Gülümsəməyi unudan qadının arzuladığı həyat

 

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

 

 

 

Bugünlərdə Fransada yaşayan həmyerlimiz, yazıçı-jurnalist Şain Sinarianın müəllifi olduğu "TEAS Press" nəşriyyat evində çap edilən, çoxdan sorağını aldığım "İvon Bottonun arzuladığı həyat" kitabını oxudum.

 

Əsəri fransızcadan tanınmış ədəbiyyatşünas və tərcüməçi Cavanşır Yusifli çevirib.

 

Elə ilk cümlədən magik bir aura oxucunu bürüyür, onu bilinməzlərə sürükləyəcəyinə eyham vurur. Maraqlıdır ki, hər hansı magik qüvvəyə, təsadüfə inanmasam da, kitabı oxuduğum müddətdə başıma gözləmədiyim hadisələr gəldi. Xanım Botto Fransaya gedə bilmədiyi kimi onu görmək istəyim qeyri-müəyyən vaxtadək təxirə düşdü.

 

"Bilmirəm, indi açdığınız bu kitab adi bir qadının qeyri-adi taleyindən bəhs edir, yoxsa qeyri-adi bir qadının adi taleyindən. Bir müəllif kimi etiraf edə bilərəm ki, bu hələ mənim özüm üçün də aydın deyil. Ancaq mən onu da bilirəm ki, onların ikisindən biri qeyri-adidir..." - deyir müəllif əsərin proloqunda.

 

Şain Sinaria bir insanın ömür yolu fonunda bəşəriyyətin ən qlobal problemlərindən olan müharibəni təsirli lövhələrlə göz önünə sərir. Müharibənin insan həyatına, sivilizasiyaya vurduğu dəhşətli zərbələri xüsusi ustalıqla oxucuya çatdırır. "Ədəbiyyat dünyanı xilas edə bilməz" deyə bir fikir də var. Amma bu tip əsərlər çox yazılsa, haqlarında geniş polemikalar aparılsa, oxuculara çatdırılmasına yardım edilsə, inanmaq olar ki, dünyanın xilası mümkün olmasa da daha yaxşı yerə çevrilmə ehtimalı yüksələcək.

 

Müəllif özünəməxsus yazı üslubu ilə oxucunu süjetə, hekayəyə bağlayır. İstəsən də əsərdən qopa, kitabı yerə qoya bilmirsən. Xanım Bottonun danışdıqları, müəllifin əlavə qeydləri ilə harmoniya yaradaraq ovaxtkı Fransa, Azərbaycan, SSRİ-nin ab-havasını gerçəkçi dillə oxucuya çatdırır. Avropanın demokratiyası ilə çatışmazlıqlarını, ikili siyasətini açıq şəkildə göstərir. Despot Sovet rejimini bir daha ifşa edir. Dünyaya diqtə etdikləri "dünyanın ən xoşbəxt ölkəsi" yalanının dekorasiyalarını dağıdır. Stalinin əsl üzünü nümayiş etdirir. Cəmi 17 yaşı olan İvonun elə sərhəddəcə bu ölkə ilə bağlı qurduğu xəyal dünyası yıxılır. Özü dediyi kimi taleyi başlayır:

 

"Sizə tam səmimiyyətimlə deyirəm ki, mən özümə heç vaxt fəlsəfi suallar verməmişəm. İnsan həyata niyə gəlir, hardan gəlir və öləndən sonra hara gedir... belə şeylər məni qətiyyən maraqlandırmayıb. Ancaq mən bir şeyə qəti əminəm ki, insanın taleyi doğum evindən başlanmır. Doğum - çox təbii və bioloji bir prosesdir. Doğumla həyat başlayır, tale yox. Həyatın taleyə çevrilməsi üçün ona güclü bir təkan, bir zərbə, onu silkələyən bir zəlzələ, yerindən tərpədən bir tufan lazımdır".

 

İvonun taleyi də elə dediyi kimi, həyatına dəyən güclü bir zərbədən - 1945-ci il avqustun 29-da Fransa sərhədini keçib SSRİ-yə getməklə (atasının sözləri ilə "möcüzələr ölkəsi"nə gedən qatara minməklə) - başlayıb. Əsər sona qədər oxucunu öz sehrində saxlamaqda davam edir. Kitabdan qopmaq, onu yarımçıq saxlamaq iradə xaricindədir. Bu da öz növbəsində müəllifin ustalığına, təhkiyə gücünə qəhrəmanını oxucuya sevdirmək bacarığına işarədir.

 

Dünya ədəbiyyatında müharibə mövzusunda minlərlə əsər yazılıb. Tolstoyun "Hərb və sülh", Ernest Heminqueyin "Əlvida, silah", Remarkın "Qərb cəbhəsində yenilik yoxdur", eləcə də adları sadalanmayan, yaxud varlığından xəbərsiz olduğumuz minlərlə kitab... Fransada yaşayan azərbaycanlı yazıçı Şain Sinarianın "İvon Bottonun arzuladığı həyat" kitabını müharibə dövründəki insan taleyi, bu insanların həyatda qalmaq çabası, öz amalları uğrundan çəkdikləri əzablar, məqsədə yetmə müstəvisində öz axıcılığı, mövzunu əhatə etməsi baxımından Azərbaycan ədəbiyyatında bəlkə də ən yaxşı əsər kimi qiymətləndirmək olar.

