Vətən təəssübkeşi, yurd
cəfakeşi
1918-1920-ci İLLƏRDƏ NAXÇIVAN UĞRUNDA MÜCADİLƏ VERMİŞ ƏLİ BƏY ƏZİMBƏYOV HAQQINDA QEYDLƏR
Vətən tarixinin çox çətin, mürəkkəb
və məğrur dövrləri var ki, onları yazmamaq olmur. Çünki
o dövrlərdə zamanın tələbi ilə cəsur
insanların döyüş hünərləri var.
Bəzən zaman onları unutdurur, amma insan
yaddaşı ötüb keçənləri unutmur. Vətən təəssübünü
çəkənlərin, onun uğrunda döyüşənlərin
adları və şücaətləri isə nəsilbənəsil
yaddaşlarda yaşayır. Yaddaşlarda
yaşananlar isə tarixdir. Doğrudur,
keçmişi və yaşananları dəyişmək
qeyri-mümkündür. Amma keçmişdə
yaşananları hər kəs istədiyi kimi yaza bilər.
Təəssübkeş və əsl tədqiqatçı
isə ancaq həqiqətləri yazar ki, gələcək nəsillər
üçün həmişəyaşar ideyalar olsun.
Onlar da bu ideyaları daha da inkişaf etdirib özlərindən
sonrakı nəsillərə əmanət edə bilsinlər.
İnsan yaddaşında olanlar çox vaxt kağızlara
köçürülərək arxivlərdə qorunur,
saxlanılır. Zaman gələndə həmin sənədlər
sanki dil açaraq ötüb-keçən tarixi hadisələri
danışır... Çünki zaman və
tarix bir-birindən ayrılmazdır.
1919-cu ilin yanvar ayı. Erməni daşnakları polkovnik Doluxanovun (Doluxanyanın)
komandirliyi ilə Sədərəyə, Dəmirçiyə
və Şərur mahalının digər kəndlərinə hücuma
başlayırlar. Sədərəkli Həsən
Şahverdi oğlunun rəhbərliyi ilə yerli əhalidən
yaradılan tabor düşmənlə məharətlə
döyüşür. Vedi tam mühasirədə
olduğundan Naxçıvan taboru köməyə gəlir.
Naxçıvan taborunun komandiri gənc polkovnik III
Kalbalı xan Naxçıvanski idi. Qeyd edək
ki, bu taborun tərkibində məharətli
döyüşçülər çox idi. Ona görə də
Vəlidağda gedən döyüşlərdə erməni
daşnaklarını məğlub edirlər. Naxçıvan taboru Sədərəyi mühasirədən
çıxarır. Bu böyük döyüşdə
igidlik göstərən döyüşçülərdən biri də Əli bəy Məhəmməd
bəy oğlu Əzimbəyov idi. Həmin ilin
mart ayında, Novruz bayramı günü daşnak
qoşunları azğıncasına Naxçıvana
basqın edirlər. Yenə də III Kalbalı xan
Naxçıvanskinin taboru döyüşlərdə qəhrəmanlıq göstərir.
Azərbaycan
Xalq Cümhuriyyətinin 25 mart 1919-cu il tarixli 155 nömrəli
əmri ilə Naxçıvanın bir qrup
döyüşçüsünə göstərdikləri
döyüş hünərlərinə görə hərbi
rütbə verilir. Qeyd edək ki, bu tarixi sənəd
görkəmli tarixçi alim Əli Əliyevin şəxsi
arxivindəndir. Şərur və Naxçıvan qəzalarını
erməni daşnak quldurlarından azad edən
naxçıvanlı döyüşçülər hərbi
nazir, artilleriya generalı Səməd
bəy Mehmandarovun imzaladığı əmrdə adbaad
yazılıb: Piyada ordunun praporşik rütbəsi alanlar:
Heydər ağa Bənəniyarski, Fətəli xan
Naxçıvanski, Məsuməli Bənəniyarski, Qəhrəman
bəy Kəngərli, Ələkbər Namazov, Həsən
Musayev, Cabbar bəy Kələntərov, Adil bəy Qənbərlinski,
Davud xan Naxçıvanski, Hüseyn xan İrəvanski və
Allahyar xan İrəvanski.
Polis
(milis) döyüşçülərdən praporşik hərbi
rütbəsi alanlar: Hacı Xəlil İmanov, Vəli ağa
Allahverdiyev, Kərbəlayı Muxtar Hacıyev, Əmirəli
bəy Bənəniyarski, Kərbəlayı Rəhim Rizayev,
Mirzə Zeynəddinski, Məmmədrza bəy Allahverdiyev, Məşədi
Ələkbər bəy Camalbəyov, Əli bəy Əzimbəyov,
Süleyman ağa Kəngərlinski, Əli Ağayev,
Hüseyn Əliyev, Cəfər bəy Rizayev, Saleh Ələkbərov,
Məmmədrəhim Hüseynov, Muxtar Nəsirov.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə döyüşdə fərqlənənlər
ilin istənilən günündə təltif edilə bilərdilər. Ancaq adi qaydada
hərbi rütbələr Novruz, Ramazan və Qurban
bayramları günlərində verilirdi.
