İşığa gedən yol, yaxud bir əsrin
hekayəti
Azərbaycan ədəbiyyatı tarixində XIX əsr
böyük irəliləyişlər, tərəqqilər əsri
kimi xatırlanır və bu gün-XXI əsrdə keçib
gəldiyimiz tarixi yolu işıqlandırarkən, ədəbi-mədəni
inkişafımızın bütün mərhələlərində
XIX əsrin silinməz izlərini görürük.
Əvvəla,
Azərbaycanın özünün tarixi taleyi həll olunurdu:
"Bir yandan Rusiya, bir yandan İran" əsrlər boyu
yağlı tikə kimi göz tikdikləri bir məmləkəti nəhayət,
"bölüşdürə" bildilər. Amansız
Türkmənçay və Gülüstan müqavilələrindən
sonra Azərbaycan ikiyə parçalandı: "Hökmü
gör nə qədər böyükmüş anın,
Möhür də basdılar varağa təkrar. Yox, varağın deyil, Azərbaycanın,
Köksünə dağ boyda dağ basdı onlar" (B.Vahabzadə).
Amma bir xalq və millət kimi Azərbaycan
öz milli-mənəvi dəyərlərini itirmədi, onu
istila edən imperiyanın maddi, iqtisadi, sosial zülmünə
tab gətirə-gətirə qaranlıqlar içində
üzünü işığa tutdu. Bu
işıq onun gələcəyi idi. Bu işıq
Bakıxanovun, Mirzə Şəfinin, Mirzə Fətəlinin,
Seyid Əzim Şirvaninin, Həsən bəy Zərdabinin, Mirzə Kazım bəyin,Vəzirovun
və ümumən Azərbaycan ziyalılarının elm,
maarif, mədəniyyət yanğısından, dünya
sivilizasiyasına qoşulmaq, qədim bir xalqın mənəvi
qüdrətini layiqincə əks etdirmək hünərindən
doğulmuşdu.
Hər hansı bir xalqın taleyində mühüm rol
oynayan şəxsiyyətlər olur və əslində,
xalqın tarixini böyük şəxsiyyətlərin tarixi
kimi də mənalandırmaq olar. "Həyatdan hamını
qoparır ölüm, Yalnız dahilərə toxuna bilmir... Dahilər torpağa ölü kimi yox, Bəlkə
basdırılır xəzinə kimi" (Xəlil Rza
Ulutürk). XIX əsr fikrimizcə, həm
də Mirzə Fətəli Axundzadə əsridir - milli mədəniyyətimizin,
ədəbi-bədii fikrimizin yeni bir eraya, intibaha
qovuşduğu bir əsrdir. Ədəbiyyat tariximizdə,
ictimai-fəlsəfi fikrimizin inkişafında Axundzadənin
rolu o qədər böyükdür ki, bunu sözlə ifadə
etmək qeyri-mümkündür, "ilk" təyinlərinin
(dramaturq, nasir, tənqidçi, sosioloq, ictimai xadim və s.)
bir sırası onun misilsiz fəaliyyətini əks etdirmirmi?
Axundzadədən sonra onun əməl və
ideyalarını davam etdirən ikinci böyük şəxsiyyət
Həsən bəy Zərdabidir - milli mətbuatımızın
və milli teatrımızın banisi kimi onun çoxcəhətli
fəaliyyəti, elmi, publisistik yaradıcılığı
haqqında bir xeyli tədqiqat əsərləri qələmə
alınıb və deyək ki, bu sahədə heç bir
boşluq nəzərə çarpmır. Lakin hər bir böyük
şəxsiyyət ilk növbədə, insandır və Zərdabi
də daxil olmaqla XIX əsr Azərbaycan mütəfəkkirlərinin
bir çoxunun həyatı,
keçdiyi ömür yolu, mühiti, yaşadıqları zəmanə
ilə bağlılığı bədii əsərlərin
də mövzusu olmalıdır. Çünki
tarixdən, tarixi şəxsiyyətlərdən yazılan bədii
əsərlərin oxuculara təsiri daha dərindir.
Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif,
Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mirzə
Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd
Hadi, Nəriman Nərimanov haqqında yazılan bədii əsərlər,
fikrimizcə, elmi-tarixi əsərlərlə müqayisədə
daha çox oxunur, daha çox yayılır - əlbəttə,
yazıçının vəzifəsi ilə tarixçinin vəzifəsini
eyniləşdirmək olmaz, "Əgər tarixçi
ayrı-ayrı faktlar əsasında müəyyən elmi nəticələr
çıxarmaq yolu ilə gedirsə,
yazıçının çıxardığı nəticələr
bədii surətdə əks etdirilən hadisələrin
ümumi məntiqindən, fərdiləşdirilmiş insan
surətlərinin bir-birinə qarşı münasibətindən
doğur" (Mehdi Hüseyn). Əlbəttə, burada tarix elmi ilə
bədii əsərin fərqli, hər birinin spesifik,
özünəməxsus xüsusiyyətləri nəzərdə
tutulur və əslində, sənətkar fantaziyası ilə
yaradılmış hər bir bədii əsərdə tarixi
həqiqətlərin əsas mahiyyəti təhrif
olunmamalıdır.
Bu fikrin həqiqət
olduğunu Həsən bəy Zərdabi haqqında yazılan
"İşığa gedən yol" romanını oxuyarkən
bir daha hiss etdim. Əsasən şair, publisist və ədəbiyyatşünas
kimi tanıdığımız Sona Vəliyeva təxminən
800 səhifəlik romanında Həsən bəy Zərdabinin
keçdiyi ömür yolunun az qala hər səhifəsini
oxucunun gözləri qarşısında canlandırır.
Amma "İşığa gedən yol" təkcə Zərdabi
haqqında roman deyil, həm də XIX əsr ( və həm də
XX əsrin ilk illəri) Azərbaycan həqiqətləri
(ictimai, siyasi, mənəvi kontekstdə) barədə tarixi-bədii
bir əsərdir və bu əsərdə tarixi həqiqətlərin
heç biri təhrif olunmur. Müəllif XIX əsr Azərbaycanının
tarixi həqiqətləri fonunda bir böyük şəxsiyyətin
mükəmməl obrazını yaratmağa can atıb və
buna kifayət qədər nail ola bilib. Həsən
bəy Zərdabinin Azərbaycan mətbuatı yolunda,
pedaqoji-maarifçi cəbhədə yorulmaz fəaliyyəti və
bir təbiətşünas alim kimi də
çalışqanlığı barədə vaxtilə
yazılan və indi də yazılmaqda davam edən onlarla məqalənin,
bir neçə monoqrafiyanın adlarını çəkə
bilərik, amma gəlin görək, onun şəxsi həyatı,
keçdiyi ömür yolu haqqında nə tapa bilərik?
Bircə ömür yoldaşı Hənifə xanım Məlikovanın
1939-cu ildə "Revolyusiya və kultura" jurnalında
"Həsən bəy Zərdabinin tərcümeyi-halı"
qısa məlumatından başqa... Bir də İzzət
Rüstəmovun "Həsən bəy Zərdabi"
monoqrafiyasında az-çox bilgi verən tərcümeyi-hal sətirləri...
Sona Vəliyeva bu natamam, dolğun olmayan məlumatların
heç birini nəzərdən qaçırmayıb, olsun ki, arxivlərə
də baş vurub. Təbii ki, yazıçı təxəyyülü
də burada az rol oynamayıb. Məlum məsələdir
ki, başqa ədəbi janrlar kimi tarixi romanda da bədii
uydurmasız keçinmək olmaz, bir şərtlə ki,
uydurarkən də
real tarixi faktlara istinad etməlisən, təsvir
etdiyin "uydurma" obrazlar tarixi koloriti əks etdirməlidir.
Ancaq ən əsası odur ki, Sona Vəliyevanın romanında Zərdabi
obrazının mükəmməl cizgiləri yaradılıb.
"İyul, 1848-ci il, Kür çayının sahilləri"-roman
Zərdabi ömrünə bu tarixlə başlayır və
"Bakı-1907-ci il" tarixiylə başa
çatır-altı yaşla altmış beş yaş
arasında keçən bir ömür səhifə-səhifə
gözlərimiz qarşısında canlanır. İki hissəlik bu romanda 90 belə
irili-xırdalı fəsillər bir-birini əvəz edir.
Bir insan ömrünün xronoloji qaydada bu sayaq "yoluna davam etməsi"
tarixi roman praktikasında təsadüf olunan haldır. Amma təfsirçiliyə, məlumatfüruşluğa
uymamaq şərtilə.