 

17 yaşlı fransız qızı sevgisi, səadəti uğrunda öz ailəsindən, vətənindən keçir. Amma gənc qız əsas nüansı nəzərdən qaçırmışdı: müharibəni. Müharibədə sevgiyə yer yoxdur. Müharibə sevgisizlik deməkdir. Bir başqa məsələ kimi siyasət, ölkələr arasında münaqişələr, iki nəhəngin - kapitalizm və sosializmin - çarpışmasını göstərmək olar. Və bu nəhənglərin arasında qalanlar əzilməyə məhkumdurlar. İvon Botto da elə bu adi əzilənlərin qeyi-adi nümayəndəsidir.

 

66 il vətən həsrəti ilə yaşayan Botto əvvəl SSRİ-nin dəmir barmaqlığı əvəz edən qaydaları, daha sonra isə öz ölkəsinin - Fransa qanunlarının absurdu ilə qarşılaşır. Vətəninə qayıtmaq, ölən əzizlərinin qəbirlərini görmək, hələ həyatda olan bəzi qohumları ilə görüşmək arzusu gözündə qalır. Fransa səfirliyində min bir bəhanə ilə yaşlı qadını qəbul etmək istəmirlər. Sinaria bu səhnəni təsirli boyalarla verir. Oxucunun gözü qarşısında əli hər yerdən üzülən qadın - gözünü səfirliyin eyvanında dalğalanan bayrağa dikib "Marselyoza" oxuyan İvon Botto canlanır.

 

... Kim deyir ki, insanın ümidi heç vaxt ölmür? Yalandır, inanmayın. Düzdür, ola bilsin ki, insanın ümidi öz əcəli ilə ölmür, ancaq onu öldürmək olar. Necə ki, mənimkini öldürdülər. Səfirliyin üzümə çırpılan qapısının səsi mənim axırıncı ümidimin başını bədənindən ayıran cəllad qılıncının səsi idi.

 

Qarabağ müharibəsi başlayanda, erməni silahlıları görünməyən vəhşiliklər, o cümlədən, Xocalı soyqırımını törədəndə xanım Botto buna öz içində üsyan edir. Gec-tez ədalətin bərqərar olacağına, günahkarların öz layiqli cəzalarını alacağına inanır. Hətta qohum-qonşuya deyir ki, Fransa dövləti bu baş verənlərdən xəbəri olsa, qırğının qarşısını alar. Fransa tərəfi isə illərdən bəri susduğu kimi, bu məsələdə də ağzına su almağı üstün tutur.

 

İvon Botto fransız olsa da, özünü ruhən azərbaycanlı hesab edir, bu torpağa qəlbən bağlıdır. Ömrünün cəmi 17 ilini Fransada yaşadığını bildirən qadın bütün ailəsinin, sevgisinin, həyatının 66 ilinin bu ölkə - Azərbaycanla bağlı olduğunu nəzərə çatdırır.

 

Bütün bunlardan əlavə, sözügedən əsər həm də millətlərarası əlaqələr, Azərbaycanın bütün vətəndaşlarına qayğı ilə yanaşması, milliyyətindən asılı olmayaraq hər kəsə bərabər şəkildə davranılması məsələsini göz önünə sərir. Məlumdur ki, dövlətimiz multikultural siyasət yürüdür. Dünyanın bir çox ölkəsində multikulturalizmin Azərbaycan modeli öyrənilir və tətbiq edilir. İvon Bottonun dövlət tərəfindən problemləri nəzarətə götürülərək həll edilməsi də buna bir sübutdur.

 

2010-cu ildə Araz çayı məcrasını aşaraq ətrafdakı yaşayış məntəqələrini basır. Bu hadisə özüylə qan-qada gətirdiyi kimi İvon Bottonun ölmüş ümidlərini özünün də xəbəri olmadan dirildir:

 

... Nə olmuşdu birdən-birə bu Araz çayına? Axı Araz heç də qardaşı Kür kimi "dəli" deyil, əksinə, sakit və təmkinli bir çay olmasıyla ad çıxarıb. Niyə qəflətən belə qəzəbləndi, niyə belə coşub-daşdı, niyə minlərlə adamı evsiz-eşiksiz qoydu Araz? Bəlkə bu müdrik çay İvon Bottonun çəkdiyi vətən həsrətinə, taleyin ona verdiyi bu zülmlərə dözə bilməyib yerindən qalxmışdı ki, onu özüylə aparıb canını bu dünyadan qurtarsın?..

