Dünyanın cibindən tökülən
ömür
Söz Allahdan gələndi. “O” ol dedi, oldu! Yaratdıqları içərisində söz
haqqını tək insana bəxş etdi sonra.
İnsan da şad-xürrəm aldı sözü, götürdü çiyninə,
girdi söz ağırlığının altına. Amma söz yükü
adi yük olmadığından kimsə
sözünü çəkdi,
kimisə sözü.
Kimsə
sözü oynatdi, kimisə söz. Kimisi özü qaldı söz altında, kimisi də sözün üzünə
çıxdı. Beləcə dolandı karvan. Sözdən
söz düzəltmək
düşdü bəzi
seçilmiş bəndələrin
qismətinə. Kimsə
sözü saqqız kimi çeynədi, kimsə mum kimi yumşaltdı. Şairlər gəldi Yer
üzünə, kimsə
anadan şair doğuldu, kimsə sonradan oldu şair.
Diriltdilər, can verib nəfəs
üfürdülər sözə.
Əlimdə bir kitab var
“Adını bilmədiyim
gül”. Müəllifi Firəngiz Əhmədova.
Qubada yaşayır Firəngiz, az
müddətdə şeirə
fərqli münasibəti
və baxışı
ilə diqqət çəkib.
Özümlə iç-içəyəm,
Həm ölüyəm, həm məzar,
- deyərək çoxlarına dolu görünən boşluqlara
salam verib keçir:
Boş əllə gəlmişəm,
Salam, boş evim.
Adilikdən uzaq, amma çox
adi şeylərdən
danışır, istəklərdə
bulunur, amma heç vaxt sözlərin zövqünü,
səliqə-səhmanını pozmur. Sözü çeynəyib
çürütmür, onun
dilində söz əlinə yapışmır.
Ürəyini qanadır. Sözü
göründüyü rəngdən
çıxarıb yuyundurur və tamam özgə bir boyada təqdim
edir.
Əlimdən siyirib xatirələri,
Çəkdim üzümə bir dua kimi.
Saçların dağıldı yanaqlarına,
Gizləndim içində bir yuva kimi.
Sözlərin arasında itiyi
itən təki, bal arısı şirə çəkməyə
çiçək axtaran
kimi gəzib dolanır, tapır və rahat olur.
“Heçlik” şeirində
bütün yaşananların,
həyat və ölüm arasındakı
məsafənin ağlımız
kəsdiyindən daha qısa olduğunu poetik dillə oxucuya belə çatdırır:
Bir təsbeh cıqqıltısı,
Bir ürək tıqqıltısı,
Biri sənin əlində
Biri mənim sinəmdə...
Bu bom-boş evimizdə
Bir sən, bir mən,
bir beşlik,
Bir də sükut...və Heçlik...
Şairlərə ilham gətirən gecələrə də onun münasibəti fərqlidir.
Gecəni boynumdan asmışam
Kəndir əvəzi.
Ayağım altında taleyim
Kətil əvəzi.
Kitabın önsöz müəllifi gözəl yazar və tənqidçi Zakir Məmməd yerində vurğulayarır ki, Firəngizin poeziyası haqqında nəsə yazmaq sadəcə olaraq zəngin obrazlar qalereyasından bəhs etmək deməkdir. Firəngiz xanım poeziyaya şair doğulanlardan olmaqla ona yeni nəfəs gətirmişdir. O tam yeni bir pöhrədir. Kitabı vərəqlədikcə şeirin onun qələmiylə çəkilmiş yeni və bənzərsiz şəkilləri ilə üz-üzə qalırıq. Amma uğurları ilə yanaşı şair hələ özünün axtarışındadır, üzünə Tanrıdan açılan cığırın fərqindədir. Ona görə də tapdanmış, keçilmiş yollardan təkrar keçmək niyyəti yoxdur.
Bir az yığılım içimə,
Bir az dağılım çölümə,
Bir az gərnəşim Göylərə,
Bir az sərilim Yerlərə...
Bir az özümü toplayım.
Bir az özümü cəmləyim,
Bir az cıxım özümdən,
İçimdə düyün düşmüşəm,
Necə doğum gözümdən?
Bir az özümə oxşayım.
Kitabı vərəqlədikcə müəllifin daxili dünyası, təbəssümü, kədəri, sevinci, dünyaya baxışı açılır. Bəzən fikirləri qarışır, axtardığının elə məhz tapdığı olduğuna inanmır. Bəzən də şeirlərində yerinə düşməyən, yad sözlər, ifadələr gözə deyir, tələskənlik müşahidə olunur. Amma onun poeziyanın məsuliyyətli yollarında ayaqlarını yerə inadla və qətiyyətlə basdığının şahidi olursan.
Mən bu yolda Firəngiz xanıma uğurlar diləyirəm və kiçik şeir payım ilə yaşat və yarat deyirəm:
Əllərini gəzirsən,
Qələminə bükülü.
Yazdığın, yazmadığın
Söz, üstünə tökülü.
Bir az telin ağarar,
Bir az gözün mürgülü.
Axtar özü müəmma
O bilmədiyin gülü.
Şahnaz Şahin
525-ci qəzet.- 2016.- 5 iyul.- S.7.