Bu əmrdə qeyd olunub ki, Naxçıvanda
general-qubernatorun köməkçisi Bəhram xan
Naxçıvanskidir. Hərbi nazirin imzaladığı bu əmrdə
Baş Qərargahın rəisi general-mayor Səlimovun da
imzası vardır.
İndi keçək əsl mətləbə, yəni cəsur
döyüşçü Əli bəy Əzimbəyovdan
söhbət açaq.
Əli bəy Məhəmməd bəy oğlu Əzimbəyov
XIX əsrin sonlarında Naxçıvan şəhərində
dünyaya göz açıb. Araşdırmalardan məlum
olur ki, Məhəmməd bəyin Həmzə bəy
adında qardaşı və Fatmabəyim adlı
bacısı olub.
Əli bəy mədrəsədə və
Naxçıvan şəhər qəza məktəbində təhsil
alıb.
Atası onu mədrəsəyə ona görə oxumağa
qoymuşdu ki, ərəb və fars dillərini
yaxşı öyrənsin.
Əli bəyin Naxçıvan milisində (polisində)
işləməsi haqda məlumat vardır. Hətta bu,
yuxarıda söhbət açdığımız əmrdə
də öz təsdiqini tapıb.
Əli bəy yaxın qohumu Hacı Ələkbər bəy
Əliyevin (sonralar varisləri Əlizadə soyadını
işlətmişlər) 1904-cü ildə doğulan
qızı Əminə xanımla ailə qurub.
Hacı
Ələkbər bəy haqqında çox az
məlumat vardır. O, Naxçıvanın
tanınmış tacirlərindən olduğu
üçün zəngin olub. Hələ çar Rusiyası
dövründə ovaxtkı Puşkin küçəsi ilə
Zaviyə məhəlləsini birləşdirən
küçənin kəsişdiyi yerdə Naxçıvan
memarlığında ev tikdirmişdi. Yerli naxçıvanlıların təbirincə desək,
Hacı Ələkbər bəyin evinin 10 pəncərəsi
Bilan məhəlləsinə, yəni Puşkin küçəsinə
baxırmış. Bağlı-bağatlı
həyətin darvazası isə Zaviyə məhəlləsinə
istiqamətlənən küçəyə (1920-ci ildən
sonra o küçə Pioner küçəsi
adlandırılmışdı) açılırmış.
Əli bəy qayınatasının vəfatından
sonra onun evinə köçür ki, sonbeşik qızı Həcər
xanım tək qalmasın. Bacısı
Əminə xanım onu himayə etsin. Həcər
xanımın qızı Zərri Sultanovanın dediyinə
görə, Hacı Ələkbər bəy taxta
çarpayının ayağını qızılla
doldurubmuş. Və Əli bəyə, həmçinin
qızı Əminə xanıma vəsiyyət edibmiş ki,
Həcəri oxutsunlar. Məqamındaca deyək
ki, Əli bəy Naxçıvanda dövrünün
maarifçi şəxsiyyətlərindən olub. Bir az da irəli gedərək deyək ki, Əli bəy
və Əminə xanım Hacı Ələkbər bəyin
arzusunu yerinə yetiriblər. 1914-cü ildə
doğulmuş Həcər xanım təhsil alıb,
Naxçıvan şəhərinin 2 nömrəli məktəbində
uzun illər müəllimlik edib və 1994-cü ildə
dünyasını dəyişib.
Əli bəylə Əminə xanımın
nikahından Laçın (1925), Fəxriyyə (1927), Foqiyə
(1930) və Aydın (1932) adlı övladları olub.
1920-ci ildə Naxçıvanda Sovet hökuməti
qurulandan sonra Əli bəy və onun ailəsi təqib
olunmağa başlanıb. Əli bəy
özünü və ailəsini, həmçinin yaxın
qohumlarını Sovet NKVD-sindən xilas etmək
üçün siyasətdən tamamilə uzaqlaşıb və
ticarət obyektlərində işləyərək gözdən
uzaqda olmağa çalışıb. Amma
NKVD-də olan erməni bolşeviklər 1918-1920-ci illərdə
igidliklə döyüşən və Naxçıvanı
onlara verməyən cəsur oğulları heç cür nəzarətdən
kənarda qoymazdılar. Yəqin ki, Əli
bəyin istintaq materiallarında bunlar olmamış deyil.
