Xalq üçün
yaşanan ömrün
işığı
SONA XANIM VƏLİYEVANIN YENİ ROMANI HAQQINDA QEYDLƏR
Nur, işıq
selinin qovuşdurduğu
ecazkar mütaliə aləminin sehrindən hələ qurtulmamışam,
bu nə qədər çəkəcək,
deyə bilmərəm. Amma hansısa əsər mənə bir daha jurnalist, publisist, şair, yazıçı, tədqiqatçı
alim Sona xanım Vəliyevanın
"İşığa gedən
yol"u qədər təsir gücündə
olacaqsa, ona da səbrli oxucu kimi mütaliəmlə
minnətdarlığımı yetirəcəyəm.
"Zərdabi LTD" nəşriyyat-poliqrafiya
müəssisəsində bu
yaxınlarda çapdan
çıxan 767 səhifəlik
əsəri az
qala birnəfəsə
oxudum. Romanda işıqlandırılan hadisələr ilk dəfə
Azərbaycan oxucusuna sadə və bədii dillə əhatəli şəkildə
təqdim edilir. Səbr öz yerində, əsas səbəbkar romanın dili, üslubu, daşıdığı
bəşəri missiya,
müəllifinin qəhrəmanına
bənzər cizgiləri,
orijinallığıdır. Tam səmimiyyətlə etiraf edim ki,
Sona xanımın Həsən bəy Zərdabi haqqında nə vaxtsa yeni əsər yazacağını gözləyirdim.
Bunun
roman olacağını isə
təsəvvürümə gətirə bilmirdim.
Çünki Sona xanımı
öncə istedadlı
jurnalist, sanballı məqalələr müəllifi
kimi tanıyırdım.
"Arazbarı", "Çəhrayı rəngli
dünyam" kitablarında
toplanan bir çox poetik nümunələrinin indi
də təsiri altındayam. Əksərini əzbər deyə bilərəm, publisistikası
da öz yerində. "İşığa gedən
yol"u ona görə oxuculara sürprizdir ki, Həsən bəy Zərdabi haqda roman yazmaq cəsarətini məhz Sona xanım üzərinə
götürüb. Və
bu missiyanın öhdəsindən necə
ustalıqla gəldiyini
əyani bilmək istəyənlərə əsəri
oxumağı məsləhət
görərdim...
Qayıdaq gözləntimin qaynaqlarına. Ötən
il Sona
xanımdan müsahibə
almaq üçün
iş yerinə getdim. Zamanının qıt vaxtına
düşsə də,
bizə kifayət qədər vaxt ayırdı. Səliqəli
iş otağına nəzər yetirdim, rəflərdən, divar boyu sıralanan portretlərdən maarifcilik
təcəssümü boylanırdı.
İkisi isə sanki ona nəzarət
edirmiş kimi, az qala üz-üzə dayanmışdı.
Onlar mətbuatımızın və
poeziyamızın korifeyləri
Həsən bəy Zərdabi və Hüseyn Cavidin rəsmləri idi. Mənə elə gəldi ki, Sona xanım hörmətlə yanaşdığı,
həyat və fəaliyyətinin bir hissəsinə çevrilən
bu tarixi şəxsiyyətlərin rəsmləri
ilə söhbət etmək, məsləhətləşmək,
onlara hesabat vermək üçün
belə seçim edib.
Hüseyn Cavidin cismən və ruhən vətənə qaytarılması
üçün xalqımız
Ümummilli liderimiz Heydər Əliyevə borcludur. Fərəh hissi ilə
deyə bilərik ki, öz növbəsində
Sona xanım da dahi şairimizin
irsinin ölkə hüdudlarından kənarda
da təbliğində
misilsiz xidmətlər
sahibidir. Kütləvi
informasiya vasitələrində
yayılan məlumatlarda
bununla bağlı kifayət qədər bilgilər var. Həsən
bəy Zərdabiyə
isə tədqiqatçılarımız,
söz sahiblərimiz,
alimlərimiz, jurnalistlərimiz
az qala
bir kitabxana qədər yaradıcılıq
nümunələri həsr
ediblər. Və Sona xanım
özünün maarifçilik
missiyası ilə bir əsrdən sonra da Həsən
bəylə məsləkdaş
kimi eyni sıradadır.