Tarixi romanda ilk növbədə, təsvir olunan tarixi
şəxsiyyətin obrazı diqqət mərkəzində
olur, bütün hadisələr və obrazlar bu əsas qəhrəmanın
çevrəsindədir. Azərbaycan tarixi roman ənənəsi də
bunu sübut edir. Zərdabi elə bir şəxsiyyət
idi ki, yaşadığı əsrin bir çox hadisələri
onun gözləri qarşısında baş verirdi. XIX əsrə
məxsus olan bütün proqressiv və neqativ hallar; elmə,
təhsilə, mədəniyyətə meyl və bir yandan da dəhşətli
fanatizm və savadsızlıq, insanların mənəvi
azadlıq istəyi və bir yandan da kütləvi köləlik,
mütilik buxovları, maarifçilik ideyalarının nəşv-nüma
tapması və bir yandan da istibdad rejiminin antimaarifçi
müdaxilələri...əsr bu mürəkkəb, olduqca
ziddiyyətli hadisələrlə, daha doğrusu,
işıqla qaranlığın əbədi mübarizəsiylə
səciyyələnirdi və Zərdabi də bütün
varlığı ilə bu mübarizənin içində
idi, İŞIĞI təmsil edirdi. Ancaq təbii
ki, Zərdabi bu mübarizədə tək deyildi. Romanın ən dəyərli cəhəti də elə
bu nöqtədədir. Biz Həsən bəyi
Tiflisdə (1858-1861-ci illərdə), gimnaziyada oxuduğu illərdə
Mirzə Fətəli Axundzadənin məclisində
görürük. Bu məclisdə Mirzə
Hüseyn Qayıbov, İlya Çavçavadze, Mixail Kipiani
iştirak edir. Moskvada, Universitetdə təhsil alarkən
rus demokratları ilə tanış olur.
1866-cı il, may ayının 29-da Mirzə
Fətəli Axundzadənin evindəki yığıncaqda kimləri
görürük? Rus ordusunun general-mayoru, sonuncu
Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu Kəlbəli
xan Naxçıvanskini, Azərbaycan
təriqət şeirinin görkəmli nümayəndəsi
Seyid Nicarini, böyük şairimiz Seyid Əzim Şirvanini,
"Beytüs-səfa" ədəbi məclisinin üzvləriMolla
Məhəmməd Zövüni və Ağali bəy Nasehi,
şair-musiqişünas Mirzə Möhsün Nəvvabı,
"Məclisi-üns"ün üzvü, şair Məmo bəy
Məmaini və əlbəttə,
Mirzə Fətəli ilə Həsən bəy Zərdabini.
Azərbaycan ziyalılarının say-seçmə
nümayəndələrini bu məclisə gəlməyə
hansı qüvvə vadar edib?
O məclisdə söhbət elmdən, maarifdən və
poeziyadan gedir. "Yaradıcı insanların,
milli düşüncə sahiblərinin bir yerə cəm
olduğu bu məclisdə yerlə göy arasında sanki bir əlaqə
qurulmuşdu. Bu əsrarəngiz səhnəyə
göydəki mələklər də, yerdəki insanlar da
eyni heyranlıqla baxıb təsirlənirdi. Həsən bəy o
gecə elə təsirlənmişdi ki. O özünə yer tapa bilmir və
düşünürdü: "Xoşbəxtəm, mən də
bu gün - müqəddəs bir ayın müqəddəs
günündə, milli düşüncə sahiblərinin cəm
olduğu belə məclisdə oldum... Şükür sənə,
İlahi, çoxalırıq, artırıq! İradəmizin,
ağlımızın, gücümüzün bir yerə cəm
olması milləti, xalqı cahillikdən xilas edəcək!".
Bakıda
yaşadığı illərdə də Həsən bəy
Zərdabi Azərbaycan ziyalılarının, xüsusilə elm
və sənət adamlarının bir çoxu ilə
görüşlər keçirir, onların fikirləri ilə
tanış olur. Müəllif Həsən
bəyi Xeyriyyə Cəmiyyətinə yardım məqsədilə
Azərbaycanın müxtəlif bölgələrinə səfərlərini,
bu səfərlər zamanı rastlaşdığı hadisələri,
tanış olduğu insanları da unutmur.