155 nömrəli əmrdə adları sadalanan
döyüşçülərin son taleyindən xəbəri
olan varmı?
İgid döyüşçüləri ya
güllələyiblər, ya sürgünə göndəriblər,
yaxud da Naxçıvanda əzabla məhv ediblər.
Onların çoxunun arxiv sənədləri ilə tanış olduğuma görə deyirəm
bunları. Erməni daşnakları vətən
təəssübkeşlərini heç vaxt bağışlaya
bilmirdilər. Ona görə Əli bəyə
də yeyinti adı ilə böhtan atmaq üçün vasitələr
axtarıblar. 1932-ci ildə belə bir hiylə
qurublar. Onu həbs edib Murmanska göndəriblər.
Fikir verin: "Yeyinti" üstündə ən şimala -
Murmanska. Müəyyən axtarışlardan
sonra bu mövzuya bir də qayıtmaq fikrimiz var. Bizcə,
Əli bəy gizli də olsa, siyasi dustaq kimi Murmanska göndərilib.
Amma çox bacarıqlı və qorxmaz insan
olan Əli bəy yenidən Naxçıvana,
doğmalarının yanına qayıdıb. Lakin bu sevinc uzun sürməyib. Yenidən
NKVD-nin sorğu-sualları Əzimbəyovlar ailəsinə
rahatlıq verməyib. Azərbaycan SSR-in NKVD-si 1937-ci il mayın 18-də Əli bəy Əzimbəyovun
özünü və ailəsini uzaq səhralara - Taldı
Kurqana sürgün edib. Əzimbəyovlar ailəsinin
sürgün həyatı "Aydın Əzimbəyov - Tarixlə
səsləşən ömür yolu" povestində
(M.Zaman, Bakı, 2012) təsvir olunub. Amma
bizcə bu, Əli bəyin bütünlüklə fəaliyyəti
deyil. Biz təkrarsızlığa varmaq
istəməməyimizdən Əli bəyin sürgün həyatı
haqqında təfsilatı ilə danışmırıq.
Amma onu demək lazımdır ki, Əli bəy
Naxçıvan tarixinin elə məğrur
dövrünün qəhrəman döyüşçülərindəndir
ki, onunla ancaq fəxr etmək olar.
Əli bəy və ailə üzvlərinə 1947-ci ildə
icazə verilib ki, Naxçıvana gələ bilərlər. Əli bəy
və həyat yoldaşı vəfat edənə kimi doğma
vətənləri Naxçıvana gələr və qohum-qardaşları
ilə görüşərmişlər. Əli
bəy həm də əmisi oğlu Əzimin və onun
oğlu Nurunun yaxın dostu idi. Azərbaycan
SSR Daxili İşlər Nazirliyinin 10 dekabr 1989-cu ildə
verdiyi arayışda Əzimbəyovlar ailəsinə tam bəraət
verildiyi bildirilir. Bu vaxt isə nə
Əli bəy sağ idi, nə də Əminə xanım.
Onlar qürbətdə ömürlərini
başa vurmuşdular. Əminə xanım
1972-ci ilin dekabrında, Əli bəy isə 1975-ci ilin
yayında dünyalarını dəyişmişdilər.
Əli bəyin ailəsi Cənubi Qazaxıstanda
yaşasa da, ailə nekropolları Özbəkistanın
Sırdərya vilayətinin Baxt qəsəbəsindədir.
Əli bəy insanda elmi, biliyi çox yüksək qiymətləndirib. O, öz
övladlarının da ali təhsil
almaları üçün var gücü ilə
çalışıb.
Onun oğlu Aydın Azərbaycanın və Özbəkistanın
görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının
Özbəkistanda fövqəladə və səlahiyyətli
səfiri olub.
Yazımızın əvvəlində demişdik ki, Məhəmməd
bəyin Həmzə bəy adında qardaşı olub. Həmzə bəyin
oğlu Əzim və onun varisləri doğma
Naxçıvanda yaşayıblar və onun inkişafında
bacarıqlarını əsirgəməyiblər. Onların varisləri indi də Naxçıvanda
yaşayırlar.
Beləcə, 1918-1920-ci illərdə Naxçıvanı amansız, qəddar daşnaklardan qoruyan cəsur döyüşçü Əli bəy haqqında az da olsa məlumat verdik. Bizim isə Əli bəyə və onun döyüşçü dostlarına mənəvi borcumuz var. Bu mənada ki, onları unutmayaq, xatırlayaq, fəaliyyətlərini araşdırıb gənc nəslə təqdim edək. Onlar belə bir ehtirama layiqdirlər.
Musa
RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsinin aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 5 iyul.- S.6.