Sona xanım
"Kaspi"yə ikinci
həyat verməklə
onu yaşının üçüncü əsrinə
qovuşdurub. Bununla da Həsən
bəyin də müəlliflərindən olduğu
və bilavasitə Əlimərdan Topçubaşov
kimi Azərbaycan Demokrat Respublikasının
qurucularından sayılan
tələbələrinin, məsləkdaşlarının mətbu abidəsinə əbədiyaşarlıq bəxş
edib.
"İşığa gedən
yol"u oxuyuram...
Açığı, müəllif əsəri o qədər
səmimiyyətlə qələmə
alıb ki, bilmirəm romanın qəhrəmanından yazım,
yoxsa müəllifindən...
Yuxarıda bəzi paralellər
apardım, onsuz da həssas yazarlarımız əsərə
biganə qalmayacaqlar.
Ürək sözləri, təhlillər
təqdim olunacaq.
Məni bir oxucu kimi
cəzb edən müəllif priyomudur.
Sanki Sona xanım öz uşaqlığını,
doğmalarını tərənnüm
edir: tut ağacının
kölgəsində açılan
süfrə, başına
toplaşan doğmalar...
Təbii
ki, əgər sevdiyin sahədə, mövzuda özünə
yaxınlıq hiss etmədiyin
nəsə səni o qədər təsirləndirməz.
Məsələn, mən
hər dəfə bu şeiri oxuyarkən
təsirlənməyə bilmirəm:
...İndi səbrim kimi itərəm yolda,
Xəyal qanadına götürər
məni.
Salam, anamsız ev,
gec gəlib çıxdım,
Mən yolu qınaram, bu yerlər məni.
"İşığa gedən yol"da Həsənin atası Səlim kişinin ona verdiyi nəsihət: "Bir insan elmi dərk edib öyrəndikcə o bir ovuc qiymətli daş-qaşa çevrilir. Paylaşıb yüzlərlə insana öyrətdikdə isə həmin elm xəzinəyə çevrilir, sən isə xəzinə sahibi olursan. Xeyirxahlıq, yaxşı əməl, elm bilirsən nəyə bənzəyir? Gəl bura" bax bu torpaq sahəsinin hər yerinə buğda əkmişik. Amma hər yerdə bərabər taxıl bitməyib. Əkilən toxumlar itməyib də. Sel, su bir yerdən yuyub bitməsinə yol verməsə də sahənin ayagında daha yaxşı cücəriblər. Elm, xeyirxahlıq, yaxşı əməl də əkinçilk kimidir. Əkilən toxum bəhrəsini verməsə də, nə zamansa bar verəcək. Əkilənlər bir gün biçilir, bəhrə verir. Sən biçməsən də oğlun, qızın bu əkindən mənfəət götürür..."
Bu müdrik və fəlsəfi fikirlər Sona xanımın keçdiyi həyat məktəbinin yaratdığı düşüncələrdir. Təbii ki, bu həyat məktəbidir onu xeyirxah, zəhmətkeş və yaradıcı insan edən. Bəli "...Hər şeyin başlanğıcı çətin olur, get-gedə çətinliklər aradan qalxır, əvəzində qazanılan ömür boyu arxalanacağımız təhsil, savad olacaq..." kimi düşüncələri Sona xanım bu tarixi romanda qabarıq əks etdirib.
Əsərdə görülən yuxuların möcüzəsi, ağsaqqal uzaqgörənliyi, kənd həyatına baxış, Azərbaycanın o zaman barmaqla sayılacaq, əzab-əziyyətlə oxuyub-çalışan, xalqa fayda verməyə can atan ziyalılarının həyatı ilə yanaşı, vətənin taleyi də bütövlükdə canlandırılır. Əlbəttə, tarix təkrarlanır. O zamanın xeyirxahları kimi bizim dövrün də xeyirxahları olub, var və olacaq... Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın saysız-hesabsız gənclərinin xaricdə təhsil almaları üçün əlindən gələni etməsini bu əsəri oxuyarkən bir daha xatırladım. Və yenə də Səlim kişinin əsərdəki sözlərini, oğlu Həsənə nəsihətini yada saldım...
