanlıq qarşısında fədakarlıqla xidmət edənlərin məramı bir ömür boyunca yaşadığı illərə işıq salır. Bu yazıçı da ola bilər, jurnalist də, siyasətçi də, maarifçi də,həkim də...İllər dəyişsə də, zaman sürətlə ötsə də bu işıq heç zaman sönmür, eləcə tarixləşir. Məhz Həsən bəy Zərdabinin yandırdığı işıq kimi. "İşığa gedən yol" isə heç zaman bitməz.
Sonda bir arzumu da bildirmək istərdim. Bu əsər əslində Həsən bəy Zərdabi haqqında bədii film çəkmək istəyənlər üçün hazır mənbədir. Məhz "İşığa gedən yol"un motivləri əsasında ssenari hazırlayaraq mükəmməl bir ekran əsəri yaratmaq olar. Məncə, bu barədə düşünməyə dəyər.
Flora
XƏLİLZADƏ
525-ci
qəzet.- 2016.- 5 iyul.- S.7.