Beləliklə, XIX əsr Azərbaycan ictimai, mədəni
həyatı Həsən bəyin xalqla, onun müxtəlif təbəqələri
ilə ünsiyyətini artırır. Roman içində
sanki ayrıca
bir roman- "Səfərnamə" yaranır, bu səfərlər
həm də Azərbaycanın keçmiş tarixi ilə
bağlı bilgilərin təfsilatları ilə yadda
qalır.
Tarixi romanın əsas keyfiyyətlərindən, başlıca arqumentlərindən biri də müasirlikdir. Polşa yazıçısı Tadeuş Qoluyun belə bir fikri ilə razılaşırıq ki: "Tarix onun diqqətini ona görə cəlb edir ki, müasir hadisələrin mənasını daha dərindən aça bilsin. Mən ona görə tarixə müraciət edirəm ki, müasir həyatı daha yaxşı başa düşüm". "İşığa gedən yol" romanında da müasirlik məhz bu mərama xidmət edir- biz XIX əsri və bu əsrin görkəmli ziyalısı Zərdabini, onun ideyalarını dərk edək. Baxın, diqqət yetirin Zərdabinin yüz iyirmi il əvvəlki düşüncələrinə: "Həsən bəyin 53 yaşının tamamına altı-yeddi ay qalmışdı, lakin o, 65-70 yaşlarında ahıl bir adamı xatırladırdı. ...Həsən bəyin vaxtsız yaşlanmasının səbəbi təkcə həlli çətin müşgüllərdən yaranan əzab deyildi, həm də çətinliklərin həllində milli birliyin, birgə fəaliyyətin olmamasından yaranan ürək yanğısı idi. Həsən bəyin haqq və ədalət uğrunda, milli inkişaf naminə apardığı mübarizənin ağırlığı onun fiziki gücündən qat-qat çox olduğundan ona güc gəlirdi".
Romanda Zərdabi ilə bağlı, onun həyatında, ictimai və ədəbi fəaliyyətində mühüm rol oynayan, tələbə, gimnazist Zərdabinin mütəfəkkir Zərdabi səviyyəsinə yüksəlməsində mühüm rol oynayan insanların da bir silsilə obrazları ilə qarşılaşırıq. Babası Rəhim bəy, atası Səlim bəy, anası Mənzər xanım, atasının dayısı Fərəc bəy Ağayev, Tiflis gimnaziyasının müəllimləri, Moskva universitetinin rektoru Solovyov, həyat yoldaşı Hənifə xanım və əlbəttə, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani,Hacı Zeynalabdin Tağıyev... Bu insanların hər biri Zərdabinin xeyirxahı, ona mənəvi dəstək verən adamlardır. Həsən bəyin rus qızı Vera ilə sevgi macərası da romanda tarixi şəxsiyyətin həyatının lirik-dramatik çalarlarını əks etdirir. Vera-bu rus qızı Həsən bəyi ürəkdən sevir, bütün varlığı ilə ona bağlanıb və bu dünyada əsl sevgi necə olursa (təbii ki, burada milli amil nəzərə alınmır), onu yaşayır. Amma Həsən bəy ürəyinə daş bağlayıb bu sevgidən imtina edir. Fikirləşirsən ki, Həsən bəy bu sevgiyə cavab versəydi, bəlkə də həyatının ən gözəl anlarını yaşayırdı, amma onu bir insan və şəxsiyyət kimi tamamlayan Hənifə xanım Məlikovanı itirərdi. Milli düşüncə hissi Zərdabini qəti qərar verməyə təhrik edir, axı o, həyat yoldaşları qeyri millətdən olan azərbaycanlıların bir çoxunun aqibətini görmüşdü. Burada onu qınamırsan.
Həsən bəy Zərdabi Azərbaycan dövri mətbuatının əsasını qoyub. Vətən eşqi, millət məhəbbəti idi onu bu işə sövq edən. Rusiyada əvvəlinci türk qəzeti olan "Əkinçi" mədəniyyət tariximizin ən şanlı səhifələrindən biridir. Beləliklə, XIX əsr ziyalılarının-Azərbaycan yazıçılarının ilk birliyi, təşkilatı yaranır. Görkəmli ədəbiyyatşünas, mərhum professor Xeyrulla Məmmədov yazırdı ki: "Zərdabi siyasi manevrlər edərək daşıdığı adı leksik mənadan fərqli olaraq "əkinçi" sözünə geniş məna aşıladı. Onu kənd təsərrüfatı, ticarət və iqtisadiyyata dair məsələlərin fonunda radikal maarifçilik ideyalarının təbliğindən ötrü tribunaya çevirdi. Məşhur millət xadimi İsmayıl bəy Qəmərlinskinin obrazlı şəkildə dediyi kimi "birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Daşlı, qumlu, dərə-təpə qara torpaqları sürməyə başladı".