Moskva Dövlət Universitetinin rəhbəri, rus tarixçisi S. M Solovyovun dilindən səslənən "Bu qafqazlılar ya oxumur, oxuyanda da elə oxuyurlar ki, hamını heyrətə salırlar", yaxud da "... bu qafqazlılar elmə və hərbə maraq göstərəndə onlardan çox dəyərli mütəxəssislər çıxır. Bunlar üçün orta hədd yoxdur. Ya əla, ya da heç nə... " kimi fikirlər unudulmazdır. Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Məhəmməd Zövi, Ağəli bəy Naseh, Fərəc bəy Ağayev, Mirzə Hüseyn Qayıbov, Məmo bəy Məmai, Mir Möhsüm Nəvvab, Seyid Mirhəmzə Niğari kimi milli düşüncə aydınlarını əsərdə bir araya gətirən Sona xanım onların misilsiz söhbətlərini, parlaq fikirlərini oxucuya o qədər sadə və mükəmməl formada çatdırır ki, istər-istəməz həmin insanlara qarşı xüsusi sevgi ilə yanaşı, talelərinə görə acı təəssüf hissi də oyanır...
Həsən bəyin böyük zəhməti sayəsində günlərin birində "Əkinçi" ərsəyə gəlir, Tarixin ən gərəkli səhifəsini Həsən bəy tək yazırdı: "Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Amma bu aynanı əlimizdə düzgün tutmasaq, Allah bilir vilayət necə görünər "düşünürdü, çalışırdı xeyirxah əməllərini gördüyü işlərlə göstərirdi. Milli mətbuatımızın ilki, milli maarifçiliyin mediada təməl daşı, sonralar Azərbaycan ictimai mühitinə təkrarsız nəşrlər və ictimai-siyasi simalar bəxş edəcək "Əkinçi".
Kiçik Həsənin ağlı kəsəndən ailəsinin, böyüdükcə kəndinin, kəndlilərinin, Moskvada oxuyub qayıdandan sonra Tiflisdə çalışarkən laqeyd dövlət məmurlarının sadəlövh, savadsız kəndlilərə, xüsusilə də Borçalıda yaşayan azərbaycanlılara qarşı etdikləri haqsızlıqlara göz yuma bilməməsi, "gedin övladlarınızı oxudun, savad verin ki, sizin kimi cəhalətlə yaşamasınlar" deməsi Azərbaycanın milli ruhunun dirçəlişindən xəbər verirdi.
Həsən bəy üçün sevgisindən, məhəbbətindən də önəmli onun xalqının taleyi idi və hər bir sakin özünü Məlikovlar ailəsinin doğması hesab edirdi. Tiflisdə üzləşdiyi haqsızlıqlardan sonra Bakıda ilk iş gününə qədər Həsən bəyin həyəcanını, içinin burulğanını "qəzet alın, qəzet alın" deyən uşaqların səsi səngidir və bir anlıq "...kaş ki, bu millətin ana dilində maariflənməsi üçün, oxuyub yazması, savadlanması üçün qəzeti olaydı" arzusu keçir könlündən və köks ötürür. O, artıq, evini, ailəsini, kəndini deyil, daha çox xalqını, millətinin gələcəyini düşünürdü... İnsanın xəyalları ona arzularına çatmaqda köməklik edir... Həqiqətən də Həsənin xəyalları onun Azərbaycan tarixində işıqlı şəxsiyyət kimi qalmasına yol açır. Onun çəkdiyi əziyyətlər xalqının gələcəyini, maariflənməsini düşündüyü üçün idi. Yalnız bu amalla yaşayan, addımlar atanlar İŞIQLI İNSAN ola bilər. Sona xanımın yeni əsərində dahi Azərbaycanın ziyalısı Həsən bəy Zərdabinin keşməkeşli həyat yolu ilə yanaşı, eyni zamanda, xalqımızın dünənindən, Qarabağda, Şirvanda, Şamaxıda yaşanan proseslərdən, tariximizə qara ləkə olan erməni faşizminin bədnam əməllərindən də ustalıqla söz açılır. Bu mənada, Sona xanım Vəliyevanın olduqca əhatəli alınan, geniş mövzulara toxunulan bu əsər Azərbaycan ədəbiyyatına dəyərli töhfədir.
Gülşən BEHBUD
"Atilla" jurnalının
baş redaktoru
525-ci qəzet.- 2016.- 6 iyul.- S.7.