 

... Kim bilir, bəlkə bu müdrik çay o yazıq qadını Allahın yadına salmaq üçün məcbur olub bu vasitəyə əl atmışdı?..

 

Beləcə, jurnalistlərin gözündən qaçmayan İvon Botto dünyanın diqqət mərkəzinə düşür. Amma Fransa hökuməti onun yol xərclərini ödəməkdən ciddi-cəhdlə boyun qaçırmaqda davam edir. Nəhayət, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) xanım Bottonun altmış altı illik həsrətinə son qoymaq qərarına gəlir. Bütün xərcləri üzərinə götürən cəmiyyət İvon Bottonu öz vətəninə aparır. İvon 66 ildən sonra iki həftə boyunca üzünü görmədiyi qohumları ilə görüşür, valideynlərinin, qardaşının məzarlarını ziyarət edir. 87 illik ömründə - özünün dediyi kimi - az qala Allah tərəfindən də unudulan qadın bütün dünyada trendə çevrilir, əksər media orqanlarının manşetində yer alır. Bütün diqqəti üzərinə çəkir.

 

Azərbaycana qayıdandan sonra, 2014-cü ilin may ayında Bakıda səfərdə olan Fransa prezidenti Fransua Olland İvon Bottonu görmək arzusunda olduğunu bildirir. TEAS-ın Bakı nümayəndəliyi İvon və oğlunun paytaxta səfərini təşkil edir. Beləliklə, xanım Botto ilə prezidentin görüşü gerçəkləşir.

 

Hər iki ölkənin ictimai-siyasi xadimlərinin, müxtəlif təşkilatların nümayəndələrinin, eləcə də bir çox ölkədən tədbirə qatılan media təmsilçilərinin önündə İvon Botto Fransua Ollanda Azərbaycanda ona göstərilən diqqət və qayğıdan, sosial, maddi, mənəvi yardımlardan, hətta pulsuz yeni evlə təminatından, Azərbaycan və Fransa hökumətləri tərəfindən təqaüd təyin edilməsindən danışır. Və gözlənilmədən Ollanddan:

 

- Əgər Fransaya gəlsəm, gəlim yanınıza? Məni buraxarlar ora? - soruşur.

 

- Əlbəttə... Əgər gəlib məni görməmiş getsəniz, bu, heç də yaxşı olmaz, - deyə Fransa prezidenti cavab verir...

 

Kitabı oxuyub başa çatdırandan sonra əminliklə demək olar ki, əsər təkcə yazıçı təxəyyülü ilə canlandırılan avtobioqrafiya deyil, eyni zamanda, bitkin bir jurnalist araşdırması nəticəsində meydana gəlib. Müəllif Azərbaycanla yanaşı Fransada da müxtəlif adamlarla görüşüb, xeyli sənəd əldə edib, bu sənədləri böyük səbirlə incələyib, ardıcıllığı bərpa edib. Düz bir ay boyunca İvon Bottonun evində yaşayıb, onun bütün həyatını detalları ilə dinləyib.

 

Sinaria qeyd edir ki, ilk söhbətimiz zamanı onun məni diqqətlə süzən iri gözlərini görəndə əmin oldum ki, qarşımdakı bu qara paltarlı, kəlağayılı, ayaq üstəcə qupquru qurumuş, heç vaxt gülümsəməyən qarı indiyədək gördüyüm heç bir insana bənzəmir.

 

Gülümsəməməsini isə İvon Botto belə izah edir:

 

...Mən gülməyi yadırğamışam. Şəmmədin (birinci əri C.Q.) ölümündən sonra mənim gülüşüm də yoxa çıxdı. Sonra başıma min bir müsibət gəldi... İlişib qaldım burda. Vətənimə qayıtmaq məqsədilə əlimi atdığım hər şey boşa çıxdı... Sonra bir-bir atamı, anamı, qardaşımı itirdim. Allah da məndən üz döndərdi, bəndə də. Özünüz deyin, belə bir həyat yaşayan adam necə gülümsəyə bilər?...

 

... Ancaq mən də bir gün gülümsəyəcəm - ora gedəndə, - barmağını yuxarı qaldırıb göyü göstərir, - atamı, anamı, qardaşımı, Şəmmədi orda görəndə mən də gülümsəyəcəm. Buna əmin ola bilərsiniz... Sizə söz verirəm!..

 

Kitabın əvvəlində qeyd edildiyi kimi, fransız filosofu Pontalisin sözlərinə görə, bir insanın həyatından yüz cür tərcümeyi-hal yazmaq olar. Elə bu məntiqdən yola çıxsaq, İvon Bottonun həyatından bəhs edən kitaba bir neçə prizmadan yanaşmaq mümkündür. "İnsan əvvəl-axır inandığı şeyə çevrilir", - deyə bir məsəl var. Ona görə də nə baş verirsə versin, heç zaman inamdan vaz keçmək olmaz.

 

Yazı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir

 

 

Cavid QƏDİR

525-ci qəzet.- 2016.- 6 iyul.- S.8.