Romanda Zərdabinin "Əkinçi" qəzeti ilə bağlı fəaliyyətinə təxminən 90 səhifə yer ayrılıb və qəzetin başlanğıcından bağlanışına qədər keçdiyi yol, bu çətin və şərəfli yolda Zərdabinin sevincləri ilə bahəm üzüntüləri, rastlaşdığı maneələr haqqında da kifayət qədər səhnələr var. İndi Azərbaycanda 600-dən çox qəzet, jurnal nəşr olunur və deyə bilərik ki, bu qəzetlərin əksəriyyəti maliyyə böhranı keçirmirlər, vaxtaşırı nəşr olunurlar (bəziləri imkansızlıq ucundan bağlansa da yaxud bir qəzet kimi özünü doğrultmayıb nəşrini dayandırsa da), təqib də olunmurlar, hətta dövlətdən maddi dəstək də qazanırlar, amma Zərdabinin "Əkinçi"si nə qədər çətinliklərlə, irticanın hədə-qorxuları, mürtəcelərin qarayacmaları ilə üzləşirdi.
Mirzə Fətəli Axundzadə bu qəzetin və Həsən bəyin pərəstişkarı idi və təsadüfi deyil ki, "Əkinçi"də gedən müzakirələrin birində Zərdabiyə münasibətini belə bəyan etmişdi: "Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy".
"Əkinçi" bağlandı, amma onun işığı sönmədi, "Əkinçi"dən sonra "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Kaspi" meydana atıldı və beləliklə, mətbuat tariximizin səhifələri yazılmağa başlandı. Çox keçmədən Krım türklərinin dəyərli ziyalısı İsmayıl Qaspralı Həsən bəy Zərdabi ilə görüşəcək və söyləyəcək ki: "Həsən bəy, sizi bütün Krım türkləri tanıyır, dəyərləndirir. Məncə, siz bir ovuc ideya toxumunu "Əkinçi"nin yayıldığı və oxunduğu bütün ərazilərə səpərək, əvəzində maarif, elm, təhsil və tərəqqi adlı məhsul yetişdirdiniz. Keçən ay İstanbuldaydım. Açığı deyim, oradakı türk aydınlarının çıxardığı qəzetlərdə sizin "Əkinçi"dəki ictimai mahiyyəftli məsələlər belə dərindən əks olunmur. Mən Ziya Göyalp, Namiq Kamal, Ziya Paşayla tanış olarkən "Əkinçi" haqqındakı bu fikri onlardan da eşitdim. Sözün açığı, sizin cəsarətiniz onları çox heyrətləndirib".
Romanın son fəsillərində XX əsrin ilk illərində Zərdabinin öz maarifçi fəaliyyətini yenə inadla davam etdirməsindən, Müəllimlər qurultayında iştirakından, Bakıdakı erməni vəhşiliklərindən, səhhəti ilə keçirdiyi gərginliklərdən, Dumadakı fəaliyyətindən söz açılır və biz istər-istəməz bu böyük şəxsiyyətin yaşının dolu çağlarında da yorulmaz fəaliyyətinin şahidi oluruq. Və budur, Həsən bəy Zərdabi son mənzilə yola salınır, amma: "Həsən bəyin ruhundan zühur edən işıq seli, aləmi bürüyən ovliya nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın son dayanacağı hələ çox-çox uzaqlarda idi. Tükənməyən, bitməyən nur yolu, işıq seli heç vaxt bitməyəcək, sona çatmayacaq kimi millətin önünə düşərək gələcəyə doğru gedirdi".
"İşığa gedən yol"
romanından aldığım təəssürat budur və
Sona xanım Vəliyevanı bu yaradıcılıq uğuruna
görə təbrik edirəm.
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2016.- 6 iyul.- S.7.