Tənqidçi ürəyinin miqyası
Qurban Bayramov ədəbiyyata məktəbdən
gəlib, öz kəndində müəllim,
dərs hissə müdiri və direktor olduğu bir ocaqdan gəlib.
Kəndlərdə məktəb adi bir məktəb olmaqdan daha artıq
bir yerdi. Hələ mədəni
inqilab vaxtından məktəblər inqilabi
təzələnmə mərkəzi
idi. İnsanlar feodalizmdən sosializmə
keçəndə dayaq
və güc yerləri bura idi. Bu, müəllim
sözünün ən
ağır sosial çəki daşıdığı
bir zaman idi.
Amma Qurban Bayramov Bakıya gələndə 60-cı illərin
sonu idi və mədəni inqilab da çoxdan
arxada qalmışdı. Amma maarif, ədəbiyyat və söz kultu nəinki arxada qalmamışdı,
əksinə bir az da ağır çəki qazanmışdı. Qurbanın Ağdam
kənd məktəbindən
gətirdiyi əsas şey-maarifə, məktəbə
pərəstiş prinsipi
öz qüvvəsində
idi. Bu dünənki
kənd müəllimi
olan Qurbanın əsas prinsipi və səcdə yeri idi. Qurban Bayramovun Nizami adına
Ədəbiyyat İnstitutunda
indiyə qədərki
fəaliyyəti, demək
olar ki, əlli illik elmi və ədəbi
fəaliyyəti elə
bu prinsipin üzərində keçdi.
Bu onun taleyi
və Azərbaycan ədəbiyyatşünaslığının
qazancı idi.
Qurban Bayramov bir kənd müəllimi
dəyərlərini qoruya-qoruya
uzun bir yol gəlib və bu gün
o, Azərbaycan ədəbiyyatının
kürəsinin lap mərkəzindədir. Bəs bunun
sirri nədədir?
Axı Qurbanın passiv, az
yazan vaxtları da olub. Amma bu heç vaxt prinsiplərdən, ədəbi
dəyərlərdən imtina
olmayıb. Bütün hallarda,
həyat deyilən uzun və ağır
yolun yoxuşlarını
aşmaq məcburiyyətindən
olub. Qurban bunların hamısını
aşıb. Hər dəfə
təzədən ədəbiyyata,
tənqidə və onun dəyərlərinə
qayıdıb. Amma burda
da Qurbanın özünə xas yolu var. Bəziləri ədəbiyyata gəlib tez də yox
olurlar. Bu, adətən köklü dəyərlərə yadlıqdan
gəlir. Qurban isə
illər keçdikcə
Azərbaycan ədəbiyyatına,
onun dəyərlərinə
və taleyinə daha çox bağlandı.
Qurban Bayramovun
yolu budur.
Qurbanın yaşı artdıqca o, ədəbiyyata və ədəbi prosesə, ədəbi gəncliyə
daha çox bağlıdır. Ömrü boyu Akademiyada çalışan bir adam üçün
bu, misilsiz bir fenomendir. Akademiya alimliyi ondan doqquz halda ədəbi
prosesdən akademizmə,
xalis elmə, kitab elminə tərəf gedir. Amma Qurban Bayramovu təbiət başqa cür yaradıb. O akademizmdən ədəbi
prosesə, kitab ədəbiyyatşünaslığından diri ədəbiyyatşünaslığa
tərəf gedir. Bu şanlı 70 illiyində
qələm dostumuz Azərbaycan ədəbiyyatının
kürəsinə hamımızdan
daha yaxındır.
Bu onun ədəbi
taleyidir və ədəbiyyata verdiyi töhfə və nümunədi. Bu cür olmaq çətindir, çox çətindir. Amma Qurban
belədir.
Deyirlər, həyat sadəlövhlükdən,
uşaqlıqdan müdrik
eqoizminə tərəfdi. Amma Qurbanda
bu da əksinədi.
Tənqidçi olmaq çətin
di. Bunun çoxlu səbəbləri
var. Bu səbəblərdən biri də tənqidin
böyük və səxavətli ürək
istəməsidir. Başqaları haqqında ömrü boyu yazmaq çətindir.
Bunun bir səbəbi də təriflədiyin adamların bir gün sənə rəqib kimi baxmasıdır, aşağılamasıdır,
çaşmasıdır. Amma əsl tənqidçilərdə
Allahdan pay var: bu pay onları ömrü boyu özü bəs olmağa, səxavətli olmağa, Azərbaycan ədəbiyyatının xırda
uğurlarına belə
sevinmək qabiliyyətini
saxlamağa imkan verir...
Qurban Bayramov müdrik bir tənqidçidir. O bilir ki, ədəbiyyatın dəyərləri kənd
qocalarının düşüncəsi
kimi konkretdir. Bu dəyərlərdə əbədilik və ölməzlik potensialı
və şansı
var. Bu şans bu gidi dünyanın maddi tərəfləri ilə bir gilə
də bağlı deyil. Qurban müəllim onları
maddi bir şey kimi duyur,
hiss edir, onlara söykənir və qabağa baxır. Biz də ondan
öyrənirik, nümunə
götürürük.
Qurban həm də tayfa başçısıdır,
ağsaqqaldır. Süfrə başında əsil-nəcabət
söhbətləri olanda
zarafatla deyir: mən bir şeyi
dəqiq bilirəm ki, kolannıyam, qalanın siz dəqiqləşdirin. Kolannı-Tərtər çayı ətrafında
məxsusi torpaqları
olan qədim bir tayfadır.
Bu yazının ikinci
hissəsində mən
Qurbanın əsərlərindən
danışmaq istəyirdim. Amma vaz keçirəm bu istəkdən, onları yəqin onun oxucuları bilir. İnşallah səksən illiyində
onları da yazaram. Ona görə qalır
ustadın qələminə
pərəstişimizi bildirmək.
Qələminə və
canına qüvvət,
Qurban müəllim!
Rəhim ƏLİYEV
525-ci qəzet.- 2016.- 5 iyul.- S.7.